Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-617/2022 05.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, Cavabdehlər Cavabdeh və Ş.R.Məmmədovanın iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, cavabdehlərdən Cavabdeh ilə 18.02.2004-cü il tarixdə rəsmi qaydada evlənmişdir. Onların birgə nikahlarından 29.03.2005-ci il təvəllüdlü X5 və 29.03.2005-ci il təvəllüdlü X6 doğulmuşlar. Onların nikahları Ağdam rayon Məhkəməsinin 2(013)-1450/2021 saylı, 25.06.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahlarından doğulmuş uşaqları onun himayəsində saxlanılmışdır. Evlənən vaxtdan cavabdehlərə məxsus Bakı şəhəri, Y.Mürsəlov küçəsi, dalan 1, ev Ö/T 11-də yaşamışdır. Həmin evdə yaşaya-yaşaya onun uşaqları dünyaya gəlmişdir. O, özü işləmişdir və əldə etdiyi qazancının hamısı cavabdehlərə, uşaqlara və evin təmirinə xərcləmişdir. Belə ki, Bakı şəhəri, Y.Mürsəlov küçəsi, Dalan 1, ev ö/t 11-ə: 1) qiymət-450 manat alçıpan vurdurmuşdur, 2) qiyməti 200 manat olan oboy çəkdirmişdir, 3) qiyməti 120 manata polu yondurmuşam,4) divara qiyməti 80 manat olan Benaplast vurdurmuşdur, 5) qiyməti 30 manat olan paduqa vurdurmuşdur, 6) cəmi qiyməti 100 manat təşkil edən pola lak+emulsiya+razetkalar çəkdirmişdir, 7) qiyməti 70 manat təşkil edən işıq şnurları çəkmişdir, 8) mətbəxin divarına qiyməti 250 manat təşkil edən kafel vurdurmuşdur, 9) mətbəxin polunu 70 manata yondurmuşdur, 10) mətbəxin potolokuna qiyməti 80 manat olan lambirin vurdurmuşdur, 11) evin dəhlizinə (koridor) qiyməti 70 manat olan oboy çəkdirmişdir, 12) qiyməti 100 manat olan alçıpan vurdurmuşdur, 13) qiyməti 30 manat lak vurdurmuşdur, 14) evin 1-ci mərtəbəsinə divara 40 manatlıq emulsiya çəkdirmişdir, 15) divara qiyməti 70 manat olan benaplast vurdurmuşdur, 16) evin balkonuna qiyməti 500 manat olan metlax vurdurmuşdur, 17) balkonun genişlətməyə 1000 manat xərc çəkmişdir, 18) hamama qiyməti 150 manat təşkil edən unitaz qoydurmuşdur, 19) evin çöl girəcəyinə qiyməti 450 manat olan qapı qoydurmuşdur, 20) evin pəncərələrinin dəyişilməsinə (4 otaq 150 manat + zal 300 manat) cəmi 900 manat xərc çəkmişdir. Bakı şəhəri, Y.Mürsəlov küçəsi, dalan 1, ev ö/t 11-ə çəkmiş olduğu xərc cəmi 5160 manat təşkil etmişdir. Hal-hazırda onun bir sıra əşyaları Bakı şəhəri, Y.Mürsəlov küçəsi, dalan 1, ev ö/t 11-də olmaqla cavabdehlərin faktiki sahibliyində və istifadəsindədir. Yəni daşınmaz əşya olan evdən və daşınar əşyalardan cavabdehlər faydalanır. Lakin onun həmin evdə yaşamasına maneçilik törədirlər. Onu və uşaqlarını həmin evə yaşamağa qoymurlar. Buna görə də o, öz uşaqları ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayır. Lakin cavabdehlərin ona və azyaşlı uşaqlarına qarşı olan qanunsuz hərəkətlərinə baxmayaraq o, hesab edir ki, onun və uşaqlarının Bakı şəhəri, Y.Mürsəlov küçəsi, dalan 1, ev ö/t 11-dən istifadə etmək hüquqları var. Göstərilənləri nəzərə alaraq iddiaçı onun Bakı şəhəri, Y.Mürsəlov küçəsi, dalan 1, ev ö/t 11-ə istifadə hüququnun tanınması, onun və azyaşlı uşaqları 29.03.2005-ci il təvəllüdlü X2 və 29.03.2005-ci il təvəllüdlü X3 Bakı şəhəri, Y.Mürsəlov küçəsi, dalan 1, ev ö/t 11-ə köçürmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cehiz əşyaları həmin evdə yerləşir. Həyətdə 1 otaqlı tikili var, orada yaşaya bilərlər. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, ev özbaşına tikilidir, valideynləri ata və anası tərəfindən inşa edilmişdir. Evin bütün təmir xərclərini də özü çəkmişdir. İddiaçı ilə boşanmışdır, ailə münasibətləri yoxdur, uşaqlar özləri analarını seçmişlər, cehiz əşyalarını dəfələrlə gilib aparmasını tələb etmiş, lakin iddiaçı əşyalarını götürməmişdir. İddiaçının mübahisəli evdə yaşamasına razı deyil. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh X7 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, onlar Ağdam rayonundan məcburi köçkündürlər, 1993-1994-cü illərdə Bakı şəhərinə gəlmişlər. Pul verməklə mübahisəli ev almışlar, ora qeydiyyata düşmüşlər. Evin çıxarışı yoxdur, “lisevoy” hesabı var, onun adınadır. Ev köhnə olduğu üçün söküb yenidən tikmişlər.Həmin əvərəfə Vüqarın 13-14 yaşı olmuşdur. Gəlini 2004-cü ildən orada yaşamış, nəvələr orada anadan olmuş, nəvələrinin evdə yaşamasına etiraz etmiş, lakin Aynurənin o evə gəlməsinə və yaşamasına razı deyil. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahdan 29.03.2005-ci il təvəllüdlü X5 və 29.03.2005-ci il təvəllüdlü X6 adlı uşaqları var. İş üzrə Ağdam rayon Məhkəməsinin 25.06.2021-ci il tarixli, 2(013)-1450/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 18.02.2004-cü il tarixdə Ağdam rayon İcra Hakimiyyəti Başçısının Gülablı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 21 nömrə ilə qeydə alınmış nikah akt qeydinin pozulması, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmamış uşaqları 29.03.2005-ci il tarixli X5 və 29.03.2005-ci il təvəllüdlü X6 anaları, yəni cavabdeh İddiaçı yanında saxlanılması, Cavabdeh 29.03.2005-ci il tarixli X5 və 29.03.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı xeyrinə hər ay, hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulması 25.06.2021-ci il tarixdən başlanılması, qətnamənin “alimentlə bağlı hissəsi” dərhal icraya yönəldilməsi qət edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 18.02.2004-cü il tarixdə rəsmi nikah bağlanılmış, toydan sonra iddiaçı Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1, ö/t 11 saylı evə gəlin kimi köçüb orada yaşamağa başlamış və tərəflərin birgə nikahdan həmin evdə iki uşağı anadan olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan nikah Ağdam rayon Məhkəməsinin 25.06.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı 2004-cü il tarixdən 2021-ci il tarixədək mübahisəli evdə yaşamış və hazırda cavabdehlər iddiaçının və uşaqların mübahisəli evdə yaşamasına maneçilik törədir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, uşaqları ilə birlikdə müxtəlif ünvanlarda kirayədə yaşayır. Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1, ö/t 11 saylı evin təmirinə onun da şəxsi vəsaiti xərclənmişdir. Bu səbəbdən iddiaçı həmin evə onun istifadə hüququnun tanınmasını, onun və uşaqlarının həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1, ö/t 11 saylı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və öz hüquqi statusuna görə özbaşına tikili hesab edilir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, mübahisəli ev cavabdeh X1 məxsusdur, iş üzrə digər cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır və işin bu halı mübahisəsizdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki mübahisəyə hüquqi qiymət verilərkən işin bu faktiki halları nəzərə alınmalıdır. AR Mülki Məcəllənin 136.2-ci maddəsinə əsasən mülki dövriyyədə olmasına yol verilməyən əşyalar (mülki dövriyyədən çıxarılmış əşyalar) qanunvericilikdə birbaşa göstərilməlidir. Mübahisəli ev özbaşına tikili olsa da, mülki dövriyyədə yol verilməyən əşyalar kateqoriyasına aid olmadığı üçün, iddiaçının həmin evdən istifadə ilə bağlı pozulmuş hesab etdiyi hüquqların müdafiəsi ilə bağlı məhkəmədə iddia qaldırmağa subyektiv hüququ var. Məhkəmə ilk növbədə iddiaçının mübahisəli evə istifadə hüququnun tanınması barədə tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Konstitusiya Məhkəməsinin “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.11.2018-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən: “...Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (bundan sonra – Mənzil Məcəlləsi) yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən stukturca ayrıca sahəsi mənzil hesab edilir (Mənzil Məcəlləsinin 13.3-cü maddəsi).” Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında formalaşmış hüquqi mövqeyini, hazırki mübahisənin evdən istifadə ilə bağlı olduğunu və mübahisəli hüquq münasibətlərinin 2004-cü ildə yarandığını nəzərə alaraq hesab edir ki, bu mübahisəyə qüvvədə olan Mülki Məcəlləsinin müddəaları baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08.10.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə Kontsitusiya Məhkəməsinin göstərilən qərarını əsas tutaraq hesab edir ki, hazırki mübahisəyə qüvvədə olan AR Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. AR Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. AR Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin ( ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Konstitusiya məhkəməsinin həmin Qərarında göstərilmişdir ki, MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Göründüyü kimi qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından iddiaçının mübahisəli evə istifadə hüquqlarının yaranması üçün mülkiyyətçi ilə onun arasında notariat qaydada təsdiq olunmuş razılaşmanın olması vacibdir, eyni zamanda bu razılaşma (müqavilə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Mübahisəli ev isə özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün, iddiaçının mübahisəli evə istifadə hüquqlarının müəyyən edilməsi yolverilməzdir. Yəni iddiaçının mübahisəli evə istifadə hüquqlarının yaranması üçün həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, eyni zamanda evin mülkiyyətçisi ilə iddiaçı arasında notariat qaydada müqavilənin bağlanması tələb olunur. Beləliklə iddiaçının mübahisəli evə istifadə hüquqlarının tanınması üçün hər hansı hüquqi əsas olmadığı üçün onun bu tələbi təmin edilə bilməz və rədd edilməlidir. Məhkəmə iddiaçının mübahisəli evə uşaqları ilə birlikdə köçürülməsi ilə bağlı irəli sürdüyü tələbi üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. AR MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 5.1-ci maddəsiən əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə qeyd edir ki, mübahisəli ev öz hüquqi statusuna görə özbaşına tikili olsa da, iddiaçı həmin evdən istifadə ilə əlaqədar pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə iddia qaldırmaqda da haqlı hesab edilməlidir. AR MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır(maddə 4.2). AR Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16.12.2014-cü il tarixli qərarında göstərilmişdir ki, «…İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir». Məhkəmə Kontistusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərdiyi hüquqi mövqeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olsa da, həmin evdən istifadə ilə əlaqədar maneçilik törətməsi, əmlak hüquqlarının həyata keçirilməsinə maneə kimi qiymətləndirilməlidir. Digər tərəfdən AR Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Qeyd edilən Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, mübahisəli ev eyni zamanda fiziki obyekt kimi daşınmaz əşyadır və mübahisəli evin özbaşına tikili statusuna malik olması, həmin evdən istifadə etməsini məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, mübahisəli evin hüquqi statusuna görə özbaşına tikili olması, həmin evdən istifadə ilə əlaqədar edilən maneələrin aradan qaldırılması ilə bağlı məhkəmədə iddia qaldırmağa mane deyil. Yuxarıda qeyd edildiyi kimi AR Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi – “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” norma göstərişi xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrumetməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə köçürmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1. Şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2. Şəxs yaşadığı yerdən məhrum edilibmi; 3. Məhrumedilmə qanunidirmi. Hazırki mübahisədə 1-ci və 2-ci hallar mövcuddur. Yəni iddiaçı köçmək istədiyi evdə 17 il yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə 3-cü halın mövcud olub-olmamağı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrumedilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Məhkəmə hazırki halda cavabdehlərin ev üzərində hər hansı bir hüququnun olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq, onların iddiaçıya qarşı törətdiyi məhrumetməni qanunsuz hesab edir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisəli özbaşına tikiliyə istifadə hüququnun tanınması barədə tələbinin təmin edilməməsi, yəni onun həmin evə istifadə hüququnun olmaması, eyni zamanda mübahisəli evin özbaşına tikili olması AR Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi – “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada mənzil ifadəsindən istifadə olunur ki, “mənzil” anlayışı mənzil qanunvericiliyinin yuxarıda sadalanan normalarında verilmişdir (Mənzil Məcəlləsi 13.3-cü maddə). Lakin məhkəmə qeyd edir ki, “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normada ifadə olunan “mənzil” anlayışı obyektiv amillə (yəni mənzil qanunvericiliyinin müəyyən etdiyi əlamətlərə görə) deyil, subyektiv amillə (yəni insanın obyektdən hansı məqsədlə istifadə etdiyi nəzərə alınaraq) müəyyən olunmalıdır. Əgər insan obyektdən yaşamaq məqsədi ilə istifadə edirsə, qeyd olunan normanın məqsədi baxımından həmin obyekt mənzil sayılır. Məhkəmə hesab edir ki, bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, belə fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun, maddə 90.4). İnsanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərin, o cümlədən özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. Məhkəmə cavabdehlərin iddiaçının həmin evə köçürülmələri olmaması barədə gətirdikləri dəlillər üzrə, yəni iddiaçının həmin evə gəlin gəlməmişdən əvvəl onların ailəsi tərəfindən inşa edilməsi və onlara məxsus olması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, evə hüququ olduğunu iddia edən hər hansı bir şəxs müvafiq sənədləri təqdim etməklə ev üzərində hüququnun qeydə alınması üçün qeydiyyat orqanına müraciət etməli, hüququ qeydə alındıqdan sonra həmin hüququ müdafiəsi üçün məhkəməyə müraciət etməlidir. Hazırki işdə cavabdehlərin mübahisəli evə hər hansı bir hüququnun olması müəyyən edilmədiyindən, evin cavabdehlərə məxsus olan ev kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsas yoxdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mübahisəli ünvanda yerləşən evdə yaşamasına cavabdehlərlə bərabər hüququ var və bu hüququn məhdudlaşdırılması iddiaçının Konstitusiya ilə qorunan yaşayış hüququnun pozulması kimi qiymətləndirilməlidir. Ağdam rayon Məhkəməsinin 25.06.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahdan olan uşaqlarının ananın yanında saxlanılması müəyyən edilmişdir. AR Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir (maddə 49.2). Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşaqların iddiaçının yanında saxlanılması müəyyən edildiyindən, iddiaçı onların mənafeyi üçün iddia qaldırmaqda tam haqlı olmuşdur. AR MPM-nin 59.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi iddiaçının mübahisəli evə istifadə hüququnun tanınması hissəsində təmin edilməməli, onun yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə həmin evə köçürülməsi hissəsində isə əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmamış uşaqları - 29.03.2005-ci il təvəllüdlü X5 və 29.03.2005-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 3 ünvanında yerləşən evə köçürülsünlər. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-617/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-617/2022
05.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver