Məhkəmə qərarları › İş №2(009)-532/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-532/2023

10.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-532/2023 10.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Binəqədi rayon Məhkəməsinin 2(001)- 600/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında xx.xx.2016-cı il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 2576 nömrəli nikahları pozulmuşdur. Həmin qətnamə ilə cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 adlı uşağın saxlanması üçün hər ay 170 manat aliment məbləğini cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda Binəqədi rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın tələbatının ödənilməsinə kifayət etmir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə bir uşaq üçün 220 manat müəyyən edilmişdir. Buna görə də o, alimentin artırılmasına dair razılıq əldə etmək məqsədi ilə mediasiyaya müraciət etmişdir. Lakin cavabdehlə alimentin artırılması barədə razılığa gələ bilməmişlər. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 2020 manat məbləğində alimentin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, məhkəmə qətnaməsi ilə 170 manat aliment tutulsa da, o, hər ay daha artıq məbləğdə iddiaçıya pul vermişdir. Alimentin artırılmasına etiraz etmir, lakin hesab edir ki, həmin məbləğ 200 manat həddində olmalıdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədova Miray xx.xx.2017-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası Ülviyyət Məmmədovadır. İş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-600/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 2576 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X2 adlı uşaqların anası İddiaçı himayəsində saxlanılması, xx.xx.2017-ci il təvəllüdlü X1 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və alimentin tutulmasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanması, qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilməsi qət edilmişdir. İş üzrə Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın surətindən görünür ki, İddiaçı və Cavabdeh alimentin artırılması mübahisəsi üzrə xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü Miray adlı uşağı var. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş, uşağın ananın yanında qalması müəyyən edilmiş və cavabdehdən uşağın saxlanılması üçün sabit pul məbləğində 170 manat aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə uşaq üçün müəyyən olunan aliment miqdarı, yəni 170 manat uşağın saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, uşağın ehtiyaclarını qarşılamır və bu səbəbdən iddiaçı məhkəmədən uşağın saxlanılması üçün cavabdehdən 2020 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin tələblərindən göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan uşağa görə müəyyən edilmiş alimentin məbləği 170 manatdır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 220 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarını, həmçinin Azərbaycan Respublikasında 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumunun 220 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, aliment məbləğinin artırılması barədə iddia qismən təmin edilməli və cavabdehdən uşağın saxlanılması üçün tutulmalı olan sabit pul şəklində aliment 220 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən tutulmalı olan 220 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8-2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 2640 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 46,40 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-600/2021 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılsın və 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması ilə bağlı Cavabdeh 220 (iki yüz iyirmi) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 46,40 (qırx altı manat, qırx qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar