Məhkəmə qərarları › İş №2(009)-578/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-578/2024

29.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-578/2024 29.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, Cavabdeh birgə nikahdan olmuş övladları xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi sabit pul müqabilində 705 manat miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə 20 fevral 2015 ci-il tarixində rəsmi nigah qeytiyyatına girərək ailə qurmuş, onların birgə nigahlarından 21 noyabr 2015-ci təvəllüdlü X6, 06 mart 2019-cu il təvəllüdlü X7 və 10 oktyabr 2020-ci il təvəllüdlü X8 adlı üç uşaqları anadan olmuşdur. O, cavabdehlə cəmi bir il mehriban yaşasa da, sonradan cavabeh dəfələrlə onları (yəni ki, o və üç uşaqlarını) evdən qovmaqla təhdit etmişdir. Və sonda onları evdən qovdu, çıxartdı. Onlar faktiki olaraq ayrılmışlar. Azyaşlı uşaqlarını o saxlayır və uşaqların saxlanılması üçün lazım olan xərclərin tək başına ödənilməsi qeyri-mümkündür. Cavabdeh fərdi sahibkarlıqla məşğul olur. (Özünə aid şəxsi dükanı var, Maştağa Çiləgəridəki evinin qarşısında şəxsi dükanı ilə yanaşı hər yay sezonunda Xətai rayonu, Babək pros., maşın kondisoner ustası işləyir) və kifayət qədər yüksək qazanc əldə edir. Cavabdeh qazancı sabit olmadığına görə, alimentin cavabdehdən sabit pul müqabilində tutulması düzgün olardı. O, Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon məhkəməsinə müraciət etmişdir. Onun həmin iddia ərizəsi əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlə onların birgə nigahdan olan 3 övladları 21 noyabr 2015-ci təvəllüdlü X6, 6 mart 2019-cu il təvəllüdlü X7 və 10 oktyabr 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2022-ci il tarixli qətnaməsinin qəbul edilməsindən təxminən 2 il müddət keçmiş, bu müddət ərzində ərzaq və digər məhsulların qiymətləri bahalaşmış, uşaqların saxlanması üçün bütün xərclər ikiqat artmışdır. Bu isə onun üçün bir sıra maddi çətinliklər yaradır. Çünki uşaqların saxlanmasına ayda lazım olan vəsaitin onun tərəfindən tək başına ödənilməsi qeyri-mümkündür. Uşaqların saxlanması bir valideyn kimi cavabdehin də vəzifəsi olduğundan belə hesab edir ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2022-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdehdən 21 noyabr 2015-ci təvəllüdlü X6, 06 mart 2019-cu il təvəllüdlü X7 və 10 oktyabr 2020-ci il təvəllüdlü X8 adlı uşaqlarının saxlanması üçün hər ay, hər uşağa sabit pul məbləğində 235 manat olmaqla ümumilikdə 705 manat miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikasında bu 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən bu il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi qeyd edilən məbləğ uşağın yaşaması üçün nəzərdə tutulan minimal məbləğ olduğuna görə o öz uşaqlarının daha yaxşı saxlanılması üçün cavabdehdən hər uşağa görə 235 manat aliment tələb etməkdə haqlıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş emiş və bildirmişdir ki, 2022-ci ildə məhkəmə qərarı ilə müəyyən olunmuş alimentin miqdarı uşaqların artan tələbatlarını ödəmir. Digər tərəfdən, onun 06 mart 2019-cu il təvəllüdlü qızı Fidan böyrək xəstəliyindən əziyyət çəkir, əməliyyat olunub və bununla bağlı bütün xərcləri də özü çəkir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, 2-ci qrup əlildir və əlilliyə görə 330 manat pul alır, həmçinin işləyir əmək haqqı cəmi 345 manat məbləğində təşkil edir. Bundan başqa, onun başqa qadınla qeyri-rəsmi nikahından bir övladı var. Eləcə də, başqa qadınla nikaha daxil olmuşdur və həmin nikahdan da bu yaxınlarda övladı dünyaya gələcəkdir. Bütün bu halların məhkəmə tərəfindən nəzərə alınaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Səbail Rayon Məhkəməsinin 2(009)- 1026/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, 21 noyabr 2015-ci təvəllüdlü X6, 06 mart 2019-cu il təvəllüdlü X7 və 10 oktyabr 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin 2(009)- 1524/21 saylı qətnaməsi əsasında Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan 110 manat alimentin həcmi artırılaraq, hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində olmaqla ümumilikdə 450 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İV 524180 nömrəli, AZ-İV 265026 nömrəli və AZ-İİİ 685250 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X8 xx.xx.2020ci ildə, X7 xx.xx.2019-cu ildə və X6 xx.xx.2015-cı ildə anadan olmuşlar, ataları X5, anaları İddiaçıdır. İş materiallarında olan AA******* 26GVVHBF nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1983-cü ildə anadan olmuşdur. İş materiallarında olan AA******* 2AXVVJQZ nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh, xx.xx.1984-cü ildə anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları X6, X7 və X8 iddiaçının himayəsindədir və uşaqların saxlanılması üçün artan tələbat Səbaill Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2024-cü il tarixli Qanunla 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə X6, X7 və X1 üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin 235 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1026/2022 saylı 13 may 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar