Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-581/2021 15.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, “xxxx” MMC-nin Borclu qarşı “6985 manat əsas borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: “xxxx” MMC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 6985 manat əsas borcun və 20 manat dövlət rüsumunun, cəmi 7005 manat məbləğində pul vəsaitinin alınaraq “xxxx” MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. “xxxx” MMC-nin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən məhkəmə əmri yalnız iki halda verilə bilər: kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa. Mülki Prosessual Məcəllənin 279-cu maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda, habelə, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa və ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa imtina edir. Məhkəmə hesab edir ki, kreditorun tələbinin aşkar olması dedikdə, məhkəmə əmrinin verilməsi haqqında ərizəyə əlavə olunmuş sübutların məhkəmə iclasında tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən də kreditor tərəfindən irəli sürülmüş pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığının məhkəmə üçün aşkar olması başa düşülməlidir. Kreditor tərəfindən məhkəmə əmrinin verilməsi haqqında ərizəyə əlavə olunmuş sübutlar borcluya qarşı olan tələbin tam əsaslı olduğunu təsdiq etmədiyi və ya qismən təsdiq etdiyi hallarda kreditorun tələbi aşkar hesab olunmamalıdır. Kreditorun ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, kreditorla Borclu arasında bağlanmış №MPK5723567 nömrəli, xx xxxxxx 2019-cu il tarixli borc müqaviləsinin müddəti bitməmişdir. Məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsində nəzərdə tutulmuş kreditorun aşkar olan tələbi və ya borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanan tələb kimi qiymətləndirilməməlidir. Məhkəmə hesab edir ki, kredit müqaviləsində borcun ödənilməsi üçün nəzərdə tutulmuş müddət başa çatmadan işə əmr icraatı qaydasında baxıla bilməz. Borcun ödənilməsi üçün nəzərdə tutulmuş müddətin başa çatmasını gözləməyən kreditor əmr icraatı qaydasında ərizə verərək borcunu tələb etdikdə müqavilə müddətinin tamam olmaması borclunun həmin tələb üzrə öz vəzifələrini mübahisələndirəcəyini göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə görə isə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 279-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Borclu 6985 manat əsas borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin verilməsi haqqında “xxxx” MMC-nin ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. Ərizəçiyə izah olunsun ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması onun, həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-581/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-581/2021
15.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver