Məhkəmə qərarları › İş №2(009)-45/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-45/2022

03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-45/2022 03.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili F.S.Məmmədlinin iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə üzrə yaranmış borcun tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həyat yoldaşı X2 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı Səbail rayon Məhkəməsində iddia qaldırdıqdan sonra 08.05.2021-ci il tarixdə Türkiyədə vəfat etmişdir. Həyat yoldaşı İddiaçı vəfat etdikdən sonra ondan miras qalmış əmlakla bağlı notariat orqanına ərizə vermişdir. Bu səbəbdən iddiaçının həyat yoldaşı Təranə Qasımova İddiaçı hüquqi varisi müəyyən olunanadək hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Səbail rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işin icraatı 08.05.2021-ci il tarixdə vəfat etmiş İddiaçı hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. X2 07.02.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhər 23 saylı notariat ofisinin 24.12.2021-ci il tarixli 2551 saylı məktubundan məlum olur ki, mərhum İddiaçı vərəsəsi qismində arvadı X2 çıxış edir. Hazırda mərhum İddiaçı hüquqi varisi qismində arvadı Təranə Qasımova çıxış edir. Bu səbəbdən iş üzrə icraatın təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Səbail rayon Məhkəməsinin 07.02.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə X2 iddiaçının hüquqi varisi kimi müəyyən edilmiş və mülki işin icraatı təzələnmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X3 ərizə verərək İddiaçı “VÖEN”i olduğunu Cavabdeh MMC-nin isə hüquqi şəxs olduğunu nəzərə alaraq hazırki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, İddiaçı analoji tələblə, lakin cavabdeh qismində Cavabdeh MMC-nin təsisçisinə qarşı məhkəməyə müraciət etmiş, Səbail rayon Məhkəməsinin 16.05.2021-ci il tarixli qərardadı ilə iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin hakimi tərəfindən aidiyyat mübahisələndirilərək fikir ayrılığına qiymət verilməsi üçün iş Ali Məhkəməyə göndərilmiş və Ali Məhkəmənin 18.02.2022-ci il tarixli qərarı ilə həmin işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılması qərara almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş, iş onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə Vəkil iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, vəsatət təmin edilməli, hazırki mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. İş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyasının 2-2(102)-191/2022 saylı, 18.02.2022-ci il tarixli qərarına əsasən İddiaçı cavabdeh X1 qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin qərarın əsaslandırıcı hissəsində mübahisənin predmetini tərəflər arasında bağlanılmış hüquq xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə tələbdən irəli gəlməsi, iddiaçının AR Qanununda xüsusi icazə və ya lisenziyanın alınması tələb olunmayan hüquqi xidmətlə əlaqədar sahibkarlıq fəaliyyəti ilə məşğul olunması nəzərə alınaraq, bununla da həmin mübahisənin fərdi sahibkarlıq statusuna malik tərəflər arasında bağlanılmış müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə əlaqədar olduğundan və hüquq münasibətləri sahibkarlıq fəaliyyəti ilə bağlı yarandığından, işə Bakı Kommersiya Məhkəməsində baxılmalı olması qənaətinə gəlinmişdir. AR MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd edilən Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18.09.2020-ci il tarixli 10 saylı qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd edilən Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Həmin qərarın 22-ci maddəsin əsasən bu baxımdan məhkəmələrə izah edilir ki, qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Məhkəmə qeyd edir ki, qüvvədə olan prosessual qanunvericiliyn tələbinə əsasən-qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş hallar hazırkı məhkəmə üçün məcburi olmaqla yanaşı, həmin aktda müəyyən edilmiş faktlar yenidən sübut edilmir (Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsi). Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən sübut olunmasına yol vermir. Məhkəmə Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyasının 2-2(102)-191/2022 saylı, 18.02.2022-ci il tarixli qərarını nəzərə alaraq hesab edir ki, cavabdeh hüquqi şəxs olduğundan, iddiaçı isə hüquqi xidmətlə əlaqədar sahibkarlıq fəaliyyəti həyata keçirdiyindən, bununla da hazırki mübahisə fərdi sahibkar statusuna malik tərəflər arasında bağlanmış müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə əlaqədar olduğundan, beləliklə də hüquq münasibətləri sahibkarlıq fəaliyyəti ilə bağlı yarandığından hazırki mübahisəyə kommersiya işi kimi aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. AR MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Qeyd edilən Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir (32.6-cı maddə). «Məhkəmələr və hakimlər haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş üzrə cavabdehin hüquqi ünvanı Bakı şəhəri üzrə olduğu üçün, hazırki mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhər Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar