Məhkəmə qərarları › İş №2(009)-481/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-481/2021

23.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-481/2021 23.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx xxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 190 (yüz doqsan) manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 2006-cı il tarixində Cavabdehlə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2007-ci il tarixində X2 adlı övladı anadan olmuşdur. Onların nikahları məhkəmə qaydasında pozulmuş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsinə əsasən hər ay sabit məbləğdə cavabdehdən 160 manat aliment tutulması qət edilmişdir. Məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş aliment həddindən artıq azdır, uşaq məktəblidir və bu məbləğdə aliment onun maddi tələbatını ödəmir. Həmçinin uşaqlar üçün yaşayış minimumu dəfələrlə qaldırılmış, hal-hazırda cavabdeh tərəfindən ödənilən aliment məbləği aşağıdır. O, dəfələrlə cavabdehə müraciət edərək alimentin məbləğinin artırılmasını tələb etmiş, lakin o, buna əhəmiyyət verməmişdir. Bu məbləğlə uşağın maddi tələbatını ödəmək, məktəb ləvazimatları almaq və sağlamlığının gayğısına qalmaq mümkün deyildir. Lakin cavabdeh öz valideynlik borclarını və vəzifələrini yerinə yetirmir, uşaqla qətiyyən maraqlanmır, bu səbəbdən alimentin məbləğinin tam şəkildə artırılması vacibdir. Cavabdeh öz valideyinlik borclarını yerinə yetirməkdən yayınır, halbu ki, uşağın sağlam və normal böyüməsi üçün maddi yardım göstərmək onun da borcudur və ilk növbədə uşağın hüquqları nəzərə alınmalıdır. Ona görə də məhkəmənin müəyyən etdiyi alimentin miqdarı artırılmalıdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyi səbəbindən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-418/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-557/2019 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılması və 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, alimentin artırılması ilə bağlı Cavabdeh 170 (yüz yetmiş) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılması və tutma həmin vaxtdan hesablanması, Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2007-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X2 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği onun artan tələbatlarını ödəmək üçün kifayət etmir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2020-ci il tarixli Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 9.1.2-ci maddəsinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında, 500 manatadək olduqda isə dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat müəyyən edilmişdir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə alimentin tutulmasına dair qətnamənin çıxarılmasından müəyyən müddət keçməsini, hazırkı dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, Azərbaycan Respublikasında 2021-ci il üçün müəyyən olunmuş yaşayış minimumu (uşaqlar üçün) məbləğini, hal-hazırda yetkinlik yaşına çatmayan uşağın iddiaçının himayəsində olmasını, tərəflərin ailə və maddi vəziyyətini, eləcə də uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal səviyyədə saxlanılması zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Cavabdeh ilə birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-418/2020 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 170 (yüz yetmiş) manat məbləğində alimentin həcmi artırılaraq 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilməli, xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməli, eləcə də Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-418/2020 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 170 (bir yüz yetmiş) manat məbləğində alimentin həcmi artırılaraq 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilsin, xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı ödənilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar