Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-456/2021 05.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasova Gülnarə Güləli qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona borclu olduğu 2000 manatın, dövlət rüsumu hesabına ödədiyi 30 manatın və iddianın hazırlanmasına çəkdiyi 30 manat xərcin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh1 ilə əvvəllər, yəni Səbail rayonunda yaşadıqları vaxtlar qonşu olmuşdur. Onunla heç bir ədavəti və düşmənçiliyi olmayıb. Münasibətləri yaxşı olub. Belə ki, 2019-cu ilin əvvəllərində Cavabdeh1 və bir neçə şəxslə birlikdə lotereya oynamışlar. Yəni on nəfər yığılıb hər ay 200 manat pul qoymaqla sıra ilə bir şəxsə vermişlər. Pulların yığılıb verilməsini isə cavabdeh həyata keçirmişdir. Sonunca dəfə lotereya pulunu götürmək sırası ona çatanda isə cavabdeh digər şəxslərdən də pulu alıb özü də əlavə olunmaqla 2000 manatı götürüb çıxıb getmiş, pulu ona verməmişdir. Sonradan dəfələrlə ondan pulunu tələb etsə də verəcəyini bildirmiş, lakin buna baxmayaraq müəyyən bəhanələr gətirərək pulunu verməkdən yayınmışdır. Hətta bir neçə dəfə onunla görüşüb pul haqqında söhbət etmək istəsə də, o, söhbət etməkdən yayınmışdır. Buna baxmayaraq özü borcunun olduğunu etiraf etsə də, yenə də qaytarmır. xx xxxx 2021-ci il tarixdə iddiaçı məhkəməyə iddia həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə 1700 manat, ödənilmiş dövlət rüsumu 30 manat və iddia hazırlanmasına çəkilən xərcin 30 manat alınıb ona verilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, iddiaçının mərhum həyat yoldaşı Müşgünazla Səbail rayonunda uzun müddət qonşu yaşadıqları dövrdə çox yaxın münasibətdə olmuşdur. Müşgünazda daxil olmaqla 10 nəfərlə lotareya oynamışlar. 2015-ci ilin dekabrında Müşgünaza onun 2000 manat borcu qalmışdı, lakin Müşgünazı bir müddət axtarsa da, onu tapa bilməmişdir. 2016-cı ildə Müşgünazın ailə üzvləri onunla əlaqə yaradaraq, pulu ondan istəyəndə, o bilmişdir ki, Müşgünaz 2016-cı ildə avtoqəzada vəfat etmişdir. O, Müşgünazın nəvəsi, Nümayəndə oğlu Şahid ilə görüşərək, Müşgünaza olan borcunu ona hissə-hissə pul və ya qızıl əşya şəklində ödəməklə tam qaytarmışdır və onun iddiaçıya heç bir borcu qalmamışdır. Belə ki, o, İsrafilə dəyəri 450 manat olan bir brilyant qaşlı üzük, üç dəfə 50 manat olmaqla 150 manat, bir ədəd dəyəri 120 manat olan yüngül çəkidə qızıl qolbaq, Nərimanov metrosunun yanında 200 manat verib. Ümumiyyətlə o, borcunu tam ödəmişdir. Hal-hazırda iddiaçı ondan əsassız yerə pul tələb edir. Onun iddiaçıya borclu olmasından həyat yoldaşı, iş üzrə Cavabdeh1 xəbəri olmamışdır və bu barədə sonradan bilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, onun babası İddiaçı məlumatı olub ki, Cavabdeh2 onun nənəsi Müşgünaz da daxil olmaqla lotareya oynamış və sonda Cavabdeh2 onun nənəsi Müşgünaza 2000 manat borcu qalmışdır. Onun nənəsi Müşgünaz 2016-cı ildə avtoqəza nəticəsində vəfat etdikdən sonra onun babası, iş üzrə İddiaçı yaşlı adam olduğundan və Tovuz rayonunda yaşadığından borcun Cavabdeh2 alınmasını ona tapşırmışdır. Ona görə də, o, həmin pulun qaytarılması ilə bağlı dəfələrlə Cavabdeh2 müraciət etmişdir. Hər dəfə cavabdeh həmin pulu qaytaracağını ona vəd vermişdir. Bir dəfə cavabdehin özü və qızı tərəfindən hər dəfə 50 manat olmaqla ona cəmi 100 manat verilib, sonra isə üzük verildi ki, həmin üzüyə də 200 manat qiymət qoyuldu. Cavabdehin qızı ona bildirdi ki, narahat olmasın, hər ay ona 100 manat pul ödəyəcək. Lakin sonra Cavabdeh2 və onun qızı onun zənglərinə cavab vermədilər. Lakin onlarla vatsap yazışmaları var, bütün borcla bağlı mesajlarda bu hal açıq aydın şəkildə görünür, borcun 1700 manat olması da həmin yazışmalarda cavabdeh tərəfindən göstərilmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçının həyat yoldaşı Müşgünaz Cavabdeh2 və başqa şəxslərlə, cəmi on nəfər olmaqla və hər ay 200 manat pul qoymaqla lotareya oynamışlar. Cavabdeh2 iddiaçının həyat yoldaşı Müşgünaza 2000 manat borcu yaranmış, lakin Müşgünaz 2016-cı ildə avtoqəza nəticəsində vəfat etdiyindən, cavabdeh üzərinə götürdüyü öhdəliyi pozaraq Müşgünazın həyat yoldaşı, iş üzrə İddiaçı ödəməli olduğu 2000 manatı vaxtında qaytarmamışdır. Sonradan Cavabdeh2 həmin borcdan 300 manat (100 manat və dəyəri 200 manat qızıl üzük verilməklə) iddiaçıya qaytarmışdır. İddiaçı tərəfindən qalan 1700 manat borcla bağlı cavabdehə müraciət olunmuş, cavabdeh vəd vermiş, lakin yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1, 445.2-ci maddələrinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 borc öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçının ona qarşı 1700 manat borc tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddianın hazırlanmasına çəkdiyi 30 manat xərcin alınıb iddiaçıya verilməsi ilə bağlı tələb irəli sürsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olmaqla bu cür iddialar baxımından, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 1700 (bir min yeddi yüz) manat və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-456/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-456/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver