Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-449/2022 14.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, Cavabdeh, X1 iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit ərizəsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı kredit ərizəsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı 12.08.2020-ci il tarixli kredit ərizəsinə əsasən 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, 3900 manat məbləğində kredit verilmişdir. O, dəfələrlə ödənişləri yubatmış, ödənilməsi planlaşdırılmış aylıq üçün 17.05.2021-ci il tarixdən kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 627.64 manat ödəniş etmiş və onun iddiaçıya 3272.36 manat məbləğində kredit borcu qalmışdır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 15.12.2021-ci il taı 212 gün üçün hesablanmış faiz borcu 430.93 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığı 0.1 % məbləğində cərimə ödəməlidir. 15.12.2021-ci il tarixə 212 gün üçün hesablanmış cərimə 956.97 manat təşkil edir. İddiaçı QSC-nin nümayəndəsi X2 14.03.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının iştirakı olmadan keçirilib, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh izahat verərək bildirmişdir ki, əsas borcu qəbul edir, lakin cərimə və faiz borcunu isə qəbul etmir. Ümumi borcunu hissə-hissə ödəməyi üçün şərait yaradılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan «Bank» qismində İddiaçı QSC ilə digər tərəfdən «Kredit alan» qismində Cavabdeh arasında bağlanmış 12.08.2020-ci il tarixli kredit ərizəsinə əsasən 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, 3900 manat məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı QSC tərəfindən verilmiş 29.12.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 15.12.2021-ci il tarixə 3272.36 manat əsas, 430.93 manat faiz, 956.97 manat cərimə, cəmi 4660.26 manat borcu var. İş üzrə İddiaçı QSC tərəfindən verilmiş 17.02.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 17.02.2022-ci il tarixə 2972.36 manat əsas, 541.61 manat faiz, 1155.3 manat cərimə, cəmi 4669.27 manat borcu var. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanılmış 12.08.2020-ci il tarixli kredit ərizəsinə əsasən 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, 3900 manat məbləğində kredit verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh kredit razılaşması üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka borcu yaranmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, bank cavabdehdən kredit ərizəsi üzrə yaranmış 3272.36 manat əsas, 430.93 manat faiz, 956.97 manat cərimə borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə 3908.69 manat cərimə borcunun tutulması ilə bağlı qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməli və hesablanmış cərimə azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, onun hazırda kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcunun məbləğini, hesablanmış cərimənin götürülmüş kreditə, ödənilməmiş qalıq və faiz borcuna münasibətdə kifayət qədər yüsək və tənasübsüz olmasını, həmçinin kreditorun əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulacaq dəbbə (cərimə) borcunun miqdarı 200 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12.08.2020-ci il tarixli ərizə (kredit razılaşması) ləğv edilməli, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 2972.36 manat (iki min doqquz yüz yetmiş iki manat otuz altı qəpik) əsas, 430.93 manat (dörd yüz otuz manat doxsan üç qəpik) faiz, 200 manat (iki yüz manat) cərimə, dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12.08.2020-ci il tarixli ərizə (kredit razılaşması) ləğv edilsin. Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 2972.36 manat (iki min doqquz yüz yetmiş iki manat otuz altı qəpik) əsas, 430.93 manat (dörd yüz otuz manat doxsan üç qəpik) faiz, 200 manat (iki yüz manat) cərimə, dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat pul tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-449/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-449/2022
14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver