Məhkəmə qərarları › İş №2(009)-552/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-552/2024

29.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-552/2024 29.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla Cavabdeh xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Nizami rayonu Qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri 769 nömrə ilə qeyd aparılmışdır. Onların birgə nikahlardan xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X6 adlı uşaqları vardır. Cavabdeh aralarında anlaşılmazlıq səbəbindən nikah Nizami rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(007)-1537/2010 saylı qətnaməsi ilə pozulmuşdur. Bu fakt nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə, 178 No ilə qeyd edilmişdir. AZ-İ No 126142 reyestr nömrəli “nikahın pozulması haqqında şəhadətnamə” bu faktı təsdiq edir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(007)-1537/2010 saylı qətnaməsinə əsasən onun və Cavabdeh arasında bağlanmış və Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 769 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X6 onun yanında qalması, xx.xx.2010-cu il tarixdən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay hər bir uşağa görə 75 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(007)-1411/2014 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X6 həddi buluğa çatanadək saxlanmaları üçün hər ay tutulan alimentin miqdarı dəyişdirilərək və xx.xx.2014-cü il tarixdən başlayaraq Cavabdeh hər ay aylıq qazancının 1/3 hissəsi miqdarında və əlavə olaraq sabit aliment qismində 106 manat məbləğində pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilmişdir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. X2 və X5 böyütmək üçün Nizami rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(007)-1411/2014 saylı qətnaməsi ilə təyin edilmiş 106 manat və cavabdehin qazancının 1/3 hissəsi kifayət etmir. Yaşayış minimumu həddinin artması imkan verir ki, alimentin artırılması tələbi ilə müraciət etsin. Belə ki, “alimentin artırılması tələbi” ilə bağlı olaraq mediasiya sessiyasından keçmək üçün Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh X3 iştirak etməmişdir. 6 saylı Mediasiya Təşkilatı “X3” (İMS) iştirak edilməməsi barədə” MŞB/6-0858 saylı, xx.xx.2023-cü il tarixli arayış təqdim etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(007)-1411/2014 saylı qətnaməsi əsasında tutulan aliment məbləğinin artırılaraq, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X1 üçün hər bir uşağa görə hər ay 220 manat, ümumilikdə 440 manat müəyyən edilərək onun xeyrinə tutulması barədə və ilkin mediasiya xərcləri üçün çəkilmiş 50 manat pul məbləğinin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, cavabdeh 2019-cu ilədək aliment ödəmiş, sonra isə ödəməmişdir. Cavabdeh faktiki yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun qeydiyyat ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri müvafiq qeydlərlə (“bu ünvanda yaşamır”) məhkəməyə geri qaytarıldıqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X6 adlı uşaqları vardır. İş üzrə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh və İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2011ci il tarixdə 178 No ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(007)-1411/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(007)-1537/2010 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X4 həddi buluğa çatanadək saxlanmaları üçün hər ay tutulan alimentin miqdarının dəyişdirilməsi və xx.xx.2014-cü il tarixdən başlayaraq Bakı şəhəri, Nizami küçəsi, ev 98, mənzil 54-də qeydiyyatda olan Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X4 həddi buluğa çatanadək saxlanması üçün hər ay aylıq qazancının 1/3 hissəsi miqdarında və əlavə olaraq sabit aliment qismində 106 manat məbləğində pul tutularaq ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan İddiaçı ödənilməsi, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İş üzrə Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞB/6-0858 nömrəli X3 (İMS) iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi “alimentin artırılması” mübahisəsi üzrə xx.xx.2023-cü il tarixdə saat 13.40-da keçirilməsi nəzərdə tutulan X3 Cavabdeh iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Əli və xx.xx.2008-ci il təvəllüdlü Nuray adlı uşaqları var. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş, uşaqların ananın yanında qalması müəyyən edilmiş və cavabdehdən uşaqların saxlanılması üçün aliment tutulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq cavabdehdən yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün iddiaçının xeyrinə hər ay aylıq qazancının 1/3 hissəsi miqdarında və əlavə olaraq 106 manat sabit pul məbləğində aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment miqdarı, yəni aylıq qazancının 1/3 hissəsi miqdarında və əlavə olaraq sabit pul məbləğində 106 manat uşaqların saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil və bu səbəbdən iddiaçı məhkəmədən uşaqların saxlanılması üçün cavabdehdən hər uşağa görə 220 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisənin məhkəmədənkənar qaydada mediator vasitəsi ilə həll edilməsini istəsə də, cavabdeh mediasiya sessiyasına gəlmədiyindən, iddiaçı mübahisənin həll edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb aşağıdakı əsaslara görə təmin edilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin tələblərindən göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan uşaqlara görə aylıq qazancının 1/3 hissəsi miqdarında və əlavə olaraq 106 manat sabit pul məbləğində aliment tutulmuşdur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 235 manat məbləğində təsdiq edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, hər uşağa görə cavabdehdən 220 manat məbləğində alimentin tutulmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarını, həmçinin cavabdehin rəsmi işləyərək müntəzəm əmək haqqı alması barədə sübutların mövcud olmamasını, “Elektron məhkəmə informasiya sistemi”ndə də əmək münasibətlərində olmasının təsdiq edən məlumat mövcud olmadığını nəzərə alaraq hesab edir ki, artırılacaq aliment məbləği sabit pul şəkilində müəyyən edilməli, aliment məbləğinin artırılması barədə iddia təmin edilməli və cavabdehdən uşaqların saxlanılması üçün hər uşağa görə tutulmalı olan sabit pul şəklində aliment məbləği 220 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən tutulmalı olan hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8- 2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən, iddiaçı qaldırılan tələblə bağlı mübahisəni məhkəməyədək həlli qaydasını nəzərdə tutan mediasiya prosesində iştirakı ilə bağlı mediatora müraciət etdiyindən və mediasiya xərcləri kimi 50 (əlli) manat ödədiyindən, həmin pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 5280 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 72,80 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(007)-1411/2014 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılsın və hər uşağa görə 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması ilə bağlı Cavabdeh hər uşağa görə 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 72,80 (yetmiş iki manat, səksən qəpik) manat məbləğində pul tutulsun. Cavabdeh İddiaçı xeyrinə mediasiya xərcləri kimi ödənilən 50 (əlli) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar