Məhkəmə qərarları › İş №2(009)-544/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-544/2024

18.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-544/2024 18.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı – Cavabdeh qarşı “ziyan” tələbinə dair mülki işə 18 dekabr 2024-cü il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilə dəymiş 8000 manat zərərin və 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi 1 saylı evin 1 nömrəli mənzili iddiaçının mülkiyyətindədir. Həmin binanın 4 nömrəli mənzili iddiaçının mənzilinin üst mərtəbəsində yerləşir və cavabdehə məxsusdur. Cavabdeh tərəfindən iddiaçıya məxsus mənzilə su axıdılması nəticəsində iddiaçıya ziyan dəymişdir. Hazırda mənzilin tavan hissəsi, divarları, elektrik xətləri tam yararsız vəziyyətə düşmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh dəymiş zərəri aradan qaldırmamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini 800 manat məbləğində qəbul etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ÖM seriyalı, 102292 saylı Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi 1 saylı evin 1 nömrəli mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir. 18 dekabr 2023-cü il tarixli 4 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib olunmuş aktda qeyd edilir ki, F.Əmirov küçəsi 1, blok 3, mənzil 1-ə baxış keçirildi. Məlum oldu ki, su axma hadisəsi F.Əmirov küçəsi 1, blok 3 mənzil 4-dən (Cavabdeh) baş vermişdir. Su basma nəticəsində mənzil 1-in koridoruna, mətbəxinin tavanına, qonaq otağının tavanına sarı ləkələr düşmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiq olunan 1 saylı mənzilin tavanı və divarlarındakı su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan MKİS-in əməkdaşları tərəfindən 1 saylı mənzilə baxış keçirmiş və aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, F.Əmirov küçəsi 1 saylı evin 1 saylı mənzilin üst mərtəbəsində yerləşən 4 saylı mənzildən suyun sızması müəyyən olunur. Bakı şəhəri, F.Əmirov küçəsi 1 saylı evin 1 saylı mənzilində su sızması nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri 3242 manat məbləğində müəyyən edilir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehə məxsus ünvan 1 ünvan üzrə 1 saylı evin iddiaçıya məxsus 1 saylı mənzilinə su sızması hallarına yol verildiyi üçün iddiaçının mənzilinə maddi ziyan vurulmuşdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlər törətdiyi deliktə görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair məhkəmə qeyd edir ki, bu məsələ iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası rəyinə uyğun həll edilməli və rəydə göstərilən ziyanın həcmi və məbləği cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, vurulmuş zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 3242 manat məbləğində pul vəsaiti tutulmalıdır. AR MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 100 AZN dövlət rüsumundan və iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırkı iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, həmçinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmətikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsi iddiaçıdan, 50 manat hissəsi isə cavabdehdən tutularaq ekspertiza mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 3242 (üç min iki yüz qırx iki) manat, həmçinin məhkəmədə iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi olmaqla, ümumilikdə 3292 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilsin. xx.xx.2024-cü il tarixli ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi isə Cavabdeh tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEMVÖEN ********** X1 VÖEN ********** Kod: 210005 Müxbirhesabı 41nABZ********************, hesab AZ34CTRE********************,S.W.İ.F.T. Bik:CTREAZ22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar