Məhkəmə qərarları › İş №2(009)-567/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-567/2021

15.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-567/2021 15.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsi və X3 işə cəlb edilməklə) cavabdeh AR Daxili İşlər Nazirliyinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsi və X3 işə cəlb edilməklə) cavabdeh AR Daxili İşlər Nazirliyinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona vurduğu zərərin müqabilində 37669 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 15 noyabr 2020-ci il tarixində, saat 15:30-da Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsinin Sabit Orucov küçəsi ilə kəsişməsində Daxili İşlər Nazirliyinin əməkdaşı X3 tərəfindən FİAT **-AP-*** dövlət qeydiyyat nişanlı post-patrul xidməti avtomaşını vasitəsi ilə yol nəqliyyat hadisəsi törədilmişdir. Bununla bağlı X1 barəsində Bakı şəhər BPİ-nin DYPİ-nin YNH üzrə şöbəsinin inspektoru, polis kapitanı X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada İXP ******* saylı protokol tərtib edilmiş, həmin tarixdə X3 barəsində 60 manat məbləğində cərimə inzibati tənbeh tətbiq etmə haqqında TP ******* saylı qərar qəbul olunmuşdur. Həmin yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus Lexus UX200” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulmuş və həmin zərər ərizəyə əlavə edilmiş "xxxx" ASC və "xxxx" MMC tərəfindən verilmiş qüsur aktlarından da göründüyü kimi 37669 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələblərini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh AR Daxili İşlər Nazirliyinin, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsinin nümayəndəsi və X3 məhkəmə iclasına gəlməmiş və işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 19.11.2020-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Lexus UX200” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərər 37669 manat təşkil edir, o cümlədən ehtiyat hissələri 32.045,85 manat, zəhmət haqqı 5.623,15 manat. İş materiallarında olan Toyota Bakı Mərkəzi MMC-nin 18.11.2020-ci il tarixli Qiymətləndirilmə Aktından görünür ki, “Lexus UX200” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərər 37652,54 manat təşkil edir, o cümlədən ehtiyat hissələri 31950,00 manat, zəhmət haqqı 5.702,54 manat. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 11.12.2020-ci il tarixli, 046-67844B-4220 nömrəli məktubdan görünür ki, 15 noyabr 2020-ci il tarixdə, saat 15:30-da Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsinin Sabit Orucov küçəsi ilə kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar, 17.11.2020-ci il tarixdə Bakı şəhər BPİ-nin DYPİ-nin YNH üzrə şöbəsinin inspektoru, polis kapitanı X4 tərəfindən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan sürücü X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada İXP ******* saylı protokol tərtib edilmiş, həmin tarixdə sürücü X3 barəsində 60 (altmış) manat məbləğində cərimə inzibati tənbeh tətbiq etmə haqqında TP ******* saylı qərar qəbul olunmuşdur. Ərizəçiyə vurulmuş maddi ziyanın qalan hissəsinin ödənilməsi ilə əlaqədar mülki qaydada məhkəmə orqanlarına müracəit etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan X2 verilmiş Baş Polis İdarəsinin X7 İdarəsinin nəqliyyat vasitələrinin zədələnməsi bardə 15.11.2020-ci il tarixli, 038932 nömrəli arayışından görünür ki, 15.11.2020-ci il tarixində, saat 15:30-da baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Fiat markalı ** AP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq sağ yan hissəsi, İddiaçı məxsus Lexus UX200” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq sol hissəsi, sol yan hissəsi zədələnmişdir. Təqdim olunmuş Bakı şəhər BPİ-nin DYPİ-nin polis kapitanı Anar Rəsulovun inzibati tənbehvermə haqqında TP ******* nömrəli, 17.11.2020-ci il tarixli qərarından görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində ilə təqsirli bilinərək, barəsində 60 (altmış) manat məbləğində cəriməedilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə görə hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının avtomobilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Zərərvuran təqsirli şəxs Daxili İşlər Nazirliyinin əməkdaşı X1 qanunsuz, hüquqa zidd hərəkəti onun barəsində tətbiq olunmuş TP ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərarla təsdiq və sübut olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəğ daşıyır və əmək (quldluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası ödəməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, 15 noyabr 2020-ci il tarixində, saat 15:30-da Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsinin Sabit Orucov küçəsi ilə kəsişməsində Daxili İşlər Nazirliyinin əməkdaşı X3 tərəfindən FİAT **-AP-*** dövlət qeydiyyat nişanlı post-patrul xidməti avtomaşını vasitəsi ilə yol nəqliyyat hadisəsi törədilmiş və yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus Lexus UX200” markalı, **- LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulmuş və həmin zərər "xxxx" ASC və "xxxx" MMC tərəfindən verilmiş qüsur aktlarından da göründüyü kimi 37669 manat təşkil edir. Hadisəni törətmiş X1 barəsində Bakı şəhər BPİ-nin DYPİ-nin YNH üzrə şöbəsinin inspektoru, polis kapitanı X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsi ilə inzibati qaydada İXP ******* saylı protokol tərtib edilmiş və X3 barəsində 60 manat məbləğində cərimə inzibati tənbeh tətbiq etmə haqqında TP ******* saylı qərar qəbul olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Beləliklə, iş üzrə toplanmış sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməklə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən 37669 manat məbləğində dəymiş zərər tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən 37669 (otuz yeddi min altı yüz altmış doqquz) manat məbləğində dəymiş zərər tutularaq İddiaçı ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar