Məhkəmə qərarları › İş №2(009)-462/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-462/2024

14.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-462/2024 14.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Adı̇ l qızının, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Adı̇ l qızının cavabdeh "xxxx" MMC-yə qarşı "avtomobilin sürətlər qutusunun əvəz edilməsi və maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: İddiaçı Adı̇ l qızı cavabdeh "xxxx" MMC-yə qarşı "avtomobilin sürətlər qutusunun əvəz edilməsi və maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən ona məxsus "Haval M2" markalı, ** EB *** dövlət qeydiyat nişanlı avtomobilin sürətlər qutusunun dəyişdirilərək yenisi ilə əvəz edilməsi və ona vurulmuş maddi zərərin əvəzi olaraq 3100 (üç min bir yüz) manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: “Great Wall”-un rəsmi distribitorundan "Haval M2" markalı avtomobili üç il qarantiya olunması şərti ilə almışdır. Bildirir ki, avtomaşının 3 il qarantiya müddətində o, avtomaşını demək olar ki, idarə edə bilmədi. Sonda avtomaşın artıq işə düşmürdü və bir təhər onu işə salıb avto servisə gedəndə avtomaşının karobkası tamam dağıldı və yarasız hala düşdü, evakuator vasitəsi ilə servisə aparıldı. Lakin avtomaşını ona servisdən qaytarandan dərhal sonra yoxuşda titrəmə hiss edilirdi, o, bu barədə onlara dərhal məlumat verdi. Servisdən bildirdilər ki, avtomaşının qarantiyasının bitməsinə baxmayaraq onlar avtomaşının karobkasında olan problemləri aradan qaldıracaqlar. Buna baxmayaraq, avtomaşında olan nasazlıq cavabdeh tərəfindən aradan qaldırılmadı, dəfələrlə müraciət etməyinə baxmayaraq avtomaşının yararlı hala salınması üçün tədbir görülmədi. Qeyd olunmalıdır ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun cavabdeh "İnşaat Servisez” MMC-nə qarşı "dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Məhkəmədə işə baxılarkən cavabdehin nümayəndəsi bildirdi ki, sürətlər qutusunu qarantiya müddətində dəyişib yeniləmişlər. Məhkəmədə işə baxılarkən ekspertiza təyin edilməsinə baxmayaraq ekspert tərəfindən sürətlər qutusuna baxış keçirilməyib, MMC buna imkan verməmişdir, məhkəmə də işə obyektiv yanaşmadan qərar çıxardı. Halbuki sürətlər qutusu sıradan çıxmışdı. Məhkəmədə işə baxıldıqdan sonra, o, öz vəsaiti hesabına təmir edilməsi ilə bağlı başqa servisə apardı, digər servisdə baxış keçirən usta bildirdi ki, avtomobilin üzərində olan sürətlər qutusu işlənmiş sürətlər qutusudur, ən azından 200.000 km məsafə sürüllməsini bildirdi, halbuki ona məxsus avtomobilin 90.000 km yürüşü vardır. Cavabdeh tərəfin nümayəndəsi bildirirdi ki, sürətlər qutusu dəyişdirilib, təzə sürətlər qutusudur, məlum oldu ki, onu aldatmışlar. Belə ki, məhkəmədə bildirirdilər ki, sürətlər qutusu yenisi ilə əvəz edilib. Lakin servisdə bildirdilər ki, sürətlər qutusu köhnədir, yenilənməyib. Onun zavoda dəfələrlə şikayətindən sonra ona bildirildi ki, sürətlər qutusu dəyişdirilib, o, dəyişdirilmiş sürətlər qutusunun kodunu, dəyişdirilməsi barədə sənədlərini tələb etdi, lakin vermədilər və bildirdilər ki, avtomobili gətirsin sürətlər qutusunu təmənnasız yenisi ilə əvəz edib dəyişsinlər. Cavabdeh tərəf onunla şifahi razılığa gəldi ki, sürətlər qutusunu dəyişib yenisi ilə əvəz edərlər, bununla bağlı olaraq avtomobili 2023-cü ilin mart ayında servisə apardı, bildirdilər ki, avtomobil servisdə saxlanılmalıdır, Çindən sürətlər qutusu sifariş verdiklərini dedilər. Avtomobil bir ay müddətində servisdə qaldı, sürətlər qutusunun Çindən gəlmədiyini bildirdilər, iyul ayında sürətlər qutusunun çatacağına vəd verdilər. Onlara inamı olmadığından avtomobili servisdən götürmək qərarına gəldi və servisə gedərkən avomobilin kapotunun açıq olduğunu gördü və hesab edir ki, avtomobilin digər ehtiyat hissələri dəyişdirilə bilər, onlardan kamera görüntülərini vermələrini tələb etsə də vermədilər. Halbuki avtomobil servisə qoyularkən ona bildirildi ki, istənilən vaxt kamera görüntülərini verərlər. O, bununla bağlı olaraq, yəni kamera görüntülərinin verilməməsinə görə Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə şikayət etdi, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi barədə cavab verilmişdir. Yəni o, cavabdeh tərəfindən yenidən aldadıldı. Sürətlər qutusunun Çində yerləşən zavoddan göndərilməməsinin səbəbi guya dəyişdirilmiş sürətlər qutusunun üstündə kodunun (birkasının) olmaması olmuşdur. Göründüyü kimi onun bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd olunmalıdır ki, avtomobil digər iki sevisdə diaqnostika edilmişdir və hər iki servisdə bildirilmişdir ki, avtomobildə yalnız sürətlər qutusunda problem vardır. Hal-hazırda sürətlər qutusu avtomobilin üzərində olmadığından başqa hansısa ehtiyat hissəsinin dəyişidirlib dəyişdiirlməməsinin müəyyən edilməsi mümkün deyildir. Kamera görüntülərinin verilməməsi də hansısa hissələrin dəyişdirilməsi şübhəsini yaradır, belə ki, avtomobil bir ay müddətində servisdə qalmışdır. Avtomobil iki dəfə servisə evakuator vasitəsilə aparılmışdır və buna 100 manat vəsait sərf edilmişdir, həmçinin avtomobili artıq bir ilə yaxındır ki, cavabeh tərəfin günahı ucbatından idarə və istifadə edə bilmir, bu da ona maddi ziyan vurulması ilə nəticələnir və bununla bağlı vurulmuş maddi ziyan 3000 (üç min) manat təşkil edir. Ümumi olaraq maddi ziyan 3100 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı Adı̇ l qızı etirazın dəlilləri ilə razı deyil, surət qutusu dəyişdirilməyib. Ona bildirmişdilər ki, zəmanət müddətində surətlər qutusu dəyişdirilib, təzələnib, lakin məhkəmə ekspertizası nəticəsində müəyyən olundu ki, köhnə surət qutusu quraşdırılıb. Keçən ilin aprel ayında maşını aparıb oraya təhvil vermişdir. Ona bildirmişdirlər ki, surətlər qutusu onlarda var və yeni surətlər qutusunu quraşdıracaqlar. Bir ay üstündən keçəndən sonra maraqlanmış və ona bildirilmişdir ki, surətlər qutusu Çindən göndərilir və avqust ayına gəlib çatacaq. Ekspertizanın keçirilməsinə imkan vermədilər, ekspertlə onu oradan kənarlaşdırdılar. Surətlər qutusunu dəyişdirmək fikirləri yox idisə onun maşınının servisə evakuatorla gətirilməsini nə məqsədlə istədilər? Bir ay orada saxladılar. Təhvil-təslimlə bağlı sənədlər ona verilməyib. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsinin ilk səhifəsində iddiaçı cavabdehdən “Haval M2” markalı avtomobilini aldığını, avtomaşını 3 il qarantiya müddətində idarə edə bilmədiyini, avtomaşın işə düşmədiyinə görə onu birtəhər işə salıb avtoservisə gedəndə avtomaşının dağıldığını və yararsız hala düşdüyü üçün evakuator vasitəsi ilə servisə apardığını, avtoservisdən sonra da nasazlıq davam etdiyinin və cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq hər hansı tədbir görülmədiyini iddia etmişdir. Ancaq göründüyü kimi iddiaçı qeyd etdiyi halların nə zaman baş verdiyini göstərməmiş, həmin halları təsdiq edən sübutları təqdim edə bilməmişdir. Daha sonra iddiaçı iddianın ilk səhifəsinin 6-cı abzasında qeyd edir: “Qeyd olunmalıdır ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə mənim Cavabdeh MMC-nə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia tələbim təmin edilməmişdir. Məhkəmədə işə baxılarkən cavabdehin nümayəndəsi bildirdi ki, sürətlər qutusunu qarantiya müddətində dəyişib yeniləmişik. Məhkəmədə işə baxılarkən ekspertiza təyin edilməsinə baxmayaraq ekspert tərəfindən sürətlər qutusuna baxış keçirilməyib, MMC buna imkan verməmişdir, məhkəmə də işə obyektiv yanaşmadan qərar çıxardı”. İddiaçının da hazırki iddia ərizəsində qeyd etdiyi kimi 2021-ci il tarixində Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi”nə dair iddia ilə məhkəməyə müraciət etmiş və Səbail Rayon Məhkəməsinin 2(009)-921/2021 nömrəli 20 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7715/2021 nömrəli xx.xx.2021-ci tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7715/2021 nömrəli xx.xx.2021-ci tarixli qətnaməsi hal-hazırda qüvvədədir və həmin qətnamə ilə aşağıdakı məsələlər müəyyən edilmişdir: Qətnamənin 2-ci səhifəsinin 7-ci abzası: İşin müəyyən olunmuş hallarına görə iddiaçı, xx.xx.2013cü il tarixdə 2012-ci il buraxılışlı “Haval M2” markalı avtomobili Cavabdeh MMC-yə məxsus “Great Wall Azərbaycan” Servis Mərkəzindən 3 il zəmanət şərtilə satın almış, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixinədək avtomobilə texniki xidmətlər göstərilməklə müəyyən ehtiyat hissələri dəyişdirilmiş, yağ dəyişmə periodunda gecikmələrə yol verildiyindən avtomobil zəmanətdən çıxarılmışdır. Qətnamənin 2-ci səhifəsinin 8-ci abzası: İşin müəyyən olunan və cavabdeh tərəfindən mübahisələndirilməyən halı həmçinin ondan ibarətdir ki, avtomobilin sürətlər qutusunda problem ortaya çıxmış, sürətlər qutusu zəmanət çərçivəsində dəyişdirilmişdir; iddiaçının iddiasına görə həmin nasazlıq zavod qüsurunun nəticəsi olmaqla qutu dəyişdirildikdən sonra da aradan qaldırılmamışdır; cavabdeh MMC-nin bildirməsinə görə isə qüsur avtomobilin qəzaya uğraması nəticəsində surət qutusunu idarə edən trosun zədələnməsi səbəbilə ortaya çıxmış, avtomobil zəmanətdən çıxarıldığı üçün növbəti dəfə təmir olunmamışdır. Qətnamənin 3-cü səhifəsinin 6-cı abzası: İşin hallarından aydın olur ki, iddiaçı avtomobilinin texniki baxışının müəyyən olunmuş intervalına əməl etmədiyindən avtomobil zəmanətdən çıxarılmış, özünün bildirməsinə görə avtomobilin altındakı qoruyucu zədə almış, cavabdeh MMC-nin bildirməsinə görə isə, sürətlər qutusundakı problem məhz həmin zədə nəticəsində ortaya çıxmışdır. Qətnamənin 3-cü səhifəsinin 7-ci abzası: Başqa sözlə, avtomobilin istehlakçıya (iddiaçıya) texniki qüsurlu vəziyyətdə verildiyi və avtomobildə sonradan ortaya çıxan problemlərlə həmin texniki qüsurlar arasında səbəbli əlaqə olduğu sübuta yetirilməmişdir; bu isə malın istehsalçısının və ya satıcısının məsuliyyətini istisna edir. Qətnamənin 3-cü səhifəsinin 8-ci abzası: İddiaçının birinci instansiya məhkəməsinə ünvanlandığı ərizələrin birində bildirdiyi, “sürətlər qutusunda problem mən xaricdən gələndən sonra yarandı. Mən avtomobili rəsmi olaraq bir şəxsə arendaya vermişdim. Avtomobilin yağ dəyişmə vaxtı yaxınlaşırdı deyə onu servisdə qoy deyə şəxsdən xahiş etdim və servisə dedim ki, mümkünsə bir həftə maşın orada qalsın. Qayıtdıqdan sonra avtomobili götürərkən problemin yaranmasını gördüm. Arendaya verdiyim şəxs dedi ki, avtomobildə heç bir problem olmayıb, olsaydı onu sürə bilməzdi” məzmununda məlumatlar da ağlabatan mühakimə əsasında o qənaətə gəlməyə əsas verir ki, sürətlər qutusundakı problem istehsalçı qüsurunun nəticəsi olmamışdır. İddiaçının cavabdehə qarşı 2021-ci il və 2024-cü il tarixli iddialarını müqayisə edək: 2021-ci ildə verilən iddia predmeti -“dəymiş ziyanın ödənilməsi” və 2024-cü ildə verilən iddia predmeti - “sürətlər qutusunun qutusunun yenisi ilə əvəz edilməsi və maddi zərərin ödənilməsi”. 2021-ci və 2024-cü illərdə verilən iddiaları müqayisə etdikdə görülür ki, 2024-cü ildə verilən iddiada iddia tələbinin həcmi azaldılmış, iddia obyektinə “avtomobilin sürətlər qutusunun yenisi ilə əvəz edilməsi” sözləri əlavə edilmiş, ancaq iddia predmeti mahiyyət etibarilə dəyişməmişdir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; ikincisi, iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; üçüncüsü, iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (MPM-in 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti-iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarından çıxarış). 2021-ci ildə iddia tərəfləri: İddiaçı və Cavabdeh MMC. 2024-cü ildə iddia tərəfləri: İddiaçı və Cavabdeh MMC. 2021-ci ildə verilən iddianın əsasları: “İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.20213-cü il tarixdə MMC-yə məxsus “Great Wall Azərbaycan” Servis Mərkəzindən “Haval M2” markalı avtomobil 3 (üç) illik qarantiya verilməsi şərtilə aldığını, il tamam olmadan Servis Mərkəzində nəqliyyat vasitəsinin mühərrikinin yağının dəyişdirilməsi zamanı avtomobilin bir neçə gün naməlum səbəbdən servisdə saxlanıldığını, avtomobil servisdən qaytarıldığı zaman “!” işarəsinin yandığını görüb avtomobili dərhal Servisə geri qaytardığını, servis nümayəndələrinin avtomobilin sürət qutusunda nasazlıq olduğunu və ehtiyat hissəsi gələnədək onun Servisdə qalmalı olduğunu bildirdiklərini, iki həftə sonra Servisdən zəng edərək avtomobilin düzəldiyini dediklərini, lakin avtomobil təhvil alarkən əslində onun hələ də təmir olunmadığını aşkar etdiyini, Servisdən “ehtiyat hissəsi gələndə avtomobili gətirərsən, təmir edərik” dediklərini, bundan sonra dəfələrlə nəqliyyat vasitəsinin təmir edilməsi ilə bağlı Servisə apardığını, lakin avtomobilin bu dəfə Servisdə 1 ay saxlanıldıqdan sonra təmir edilmədən, problemli vəziyyətdə ona geri qaytarıldığını və bu zaman Servis rəhbərinin bu avtomobillərin hamısında eyni problemin olduğunu təsdiq etdiyini, üç il qarantiya müddətində demək olar ki, avtomobilindən istifadə edə bilmədiyini və sonunda da artıq avtombilin işə düşmədiyini, birtəhər onu işə salaraq servisə aparmaq istəyərkən sürət qutusunun tamamilə dağılıb yararsız vəziyyətə düşdüyünü, evakuator vasitəsilə avtomobili Servisə apardığını, bir neçə həftə sonra avtomobilin Servisdən ona təmir edilib adı ilə təhvil verilərkən onun probleminin yenə də həll edilməmiş olduğunu aşkar etdiyini, bu barədə bildirməsinə baxmayaraq avtomobildəki nasazlığın aradan qaldırılmadığını, avtomobilin yararlı vəziyyətdə gətirilməsi üçün də heç bir tədbir görülmədiyini irəli sürmüş, ona zavod qüsuru olan avtomobilin satılması nəticəsində məruz qaldığı maddi zərərin əvəzi kimi 7000 manatın, mənəvi zərərin əvəzi kimi 10000 manatın, habelə 30 manat dövlət rüsumunun MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir”. (Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7715/2021 nömrəli xx.xx.2021-ci tarixli qətnaməsinin 1-ci səhifəsi 1-ci abzas) 2024-cü ildə verilən iddianın əsasları: “Məhkəməyə müraciət edərək bildirirəm ki, “Great Wall-ın rəsmi distributorundan “Hava M2” markalı avtomobili üç il qarantiya olunması şərti ilə almışam. Bildirirəm ki, avtomaşının 3 il qarantiya müddətində mən avtomaşını demək olar ki, idarə edə bilmədim. Sonda avtomaşın artıq işə düşmürdü və birtəhər onu işə salıb avtoservisə gedəndə avtomaşının karobkası tamam dağıldı və yararsız hala düşüdü, evakuator vasitəsi ilə servisə aparıldı. Lakin avtomaşını mənə servisdən qaytarandan dərhal sonra yoxuşda titrəmə hiss edilirdi, mən bu barədə dərhal onlara məlumat verdim. Servisdən bildirdilər ki, narahat olmayın, avtomaşının qarantiyasının bitməsinə baxmayaraq biz avtomaşının karobkasında olan problemləri arada qaldıracağıq. Buna baxmayaraq avtomaşında olan nasazlıq cavabdeh tərəfindən aradan qaldırılmadı, dəfələrlə müraciət etməyimə baxmayaraq avtomaşın yararlı hala salınması üçün tədbir görülmədi. Cavabdeh MMC tərəfindən mənə məxsus “Haval M2” markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlər qutusunun dəyişdirilərək yenisi ilə əvəz edilməsi və mənə vurulmuş maddi zərərin əvəzi olaraq 31000 (üç min bir yüz) manat pulun tutularaq mənə ödənilməsinə dair qətnamə çıxarasınız.” 2021-ci il və 2024-cü il iddialar üzrə hər iki iddianın tərəfləri eynidir, iddia predmetləri eynidir və həmçinin hər iki iddiada iddiaçının əsaslandığı hallar da eynilik təşkil edir. İddiaçının cavabdehə qarşı hazırki tələbinə və iddiada əsaslandığı hallara baxdıqda aydın görünür ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə iddia ərizəsinə əlavələr etməmişdir. Ona görə də yuxarıda qeyd edilənlərə əsaslanaraq, məhkəmədən İddiaçı Cavabdeh MMC-yə qarşı “avtomobilin sürətlər qutusunun yenisi ilə əvəz edilməsinə və maddi zərərin ödənilməsinə” dair iddia tələbinin təmin edilməməsini və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Vəkil iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki, qarantiya müddəti bitdikdən sonra servisə müraciət edilmiş, xanıma köməklik etmək məqsədi ilə avtomobilini qəbul etmiş və ona bildirmişlər ki, sürətlər qutusu Çindən gətirələcək, Çinə müraciət edilib, lakin müəyyən edilib ki, həmin avtomobil hissəsi artı istehsal edilmir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-921/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı avtomobilində yaranmış nasazlığın surətlər qutusu ilə əlaqəli olduğunu və zəmanət müddəti ərzində yaranmasını bildirsə də bunu sübut edə biləcək hər hansı bir sənədi məhkəməyə təqdim edə bilmədiyindən iddia təmin edilməmişdir. -Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7715/2021 saylı, xx.xx.2021-ci il tarixli, qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-921/2021 saylı iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Əsaslandırıcı hissə: İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Adı̇ l qızı xx.xx.2013-cü il tarixdə 2012-ci il buraxılışlı “Haval M2” markalı avtomobili Cavabdeh MMC-yə məxsus “Great Wall Azərbaycan” Servis Mərkəzindən 3 il zəmanət şərtilə satın almışdır. Sonradan avtomobilin sürətlər qutusunda problem ortaya çıxmış, problemin həlli ilə bağlı tərəflər arasında fikir ayrılığı yarandığından İddiaçı Adı̇ l qızı ona zavod qüsuru olan avtomobilin satılması nəticəsində məruz qaldığı maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-921/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı avtomobilində yaranmış nasazlığın sürətlər qutusu ilə əlaqəli olduğunu və zəmanət müddəti ərzində yaranmasını bildirsə də bunu sübut edə biləcək hər hansı bir sənədi məhkəməyə təqdim edə bilmədiyindən iddia təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7715/2021 saylı, xx.xx.2021-ci il tarixli, qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-921/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuşdur ki, işin müəyyən olunmuş hallarına görə iddiaçı, xx.xx.2013-cü il tarixdə 2012-Ci il buraxılışlı “HaVal M2” markalı avtomobili Cavabdeh MMC-nə məxsus “Great Wall Azərbaycan” Servis Mərkəzindən 3 il zəmanət şərtilə satın almış, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-cril tarixinədək avtomobilə texniki xidmətlər göstərilməklə müəyyən ehtiyat hissələri dəyişdirilmiş, yağ dəyişmə periodunda gecikmələrə yol verildiyindən avtomobil zəmanətdən çıxarılmışdır. İşin müəyyən olunan və cavabdeh tərəfindən mübahisələndirilməyən halı həmçinin ondan ibarətdir ki, avtomobilin sürətlər qutusunda problem ortaya çıxmış, sürətlər qutusu zəmanət çərçivəsində dəyişdirilmişdir; iddiaçının iddiasına görə həmin nasazlıq zavod qüsurunun nəticəsi olmaqla qutu dəyişdirildikdən sonra da aradan qaldırılmamışdır; cavabdeh MMC-nin bildirməsinə görə isə qüsur avtomobilin qəzaya uğraması nəticəsində sürət qutusunu idarə edən trosun zədələnməsi səbəbilə ortaya çıxmış, avtomobil zəmanətdən çıxarıldığı üçün növbəti dəfə təmir olunmamışdır. İşin hallarından aydın olur ki, iddiaçı avtomobilinin texniki baxışının müəyyən olunmuş intervalına əməl etmədiyindən avtomobil zəmanətdən çıxarılmış, özünün bildirməsinə görə avtomobilin altındakı qoruyucu zədə almış, cavabdeh MMC-nin bildirməsinə görə isə, sürətlər qutusundakı problem məhz həmin zədə nəticəsində ortaya çıxmışdır. Başqa sözlə, avtomobilin istehlakçıya (iddiaçıya) texniki qüsurlu vəziyyətdə verildiyi və avtomobildə sonradan ortaya çıxan problemlərlə həmin texniki qüsurlar arasında səbəbli əlaqə olduğu sübuta yetirilməmişdir; bu isə malın istehsalçısının və ya satıcısının məsuliyyətini istisna edir. Məhkəmə cavabdehin nümayəndəsinin iş üzrə icraata xitam verilməli olmasına dair mövqeyi ilə bağlı qeyd edir ki, daha əvvəl də iddiaçı hazırki cavabdehə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, iddialar təmin edilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Hazırki iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı məhkəmə qətnaməsi qəbul edildikdən sonraki dövrdə ona maddi zərər vurulmasını mübahisələndirir və tələb edir. Əlavə olaraq sürətlər qutusunun yenisi ilə əvəz edilməsini də tələb edir. Buna görə də məhkəmə iş üzrə icraata xitam verilməsini mümkün hesab etmir və belə qənaətə gəlir ki, iddiaya baxılıb hüquqi qiymət verilməlidir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1128.3. Əgər məhsul bütün hallar nəzərə alınmaqla ondan gözlənilən etibarlığı təmin etmirsə, keyfiyyətsiz məhsul sayılır. - 1129.1. Malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərərin əvəzini tam həcmdə ödəməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarının 4-cü bəndində də göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir.” İş materiallarından da görünür ki, iddianın “avtomobilin sürətlər qutusunun dəyişdirilərək yenisi ilə əvəz edilməsi” hissəsinin əsaslandığı hallarla bağlı olan preyudisiyal əhəmiyyətə malik məhkəmə qətnaməsi mövcuddur. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmiş (avtomobilin istehlakçıya (iddiaçıya) texniki qüsurlu vəziyyətdə verildiyi və avtomobildə sonradan ortaya çıxan problemlərlə həmin texniki qüsurlar arasında səbəbli əlaqə olduğunun sübuta yetirilməməsi) hallara məhkəmə yenidən hüquqi qiymət verilməsini mümkün hesab etmir və belə nəticəyə gəlir ki, iddia “avtomobilin sürətlər qutusunun dəyişdirilərək yenisi ilə əvəz edilməsi” hissəsində iddia əsassız olduğundan təmin edilə bilməz. İddiaçı iddia tələbinin əvvəlki məhkəmə qətnaməsi çıxarılan vaxtdan sonraki dövr üçün “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” hissəsini belə əsaslandırmışdır ki, “avtomobil iki dəfə servisə evakuator vasitəsilə aparılmışdır və buna 100 manat vəsait sərf edilmişdir, həmçinin avtomobili artıq bir ilə yaxındır ki, cavabeh tərəfin günahı ucbatından idarə və istifadə edə bilmir, bu da ona maddi ziyan vurulması ilə nəticələnir və bununla bağlı vurulmuş maddi ziyan 3000 (üç min) manat təşkil edir. Ümumi olaraq maddi ziyan 3100 manat təşkil edir”. Məhkəmə iddia tələbinin “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı cavbdehin ona 3100 manat həcmində maddi zərər vurmasını iddia etsə də, əvvəla bununla bağlı məhkəməyə sübut təqdim etməmiş, ikincisi isə maddi zərərin vurulması ilə cavabdehin hərəkətləri arasında heç bir səbəbli əlaqə müəyyən edilməmişdir. Məhkəmə, iddiaçının izahatına hüquqi qiymət verərək hesab edir ki, bu izahat özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Adı̇ l qızının Cavabdeh MMC-yə qarşı "avtomobilin sürətlər qutusunun əvəz edilməsi və maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar