Məhkəmə qərarları › İş №2(009)-482/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-482/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-482/2021 11.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “borc tələbi, tələbin kombi aksesuarlarına yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC Cavabdeh qarşı 1135.55 manat əsas, 238.46 manat faiz, 113.54 manat cərimə borcun, KM-nin qərarına əsasən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz olmaqla 56.75 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq “xxxx” MMC-nin xeyrinə tutulması, həmin məbləğin cavabdehə məxsus Kombi Baymak 24 KV istilik sistemi və aksessuarlara yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxxxx 2018-ci il tarixli 04880 saylı kredit müqaviləsinə əsasən, 12 ay müddətinə aylıq 3 % olmaqla kredit verilmişdir. Verilən kreditin təminatı kimi xx xxxxxxx 2018-ci il tarixli girov müqaviləsinə əsasən cavabdehə məxsus Kombi Baymak 24 KV istilik sistemi və aksessuarları girov qoyulmuşdur. Müqavilə üzrə nəzərdə tutulmuş ödəniş müddətinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi, o cümlədən xx.xx.2020-ci il tarixli yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, ödəniş cədvəlinə uyğun olaraq kredit borcu ödənilməmişdir. Hazırda cavabdehin, 1135.55 manat əsas, 238.46 manat faiz, 113.54 manat cərimə borcu, KM-nin qərarına əsasən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz olmaqla 56.75 manat, cəmi 1544.30 manat borcu vardır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, iddiaçı xx xxxx 2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək mülki işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxxxx 2018-ci il tarixli 04880 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, xxxx MMC tərəfindən Cavabdeh 12 ay müddətinə aylıq 3 % olmaqla 1600 manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli 04880 saylı girov müqaviləsindən görünür ki, Kombi Bymak 24 kv, aksessuarlar 1600 manat məbləğində kreditin və faizlərin ödənilməsinə girov qoyulmuşdur. İş materiallarında olan xxxx MMC tərəfindən Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdehdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 3 gün ərzində kredit borcun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə xxxx MMC arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin xxxx MMC 1135.55 manat əsas borc, faiz borcu 238.46 manat, 113.54 manat cərimə, müqavilə müddəti bitdikdən sonrakı faiz borcu 56.75 manat olmaqla, ümumilikdə 1544.30 manat məbləğində borcu vardır. İş materiallarında olan mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı xxxx MMC müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı xxxx MMC aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.1 və 443.2-ci maddələri). Cavabdeh xx.xx.2021-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək karantin dövrü düşdüyündən, Covid-19 virusuna yoluxduqları üçün müalicəyə xeyli miqdarda pul lazım olduğu üçün borcu ödəyə bilmədiyini bildirmişdir. Ərizəyə əlavə etdiyi AZ50ASDAD nömrəli, xx xxxx 2021-ci il tarixli qəbzindən və AZ50dsfd nömrəli xx xxxxxx 2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən xxxx MMC 100 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, edilən ödəniş iddiaçının məhkəməyə müraciət edildiyindən sonra ödənildiyi üçün 100 manat əsas borcdan çıxılaraq 1035.55 manat əsas borc və 238.46 manat faiz borcu Cavabdeh tutularaq iddiaçı xxxx MMC yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı xxxx MMC tərəfindən ödənilən 30 manat dövlət rüsumunun 20 manatı Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 1035.55 (min otuz beş manat əlli beşqəpik) manat əsas borc, 238.46 (iki yüz otuz səkkiz manat qırx altı) manat faiz borcu və ödənilmiş 20 manat (iyirmi) dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC xeyrinə ödənilsin. Tutma cavabdehə məxsus Kombi Baymak 24 KV istilik sistemi və aksesuarlara yönəldilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar