Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-579/2022 19.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi X5 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin formal olduğu üçün ləğv edilməsi” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul barəsində tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8550 manat məbləğində pulun və ödənilmiş 105 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, cavabdehə 23 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş kredit müqaviləsi ilə 8550 manat məbləğində borc vermişdir. Cavabdeh bu borcu 23.01.2022-ci il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, o, yuxarıda qeyd olunan notariat kontorunda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və kredit müqaviləsi tərtib olunduğu 23 sentyabr 2021-ci il tarixdən ötən 4 ay müddətində iddiaçıya olan borcundan hər hansı məbləği geri qaytarmamışdır. Borcun qaytarılması barədə iddiaçı Cavabdeh dəfələrlə xəbərdarlıq etsə də, o, müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. Bu günədək borcun qaytarılması istiqamətində heç bir müsbət nəticə əldə edilməmişdir. Cavabdeh qarşılıqlı iddia ilə 17.03.2022-ci il tarixində Səbail Rayon Məhkəməsinə müraciət edərək iddiaçı ilə aralarında bağlanan müqavilənin ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 17.03.2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia geri qaytarılmışdır. Cavabdeh qarşılıqlı iddia ilə 30.03.2022-ci il tarixində Səbail Rayon Məhkəməsinə müraciət edərək iddiaçı ilə aralarında bağlanan müqavilənin ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 01.04.2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi mümkün hesab edilərək icraata götürülmüşdür. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə 23.09.2021-ci il tarixində 32 saylı notarius ofisində 8550 manat məbləğində kredit müqaviləsi bağlamışdır. Notarius ofisində iddiaçının anası X1 1000 dollar və 300 manat pul vermişdir. Məbləğin qalan hissəsini, yəni 4550 manatını (pulun bir hissəsi dollarla idi) iddiaçının anası verdiyi məbləğin üstünə qoyaraq xəzinəyə vermiş və iddiaçının adına kredit müqaviləsi yazılmışdır. Notariusdan çıxandan sonra iddiaçı bütün məbləği cavabdehə qaytarmış, cavabdeh isə 1000 dollar və 300 manatı X2 qaytararaq, qalan 4550 manatı cibinə qoymuşdur (iddiaçı notariusun kamera görüntülərində pulun qaytarılması barədə qeydiyyat olduğunu iddia etmişdir). İddiaçının anası X3 arasında obyektlə bağlı arenda müqaviləsinin pozulması üçün Bəkir kredit müqaviləsinin bağlanmasını təklif etmişdir. Bağlanan kredit müqaviləsi isə sırf formal xarakter daşıyır. İddiaçının adına yazılan məbləğ Bəkirə geri qaytarılıb. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahat verərək bildirmişdir ki, 2019-cu il tarixdə cavabdehin anasına məxsus obyekti icarəyə götürmüş, lakin, bacılar arasında olan mübahisəyə əsasən razılaşmadıqları üçün onu həmin obyektdən çıxarmışlar. O obyektin təmirinə xeyli miqdarda pul xərcləmişdir. Lakin, həmin mübahisənin borc müqaviləsinə aidiyyatı yoxdur. Cavabdehin anası ondan borc istəmiş, lakin, xanımın vəsiqəsində problem olduğuna görə qızı ilə borc müqaviləsi bağlanmışdır. Cavabdehin ona borclu olduğu 8550 manat pulun və dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh izahat verərək bildirmişdir ki, ilkin iddia üzrə iddiaçı onun yoldaşına məxsus olan obyekti icarəyə götürmüşdür. Obyektdə havalandırma və işıqlandırma sistemi qoşulmuş, (sanitar qovşağa unitaz, mətbəxə rakovina qoyulmuş), kabel çəkilmişdir. Obyekt təmirli vəziyyətdə verilmişdir. İlkin iddia üzrə iddiaçı obyektdən çıxan zaman hər şeyi aparmış, yalnızca sökülə bilmədiyinə görə havalandırma sistemi ilə şaurma stolu qalmışdır. Obyekti başqa bir şəxs 5 illik müddətə icarəyə götürmək istədiyi üçün iddiaçıya icarə müqaviləsini ləğv etməyi demişlər. İlkin iddia üzrə iddiaçı havalandırma sistemini və şaurma stolunun 5100 manat olduğunu deyərək pulunu istəmişdir. Yoldaşı isə pulunun olmadığını, ya əşyalarını götürməyini ya da yeni icarədarın ödəyəcəyini demişdir. İddiaçı isə bununla razılaşmadığından icarə müqaviləsini ləğv edə bilməmişlər. Bir ay sonra iddiaçı zəng edərək, borc müqaviləsi yazmaq şərti ilə müqaviləni ləğv edəcəyini demişdir. Yoldaşı çarəsiz olduğu üçün razılaşmışdır. Bir ay sonra yenidən zəng edərək, formal borc müqaviləsi bağlamaq üçün pul tapmağını söyləmişdir. Yoldaşı isə sadəcə 1000 dollar və 300 manat pulu olduğunu demişdir. Bu zaman o özü pul tapacağını qeyd etmişdir. Dediyinə görə kimdənsə 4500 manat, üzərini tamamlayacaq qədər də ABŞ dolları borc alaraq notariusa getmişlər. Müqavilə bağlandıqdan sonra notariusdan çıxan kimi qızı pulları orada ona geri qaytarmışdır. Bundan sonra, icarə müqaviləsini ləğv etmək üçün notariusa getmiş, lakin, yoldaşının vəsiqəsində problem olduğuna görə qalmışdır. 4 gün sonra yeni vəsiqə aldıqdan sonra gedib icarə müqaviləsini ləğv etmişlər. Əgər obyektin təmirinə pul xərcləmişdisə, havalandırma sistemi və şaurma stolunun pulunu borclu idisə niyə yoldaşına borc pul verirdi? Gözləmək istəmirdisə söküb apara bilərdi. Göstərilənlərə əsasən borc müqaviləsi formal olaraq bağlandığından ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, işdə olan 23.09.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, müqavilə ilə İddiaçı Cavabdeh 8550 manat məbləğində borc vermişdir. Cavabdeh bu borcu 23.01.2022-ci il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan bildirişdən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, Səbail Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri 32 saylı notariat ofisindən 23.09.2021-ci il tarixinə olan bütün kamera görüntülərinin məhkəməyə təqdim edilməsi qət edilmişdir. Bakı şəhəri 32 saylı notariat ofisinin 1 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri 32 saylı notariat ofisində olan kameraların yaddaş həcminin tutumu ilə əlaqədar 23.09.2021-ci il tarixinə olan kamera görüntülərinin təqdim olunması texniki cəhətdən mümkün olmamışdır. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 48-1-ci maddəsinə əsasən notarius borc (pul məbləği) verilməsinə dair kredit müqaviləsini təsdiq edərkən, tərəflərin həqiqi niyyətinin müəyyən edilməsi üçün pulun verilməsi və qaytarılması ilə bağlı öhdəlikləri, hüquq və vəzifələri, öhdəliyin icrasının təminatı və öhdəlik icra olunmadıqda, tutmanın yönəldilməsi üsulunu və digər müqavilə şərtlərini izah etməli və bu barədə müqavilədə qeyd yazılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış 23.09.2021ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 8550 manat 00 qəpik (səkkiz min beş yüz əlli manat, 0 qəpik) məbləğində kredit verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh Ramiz qızı kredit razılaşması üzrə iddiaçı qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun iddiaçıya borcu yaranmışdır. İlkin iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehdən kredit müqaviləsi üzrə yaranmış 8550 manat məbləğində borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8550 manatın qaytarılması ilkin iddia üzrə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən işin mübahisəsiz halıdır. Qarşılıqlı iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehlə formal olaraq kredit müqaviləsi bağlandığından, kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən kredit müqaviləsinin formal bağlandığını sübut edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Qarşılıqlı iddia üzrə iddiaçı kredit müqaviləsinin tərəflər arasında formal bağlandığını bildirsə də bunu sübut edə biləcək hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 8550 (səkkiz min beş yüz əlli) manat məbləğində borc pul tutulmalıdır. Qarşılıqlı iddia tələbi təmin edilməməli, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı aralarında bağlanmış müqavilənin ləğv olunması tələbi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 105 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməli, qarşılıqlı iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 8550 (səkkiz min beş yüz əlli) manat məbləğində borc, dövlət rüsumunun əvəzi kimi 105 (yüz beş) manat pul tutulsun. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-579/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-579/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver