Məhkəmə qərarları › İş №2(009)-438/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-438/2022

18.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-438/2022 18.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı – Cavabdeh MMC-nin hüquqi varisi "xxxx" MMC-yə qarşı «ziyan» tələbinə dair mülki işə 18 fevral 2022-ci il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh MMC-nin hüquqi varisi "xxxx"MMC-yə qarşı «ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 oktyabr 2010-cu il tarixdə onunla cavabdeh arasında bağlanmış müqaviləyə uyğun olaraq ünvan 1 ünvanda tikilən 9 girişli, 14 mərtəbəli yaşayış binasında 3-cü blok, 7-ci mərtəbə, 2 otaqlı 175 nömrəli mənzil üçün ödənilmiş olan 26,240 manat pulun və əldən çıxmış faydaya görə isə 11 il üçün ödənilən məbləğin illik 5 %-i olan 14,432 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 10 oktyabr 2010-cu il tarixində "xxxx" MMC ilə ünvan 2 ünvanında tikilən 9 (doqquz) girişli, 14 (on dörd) mərtəbəli binasında 3-cü blok, 7-ci mərtəbədə, 2 otaqlı, 82 kv.m sahəsi olan 175 nömrəli mənzilin dəyərinin tam olaraq tərəfindən ödənilməklə kooperativ binada mənzil tikintisi üçün müqavilə bağlayaraq, müqavilənin əlavəsi olaraq öhdəlik üzrə maliyyə arayışına əsasən mənzilin məbləği 26.240 (iyirmi altı min iki yüz qırx) manat pul vəsaitini tam olaraq ödəyərək bu barədə maliyyə arayışıda almışdır. Qeyd edir ki, o müqavilə bağlanan vaxtlar bir müddət o binanın tikintisi üçün daim maraqlanırdı. Həmin zamanlar hələ 4-5-ci mərtəbələr təzə tikilirdi ki, bir müddət o tikinti bitənədək binanın tikintisi ilə maraqlana bilməmişdir. Lakin sonradan ona bildirdilər ki, binanın tikintisi dayandırılmışdır. Bu zaman o gəldi və artıq MMC-nin sədrinin həbs edildiyini bildi. Bundan sonra ona bina ilə bağlı işlərin Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsində olduğunu və özlərinin onları çağıracaqları barədə məlumat verdilər. Daha sonra MMC-nin sədri vəfat etdi və bütün işlər "Fuad LTD”MMC-nin hüquq varisi "xxxx" MMC-yə tapşırıldı. Uzun bir müddətdən sonra o gəlib maraqlandı ki, artıq binanın tikintisini davam etdirirlər. Komendat isə ona bildirdi ki, müqavilə üzrə kim hansı mərtəbədə mənzil alıb bina tikilib başa çatanda çağıracaqlar. Bina tikilib bitəndən sonra o mənzilini təhvil almaq üçün gedərkən artıq müqaviləsinə baxanda bildirdilər ki, artıq əvvəlki müqavilələrdə olan mənzillərin nömrələri və girişləri dəyişdirilib ki, onun mənzil hansıdır və sizə veriləcəyini onu sədrlə aydınlaşdırın. O isə binanın həyətində dəfələrlə gəlsədə ona sədri və onun oturduğu yeri heçkəs bildirmədi. Bugünə qədər də o cavabdehlə əlaqə saxlaya bilməmiş və ona sadəcə adının yəni Araz Abduləzimov adlı şəxsi tapıb danışmağını bildirdilər. Lakin o həmin şəxlə ümumiyyətlə cavabdehin heçbir əməkdaşını tapa bilməmişdir. Hətta ümumiyyətlə binanın girişində də bir işçi tapa bilmir ki, mənzilini ona göstərsinlər. Bütün bu səbəblərdən də o məcbur olaraq CavabdehMMC-nin hüquq varisi "xxxx" MMC-yə qarşı “Öhdəliyin icrasının yerinə yetirilməsi tələbinə dair” Abşeron rayon Məhkəməsinə iddia qaldrdı və məhkəmədən 26 iyul 2007-ci il tarixdə, Bakı şəhərində, onunla "xxxx" MTK (Mənzil Tikinti Korporativi) arasında bağlanmış müqaviləyə uyğun olaraq cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivində inşa etdiyi 16 (on altı) mərtəbəli yaşayış binasının 1-ci blokunda 116 kv.metr 3 otaqdan ibarət 92 saylı mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Abşeron rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(012)-282/2021 saylı qətnaməsi ilə onun iddia tələbi təmin edilməmişdir. Məhkəmə iddiaya münasibətdə tələbin əsassız olduğunu onunla əsaslanaraq təmin etməmişdir ki, iş materialllarında olan ona aid müqavilə 10 oktyabr 2010-cu il tarixində, iş üzrə üçüncü şəxs olan X1 ilə bağlanmış müqavilə isə 28 aprel 2008-ci il tarixdə bağlanmışdır. Belə olduğu haldada məhkəmə hazırkı iddia tələbi üzrə tələbi əsassız hesab edərək iddisını təmin etməmişdir. Daha sonra o qətnamədən narazı qalaraq Apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(105)- 2482/2021 saylı qətnaməsi ilə şikayəti təmin edilməmiş, qətnamədə isə qeyd edilmişdir ki, şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, artıq özgənin qanuni sahibliyində və istifadəsində olan mübahisəli mənzilin ona təhvil verilməsi barədə İddiaçı iddiası təmin edilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, İddiaçı ilə cavabdeh MMC arasında mübahisəli mənzilə dair bağlanmış 01 oktyabr 2010-cu il tarixli müqavilə mübahisələndirilməmişdir, qüvvədədir. Belə olan təqdirdə nə qədər ki, həmin müqavilə qüvvədədir, iddiaçının ödədiyi pulu geri tələb etmək hüququ istisna olunmur. O da bu səbəbdən hesab edir ki, ödədiyi 26.240 manat pul ona ödənilməlidir. Eyni zamanda da 1 (on bir) il üçün əldən çıxmış faydaya görə ödədiyi pul müqabilində illik 5% olmaqla 1312x11=14.432 manat ona ödənilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 01 oktyabr 2010-cu il tarixli Cavabdeh MMC ilə İddiaçı arasında imzalanmış “Kooperativ binada mənzil tikintisi üçün” Müqavilənin surətindən görünür ki, ünvan 1 ünvanda tikilən 9 girişli, 14 mərtəbəli yaşayış binasında 3-cü blok, 7-ci mərtəbə, 2 otaqlı 175 nömrəli mənzil üçün 26.240 manat pul ödənilir. 01 oktyabr 2010-cu il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən 01 oktyabr 2010-cu il tarixdə Cavabdeh MMC-dən ümumi sahəsi 82 metr kvadrat olan 2 otaqlı mənzili almış və 26,240 manat məbləğində pul ödəmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qətnaməsində qeyd olunmuşdur ki, İddiaçı ilə cavabdeh MMC arasında mübahisəli mənzilə dair bağlanmış 01 oktyabr 2010-cu il tarixli müqavilə mübahisələndirilməmişdir, qüvvədədir. Belə olan təqdirdə nə qədər ki həmin müqavilə qüvvədədir, iddiaçının ödədiyi pulu geri tələb etmək hüququ istisna olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçı müqavilə ilə üzərinə götürmüş olduğu öhdəliyi tam yerinə yetirərək mənzilin dəyərini ödəməsinə baxmayaraq, Cavabdeh MMC öz öhdəliyini yerinə yetirməmiş və müqavilə üzrə razılaşdırılmış mənzillə iddiaçını təmin etməmişdir. Bununla da MMC iddiaçıya maddi ziyan vurmuşdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə razılaşdırılmış mənzili əldə edə bilmədiyindən hazırda müqavilə üzrə ödəmiş olduğu pul vəsaətini cavabdehdən tələb etməkdə haqlıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbinin borcun qaytarılmasının gecikdirilməsinə görə əsas borca illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 14,432 manat faiz məbləğinin tutulması hissəsi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarında deyilir ki, “...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.” Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 445.7 və 449.1-cu maddəsinə və Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Qərarına əsaslanaraq, məhkəmə hesab edir ki, tərəflər arasında «Mənzil tikintisi üçün Müqaviləsi» üzrə borclunun öhdəliklərinin icra edilməli olduğu vaxtdan (2010-cu ilin oktyabr ayından) hazırkı vaxtadək 11 illik dövr üçün 26,240 manat borc məbləğinə illik 5% dərəcəsi ilə faiz məbləği hesablanmaqla, 11 il üçün 14,432 manat faiz məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırkı iddia tələbi təmin olunduğundan, ödənilmiş 210 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi olaraq 40,672 manat, həmçinin məhkəmədə iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 210 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 40,882 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar