Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-622/2021 03.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin - cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» barədə iddiası üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC - cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankın xeyrinə 15272,74 manat əsas borc, 1419,05 manat faiz borcu, 187,83 manat cərimə borcu olmaqla, ümumilikdə 16879,62 manat borcun, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" ASC-yə verilməsi, tələbin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsində yerləşən 13A nömrəli evin 1 nömrəli mənzilinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" ASC-yə olan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, əmlak satıldıqdan sonra 1 ay müddətində cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin mənzildən çıxarılmaları və əmlakın boşaldılıb iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 11.06.2018-ci il tarixində Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcluya illik 20 faiz ödəmək şərtilə 60 ay müddətinə 21.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsində yerləşən 13A nömrəli evin 1 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin müddəalarını pozaraq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, əmlakın qiymətləndirilməsi ilə bağlı ekspertin vermiş olduğu rəy ilə razıdır və əmlakın hərraca ekspert rəyində qeyd olunmuş ilkin satış qiyməti ilə çıxarılmasına etiraz etmir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan: "xxxx" ASC (borc verən) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış 11 iyun 2018-ci il tarixli Kredit Müqaviləsinə əsasən, borc verən illik 20 faizlə 60 ay müddətinə borc alana 21.000 manat məbləğində kredit verməyi, borc alan isə ona verilmiş krediti ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 11.06.2018-cu il tarixli «Zaminlik Müqaviləsi»ndən görünür ki, zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür "xxxx" ASC (ipoteka saxlayan) ilə Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış 11.06.2018-ci il tarixli ipoteka müqavilələrinə əsasən, 11.06.2018-ci il tarixli kredit müqaviləsi üzrə borc öhdəliklərinin təminatı kimi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsində yerləşən 13A nömrəli evin 1 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İddiaçının təqdim etdiyi 03.09.2021-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, cavabdehin 11.06.2018-ci il tarixli kredit müqaviləsi üzrə 8782,74 manat əsas borc, 3068,90 manat faiz borcu, 418,50 manat cərimə borcu vardır. VN Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışında görünür ki, qurumun əvvəlki adı “ Nikoyl” İKB, qurumun hazırki adı isə İddiaçı ASC-dir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin hüquqi əsasını borc münasibətləri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 421.2, 428.4, 442-ci, 445, 449.4, 462.3-cü maddələrinə müvafıq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məcəlləsinin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və ipoteka müqavilələri bağlanılmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən tərəflər arasında həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmış, kreditor tərəfindən öhdəliklər yerinə yetirilmiş, borclu isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir, aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcunu ödəməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin kredit borcuna görə hesablanmış faiz borcunun tutulması hissəsi təmin edilərək cavabdehdən tutulmalıdır. Eyni zamanda məhkəmə kredit müqaviləsindən irəli gələn əsas kredit borcunun borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğinin tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 10 manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Eyni zamanda ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin digər Cavabdeh2 hazırkı iddia tələbinə cavabdehliyi ilə bağlı qeyd edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmadığı üçün, zamin Cavabdeh2 isə zaminlik müqaviləsinə əsasən kredit üzrə əsas öhdəliyə görə məsuliyyəti öz üzərinə götürdüyü səbəbindən, bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirməmişlər. Ona görə də, borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin müqavilə üzrə yaranan borc məbləğinin ödənilməsi üzrə tutma tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsində yerləşən 13A nömrəli evin 1 nömrəli mənzilinə yönəldilməli, həmin əmlak hərraca çıxarılmalı, satışdan əldə olunacaq pul vəsaiti cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməlidir. Belə ki, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 10.4-cü maddəsinə görə ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.2-ci maddəsinə əsasən, ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. İş materiallarından görünür ki, ipoteka qoyanlara ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə dair ipoteka saxlayan tərəfindən bildirişlər göndərilmişdir. Həmçinin iş materiallarından görünür ki, "xxxx" ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişləri DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. «İpoteka haqqında» Qanunun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 39.3.4. zəruri hallarda, ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsində yerləşən 13A nömrəli evin 1 nömrəli mənzilinin bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 22.06.2021-ci il tarixli ƏEM/İ 08-667/21 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsində yerləşən 13A nömrəli evin 1 nömrəli mənzilinin 02.08.2021-ci il tarixinə likvid dəyərinin 31.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilənləri və iddiaçının nümayəndəsinin sözügedən ekspert rəyi ilə əmlakın hərraca çıxarılmasına etirazı olmadığını nəzərə alaraq hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti hazırkı bazar dəyərinə uyğun olaraq müstəqil qiymətləndiricinin ("xxxx" MMCnin) rəyi əsasında 31.000 manat məbləğində müəyyən edilməlidir. «İpoteka haqqında» qanunun 41.2-ci maddəsinə, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələblərinin ipoteka predmeti olan mənzilin boşaldılması hissəsi də təmin olunmalıdır. İş materiallarında olan: ******* №li arayışından görünür ki, Cavabdeh1 ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsində yerləşən 13A nömrəli evin 1 nömrəli mənzilində yaşayır və ondan başqa Cavabdeh3 və Cavabdeh4 da həmin mənzildə daimi qeydiyyatdadır. «İpoteka haqqında» qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1 - yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2 - ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka haqqında» qanunun istinad olunan maddəsinin hərfi mənasından belə nəticəyə gəlmək olur ki, tutma ipoteka predmeti olan daşınmaz əmlaka yönəldildikdə, ipoteka qoyan və digər şəxslər həmin daşınmaz əmlakı əmlak satıldıqdan sonra ən geci bir ay ərzində həmin daşınmaz əmlakı boşaltmalıdırlar. Məhkəmə hesab edir ki, mənzil hərracdan satıldıqdan sonra cavabdehlər ən geci bir ay ərzində mənzili boşaldaraq, yeni mülkiyyətçiyə təhvil verməlidirlər. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi qismən təmin olunduğu halda, hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu və ekspert tədqiqatının dəyəri) yarı hissələrdə tərəflərə aid edilməlidir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumundan və 150 manat Əmlak Ekspert Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspert tədqiqatının dəyərindən ibarətdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 11.06.2018-ci il tarixli Kredit Müqaviləsi ləğv edilsin, həmin müqavilə üzrə yaranmış 8782,74 manat əsas, 1419,05 manat faiz və 10 manat dəbbə pulu məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nin hesabına köçürülsün. Ödəmə "xxxx" ASC ilə Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış 11.06.2018-ci il tarixli İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsində yerləşən 13A nömrəli evin 1 nömrəli mənzilinə yönəldilsin, həmin əmlakın ilkin satış qiyməti 31.000 manat müəyyən edilsin, həmin əmlak ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılsın, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində "xxxx" ASC-yə ödənilsin, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi Cavabdeh1 verilsin. İpoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsində yerləşən 13A nömrəli evin 1 nömrəli mənzili açıq hərrac yolu ilə satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılsın. "xxxx" ASC tərəfindən iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumu əvəzinin 15 manat hissəsi cavabdehlərdən tutulub iddiaçı "xxxx" ASC-nin hesabına köçürülsün. "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat vəsaitin 75 manat hissəsi "xxxx" ASC-dən, 75 manat məbləğində hissəsi isə cavabdehlərdən tutulub "xxxx" MMC-nin hesabına (VÖEN: **********; hesab N AZN: AZ30GUNA********************; BANK: "xxxx" ASC, VÖEN: **********; Müxbir hesab: AZ325NABZ**********0000047944; KOD: 505594; SWİFT: GUNAAZ22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-622/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-622/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver