Məhkəmə qərarları › İş №2(009)-472/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-472/2022

28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-472/2022 28.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27500 manat əsas pul məbləğinin, götürdüyü kreditlərə görə ödədiyi 4720 manat faiz borcunun, ümumilikdə 32220 manat pul vəsaitinin və 180 manat məbləğində ödədiyi dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, o, 1997-1998-ci illərdə Cavabdeh ilə hərbi xidmətdə olarkən tanış olmuşdur. Həmin vaxtdan dostluq münasibətləri yaranmağa başlamışdır. Hərbi xidmətdən tərxis olunduqdan sonra hər ikisi Abşeron rayonu Xırdalan şəhərində yeni salınmış Abşeron Gənclər Şəhərciyində mənzil alıb yaşamışlar və dostluq münasibətləri daha da dərinləşmişdir. 2020-ci ilin avqust ayında cavadeh Cavabdeh ona təcili olaraq 30000 pul lazım olduğunu, borca düşdüyünü bildirdi. Əlində müəyyən miqdarda ev almaq üçün pul yığdığını bildirmişdir. Ancaq otuz min manatının olmamasını bildirdikdə «əgər mümkünsə yaxın qohumlarından, dostlarından al 15-20 günə verəcəyini» dedi. Uzun müddət dostluq etdiyi, hərbi xidmət zamanından tanıdığı bir adamın «çətin anında» kənar durmamağı bir vicdan borcu hesab etdi. 17000 manat dostlarından borc aldı və ümumilikdə 27500 manat pulu 23 avqust 2020-ci il tarixdə Cavabdeh verdi. 15-20 gündən sonra yaşadıqları eyni şəhərcikdə Cavabdeh ondan uzaq durduğunu gördü. Ona nə zaman pulu qaytara biləcəyini soruşduqda isə bir həftə, sonra on gün, daha sonra sabah və ya biri gün pul gətirəcəklər hamısını bağlayacağı tipli cümlələr ilə onu aldatdığını, aldığı pulu qaytarmaq niyyətində olmadığını hiss etdi. Nəhayət 15 yanvar 2021-ci il tarixdə növbəti dəfə görüşdüyü zaman yenə müxtəlif tipli bəhanələr gətirəndə, ona yazılı formada borc iltizamının verilməsini bildirdi. Cavabdeh şəxsiyyət vəsiqəsini və bir yazılı formada vərəqdə imzası ilə 27500 (iyirmi yeddi min beş yüz) manat borcu olduğunu və borcunu 25 yanvar 2021-ci il tarixədək verəcəyini qeyd etdi və imzaladı. Yazılı borc iltizamını verdikdən sonra da Cavabdeh pulu qaytarmayacağını yenidən gördü. Dostlarından və qohumlarından aldığı pulu qaytarmaq üçün o, 03 fevral 2021-ci il tarixdə Unibankdan 10000 manat məbləğində kredit götürdü. Eyni zamanda həyat yoldaşı X1 28 oktyabr 2020-ci il tarixdə Kapital Bankdan 7350 manat kredit götürdü ki, qohum və tanışlardan olan borcu bağlasınlar və özlərinin aylıq əmək haqqına uyğun olaraq krediti ödəsinlər. Cavabdeh onun pulunu qaytarmadığına görə o, hər ay əmək haqqından 321 manat və həyat yoldaşı Şəlalə Şıxəliyeva isə əmək haqqından 252 manat kredit ödəyirlər. Cavabdeh isə aldığı 27500 manat pulu qaytarmaq niyyətinin olmadığını görür. Hesab edir ki, Cavabdeh ondan aldığı pulu, bu müddət ərzində onun pulunu qaytarmaq üçün götürdüyü kreditə görə ödədiyi faizi, komisyon xərci, kredit götürmək üçün həyat sığortası şəhadətnaməsinə görə ödədiyi 367.50 manatı, məhkəmədə iddia qaldırmaq üçün ödədiyi dövlət rüsumunu ödəməlidir. 28 mart 2022-ci il tarixdə iddiaçı məhkəməyə iddia həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh 20000 manat əsas pul məbləğinin, götürdüyü kreditlərə görə ödədiyi 4720 manat faiz borcunun və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 180 manat məbləğin tutularaq ona ödənilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmiş və məhkəməyə ərizə təqdim edərək iddia tələbini tam həcmdə qəbul etdiyini və iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 15 yanvar 2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh 23.08.2020-ci il tarixdə İddiaçı 27.500 (iyirmi yeddi min beş yüz manat) AZN borc pul aldığını bildirərək yaxın vaxtda qaytaracağını, yanvar ayının 25-nə kimi bir hissəsini qaytaracağına söz vermişdir. İş materiallarında olan "xxxx"ASC ilə İddiaçı arasında bağlanmış 03.02.2021-ci il tarixli 526nkNFT/21 nömrəli Kredit və Bank hesabı müqaviləsindən görünür ki, bu müqaviləyə görə “Bank” 60 (altmış) ay müddətinə, yəni 03.02.2026-cı il tarixinədək, illik 29.5% ödəmək şərtilə 10000.00 (on min manat) AZN məbləğində krediti “Borcalan”ın mülkiyyətinə verir və ona bank hesabı (cari, kredit) açır, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 28.10.2020-ci il tarixli GTKR3210224A113 saylı kredit müqaviləsinə əlavə "xxxx" ASC-nin Nizami filialı ödəniş qrafikindən görünür ki, X2 48 ay müddətinə illik 27% ödəmək şərtilə 7350 (yeddi min üç yüz əlli manat) AZN məbləğində kredit götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər (Mülki Məcəllənin 740-cı mad.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı cavabdehə 27.500 (iyirmi yeddi min beş yüz manat) AZN borc pul vermiş, cavabdeh isə aldığı pulu yaxın vaxtda qaytaracağı, 25 yanvar 2021-ci il tarixə kimi borcunun bir hissəsini qaytaracağı barədə vəd vermişdir. Lakin cavabdeh iddiaçıdan aldığı pulu müqavilə (qəbzlə) ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasma gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, cavabdehin borcu vaxtında qaytarmaması səbəbindən iddiaçıya 4720 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək, iddia tələbini tam həcmdə qəbul etdiyini və iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh borc öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçının ona qarşı 20000 manat borc tələbi və 4720 manat məbləğində dəymiş maddi ziyan tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 20000 (iyirmi min) manat əsas borc, 4720 (dörd min yeddi yüz iyirmi) manat dəymiş ziyan məbləği və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 180 (yüz səksən) manat məbləğində dövlət rusumu tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar