Məhkəmə qərarları › İş №2(009)-58/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-58/2023

23.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-58/2023 23.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 Memli oğlunun, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, onların və digər cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “işlərin qüsurlu və natamam icra edilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ona vurulmuş 23497 manat maddi ziyanın, 160,49 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında ona məxsus həyət və ev vardır. 2020-ci ilin əvvəllərində həmin evi təmir etdirmək istəmiş və bu səbəbdən də usta elanlarına baxmışdır. “Tap.az” saytında "xxxx" şirkətinin mobil nömrəsi ilə əlaqə saxlamışdır. Bundan sonra Hakim adlı şəxs gəlib evə baxış keçirmişdir. Sonra Hakim digər cavabdehləri usta kimi evə dəvət etmişdir. Onlarla birlikdə razılaşdıqdan sonra evin təmirinə başlanılmışdır. Razılaşmaya əsasən ünvan 1 ünvanında yerləşən evi 1 il müddətində təmir edərək ona təhvil verilməli idi. Lakin cavabdehlər ondan 40.000 manat məbləğində pul alsalar da, işləri natamam və qüsurlu olaraq keyfiyyətsiz şəkildə qismən təmir edərək, götürdükləri öhdəlikləri qüsurlu icra etməklə bərabər, tam icra etməmişlər. Evin təmirinin qüsurlu icra edilməsi nəticəsində ona maddi ziyan dəymişdir. Ona məxsus olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv 2183 Q ünvanında yerləşən ev zirzəmi mərtəbəsi olan 4 mərtəbəli tikilidir. Evdə təmir işlərinin faktiki olaraq tamamlanmaması fotoşəkillərlə, videogörüntülərlə və 24 yanvar 2022-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir. Qeyd etdiyi sübutlarla mansar mərtəbəsində elektrik sisteminin düzgün quraşdırılmadığından sökülərək elektrik sistemi düzgün quraşdırılmış, alçıpan materialından olan asma tavan yenidən quraşdırılmışdır. Divarlara çəkilən tarazlı suvaq qatının təxminən 110.0 kv.m sökülərək daşınmış və yenidən həmin sahə suvanmışdır. Zirzəmi mərtəbəsində 0.03-0.05 metr qalınlığında mata ilə vurulmuş ölçüləri 0.4 x 0.4m olan qranit döşəmə çöküntülər olduğu üçün sökülərək yenidən bərpa edilmişdir. Evin 2-ci, 3-cü və 4-cü mərtəbələrində döşəməyə çəkilmiş tarazlı suvaq qatlarında çatlar yarandığı üçün həmin tarazlı suvaq qatı sökülərək daşınmış və yenidən həmin sahəyə tarazlı suvaq qatı çəkilmişdir. Mərtəbələrin birində istilik sistemi düzgün quraşdırılmadığından həmin sistem sökülərək yenidən çəkilmişdir. Təxminən 40 ədəd elektrik qutuları (rozetka,elektrik açarı,internet,anten və telefon) sökülərək yenidən quraşdırılmış, pilləkəndə yerə döşənən qranit keyfiyyətsiz vurulduğu və ümumiyyətlə pilləkəndə görülməli işlərin tamamlanmaması, sanitar qovşağına su və kanalizasiya sisteminin qüsurlu yığıldığı üçün 0.6 m x 1.2 m ölçüdə qranit materiallarından olan üzlük piltələr sökülərək sanitar-texniki qurğular yenidən çəkilməli, döşəmədə və divarlarda qranit üzlük piltələri yenidən yapışdırılmalıdır. Buna görə də, ünvan 1 ünvanında yerləşən evdə keyfiyyətsiz təmir işlərinin aradan qaldırılması üçün yenidən aparılmış işlər nəticəsində əmək haqqının və materiallar birlikdə dəymiş ziyanın dəyəri 23497 manat təşkil edir. İşlərin qüsurlu və natamam icra edilməsi nəticəsində vurulmuş zərər məbləği birgə cavabdehlik qaydasında tutularaq ona ödənməlidir. Bundan əlavə onun pozulmuş hüququnun bərpası ilə əlaqədar çəkdiyi və çəkməli olduğu xərclər də cavabdehlərdən tutularaq ona ödənməlidir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ona vurulmuş 23497 manat maddi ziyanın, 160,49 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22 may 2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 Memli oğlu məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh X2 2244 manat, Cavabdeh5 6350 manat, Cavabdeh1 5140 manat, Cavabdeh4 4384 manat, Cavabdeh6 5060 manatın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək eləcə də bildirmişdir ki, cavabdehlərlə aralarında müqavilə olmamışdır. 2020-ci ilin əvvəllərində bu işlər görülməyə başlayanda yazılı müqavilənin bağlanılması barədə danışıqlar "xxxx" Şirkətinin rəhbəri Cavabdeh3lə aparılırdı, Vəlafət müqavilə bağlanmağına razılıq vermədi. 2020-ci ilin əvvəllərində Şahingil gəldilər, sonra elektrik və santexnik gəldi işə başladı. Materialları cavbdehlərin dediyi mağazadan gedib alırdı. Alınan materialların çekləri var, hədsiz çox olduğuna görə onları iş materiallarına əlavə etməyib. 4500 manata ümumi elektrik işlərini danışmışdılar, işləri görürdülər, o da ödənişləri edirdi. Ümumi danışdıqları məbləğin yarıdan çoxunu da ödəmişdi, sonra işi yarımçıq qoyub getdilər. Qüsurlarla bağlı cavabdehlərlə aralarında akt tərtib olunmayıb, şifahi razılaşmışlar. Görülmüş işlərdə qüsur da, natamamlıq da, keyfiyyətsiz icra da var. Dəfərlərlə cavabdehləri çağırmışdır ki, gəlib yarımçıq işlərini tamamlasınlar, gəlməyiblər, işləri yarımçıq qoyub gediblər. Vəlafət gəlib isti polu sökdü və yenidən onun dediyi kimi çəkdi, ən azından digərlərindən fərqli olaraq cəhd etdi səhvini düzəltməyə. Həmin işlərin sökülməsi, yenidən görülməsinə çəkilən xərcləri ümumi 23497 manat təşkil edir və həmin qiyməti onun dəvət etdiyi mütəxəssis müəyyən etmişdir. O, cavabdehlərin bəziləri barədə polisə də ərizə ilə müraciət etmişdir və ona bu işlərə görə məhkəməyə müraciət etməsini bildirmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 Memli oğlu iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o həmin evdə iş görməmişdir, sadəcə gedib evə baxıb, ustaları iddiaçı ilə tanış etmişdir. İlk əvvəl ustaların pulunu iddiaçı ona verirdi və o da ustalara paylayırdı. Sonra iddiaçı ilə aralarında münasibət pozulduğu üçün iddiaçı onu evdən qovmuşdur. Məhkəmənin hazırlıq iclasında Cavabdeh5 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, iddiaçının evində gördüyü işləri keyfiyyətlə icra etmidir. Bütün işlərin sonunda iddiaçı görülən işləri şəxsən özü yoxlayıb, ölçüb və təhvil alıb. Bundan sonra iddiaçı onunla halallaşıb və ödənişlərini ödəyib. Heç bir narazılıq olmayıb. Bu işlərdən 1 il 6 ay keçdikdən sonra hazırki iddianı qaldırıb. Onun gördüyü işlərdə səhv olsa idi, o bu işləri qəbul etməzdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 2021-ci ilin yay aylarında Badamdar 3-cü massivdə Cavabdeh4 çağırışı ilə iddiaçının evinə pilləkən işinə getdi. Maqsudla birlikdə pilləkən işini bitirdikdən sonra iddiaçı ona zirzəmidə metlax vurmağı təklif etdi. O razı olmadığı halda, iddiaçı dəfələrlə ona zəng edib əl çəkmirdi və deyirdi ki, bura zirzəmidi, ideal iş lazım deyil ona, o buranı sklad kimi işlədəcək. Sonda iddiaçı əl çəkmədiyi üçün gedib işi qəbul etdi. 10 kv.m yerə metlax vurduqdan sonra iddiaçını çağırıb ona dedi ki, bu şəkildə vuracaq metlağı, qəbul edirsə işləsin, etməyəcəksə işini dayandırıb çıxıb getsin. İddiaçı gəlib baxandan sonra razı olduğunu və işə davam etməsini bildirdi. O, zirzəmidə təxminən bir ay işlədi. Hər gün iddiaçı onun yanında olaraq işinə nəzarət edirdi. Ümumiyyətlə iddiaçı hər gün yanlarında olurdu. Tək onun yox, orada işləyən digər ustaların da işinə nəzarət edirdi və heç birilərinin işində heç bir narazılıq yox idi. İddiaçı nəyi necə deyib, elə də etmişlər. Axırıncı metlaxı vurduqdan sonra iddiaçı gəldi və narazılıq etməyə başladı ki, iş xoşuna gəlmir, vurulan metlaxlar sökülməlidir. Təbii ki, o buna razı olmadı və işdən imtina edib oranı tərk etdi. Ondan sonra hansı ustalar işləyib bilmir. Onun işlərini tərifləyə-tərifləyə sonda pulunu verməməyin dərdindən dedi bəyənmirəm, əyridir gördüyün işlər. Amma heç bir əyrilik yox idi, lazerlə çəkilib ip tutulub onun əsasında çəkilmişdir. 300 manat alacağı qalmışdı, lakin onu da istəmir. İddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğu üçün təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, o, iddiaçının evində elektrikkabel işləri görmüşdür. İşlər təxminən 2020-ci ilin əvvəllərində başladı və bir ilə yaxın çəkdi. Dəfələrlə gördüyü işləri sökdürüb yenidən gördürdüyü üçün bu qədər çəkdi. O əvvəldən iddiaçıya dedi ki, onlara layihə versin ki, sabah mübahisələri olsa ona əsaslansınlar. O, işi layihəyə görə bir ay dayandırdı, onda da iddiaçı yalnız mətbəxin layihəsini göstərdi və dedi qalan işlərdə layihə də, dizayner də özüdür. O özü bu işdə heç bir hesabat aparmamışdır, çünki əlində yazılı layihə olmayıb. Onun iddiaçının Badamdar qəsəbəsindəki şəxsi həyət evində gördüyü işlərin heç bir nöqsanı olmayıb. İşin gedişatında iddiaçı iki dəfə mütəxəssis də gətirib onun gördüyü işləri yoxlatdırıb müsbət rəy almışdır. Razı qaldığına görə iki dostuna da onu məsləhət görmüşdür. İddiaçının evi 4 mərtəbə idi, zirzəmi də vardı. İddiaçı ilə ilkin olaraq evin 2-ci və 3-cü mərtəbəsini 4500 manat qiymətə razılaşmışlar. Sonradan onun gördüyü işlərin səliqəsini və keyfiyyətini bəyəndiyinə görə ona təklif edib ki, evin 1-ci mərtəbəsi, 4-cü mərtəbəsi, zirzəmisi və əlavə aldığı həyətinin və ordakı digər tikililərin də elektirik işlərini görsün. O da razılaşmışdır. İddiaçı hər gün evə gəlirdi, nəzarət edirdi, materialları da özü alırdı. İlkin olaraq, iddiaçının dediklərini edirdi, lakin işin gedişatında bəzi mübahisəli məqamlar yarandığından, iddiaçı ona dediklərini edəndən sonra gördüyü işləri tez-tez sökdürdüyü üçün o, iddiaçıdan görməli olduğu işlərin lahiyyəsini və əlavə işlərin qiymətləndirilməsini tələb etmişdir. İddiaçı tez-tez fikir dəyişdirirdi və sökdürüb gördürdüyü işlərin dəyəri onların ilk danışdıqları işlərin dəyərindən qat-qat artıq olurdu və iddiaçı bunları nəzərə almırdı. Evə sonradan gələn kondisioner, havalandırma sistemləri və alçipan ustaları işləyəndə elektrik xətlərini zədələdilər, o yenidən gedib, gördüyü işləri söküb, yenidən görmüşdür. Ona görə də, o, iddiaçıdan layihə istədi, lakin iddiaçı layihə vermədi və o da işi dayandırıb getdi, gedəndə də iddiaçıya bildirdi ki, nə vaxt ona layihə gətirər, onda da işləri görər. Çünki tez-tez fikir dəyişdirirdi və sökdürüb gördürdüyü işlərin dəyəri onların ilk danışdıqları işlərin dəyərindən qat-qat artıq olurdu və iddiaçı bunları nəzərə almırdı. Sonra eşitdi ki, iddiaçı 41-ci polis bölməsinə onun haqqında şikayət edib və həmin şikayətə görə o, 41-ci polis böləsinə dəvət olunmuşdur. Orada ona bildiriblər ki, guya o, iddiaçının evindən oğurluq etmişdir. 41-ci polis bölməsinin əməkdaşları ilə sahə müvəkkili, o və iddiaçı həmin evə baxış keçirmişlər. Onun iddialarının əsassız olduğu məlum olub. Sonra iddiaçı iddia qaldırıb ki, guya onun evində o düzgün işləmədiyinə görə elektirik xətlərində qısa qapanma olub və ona külli miqdarda ziyan dəymişdir. Lakin 41-ci polis bölməsinin əməkdaşları da belə bir hal olduğunun şahidi olmayıblar. Çünki o orada bildirdi ki, iddiaçının evinə hələ gərginlik verilməyib. Bu halda qısaqapanma mümkünsüzdür. İddiaçı nəticədə nə yanğını, nə də oğurluq edildiyini sübut edə bilmədi, adicə yanğın yerini belə göstərə bilmədi polisə. Sonra gəldi etiraf etdi ki, əsəbi olduğuna görə elə demiş, şikayət etmişdir, gəlsinlər yerləri yeni gələn ustalara göstərsinlər getsinlər. Sonra iddiaçı 41-ci polis bölməsinin sahə müvəkkilinə anlaşılmazlıq olduğunu və heç bir tələbi olmadığını bildirmişdir. Hətta sahə müvəkkili ona bildirib ki, iddiaçı bir daha onu narahat etməyəcək. Əgər bele bir hal olarsa, 41-ci polis bölməsinə müraciət etməyini bildirdi. İddiaçı onlardan sonra da dəfələrlə usta gətirib görülən işləri sökdürüb yenidən gördürüb. Ekspertin aşkar etdiyi qüsurların hansı ustaya aid olduğunu müəyyən etmək mümkün deyildir. İddiaçı burada deyir ki, elektrikin səhvi nəticəsində alçipan səhv vurulub, digər məhkəmədə qaldırdığı iddiada bildirir ki, alçipan ustasının səhvi nəticəsində elektrik işlərində qüsur olub. İddiaçı ondan sonra o evdə iki elektrik briqadası da işlədib, iddiaçının bu hərəkətlərinə görə onlar işi yarımçıq qoyub qaçıblar. İddiaçının evində gördüyü işlərə görə razılaşdığı 4500 manatdan ona cəmi 2200 manat ödəyib, əlavə olaraq gördüyü işlərə görə iddiaçı ona 8000 manat borcludur. İddiaçının uydurduğu bu şər və böhtanlar da həmin məğləbi verməmək üçün edilmiş bir addımdır. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etməyərək,onun əsassız olduğu üçün təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, o, kafel ustasıdır. İddiaçı ona zəng edib, evinə kafel-metlax işinə görə çağırmışdı. O, evdə divarı və hamamda tavanı işləmişdir. O həmin evə üçüncü usta kimi gəlmişdir. O, iddiaçının evinə gedəndə ondan əvvəl kafel ustası işləmişdi həmin evdə. O, iddiaçıya bildirdi ki, başqa ustanın başladığı işi davam etmək düzgün deyil, iddiaçı da ona bildirdi ki, həmin ustalarla işi bitib, onların pulunu verib yola salıb. İddiaçı ona nəyi necə et deyib, o da iddiaçının dediklərini yerinə yetirib. Ondan əvvəlki ustalara da iddiaçı bunu edib. İddiaçı əvvəl işləyən işçinin işini bəyənməyib, bəzi işləri ona sökdürüb yenidən gördürmüşdür. Pilləkənləri də ona sökdürdü yenidən. O, iddiaçının bütün dediklərini edib, işini təhvil verib getmişdir. İş bitdikdən sonra iddiaçı 400 manat pulu ona verməkdən imtina etmişdir. Təxminən 8-10 ay sonra iddiaçı onu ikinci dəfə pilləkəni sökmək üçün çağıranda o getmədi. İddiaçı da buna görə onunla prinsipə düşdü, ona böhtan atıb polisə verdi. Polis bölməsinin qərarına əsasən o, iddiaçının evinə yaxınlaşmamalıydı. O da polis bölməsinə yazılı iltizam verib, iddiaçının evinə yaxınlaşmayacağını və onun evində heç bir şəxsi marağının olmadığını bildirmişdir. İddiaçının iddiası tamamilə şər və böhtandan ibarətdir. İddianı qaldırmasına səbəb isə ona olan borcunu ödəməməkdir. İddiaçının evinə ekspertlə birgə profil atıb divarı yoxladılar və onun işində bir sm belə əyrilik olmadı, səhvlik yerdə idi, onun işində deyildi. Məhkəmə iclasında Cavabdeh6 iddia tələbini qəbul etməyərək öz etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, iddia tələbini qəbul etməyərək, onun əsassız olduğu üçün təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, o, iddiaçının evində santexnika və istilik xəttlərinin çəkilməsi işlərini görmüş, işə 2020-ci ilin əvvəllərində başlamış və təxminən 2021-ci ilin əvvəllərində işi tam təhvil vermişdir. O, iddiaçı ilə sonuncuya məxsus həyət evində 2-ci, 3-cü mərtəbədə və qara mətbəxdə santexnika və istilik xəttlərinin çəkilməsi işlərinin görülməsi üçün 3500 manat qiymətinə razılaşmışdılar. O bu işləri görüb tamamladıqdan sonra işi iddiaçının xoşuna gəldi və sonra mərtəbələrdə yaranan işləri yenə ona həvalə etdi. O əlavə olaraq mansarda, 1-ci mərtəbədə, zirzəmidə kanalizasiya dirəklərinin çəkilişi işini gördü. Sadaladığı mərtəbədə santexnika və istilik xətlərinin çəkilməsi üçün 2300 manat razılaşdırıldı. Bu işləri tamamladıqdan sonra qonşunun həyəti alınıb evin həcminə daxil edildi. Ona görə yenidən zirzəmidə və qarajda işlər gördü. Qazanxana yeri iki dəfə dəyişdirildikdən sonra 3-cü dəfə ikinci mərtəbəyə qaldırıldı, xarici kanalizasiya və su xətləri çəkildi. Bu işləri 3160 manat qiymətləndirdi. O, işə başlamazdan əvvəl iddiaçıya gördüyü işlərin foto şəkillərini göstərmişdi, işlədiyi başqa obyektlərə dəvət etmişdi ki, gördüyü işləri ona göstərsin. Sonradan evə santexnika üzrə mütəxəsis dəvət olundu, onun iştirakı ilə gördüyü işlərə baxış keçirildi. Mütəxəsisin rəyi iddiaçıya belə oldu ki, təcrübəli santexnikin var. O gördüyü bütün işlərin qarşılığında 4600 manat məbləğində pul almışdır. O da digər yoldaşlar kimi 25-ci polis bölməsinə dəvət olunmuşdur. Ancaq polis bölməsindən zəng vurub dedilər ki, lazım olsa onu çağıracaqlar. İddiaçı tərəfindən dəfələrlə təhqir olunmuşdur. İddiaçı onu təhdid edib deyib ki, 2000 manat verməsə onu polisə şikayət edecək və sosial şəbəkədə paylaşacaq. Feyk nömrələrlə dəfələrlə ona zəng etdirib. Hər dəfə özlərini polis adları ilə təqdim ediblər. Onlar dedikləri məkanda, onların dediyi vaxtda görüşmədiyi halda onu zorla evindən aparacaqlarını bildirirdilər. Bütün bunlarla bərabər iddiaçı facebook sosial şəbəkəsində onun şəkillərimi paylaşaraq, onu dələduz adlandıraraq, şərəf və ləyaqətini alçaldıb. Bununla ona psixoloji təsir göstərib sağalamlığına zərər vurub. Onun tərəfindən icra edilən işlərdə heç bir qüsur yoxdur. Heç bir problem olmayıb. Əgər olsaydı, işlər qurtaran zaman iddiaçı öz iradını bildirirərdi. Lakin iddiaçı onlarla halallaşıb, pullarını verib və sağollaşıb. Hesab edir ki, iddiaçı ona ödəməli olduğu 4360 manat məbləği ödəməmək üçün bu iddianı qaldırıb. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddia tələbi heç bir mötəbər faktla əsaslandırılmamışdır. Bu hal əsassız varlanmağa cəhd, hüquqdan suiistifadə kimi qiymətləndirilməlidir. Belə ki, iddia ərizəsində belə bir fikir irəli sürülür ki, guya cavabdehlər üzərlərinə götürdükləri öhdəliyə əməl etməmiş və iddiaçının evini qüsurlu şəkildə təmir etmişlər, bununla da ona maddi ziyan vurmuşlar. Lakin aşağıda qeyd edəcəyi səbəblərə görə, bütün bunlar iddiaçının birtərəfli mövqeyinə əsaslanır və heç bir hüquqi əsası yoxdur. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdehlər iddiaçının evində müxtəlif işləri görmüş, görülən işlər iddiaçı tərəfindən bəyənilib qəbul edildikdən sonra, cavabdehlərə danışdıqlarından əlavə işləri gördürmüş, dəfələrlə görülən işləri sökdürərək, yenidən gördürmüş, cavabdehlər iddiaçıdan layihə istəsələr də, o bundan imtina etmiş, tələblərini yerinə yetirməyərək başqa ustaları gətirərək işi davam etdirmiş, sonuncuları da qovaraq yenidən başqa usta dəvət etmişdir, cavabdehlərin gördükləri sonuncu işlərə görə zəhmət haqqlarının verilməsindən yayınmış, qanunsuz yollardan istifadə edərək cavabdehlərə təzyiqlər göstərmiş, hətta hüquqmühafızə orqanlarına müraciət edərək, onlar barəsində yalan məlumatlar verməkdən belə çəkinməmişdir, kütləvi informasiya vasitələrində ustaların şərəf və ləyaqətini alçaltmağa yönələn hərəkətlər etmişdir. Ona görə də, cavabdehlərin gördükləri işlərin qüsurlu və yaxud tam yerinə yetirilməməsinə dair iddiaçının dəlilləri yanlışdır. İddiaçının görülən işlə bağlı layihə təqdim etməməsi, üstəgəl görülən işlərdə heç bir problemin olmaması onun səhv olduğunu göstərir. Bundan başqa, iddiaçı hazırkı işdə adı keçən ustalardan savayı, evində təmir işləri görmüş başqa şəxsləri də eyni məzmunlu iddialarla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə vermiş, hazırkı işdən fərqli olaraq o işdə ekspert iddiaçının mənafeyinə uyğun rəy verməkdən imtina etmişdir. Ümumiyyətlə isə qeyd edilməlidir ki, görülən işlərlə bağlı əsasən iddiaçının pritenziyası olmamışdır. Əgər sifarişçinin evində qüsurlu iş görülmüşdürsə, qüsurların aradan qaldırılması üçün niyə müvafiq akt tərtib edilməmiş, niyə görə işi təhvil aldıqdan sonra onlara ödənişlər edilmişdir? Bundan başqa iş materiallarından görünür ki, xeyli müddət keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət edilmişdir, iddia ərizəsində isə qüsurlu işin konkret nədən ibarət olduğu, ziyanın hansı usta tərəfindən vurulduğu isə dəqiqləşdirilməmişdir. Bütün bunlar isə iddia tələbinin əsassız olduğunu göstərir. Prosessual qanunvericiliyin tələblərinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16-cı maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Göründüyü kimi iddiaçının hərəkətləri tamamilə əsassızdır və hüquqdan sui-stifadədir. Bundan başqa, iddiaçı hazırkı ərizə ilə müraciət edərkən qanunla müəyyən edilmiş 1 illik iddia müddətini keçirmişdir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında münasibətlər 2020-ci ildə yaranmışdır, həmin tarixdən iddia ərizəsinin məhkəməyə daxil olduğu günədək isə qanunla müəyyən edilmiş bir illik iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. İş materiallarından görünür ki, tərəf iddia müddətinin bərpa edilməsinə dair hər hansı ərizə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776.1-ci maddəsinə görə isə sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində irəli sürə bilər. Gəötərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776.1-ci, Azərbaycan Respublikası MPM-nin 372 və 377-ci maddələrinin tələblərini nəzərə alıb, iddia müddətinin tətbiq edilməsi, iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən ekspert X3 ifadəsində göstərmişdir ki, ekspert tədqiqatının aparılması üçün iddiaçıya məxsus fərdi yaşayış evinə gedib, cavabdehlərin iştirakı ilə evə baxış keçirmişdir. O, hadisə yerinə gələndə həyətdə sökülüb-yığılmış materialları görmüşdür. Hadisə yerinin tədqiqatının aparılmasınadək işlər görülmüşdür, cavabdehlərin gördüyü təmir işləri yerində saxlanılmamışdır. Ekspert rəyi hazırlanarkən o, iş materiallarında olan mütəxəssis rəyi və video-foto materiallara əsaslanmışdır. Tərəflər arasında bu işlərin görülməsi üçün hər hansı yazılı müqavilə və ya razılıq olmamışdır ki, rəy hazırlanarkən ona istinad edilə. Əldə hadisə yeri, layihə və smeta yoxdur, yalnız hadisə yerində olan materiallar, iş materialları və foto-video materiallar əsasında müəyyən etmək olur ki, işlər qüsurlu görülüb. O, hadisə yerində olarkən cavabdehlərə suallar vermiş və onlar da bildirmişlər ki, iddiaçı necə deyib, onlar da elə etmişlər. Cavabdehlərin gördüyü təmir işləri sökülərək yenidən təmir işləri görüldüyündən, bilinmir hansı səhvi hansı usta edib. Ümumilikdə görülən işlərdə qüsurlar var, amma, hansı səhvi kimin etdiyini bilmir. Hansı mərtəbədə qüsurlar olduğu yadında deyil. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə görə iddia təmin edilməməlidir. İş materiallarında olan "xxxx" MMC-nin 24 yanvar 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 2183Q ünvanında evə baxış zamanı müəyyən olundu ki, tədqiq olunan evdə təmir işləri faktiki olaraq tamamlanmamışdır. Təqdim olunmuş video görüntülərdən və foto şəkillərin görüntülərindən görünür ki, mansar mərtəbəsində elektrik sisteminin düzgün quraşdırılmadığından sökülərək elektrik sistemi düzgün quraşdırılmış, alçıpan materialından olan asma tavan yenidən quraşdırılmışdır. Divarlara çəkilən tarazlı suvaq qatının təxminən 110.0 kv.m sökülərək daşınmış və yenidən həmin sahə suvanmışdır. Zirzəmi mərtəbəsində 0.03-0.05 metr qalınlığında mata ilə vurulmuş ölçüləri 0.4 x 0.4m olan qranit döşəmə çöküntülər olduğu üçün sökülərək yenidən bərpa edilmişdir. Evin 2-ci, 3-cü və 4-cü mərtəbələrində döşəməyə çəkilmiş tarazlı suvaq qatlarında çatlar yarandığı üçün həmin tarazlı suvaq qatı sökülərək daşınmış və yenidən həmin sahəyə tarazlı suvaq qatı çəkilmişdir. Mərtəbələrin birində istilik sistemi düzgün quraşdırılmadığından həmin sistem sökülərək yenidən çəkilmişdir. Təxminən 40 ədəd elektrik qutuları (rozetka,elektrik açarı,internet,anten və telefon) sökülərək yenidən quraşdırılmış, pilləkəndə yerə döşənən qranit keyfiyyətsiz vurulduğu və ümumiyyətlə pilləkəndə görülməli işlərin tamamlanmaması, sanitar qovşağına su və kanalizasiya sisteminin qüsurlu yığıldığı üçün 0.6 m x 1.2 m ölçüdə qranit materiallarından olan üzlük piltələr sökülərək sanitar-texniki qurğular yenidən çəkilməli, döşəmədə və divarlarda qranit üzlük piltələri yenidən yapışdırılmalıdır. Qeyd olunur ki, söküntü işləri nəticəsində video görüntülərdən, foto şəkillərin görüntülərindən və daşınıb həyətyanı torpaq sahəsində tökülmüş inşaat tullantılarından da görünür ki, yuxarıda göstərilən işlərin aparıldığı müəyyən edilir. Beləliklə, aparılmış tədqiqatla müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən evdə keyfiyyətsiz təmir işlərinin aradan qaldırılması üçün yenidən aparılmış işlər nəticəsində əmək haqqının və materiallar birlikdə dəymiş ziyanın dəyəri 23497 manat müəyyən edilir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 10/6593 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, müki iş materiallarında olan məlumatlara, təqdim olunmuş fotoşəkillərə və baxış zamanı əldə olunan məlumatlara əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində elektrik xətlərinin çəkilməsində, santexnika işlərinin görülməsində, qranitin vurulmasında, o cümlədən müxtəlif sahələrdə suvaq qatının vurulmasında və alçipanın quraşdırılmasında qüsurlar mövcud olduğu müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində təmir zamanı yaranmış qüsurlaırn aradan qaldırılması üçün yerinə yetirilməli təmir işlərinin dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq 23108 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 756.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. Mülki Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənini 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Mülki Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Mülki Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Həmin Məcəllənin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində irəli sürə bilər. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, 2020-ci ilin əvvəllərindən 2021-ci ilin yay aylarına qədər cavabdehlər iddiaçıya məxsus fərdi yaşayış evində müxtəlif təmir işləri görmüş, lakin görülən işlərlə bağlı tərəflər arasında hər hansı layihə-smeta sənədləri tərtib olunmamışdır. İddiaçı cavabdehlərə əvvəlcə razılaşdırdıqları işlərdən əlavə işlər də gördürmüş, cavabdehlər işlərini təhvil verib getdikdən bir müddət sonra iddiaçı onları yenidən çağıraraq görülmüş işləri sökərək yenidən təmir işləri aparmalarını onlara bildirdikdə, cavabdehlər işlərində heç bir qüsur olmadığını, iddiaçının işi onlardan təhvil aldığını və təhvil aldığı zaman heç bir irad bildirmədiyini deyərək, iddiaçının təklifini qəbul etməkdən imtina etmişlər. Eyni zamanda müəyyən olundu ki, bundan sonra iddiaçı həmin ustalardan şikayət ərizəsi ilə polis bölməsinə müraciət etmiş, lakin müraciət mülki xarakter daşıdığından cavabdehlər barəsində cinayət işinin başlanılmasından imtina olunmuşdur. Məhkəmə iclasında sübutların tədqiqi ilə eyni zamanda müəyyən olundu ki, iddiaçı evə müxtəlif vaxtlarda başqa-başqa ustalar dəvət edərək cavabdehlərin gördükləri təmir işlərini sökdürmüş və yenidən evdə təmir işləri gördürmüşdür. Belə ki, məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə də müəyyən olunur ki, evə baxış keçirilən zaman tədqiq olunan evdə təmir işlərinin faktiki olaraq tamamlanmadığı müəyyən olunur. Həmin mütəxəssis rəyində evdə qüsurlu təmir işlərinin aparıldığının video görüntülər, fotoşəkillərin görüntüləri və daşınıb həyətyanı torpaq sahəsinə tökülmüş inşaat tullantılarından göründüyü qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən ekspert Teymur Məmmədov bildirmişdir ki, iddiaçıya məxsus evdə hadisə yerinin tədqiqatının aparılmasınadək işlər görülmüşdür, cavabdehlərin gördüyü təmir işləri yerində saxlanılmamışdır. Tərəflər arasında bu işlərin görülməsi üçün hər hansı yazılı müqavilə və ya razılıq olmamışdır ki, rəy hazırlanarkən ona istinad edilə. Əldə hadisə yeri, layihə və smeta yoxdur, yalnız hadisə yerində olan materiallar, iş materialları və foto-video materiallar əsasında müəyyən etmək olur ki, işlər qüsurlu görülüb. Cavabdehlərin gördüyü təmir işləri sökülərək yenidən təmir işləri görüldüyündən, bilinmir hansı səhvi hansı usta edib. Ümumilikdə görülən işlərdə qüsurlar var, lakin hansı səhvi kimin etdiyini bilmir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hazırkı iddia tələbində iddiaçı cavabdehlər tərəfindən onun evində işlərin qüsurlu və natamam icra edilməsi nəticəsində ona zərər dəyməsini mübahisələndirsə də, qüsurlu işin konkret nədən ibarət olduğu, ziyanın hansı usta tərəfindən vurulduğu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki sübutetmə yükü baxımından iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Məhkəmə hazırkı mübahisəyə də məhz sübutetmə aspektindən yanaşaraq qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affmnanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qanunun yuxarıda qeyd olunan normasının tələblərinə zidd olaraq iddiaçı iddia tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Onun dəlilləri əsassızdır, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən isə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, iddiaçı cavabdehlər tərəfindən öhdəliklərin lazımınca icra edilmədiyi səbəbindən ona ziyan dəyməsini sübut etmədi. Bu isə iddiaçı tərəfindən irəli sürülən tələbin sübut edilmədiyini təsdiq edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “işlərin qüsurlu və natamam icra edilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SWİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar