Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-471/2022 17.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi X4 iştirakları ilə, İddiaçı – Cavabdeh QSC-yə ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilən) qarşı «əmlak və maddi ziyan» tələbinə dair ilkin iddiaçı Cavabdeh QSCnin cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh QSC-yə qarşı «əmlak və maddi ziyan» tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “İlham Allahverdiyev” adına gəmi təmiri zavodunun və hazırki “Bibiheybət” gəmi təmiri zavodunun ərazisində qanunsuz olaraq saxlanılan ona məxsus “Ekskavator EK-12” markalı, boz sarı, buraxılış ili 2007, mühərrik D-243, 743753, zavod nömrəsi 2633, şassi 79 olan ekskavatorun alınaraq ona verilməsi və qanunsuz olaraq saxladıqlarına görə vurduqları maddi zərər üçün ona 7000 (yeddi min) manat təzminat olaraq alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona məxsus “Ekskavator EK-12” markalı, boz sarı, buraxılış ili 2007, mühərrik D-243, 743753, zavod nömrəsi 2633, şassi 79 olan ekskavator hazırda Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus “İlham Allahverdiyev” adına gəmi təmiri zavodunun və hazırki “Bibiheybət” gəmi təmiri zavodunun ərazisində qanunsuz olaraq saxlanılır. Bununla bağlı ona məxsus “Ekskavator EK-12” markalı, boz sarı, buraxılış ili 2007, mühərrik D-243, 743753, zavod nömrəsi 2633, şassi 79 olan ekskavatorun qaytarılması ilə bağlı dəfələrlə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə müraciət etsə də, qanunsuz və əsassız olaraq onu qaytarmaqdan imtina etmişlər. Belə ki, 22.04.2021-ci il, 12.07.2021-ci il və 14.09.2021-ci il tarixlərdə texnikanın qaytarılması barədə rəsmi müraciətlərinə cavab olaraq guya texnikanın onlara məxsus ərazidə saxlanılarkən onun mühafizəsi üçün nəzərdə tutulmuş vəsaitin onun tərəfindən ödənilməsi həyata keçirildikdən sonra mümkün olacağını qanunsuz olaraq tələb etmişlər. Hesab edir ki, bunun heç bir hüquqi əsası yoxdur və süni şəkildə ona məxsus texnikanı əsassız olaraq orada girov saxlamışlar. Bununla bağlı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi tərəfindən 18.05.2021-ci il tarixli, 02/03-B536/261 nömrəli,14.09.2021-ci il tarixli 02/03-A-869/562 nömrəli və 28.09.2021-ci il tarixli 02/03ct- 869-2/593 nömrəli cavab məktubları göndərilmişdir. Həmin texnikanın ona məxsus olması ilə bağlı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinə müraciət olunmuş və texnikanın ona məxsus olması 27.04.2021-ci il tarixli AXA 25/02-07-1054 nömrəli cavab məktubu ilə birmənalı olaraq təsdiq olunmuşdur. Həmçinin bildirir ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ona məxsus texnikanı orada qanunsuz olaraq saxlamaqla hər gün ona kifayət qədər maddi zərər vurmaqda davam edir. Belə ki, əgər həmin texnika onun faktiki istifadəsində olarsa ondan böyük məbləğdə qazanc əldə edə və istədiyi formada onun barəsində sərəncam verə bilər. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, real qazancından məhrum olunmuşdur. Əlavə olaraq bildirir ki, həmin texnikanın tam saz vəziyyətdə olması barədə 12 mart 2007-ci il tarixli “Təhvil-Təslim” Protokolu da mövcuddur ki, bu sənəd də həmin texnikanın əvvəllər saz vəziyyətdə olduğunu sübut edir. Eyni zamanda Cavabdeh QSC İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 5500 (beş min beş yüz) manat məbləğində pulun tutularaq Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ASCO fəaliyyətə başladıqdan sonra, hüquq və öhdəliklər ASCO-ya ötürülmüş və bundan sonra müəssisələrin tabeliyində olan qurumların əmlakları və yerləşdikləri ərazilərə baxış keçirilərkən keçmiş “İlham Allahverdiyev” adına gəmi təmiri zavodunun və hazırkı “Bibiheybət” gəmi təmiri zavodunun ərazisində işləməyən, keçmiş “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi”nə aid olmayan ekskavator aşkar edilmişdir. Ekskavatorun mühafizəsi və ərazidə saxlanması ASCO tərəfindən həyata keçirilmiş və bununla bağlı mülkiyyətçi tərəfindən hər hansı bir ödəniş edilməmişdir. Belə ki, ekskavator onlara məxsus ərazidə saxlanılmış, qorunmuş və gecəgündüz mühafizə tədbirləri həyata keçirilmişdir. Bildirirlər ki, ekskavatorun mühafizə ilə bağlı kifayət qədər pul vəsaiti ASCO tərəfindən sərf edilmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, ötən 8 il ərzində sözügedən ekskavatorun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus olması və ərazidən götürülməsi niyyəti barədə heç vaxt müraciət olunmamışdır. Halbuki, iddia olunan əmlaka mülkiyyətçi kimi vaxtında sahiblik etsə idi, ASCO tərəfindən saxlanma və mühafizə də həyata keçirilməyəcəkdi və nəticə etibari ilə müvafiq xərclər də formalaşmayacaqdı. Ekskavatorun ərazidə saxlanılması və qorunması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinə və “Bibiheybət” gəmi təmiri zavodunun istehsalat fəaliyyətinə də müəyyən maneçilik törətmişdir. ASCO tərəfindən mühafizə və saxlanma xərclərinə təxmini olaraq 5500 manat məbləğində pul xərclənmişdir ki, cavabdeh dəymiş ziyanın əvəzini ödəməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Həmçinin göstərmişdir ki, atası vəfat etdikdən sonra vərəsəlik işləri ilə əmisi məşğul olduğundan əmisindən ekskavator ilə maraqlanmış, lakin əmisi onlara atasına məxsus olan ekskavatorun satıldığını bildirmişdir. 2020-ci ilin aprel ayında cavabdeh tərəfindən ona ekskavatorun ərazidə saxlanılması barədə məlumat verilmiş, o isə sonradan onlarla danışıqlara başlamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi X8 qarşılıqlı iddia ərizəsini müdafiə edərək, həmçinin iddia tələbinə etiraz edərək göstərmişdir ki, ASCO fəaliyyətə başladıqdan sonra hüquq və öhdəliklər ASCO-ya ötürülmüş və bundan sonra müəssisələrin tabeliyində olan qurumların əmlakları və yerləşdikləri ərazilərə baxış keçirilərkən keçmiş “İlham Allahverdiyev” adına gəmi təmiri zavodunun və hazırkı “Bibiheybət” gəmi təmiri zavodunun ərazisində işləməyən, keçmiş “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi”nə aid olmayan ekskavator aşkar edilmişdir. Həmin dövrdə qeyd olunan xüsusi texnikanın mülkiyyətçisi onlara məlum olmadığından onu aidiyyəti üzrə təhvil vermək mümkün olmamışdır. Ekskavatorun mühafizəsi və ərazidə saxlanılması ASCO tərəfindən həyata keçirilmiş və bununla bağlı mülkiyyətçi tərəfindən hər hansı bir ödəniş edilməmişdir. Qeyd etmək istərlər ki, ASCO-nun yetərli sayda, saz vəziyyətdə xüsusi texnikaları vardır və işlək vəziyyətdə olmayan bir texnikanın səhmləri dövlətə məxsus ASCO kimi təşkilat tərəfindən icarəyə götürülməsi və istifadə edilməsi müzakirə predmeti ola bilməz. Qeyd olunan ekskavatorun ADXDG və ASCO tərəfindən icarəyə götürülməsi barədə imzalanmış sənəd və ya hər hansı bir əqd müəyyən edilməmiş və iddia ərizəsinə əlavə olunmamışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, ötən 8 il ərzində sözügedən ekskavatorun iddiaçıya məxsus olması və ərazidən götürülməsi barədə ASCO-ya müraciət edilməmiş və bununla bağlı hər hansı bir sübut iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki, iddia olunan əmlaka mülkiyyətçi kimi iddiaçı vaxtında sahiblik etsə idi, ASCO tərəfindən saxlanma və mühafizə də həyata keçirilməyəcək idi və nəticə etibarı ilə müvafiq xərclər də yaranmayacaqdı. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh ASCO tərəfindən ona məxsus texnikanı qanunsuz olaraq saxlamaqla hər gün ona kifayət qədər maddi zərər vurmaqda davam edir. Belə ki, əgər həmin texnika onun faktiki istifadəsində olarsa ondan böyük məbləğdə qazanc əldə edə və istədiyi formada onun barəsində sərəncam verə bilər. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, real qazancından məhrum olmuşdur. Əlavə olaraq bildirirlər ki, həmin texnikanın tam saz vəziyyətdə olması barədə 12 mart 2007-ci il tarixli “Təhvil-Təslim” Protokolu da mövcuddur ki, həmin texnikanın əvvəllər saz vəziyyətdə olduğunu sübut edir. Qeyd olunanlarla bağlı bildirirlər ki, iddiaçı cavabdehin ona maddi zərər vurmağını və real qazancından məhrum etməsini təsdiq edən hər hansı bir mötəbər sübutu iddia ərizəsinə əlavə etməmiş, formal olaraq maddi ziyanın dəydiyini qeyd etmişdir. İddiaçı 15 il ərzində öz əmlakına faktiki olaraq sahiblik etməmiş, bundan əlavə ASCO-nun istehsalat fəaliyyətinə maneçilik törədən ekskavatoru ərazidən götürməməklə maddi ziyan vurmuşdur. Həmçinin təqdim edilmiş protokoldan müəyyən olunur ki, 12 mart 2007-ci il tarixdə lizinqverən "xxxx" şirkəti və fiziki şəxs X6 ilə 259 saylı, 06 mart 2007-ci il tarixli maliyyə lizinq müqaviləsinin şərtlərinə əsasən protokol tərtib edilmişdir ondan ötrü ki, lizinq müqaviləsinin predmeti olan 1 ədəd EK-12 markalı ekskavatoru satıcı təqdim edib və lizinqalan həmin avadanlığı təhvil almışdır. Qeyd olunmuş protokolla bağlı bildirirlər ki, 12 mart 2007-ci il tarixli protokolun hazırkı iddiaya hər hansı bir aidiyyəti yoxdur, belə ki, protokol iddiaçı ilə lizinqverən arasında deyil, işə aidiyyəti olmayan X6 arasında bağlanmış və protokolda qeyd olunan EK-12 markalı ekskavatorun hazırkı mübahisəyə aidiyyəti olmaması müəyyən olunur. Bu səbəbdən də qeyd olunan protokola sübut kimi istinad edilməsi qanunsuz və əsassızdır. Qeyd olunanlardan müəyyən olunur ki, iddiaçı ona cavabdeh tərəfindən hansı halda ziyan vurulduğunu sübuta yetirə bilmir, əldən çıxmış faydanın və real gəlirdən məhrum edilməsi ilə bağlı əsaslı bir sübut təqdim edə bilmir, həmçinin iddia ərizəsində istinad edilən qanunvericilik normalarının cavabdeh tərəfindən pozulmasını əsaslandıra bilməmişdir. Göstərilənləri nəzərə alaraq ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin göstərmişdir ki, 2020-ci ildə cavabdeh təşkilatın ərazisində təmir işləri başladığından və ekskavator təmirə maneə yaratdığından mülkiyyətçisinin kim olduğu cavabdehin özü tərəfindən müəyyən edilmiş və iddiaçıya bu barədə məlumat verilmişdir. Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi X8 məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi özünə məxsus 2007-ci il buraxılışlı ekskavatorun geri qaytarılmasını mübahisələndirir. Həmçinin qeyd edirlər ki, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin 27 aprel 2021-ci il tarixli məktubundan da görünür ki, fiziki şəxs X2 adına 11.04.2008-ci il tarixində AZ10L-474 dövlət qeydiyyat nişanlı, TVEX EK-12 markalı ekskavator dövlət qeydiyyatına alınmışdır. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, iddiaçı 12.01.2022ci ildə məhkəməyə müraciət etməklə 10 illik iddia müddətini buraxmışdır. Belə ki, iddiaçı 2008-ci il tarixdə əmlakı adına rəsmiləşdirdikdə onun üçün əmlakını tələb etmək üçün iddia müddətinin axımı başlamışdır. İddiaçı tərəfindən ümumi iddia müddəti buraxılmışdır. Belə ki, iddiaçı ekskavatorun qaytarılması tələbi ilə məhkəməyə 2018-ci ildə müraciət etməli idi, bununla da müəyyən olunur ki, iddiaçı tərəfindən müddət ötürülmüşdür. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmiş "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına üzürsüz səbəblərdən gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - "xxxx" QSC-nin Baş direktoru Ceyhun Nağıyev ilə fiziki şəxs X6 arasında bağlanmış 12.03.2007-ci il tarixli təhvil-təslim protokolundan görünür ki, 259 saylı 06 mart 2007-ci il tarixli «Maliyyə lizinqi» müqaviləsinin şərtlərinə əsasən lizinq müqaviləsinin predmeti olan 1ədəd EK-12 markalı ekskavatoru satıcı təslim etmiş və Lizinqalan həmin avadanlıqları təhvil almışdır. Lizinqalan təsdiq edir ki, qəbul edilmiş avadanlıq tam, saz, işlək və sifariş edilmiş xüsusiyyətlərə uyğundur. - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar xidmətlər Agentliyinin 27.04.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Agentliyin daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində sorğuda qeyd edilən fiziki şəxs İddiaçı (FİN: xxxxxxx) adına 11.04.2008-ci il tarixində AZ10L-474 dövlət qeydiyyat nişanlı, TVEX EK-12 markalı ekskavator dövlət qeydiyyatına alınmışdır. Sorğuda qeyd edilən fiziki şəxs X3 adına heç bir traktor və digər mexaniki nəqliyyat vasitələri dövlət qeydiyyatına alınmamışdır. - Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin 22.04.2021-ci il tarixli sorğuya 18.05.2021ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi”nin (ADXDG) və “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti”nin X11 Donanmasının yenidən təşkili yolu ilə ASCO yaradılmış və həmin müəssisələrin əmlakı, o cümlədən hüquq və öhdəlikləri ASCO-ya keçmişdir. ASCO fəaliyyətə başladıqdan sonra hüquq və ödəlikləri ASCO-ya ötürülmüş müəssisələrin tabeliyində olan qurumların bəziləri ləğv olunmuş, bəziləri isə birləşdirilmişdir. Həmin qurumların əmlakları və yerləşdikləri ərazilərə baxış keçirilərkən keçmiş “İlham Allahverdiyev” adına gəmi təmiri zavodunun və hazırkı “Bibiheybət” gəmi təmiri zavodunun ərazisində işləməyən, keçmiş ADXDG-yə aid olmayan ekskavator aşkar edilmişdir. Həmin dövrdə qeyd olunan xüsusi texnikanın mülkiyyətçisi onlara məlum olmadığından onu aidiyyəti üzrə təhvil vermək mümkün olmamışdır. Lakin, işlək vəziyyətdə olmayan sözügedən texnika ASCO-ya məxsus ərazidə qalmış və onlar tərəfindən mühafizə olunmuşdur. Həmçinin, bəzi hallarda həmin texnika gəmi təmiri kimi əhəmiyyətli işlə məşğul oıan zavodun istehsalat prsosesinə maneələr yaratsa da, o ərazidən kənarlaşdırılmamışdır. Belə ki, ekskavatorun mühafizəsi və ərazidə saxlanması ASCO tərəfindən həyata keçirilmiş və bununla bağlı mülkiyyətçi tərəfindən hər hansı bir ödəniş edilməmişdir. Sözügedən ekskavator ASCO-ya məxsus olmadığından ASCO tərəfindən istifadə edilməmiş və bununla bağlı mülkiyyətçi ilə ASCO arasında hər hansı bir müqavilə bağlanmamışdır. “Bibiheybət” gəmi təmiri zavodunun istehsalat prosesinə ciddi xələl gətirən həmin ekskavatorun mühafizəsi və ərazidə saxlanması ilə əlaqədar bugünədək çəkilmiş xərclərin mülkiyyətçi tərəfindən ödənilməsi zəruridir. - Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin 12.07.2021-ci il tarixli sorğuya 14.09.2021ci il tarixli cavab məktubundan görünür ki, uzun müddət ərzində ASCO-ya məxsus ərazidə yerləşən ekskavatorun saxlanma və mühafizə xərcləri ödənildikdən sonra, onun götürülməsi məsələsinə baxıla bilər. Beləliklə, sözügedən məsələnin həlli və ekskavatorun geri götürülməsi üçün maraqlı tərəflər arasında müvafiq şərtlərin müzakirəsinin aparılması məqsədəuyğun hesab olunur. Bununla əlaqədar ASCO-nun nümayəndələri ilə əlaqə yaratmaq təklif edilmişdir. - Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin rəsmi elektron ünvanına göndərilən müraciətə 28.09.2021-ci il tarixli cavab məktubundan görünür ki, ASCO-nun 14.09.2021-ci il tarixli 02/03/A-869-562 nömrəli məktubunda qeyd etdikləri kimi, ASCO tərəfindən istifadə edilməmiş, lakin illər ərzində saxlanılmış və mühafizə olunmuş İddiaçı əmlakı ilə bağlı xərclərin ödənilməsi zəruridir. - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar xidmətlər Agentliyinin Məhkəmənin sorğusuna verilmiş 23.02.2022-ci il tarixli cavab məktubundan görünür ki, məktubda qeyd olunan TVEX EK-12 markalı ekskavator (mühərrik: 743753, zavod: 2633, şassi: 79) 11.04.2008-ci il tarixdə İddiaçı (FİN:xxxxxxx) adına dövlət qeydiyyatına alınaraq, AZ10L-474 dövlət qeydiyyat nişanı və TŞ seriyalı 030038 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Bu nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması üçün təqdim edilmiş sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999cu il tarixli 39 saylı qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 12-ci bəndinə əsasən ləğv edilmişdir. - “Bibiheybət” Gəmi Təmiri Zavodu ilə "xxxx" MMC arasında bağlanmış 03.01.2019-cu il və 07.01.2020-ci il tarixli Mühafizə Xidməti müqavilələrindən görünür ki, «İcraçı» “Sifarişçi”nin tapşırığına əsasən, ona məxsus obyektləri, binaları mühafizə etmək xidmətlərinin yerinə yetirilməsini, “sifarişçi” isə görülmüş işlərin haqqını müvafiq qaydada “icraçı”ya ödəməyi öhdələrinə götürmüşlər. - Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti “Bibiheybət” Gəmi Təmiri Zavodu tərəfindən verilmiş 20.04.2022-ci il tarixli, TVEX EK-12 markalı dövlət qeydiyyatı nişanı AZ10L-474 olan ekskavatorun mühafizə xərcləri haqqında arayışdan görünür ki, “Bibiheybət” Gəmi Təmiri Zavodunun ərazisi olan 1 saylı sahəsində dayanmış dövlət qeydiyyatı nişanı AZ10-L- 474 olan TVEX EK-12 markalı ekskavatorun 01.01.2015-01.01.2022-ci il tarixləri ərzində mühafizəsi üçün “Bibiheybət” Gəmi Təmiri Zavodu tərəfindən 5500 (beş min beş yüz) manat (2015-ci il üçün 642 manat, 2016-cı il üçün 642 manat, 2017-ci il üçün 642 manat, 2018-ci il üçün 642 manat, 2019-cu il üçün 980 manat, 2020-ci il üçün 976 manat, 2021-ci il üçün 976 manat) məbləğində pul ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi”nin (ADXDG) və “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti”nin X11 Donanmasının yenidən təşkili yolu ilə ASCO yaradılmış və həmin müəssisələrin əmlakı, o cümlədən hüquq və öhdəlikləri ASCOya keçmişdir. Mübahisə predmeti olan “Ekskavator EK-12” markalı, boz sarı, buraxılış ili 2007, mühərrik D-243, 743753, zavod nömrəsi 2633, şassi 79,olan, AZ10L-474 dövlət qeydiyyat nişanlı ekskavator (bundan sonra ekskavator) "xxxx" QSC-nin Baş direktoru Ceyhun Nağıyev ilə fiziki şəxs X6 arasında bağlanmış 12.03.2007-ci il tarixli təhvil-təslim protokoluna əsasən 259 saylı 06 mart 2007-ci il tarixli «Maliyyə lizinqi» müqaviləsinin şərtlərinə əsasən lizinq müqaviləsinin predmeti kimi lizinqalan X5 təhvil verilmiş, 11.04.2008-ci il tarixində isə fiziki şəxs İddiaçı adına qeydiyyata alınmışdır. Bu fakt Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin 27.04.2021-ci il tarixli AXA 25/02- 07-1054 nömrəli məktubunda da öz əksini tapmaqla işin mübahisəsiz halıdır. İlk iddia üzrə İddiaçı mülkiyyəti olan ekskavatorun hazırda Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus “İlham Allahverdiyev” adına gəmi təmiri zavodunun və hazırki “Bibiheybət” gəmi təmiri zavodunun ərazisində qanunsuz olaraq saxlanılmasını bildirməklə alınaraq ona verilməsi və qanunsuz olaraq saxladıqlarına görə vurduqları maddi zərərin əvəzinin ödənilməsini tələb etmiş, tələbinin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1091, 1092.1, 1092.2, 1092.3-cü maddələrinə istinad etmişdir. İlk iddia üzrə cavabdeh ilk iddiaçının mülkiyyəti olan ekskavatorun həqiqətən də hazırda keçmiş “İlham Allahverdiyev” adına gəmi təmiri zavodunun və hazırkı “Bibiheybət” gəmi təmiri zavodunun ərazisində saxlanmasını etiraf etsə də, 8 il müddət üçün ekskavatorun mühafizəsi və ərazidə saxlanmasının ASCO tərəfindən həyata keçirilməsini və bununla bağlı mülkiyyətçi tərəfindən hər hansı bir ödəniş edilmədiyi üçün X1 5500 (beş min beş yüz) manat məbləğində pulun tutulması ilə bağlı qarşılıqlı iddia ilə müraciət etmiş, tələbinin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (MPM 77.1). Hazırki norma sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını göstərir. Bu ümumi qaydaya görə, iş üzrə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları sübut etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İş materiallarında olan sübutlar əsasında müəyyən edilmişdir ki, mübahisəli ekskavator ilk iddiaçıya məxsus olmaqla ilk iddia üzrə cavabdehin qanunsuz sahibliyindədir və hüququnun cavabdeh tərəfindən pozulması faktı olduğu üçün ilk iddiaçı qeyd edilən iddia ilə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə ilk iddia tələbinin ekskavatoru qanunsuz olaraq saxladıqlarına görə vurduqları maddi zərər üçün 7000 (yeddi min) manat təzminat olaraq alınıb ona verilməsi barədə hissəsini əsaslı saymır və hesab edir ki, ekskavatorun faktiki olaraq cavabdeh tərəfindən qanunsuz olaraq saxlanması faktı təsdiq olunsa da, bununla ilk iddiaçıya hər gün kifayət qədər maddi zərər vurulması faktı öz təsdiqini tapmamışdır. Belə ki, işin araşdırılmış həqiqi hallarından aydın olmuşdur ki, AZ10L-474 dövlət qeydiyyat nişanlı, TVEX EK-12 markalı ekskavator İddiaçı (FİN: xxxxxxx) adına 11.04.2008ci il tarixində dövlət qeydiyyatına alındıqdan sonra o, faktiki olaraq 2020-ci ilədək özünə məxsus əmlakın taleyi ilə maraqlanmamışdır. İlk iddiaçı bunu əmisinin ona atasına məxsus olmuş ekskavatorun satılmasını bildirməsi ilə əsaslandırmışdır. Ekskavatorun zavodun ərazisində saxlanması barədə şifahi məlumat alandan sonra nümayəndəsi vasitəsilə dəfələrlə, yəni 22.04.2021-ci il, 12.07.2021-ci il və 14.09.2021-ci il tarixlərdə texnikanın qaytarılması barədə rəsmi müraciətlər etməsi, ekskavatorun faktiki istifadəsində olduğu təqdirdə ondan böyük məbləğdə qazanc əldə edə və istədiyi formada onun barəsində sərəncam verə bilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində real qazancından məhrum olunması ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, ilk iddiaçı ona maddi zərərin məhz 7000 manat həddində vurulmasını və bu məbləğin hansı meyar əsasında formalaşmasına dair heç bir mötəbər sübut təqdim etməmiş, bu hissə üzrə dəlillərini sübyektiv mülahizələr üzərində qurduğundan ilk iddia maddi zərər üçün 7000 (yeddi min) manat təzminat verilməsi hissəsində təmin edilə bilməz. Məhkəmə ilk iddia üzrə cavabdehin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə qiymət verərək qeyd edir ki, işin materiallarından görünür ki, cavabdeh tərəf istehsalat prosesinə ciddi xələl gətirən həmin ekskavatorun mühafizəsi və ərazidə saxlanması ilə əlaqədar bugünədək çəkilmiş xərclərin mülkiyyətçi tərəfindən ödənilməsi müqabilində ekskavatorun qaytarıla bilməsi barədə məsələsinə baxıla bilməsinə dair ilk iddiaçı tərəfə dəfələrlə bildirmişdir. Lakin mübahisə məhkəmə müstəvisinə çıxdıqdan sonra ilk iddia üzrə cavabdeh tərəf artıq hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384-cü maddəsi ilə iddia müddətinin şamil edilmədiyi tələblərin dairəsi müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə iddia müddəti şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyrimaddi nemətlərin müdafiəsi haqqında tələblərə, əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərə, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərə və bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblərə şamil edilmir. MM-in 384.0.4-cü maddəsi mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyini təsbit etmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, ilk iddia tələbi mülkiyyətlə bağlı olduğu üçün həmin tələbə iddia müddəti şamil edilə bilməz. Məhkəmə qarşılıqlı iddia üzrə tələblərə də qiymət verərək hesab edir ki, həmin iddia üzrə tərəfin izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qarşılıqlı iddia üzrə aşağıdakıları qeyd edir: Qarşılıqlı iddiaçı tələbində ASCO tərəfindən mühafizə və saxlanma xərclərinə təxmini olaraq 5500 manat məbləğində pul tələbinin vaxtını 01.01.2015-ci ildən başlayaraq 01.01.2022-ci il tarixədək olan dövr üçün hesablamışdır. Məhkəmə qeyd edir ki, “Bibiheybət” Gəmi Təmiri Zavodu ilə "xxxx" MMC arasında bağlanmış 03.01.2019-cu il və 07.01.2020-ci il tarixli Mühafizə Xidməti müqavilələrindən görünür ki, müqavilənin predmetini sonuncunun “Sifarişçi” olan zavodun tapşırığına əsasən, ona məxsus obyektləri, binaları mühafizə etmək xidmətlərinin yerinə yetirilməsi, zavodun isə görülmüş işlərin haqqını müvafiq qaydada “icraçı”ya ödəməsi kimi öhdəliklər təşkil edir. Qarşılıqlı iddiaçı 2015-2018, 2021-2022-ci illər üçün Mühafizə Xidməti müqavilələrini təqdim etməsə də, məhkəmə bu illər üçün müqavilələrin təqdim edilmiş 2019-2020-ci illər üçün olan müqavilələrin məzmunu ilə eyni olmasını qəbul edir, lakin hər bir halda bu dövrlər ərzində zavodun həyətində olan məhz ekskavatorun mühafizə xərclərinə 5500 manat sərf edilməsinə dair təqdim edilən 20.04.2022-ci il tarixli, TVEX EK-12 markalı dövlət qeydiyyatı nişanı AZ10L-474 olan ekskavatorun mühafizə xərcləri haqqında arayışın məzmununa tənqidi yanaşır və bu sənədi mötəbər sübüt kimi qiymətləndirmir. Belə ki, "xxxx" MMC-nin müqavilə əsasında “Bibiheybət” Gəmi Təmiri Zavodunun ərazisində olan ona məxsus obyektləri, binaları mühafizə etməsi dedikdə, bura tək daşınmaz əmlaklar deyil, ərazidə olan bütün daşınar əşyalar (texniki və nəqliyyat vasitələri, o cümlədən ekskovator və s.) da daxildir və onların hər birinin mühafizəsi üçün ayrıca pul vəsatinin ödənilməsinə dair sübutlar təqdim edilməmişdir. Məhkəmə göstərilənləri eyni zamanda tələb edilən 5500 manat pul məbləğinə saxlanma xərclərinə də aid edir. Başqa sözlə, qarşılıqlı iddiaçı ekskavatorun saxlanması ilə bağlı hansı hərəkətlərin edilməsi və bu hərəkətlərin də dəyərinin tələb edilən 5500 manata daxil olmasına dair məhkəməyə heç bir sübut növü təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə də, məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilərək Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “İlham Allahverdiyev” adına gəmi təmiri zavodunun və hazırki “Bibiheybət” gəmi təmiri zavodunun ərazisində saxlanılan “Ekskavator EK-12” markalı, boz sarı, buraxılış ili 2007, mühərrik D-243, 743753, zavod nömrəsi 2633, şassi 79 olan ekskavator İddiaçı cavabdehdən alınaraq verilməli, ilk iddia qalan hissədə və Cavabdeh QSC-nin İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Cavabdeh QSC tərəfindən “İlham Allahverdiyev” adına gəmi təmiri zavodunun və hazırki “Bibiheybət” gəmi təmiri zavodunun ərazisində saxlanılan “Ekskavator EK-12” markalı, boz sarı, buraxılış ili 2007, mühərrik D-243, 743753, zavod nömrəsi 2633, şassi 79 olan ekskavator Cavabdeh QSC-dən alınaraq İddiaçı verilsin. İlk iddia qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh QSC-nin cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-471/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-471/2022
17.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver