Məhkəmə qərarları › İş №2(009)-434/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-434/2024

22.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-434/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçı və 3-cü şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı – cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə (Dövlət Vergi Xidməti və Dövlət Sosial Müdafiə Fondu 3-cü şəxs qismində cəlb edilməklə) qarşı «zərər» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində 22 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı «zərər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 5,252 manat zərərin və 73 manat dövlət rüsumunun əvəzinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 3986/2022 saylı iş üzrə 22 iyul 2022-ci il tarixli qətnaməsi ilə ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin edilərək, 01 iyul 2022-ci il tarixə vergi ödəyicisi olan hüquqi şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (hazırki Penitensiar Xidmət) nəzdindəki Səyyar-Mexaniki Dəstəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 5244,26 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri kimi iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Həmin gün yəni 22 iyul 2022-ci il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş borc məbləğini elektron ödəmə vasitəsi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin hesabına köçürmüş və bununla da ölkədən getmək hüququnun məhdudlaşdırılmasına xitam verilmişdir. Mübahisəli vergi borcu əmələ gəldiyi dövrdə iddiaçı pensiyaya çıxmış və bu səbəbdən ədliyyə orqanlarından xariş edilmişdi. Yəni müəssisənin vergi borcu yarandığı dövrdə iddiaçı məsul şəxs olmamışdır. Ümumiyyətlə, məsul şəxs olduqda belə dövlət büdcəsinə olan borcun şəxsi vəsaiti hesabına ödəmək kimi vəzifə öhdəliyi olmamış, müəssisənin vergi borclarını ödəmək barədə sərəncam vermək səlahiyyəti olmamışdır. Qətnamə 22 iyul 2022-ci il tarixdə qəbul edilərək dərhal qüvvəyə mindiyindən və onun 27 iyul 2022-ci il tarixində xaricə müalicəyə getmək üçün bileti olduğundan, ölkə xaricinə getmək hüququnun məhdudlaşdırılmaması üçün göstərilən borc məbləğini ödəmək məcburiyyətində qalmışdır. Həmin borc məbləği iddiaçıya aid olmadığından cavabdehdən onun xeyrinə geri tutulmalıdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş 3-cü şəxsin nümayəndəsi Fonda münasibətdə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh və digər 3-cü şəxs Dövlət Vergi Xidməti lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İş materiallarından olan: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3986/2022 saylı iş üzrə 22 iyul 2022-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin edilərək, 01 iyul 2022-ci il tarixə vergi ödəyicisi olan hüquqi şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin nəzdindəki Səyyar-Mexaniki Dəstəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 5244,26 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri kimi İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. İddiaçı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə penitensiar xidmətdə qulluqda olmanın yaş həddinə çatdığı üçün pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinı xitam verilmişdir. 22 iyul 2022-ci il tarixli qəbzlərin surətindən görünür ki, həmin tarixdə ayrı-ayrılıqda 4,897 və 355 manat məbləğində olmaqla ümumilikdə 5,252 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının rəhbər mövqeyində işləmiş olduğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin nəzdindəki Səyyar-Mexaniki Dəstəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməli olan 5244,26 manat məbləğində borcun ödənilmədiyi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi həmin qurumun rəhbəri olmuş İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə ərizəsi təmin edilmişdir. Bundan xəbər tutan iddiaçı həmin borcla razılaşmamağına baxmayaraq ölkədən çıxışını təmin edə bilmək üçün sözügedən məbləği ödəmişdir. Hazırda isə onun tərəfindən ödənilən məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən maddi hüquq normalarından görünür ki, başqa şəxsin qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə qarşı, ödənilmiş əvəz miqdarında geriyə tələb hüququ vardır. Bu hüquqa reqres hüququ deyilir. Belə ki, şəxs özgənin təqsirindən yaranmış zərərin əvəzinə ödədiyini geriyə almaq hüququna malikdir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı onun təqsiri olmadan əmək münasibətlərində olduğu qurumun vurmuş olduğu zərərin əvəzini ödəmiş və həmin zərəri aradan qaldırmışdır. Qeyd olunan zərər iddiaçının şəxsən vurmuş olduğu zərər deyil, cavabdeh qurumun təqsiri nəticəsində yaranmış zərər olduğundan iddiaçının ödəmiş olduğu həmin zərər məbləğinin cavabdehdən onun xeyrinə tutulmasını iddia etməsi əsaslıdır. Məhkəmə cavabdehdən tutulmalı olan məbləğə münasibətdə isə qeyd edir ki, iddiaçı tərəfindən zərərin aradan qaldırılması üçün 5,252 manat məbləğində ödəniş edilməsinə baxmayaraq iş materialları ilə ödənilməli olan zərər məbləğinin 5244,26 manat məbləğində olması müəyyən olunur. Bu səbəbdən iddia qismən təmin edilərək, 5244,26 manat məbləğində pul vəsaiti reqres hüququ əsasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi qismən təmin olunduğu halda, hazırkı iş üzrə çəkilmiş xərclər yarı hissələrdə tərəflərə aid edilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 73 manat dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 5244,26 (beş min iki yüz qırx dörd manat iyirmi altı qəpik) manat məbləğində pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 40 manat hissəsi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar