Məhkəmə qərarları › İş №2(009)-405/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-405/2021

23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-405/2021 23.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, Cavabdeh LPO“xxxx” KB QSC-nin nümayəndəsi F.F.Fərhadovanın iştirakları ilə İddiaçı cavabdehlər ləğv prosesində olan QSC “xxxx” KB-yə, ləğvedici Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh3 MMC-yə qarşı əsassız hesablanmış kreditin qalıq məbləğinin və faiz məbləğinin silinməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan QSC “xxxx” KB-yə, ləğvedici Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh3 MMC-yə qarşı əsassız hesablanmış kreditin qalıq məbləğinin və faiz məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2008-ci il tarixdə onunla QSC “xxxx” KB arasında ********** saylı kredit müqaviləsi bağlanmış və ona kredit verilmişdir. O, cavabdeh QSC “xxxx” KB-yə kredit borcu üzrə ödənişlərini vaxtı-vaxtında edərək ödəmişdir və hesab edir ki, hətta cavabdeh QSC “xxxx” KB onun onlara olan etibarından sui-istifadə edərək ondan artıq ödənişlər qəbul etmişlər. Lakin, cavabdeh QSC “xxxx” KB-nin işçiləri ona bildirmişlər ki, guya onun 1887,93 manat borcu var. O, QSC “xxxx” KB-yə bütün borcunu ödəmişdir və heç bir borcu qalmamışdır. Bu səbəbdən də o, QSC “xxxx” KByə yaxınlaşmış, öz iradını bildirmiş və onlar bildirmişlər ki, borcunun həqiqətən olmadığını müəyyənləşdirmək üçün məhkəməyə müraciət edə bilər. Bu səbəbdən də o, Cavabdeh3 MMC-yə müraciət etmiş və ona kredit bürosundan çıxarış təqdim edilmişdir. Həmin kredit bürosundan çıxarışda qeyd edilmişdir ki, kreditlər üzrə qalıq məbləğ 471,24 manat və 1416,69 manat faiz məbləği təşkil edir. O, hesab edir ki, onunla QSC “xxxx” KB ilə arasında bağlanmış xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə hesablanmış kreditin qalıq məbləği olan 471 manat və 1416 manat faiz məbləği hərtərəfli, tam və obyektiv hesablanmadığı üçün cavabdeh tərəfindən ondan tələbi olunan 1887,93 manat kreditin qalıq məbləğ və faiz məbləği silinməlidir. Çünki o, QSC “xxxx” KB-yə bütün borclarını ödəmişdir və heç bir borcun qalmamışdır. Bu səbəbdən də QSC “xxxx” KB-nin qanunsuz olaraq hesabladığı 1887,93 manat kreditin qalıq məbləğ və faiz məbləği kimi qeyd edilmiş borc hərtərəfli, tam və obyektiv olmadığı üçün silinməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh “xxxx” KB-nin xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə əsassız olaraq hesablanmış kreditin qalıq məbləği olan 471,24 manat və 1416,69 manat faiz məbləği olan borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, o krediti 2008-ci ildə götürmüş və tamamilə bağlamışdır. 13 il ərzində bank ona qarşı idida qaldırmamışdır. Əgər borcu olsa idi belə bir tələb irəli sürülə bilərdi. Məhkəmə iclasında izahatı alınmış cavabdeh ləğv prosesində olan QSC “xxxx” KB-nin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməyən borcu mövcuddur. Məhkəməyə təqdim olunan maliyyə arayışında həmin müqavilə üzrə cəmi 2168,56 manat borcun olması təsdiq olunur. Ona görə də tələbi əsassız hesab edir. Eyni zamanda 13 il keçdiyi üçün müqavilə məhv edilmişdir və bu səbəbdən məhkəməyə təqdim edilə bilmir. Kredit müqaviləsi üzrə borcla bağlı məhkəməyə müraciət etmək isə kredit təşkilatının hüququdur. Bu hüquqdan istifadə edərək həmin borcla bağlı iddiaçı məhkəməyə verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər ləğvedici Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh3 MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Cavabdeh3 MMC tərəfindən verilmiş Cavabdeh3 xx.xx.2020-ci il tarixli çıxarışından görünür ki, İddiaçı ləğv prosesində olan QSC “xxxx” KB-nin qarşısında xx.xx.2008-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə 471,24 manat kreditin qalıq məbləği, 1.416,69 manat faiz məbləği təşkil edir. İş üzrə ləğv prosesində olan QSC “xxxx” KB tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, QSC “xxxx” KB ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqaviləsinə əsasən borcluya kredit verilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixə xx.xx.2008-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan QSC “xxxx” KB qarşısında 1887,93 manat borc öhdəliyi mövcuddur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onunla bank arasında xx.xx.2008-ci il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin kredit müqaviləsi üzrə onun tərəfindən öhdəliklər tam yerinə yetirilərək borc tam şəkildə qaytarılmışdır. Lakin baxmayaraq ki, borc tam qaytarılmışdır, ləğv prosesində olan QSC“ xxxx” KB tərəfindən ona kredit müqaviləsi üzrə ödənilməmiş öhdəliyin olması bildirlmişdir. Cavabdeh3na da bununla bağlı müraciət etmiş və kredit bürosundan verilmiş çıxarışda da qeyd olunmuşdur ki, onun banka ödənilməmiş 1887,93 manat qalıq borcu var. İddiaçı hesab edir ki, həmin məbləğ əsassız olaraq hesablandığı üçün silinməlidir. Cavabdeh3 MMC tərəfindən verilmiş kredit reyestrindən çıxarışla müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2008-ci il tarixli QSC “xxxx” KB ilə bağlanmış kredit müqaviləsi üzrə cəmi 1887,93 manat ödənilməmiş qalmış borc öhdəliyi var. Məhkəmə tərəfindən ləğv prosesində olan QSC “xxxx” KB-yə borclu İddiaçı arasında bağlanılmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin təsdiq edilmiş surətinin və hesabdan çıxarışın təqdim edilməsi xahiş edilsə də, həmin müqavilənin nə əsli, nə də təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi artıq həmin müqavilələrin məhv edildiyini və bu səbəbdən müqaviləni təqdim edilməsinin imkan xaricində olmasını bildirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən öhdəliyin yaranması əsaslardan biri müqavilədir. Cavabdeh3 MMC tərəfindən verilmiş çıxarışda iddiaçı ilə cavabdeh arasında xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin bağlanması və həmin müqavilə əsasında iddiaçının ödənilməmiş qalmış öhdəliyin olması göstərilsə də, məhkəmə qeyd edir ki, həmin çıxarış öhdəliyin olmasını təsdiq edən sübut növü kimi qəbul edilə bilməz. AR MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd edir ki ,iddiaçının kredit borcunun olduğunu sübut etmə vəzifəsi kreditorun, yəni QSC “xxxx” KB-nin üzərinə düşür. Lakin ləğv prosesində olan bank belə bir müqavilənin olmasını təsdiq edəcək başlıca sübut kmi müvafiq müqaviləni təqdim edə bilməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, kredit öhdəliyinin mövcudluğu ilə bağlı Cavabdeh3 Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışda əks olunan məlumatlar məhz banklar tərəfindən ötürülən informasiya əsasında formalaşır və düzgünlüyü başqa sübutlarla təsdiq olunmadığı halda mötəbər sübut qismində çıxış edə bilməz. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin nə əsli, nə də təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmədiyindən, habelə kredit reyestrindən çıxarış öhdəliyin yaranma əsası kimi çıxış etmədiyindən, cavabdeh iddiaçının bank qarşısında ödənilməmiş qalmış öhdəliyinin qalmasını iddia etməkdə haqlı deyil. Bununla yanaşı məhkəmə hesab edir ki, Kredit Bürosunun Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışa əsasən iddiaçının QSC “xxxx” KB ilə xx.xx.2008-ci il tarixdə kredit müqaviləsi bağladığı qəbul edilsə belə, bu halda həmin müqavilə üzrə öhdəliklərə icra müddətinin başa çatmasına görə xitam verilmiş olduğu nəticəsinə gəlinməlidir. Belə ki, AR Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Qeyd edilən Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Cavabdeh3 Mərkəzləşdirilmiş Kredit Reyestridən çıxarışda əks olunan məlumatlardan aydın olur ki, iddiaçının QSC “xxxx” KB ilə xx.xx.2008-ci il tarixdə bağlandığı irəli sürülən kredit müqaviləsinin müddəti xx.xx.2010-cu il tarixdə başa çatmışdır. Bu isə o deməkdir ki, həmin tarixdən 5 il keçdikdən sonra həmin müqavilədən yaranan öhdəliklərə müddətin keçməsinə görə xitam verilmişdir. Nəzərə alınmalıdır ki, QSC “xxxx” KB-nin ləğvedicisi tərəfindən məhkəməyə sözügedən kredit müqaviləsi üzrə müddətin axımının kəsildiyinə, yaxud dayandırıldığına dair də sübut təqdim olunmamışdır. Beləliklə iddiaçının xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 471,4 manat əsas və 1416,69 manat faiz borcunun yaranmasına əsas olmuş kredit müqaviləsinin mövcudluğu öz təsdiqini tapmadığı üçün, eyni zamanda belə bir müqavilənin olması qəbul olunsa belə, həmin müqavilə üzrə öhdəliklərə müddətin keçməsi ilə bağlı xitam verildiyinə görə, iddiaçı tərəfidən irəli sürülmüş tələb əsaslı hesab edilməli və təmin edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Ləğv prosesində olan QSC “xxxx” KB ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə aktiv öhdəliklərin - kredit qalıq məbləği üzrə 471,24 manat və faiz məbləği üzrə 1416,69 manat olmasına dair Cavabdeh3 Mərkəzləşdirilmiş Kredit Reyestrində olan məlumatların reyestrdən çıxarılmasına dair təsdiqləyəci hesabatın Cavabdeh3 Mərkəzləşdirilmiş Kredit Reyestrinə təqdim edilməsi vəzifəsi LPO “xxxx” QSC-yə və həmin bank ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar