Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-5/2021 17.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasova Gülnarə Güləli qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti borclular Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1102 ABŞ dolları əsas, 163 ABŞ dolları faiz borcu, cəmi 1265 ABŞ dolları məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin «Riyad» filialı tərəfindən Cavabdeh1 istehlak məqsədləri üçün 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Mövcud kredit müqaviləsinə əsasən kreditin müddəti 12 ay, illik 28% müəyyən edilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin borcalan Cavabdeh1 xx.xx.2015-ci il tarixli, İKM 02 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklədə müqavilənin şərtlərini pozmuşdur. Kredit müqaviləsi üzrə yaranan öhdəliklərin icrasının təmin edilməsi məqsədilə Cavabdeh2 Elcin oğlu ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə görə o, borclunun kreditor qarşısında öhdəliklərinin tamamilə icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüş, kredit borcunun və faizlərin vaxtında qaytarılmasına təminat vermişdir. Lakin buna baxmayaraq borcalan vəz amin müvafiq olaraq kredit və zaminlik müqavilələrinin tələbindən irəli gələn şərtləri pozaraq üzərlərinə düşən öhdəliyi icra etmirlər. Kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə banka olan əsas borc 1 102 ABŞ dolları, faiz borcu 163 ABŞ dolları, cəmi isə 1 265 ABŞ dolları təşkil edir. Göstərilən borcun ödənilməsi bardə cavabdehlərə dəfələrlə xəbərdardıq edilsə də borc bu günədək ödənilməmişdir. Bütün bu hərəkətləri ilə borclu kredit müqaviləsinin şərtlərini və Azərbaycan Respublikası Mülki Məcələlsinin 385, 425-ci maddələrinin tələblərini pozmuşdur. Səbail rayon Məhkəməsinin 2(009)-6328/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə Cavabdeh1 və Cavabdeh2 Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1102 ABŞ dolları əsas borc, 163 ABŞ dolları əsas borcu, ümumilikdə 1265 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaitinin tutulması əmr edilmişdir. Borclu Cavabdeh2 xx.xx.2020-ci il tarixdə Səbail Rayon Məhkəməsinin 2(009)- 6328/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə etiraz ərizəsini məhkəməyə ünvanlayaraq məhkəmə əmrinin ləğv edilməsini, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, həmin vaxtlar xarici dövlətlərdə olmuşdur. İcra məmuru onu İcra şöbəsinə dəvət etdikdən sonra həmin işdən xəbər tutmuşdur. Bundan əlavə o, həmin məbləğlə razı deyil və həmin pul ona aid deyil. Səbail rayon Məhkəməsinin 2(009)-6328/2016 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Səbail Rayon Məhkəməsinin 2(009)-6328/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinnin ləğv edilməsi və materiallara iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsinə dəqiqləşmə təqdim edərək bildirmişdir ki, cavabdehlər Cavabdeh1 ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1042,79 ABŞ dolları əsas borc, müqavilənin müddəti bitdiyi tarixə xx.xx.2017-ci il tarixinə 99,98 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 180,88 ABŞ dolları faiz borcu, 284.21 ABŞ dolları cərimə, cəmi isə 1607.86 ABŞ dolları borcun və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu tutulması barədə qənamə çıxarılmasını xahiş etmişdir. xx xxxx 2021-ci il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşmə təqdim edərək bildirmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1042,79 ABŞ dolları əsas borc, müqavilənin müddəti bitdiyi tarixə xx.xx.2017-ci il tarixinə 99,98 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 180,88 ABŞ dolları faiz borcu, 284.21 ABŞ dolları cərimə borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutulması barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2015-ci il tarixli İKM 01 saylı istehlak kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin «Səbail» filialı ilə xx.xx.2015-ci il tarixdə bağladığı İKM 01 saylı kredit müqaviləsi əsasında 12 ay müddətinə 28% ödəmək şərti ilə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 cəmi 1265 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, tərəflər arasında kreditin və ona hesablanmış faizlərin xx.xx.2015-ci il tarixdən başlayıb, hər ay 194 ABŞ dolları, sonuncu ay 181 ABŞ dolları ödəməklə xx.xx.2016-cı il tarixdə bitirməli olmasını göstərən ödəniş qrafiki tərtib edilmişdir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehlərə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli, 01 saylı kredit müqaviləsinə əlavədən görünür ki, 01 saylı kredit müqaviləsinə əlavə № 1 imzalanma tarixinə qalan 1387 ABŞ dolları həcmində kredit üzrə əsas borc, kredit müqaviləsində nəzərdə tutulmuş illik faiz dərəcəsi 25 faiz, illik cərimə faizi 29 faiz olmaqla kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixinə qədər uzadılmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, 01 saylı kredit müqaviləsinə əlavəsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixə borcu aşağıdakı kimidir: əsas borc 1942,79 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış faiz borcu 99,98 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 180,88 ABŞ dolları, cərimə borcu 284.21 ABŞ dolları, cəmi borc 1607.86 ABŞ dolları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh1 ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2015-ci il tarixli, 01 saylı İstehlak Krediti Müqaviləsi faizlər hesablanmaq şərti ilə kredit müqaviləsi bağlanmış, cavabdeh X2 eyni tarixli müqavilə ilə Cavabdeh1 öhdəliyinin icrasına zamin durmaqla təminat vermişdir. Kredit müqaviləsinə uyğun olaraq iddiaçı tərəfindən öhdəlik yerinə yetirilmiş və cavabdehə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə dövri ödənişlər etməli olduğu halda, müəyyən miqdarda ödəniş etmiş, sonradan öhdəliyini pozaraq borcunu vaxtında qaytarmamışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdeh və zaminə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. Eyni zamanda Cavabdeh2 zaminlik müqaviləsindən irəli gələn öhdəliklərini icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.1 və 443.2-ci maddələri). İş materiallarında olan maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 müqavilənin bitdiyi tarixdən xx.xx.2017-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 180,88 ABŞ dolları faiz borcu yaranmışdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Qanunun qeyd olunan normasının məzmunundan göründüyü kimi, kredit müəyyən müddətə borc verilən pul vəsaitidir. Yəni kredit müqaviləsi müddətlidir və müəyyən vaxt çərçivəsi ilə məhdudlaşdırılmalıdır. Əks halda bu, hüquqi müəyyənlik prinsipinin pozulması hesab olunmalıdır. Çunki hər bir şəxs müqavilə münasibətlərinə daxil olarkən, bu hərəkətin onun üçün konkret hansı nəticələrə səbəb olacağını görmək imkanına malik olmalıdır. Müqavilədə müddət öz əksini Azərbaycan Respublikası MM-nin müddətlər haqqında müddəalarına (AR Mülki Məcəlləsinin 367.2, 367.3-cü mad.) uyğun olaraq tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, qanunun mənasına görə əgər müqavilədə onun qüvvədə olma müddətinin qurtarmasının tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olması barədə şərt nəzərdə tutulmamışdırsa, belə müqavilə, öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Beləliklə, müqavilənin qüvvədə olma müddəti 2 qaydada müəyyən oluna bilər: müqavilənin qüvvədə olduğu konkret müddət təsbit oluna bilər; belə müddət təyin olunmamışdırsa, müqavilə öhdəliyinin icrasının qurtarması müddəti müqavilənin qüvvədə olma müddəti hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4-cü maddəsinə müvafiq olaraq müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Yəni tərəf müqavilənin qüvvədə olduğu müddət üçün məsuliyyət daşıyır. Müqavilənin qüvvədə olduğu müddət bitdikdən sonrakı dövr üçün müqavilə öhdəliyindən və müqavilə üzrə məsuliyyətdən söhbət gedə bilməz və deməli, bu müddətdən sonrakı dövr üçün iddiaçı müqavilədən irəli gələn tələb hüququna malik deyildir. O, yalnız qanundan irəli gələn tələb irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, müqavilə öhdəlikləri Cavabdeh1 tərəfindən lazımınca yerinə yetirilmədiyinə görə ondan 1042,79 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün hesablanmış 99,98 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitən tarixdən illik 5 % hesablanmış 180,88 ABŞ dolları faiz borcunun bankın xeyrinə tutulması barədə tələb əsaslıdır və təmin edilməlidir. Lakin cavabdehlərdən 284,21 ABŞ dolları məbləğində cərimə məbləğinin tutulmasına gəldikdə isə məhkəmə bu iddianı qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimənin dəbbə pulunun bir növü olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı bankın bu məbləğdə dəbbə hesablaması ədalətli deyildir və bu məbləğin kredit müqaviləsi üzrə 104 ABŞ dolları həcmində müəyyənləşdirilməsi tərəflərin əmlak mənafeləri baxımından daha ədalətlidir. Məhkəmə bu qənaətə gələrkən MM-nin 467-ci maddəsinin müddəalarını, həmçinin hüququn ümumi prinsiplərindən biri olan vicdanlılıq prinsipini rəhbər tutur. Belə ki, qanunvericilik dəbbə pulunun miqdarı haqqında razılaşmanın müqavilə tərəfinin iradəsinə buraxarkən hüququn ümumi prinsipinə uyğun olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 1042,79 (bir min qırx iki dollar yetmiş doqquz sent) ABŞ dolları əsas borc, müqavilənin müddəti bitdiyi tarixə xx.xx.2017-ci il tarixinə 99,98 (doxsan doqquz dollar doxsan səkkiz sent) ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 180,88 (yüz səksən dollar səksən səkkiz sent) ABŞ dolları faiz borcu, 104 (yüz dörd dollar) ABŞ dolları cərimə borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutulsun. Qalan huissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-5/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-5/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver