Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-63/2022 23.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X8 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı1 və cavabdeh X1 İdarəsinin nümayəndələri X6 və X5 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 – cavabdehlər Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-yə, X7 İdarəsinə və X1 İdarəsinə (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi 3-cü şəxs qismində göstərilən) qarşı «sahibkarlıq fəaliyyətinə yaradılmış maneələrin aradan qaldırılması və s.» tələbinə dair iddiası barədə mülki işə 23 fevral 2022-ci il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 - cavabdehlər Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-yə və X1 İdarəsinə qarşı «sahibkarlıq fəaliyyətinə yaradılmış maneələrin aradan qaldırılması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılara Samur-Abşeron kanalının PK442+58 ərazisindən suvarma suyunun nasos stansiyası vasitəsilə götürülməsinə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC və X1 İdarəsinə maneələr yaradılmasının qadağan edilməsi, sahibkarlıq fəaliyyətinə yaradılan maneələrin aradan qaldırılaraq, verilmiş icazəyə əsasən quraşdırılmış su nasos stansiyasının işinə maneələrin aradan qaldırılması, həmin nasos stansiyası vasitəsilə suvarma mövsümündə iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin suvarılmasına maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X1 İdarəsinin rəisi M.Ə.Musayevin 02 fevral 2007-ci il tarixli 12 saylı məktubu ilə Samur-Abşeron kanalının PK 442+58 ərazisindən suvarma suyunun nasos stansiyası vasitəsilə götürülməsinə razılıq verilmişdir. Bundan sonra iddiaçılar həmin məktubda göstərilən şərtlərə əməl etməklə "xxxx" ASC-dən texniki şərt alaraq, həmin ərazidə öz vəsaitləri hesabına 400 KVA-lıq transformator quraşdırmışdırlar. Artıq 14 ildir ki, sərf olunmuş elektrik enerjisinin haqqını "xxxx" ASC-yə, torpaqların suvarılması üçün sərf olunmuş suyun pulunu isə aralarında bağlanan müqaviləyə əsasən “Sarıqaya” X2 ödəyirlər. Lakin bir neçə gün bundan qabaq Samur-Abşeron kanalının nəzarətçiləri iddiaçılara köhnə rəhbərlik tərəfindən verilmiş razılıqların ləğv edildiyini bildirərək, kanaldan bağ sahələrinin suvarılmasının dayandırılmasını tələb etdilər. İddiaçılar həmin sahələrdə çoxillik əkmələr salmışdırlar. Həmin bağ sahələri bu suvarma sistemi üzərində qurulmuşdur. Həmin bağlar Kənd Təsərrüfatı Nazirliyi və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kreditlər hesabına salınmışdır. Hazırda cavabdehlər suyun verilməsində maneçiliklər törədirlər və suyun nasos vasitəsilə vurulmasının qanunsuz olduğunu bildirərək işi dayandırmağı tələb edirlər. Sonradan iddiaçılar iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, iddiaçılara Samur-Abşeron kanalının PK442+58 ərazisindən suvarma suyunun nasos stansiyası vasitəsilə götürülməsinə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC və X1 İdarəsinə maneələr yaradılmasının qadağan edilməsi, sahibkarlıq fəaliyyətinə yaradılan maneələrin aradan qaldırılaraq, verilmiş icazəyə əsasən quraşdırılmış su nasos stansiyasının işinə maneələrin aradan qaldırılması, həmin nasos stansiyası vasitəsilə suvarma mövsümündə iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin suvarılmasına maneələrin aradan qaldırılması və iddiaçılara Qara çayın “Maday” adlanan bəndindən bağlarının bir hissəsinə qədər təxminən 8 km uzunluğunda olan 500.00 mm boru vasitəsilə suvarılmasına cavabdehlər Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC və onun tabeliyində olan X7 İdarəsinə maneələr yaradılmasının (Pirvahid və İİ Nügədi kəndinin bir hissəsinin torpaq sahələrinin boruya qoşulmasının) qadağan edilməsi, sahibkarlıq fəaliyyətinə yaradılan maneələrin aradan qaldırılaraq, həmin boru vasitəsilə iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin bir hissəsinin suvarılmasına maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddia tələblərini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi T.Quliyev bildirmişdir ki, Samur-Abşeron kanalından əkin sahələrinə suyun verilməsi hər bir rayonun ərazisində yerləşən suburaxıcı qurğulardan rayon Suvarma Sistemləri İdarəsi tərəfindən verilən tələbnaməyə əsasən təmin edilir. İddiaçılara məxsus olan nasos aqreqatı ilə suyun götürülməsi barədə heç vaxt X7 İdarəsi tərəfindən tələbnamə verilməyib. Nasos stansiyasının quraşdırılmasına idarə tərəfindən razılıq verilməsi məsələsinə gəldikdə isə, İddiaçı1 müraciəti əsasında ona məxsus kanalın üst tərəfində yerləşən əkin sahəsinin suvarma suyuna tələbatını qismən ödənilməsi məqsədi ilə müvəqqəti olaraq istifadə üçün icazə verilmişdir. İddia tələbinin qismən iddiaçılara Qara çayın “Maday” adlanan bəndindən bağlarının bir hissəsinə qədər təxminən 8 km uzunluğunda olan 500.00 mm boru vasitəsilə suvarılmasına cavabdehlər Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC və onun tabeliyində olan X7 İdarəsinə maneələr yaradılmasının (Pirvahid və İİ Nügədi kəndinin bir hissəsinin torpaq sahələrinin boruya qoşulmasının) qadağan edilməsi hissəsində təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi S.Əliyev iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər cavabdehlər və 3-cü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 21 aprel 2021-ci il tarixli 70 saylı Quba rayonu “Sarıqaya” Suda İstifadə edənlər Birliyi ilə onun üzvü, su istehlakçısı İddiaçı2 arasında bağlanmış Müqavilənin surətindən görünür ki, su istehlakçısına suvarma suyunun verilməsi təmin olunmuşdur. X1 İdarəsinin İddiaçı1 ünvanladığı 02.02.2007-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Samur-Abşeron Kanalının PKK442+58 ərazisindən suvarma suyunun nasos stansiyası vasitəsilə götürülməsinə aşağıdakı şərtlər daxilində etiraz etmir:
1. Nasos stansiyasının quraşdırılması, istismarı və texniki qulluq SAK-nın istismarına maneçilik törətmədən aparılmalıdır.
2. Elektrik enerjisi haqqının ödənişi kəndli fermer təsərrüfatı tərəfindən həyata keçirilməlidir. Quba rayonu X3 18 yanvar 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Quba rayon İkinci Nügədi bələdiyyəsi ərazisində yerləşən topaq sahələri Maday bəndi vasitəsilə suvarılır. Quba rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Quba rayonu, İİ Nügədi Savxozu AİK-nin 02.10.1998-ci il tarixli, 69 saylı qərarı ilə İİ Nügədi kəndinin “palasa” adlanan sahəsindəki özəl torpaqlarının əkinçilik və bağçılıqla məşğul olmaqları ilə əlaqədar olaraq Qaraçayın “Maday” adlanan bəndindən təsərrüfatlarına qədər təxminən 8.0 km uzunluğunda olan 500.00 mm boru iddiaçıların sahibliyinə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci, 157.2-ci, 157.4-cü və 157.8-ci maddələrinə əsasən, mülkiyyətçinin öz mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Nazirlər Kabinetinin 2006-cı il tarixli 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sudan pullu istifadə qaydaları haqqında Əsasnamənin” 4.4-cü bəndinə əsasən Cəmiyyətin su təsərrüfatı istismar təşkilatıları tərəfindən su istehlakçılarına üzrlü səbəb olmadan müqavilədə göstərilən miqdardan az su verildikdə, yaxud heç verilmədikdə, onların arasında yaranmış mübahisələrə, o cümlədən su istehlakçılarına dəymiş zərərlə əlaqədar məsələlərə su istehlakçılarının iştirakı ilə Cəmiyyət və yerli icra hakimiyyəti orqanları tərəfindən yerində birgə baxılır və məsələnin həlli üzrə tədbir görülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 2007-ci il tarixdə Samur-Abşeron Kanalının PKK442+58 ərazisindən iddiaçılara suvarma suyunun nasos stansiyası vasitəsilə götürülməsinə icazə verilmişdir. Bundan sonra iddiaçılar həmin icazəyə uyğun olaraq həmin ərazidə öz vəsaitləri hesabına uzun məsafədən yüksək gərginlikli elektrik xətti çəkdirmiş, transformator quraşdırmış, nasos stansiyası inşa etmiş, həmin nasos stansiyasından torpaq sahələrinə boru çəkdirmişlər. Bundan sonra özlərinin mülkiyyətində olan torpaq sahələrində çoxillik əkmələr olan meyvə ağacları əkmişlər. Eyni zamanda 21 aprel 2021-ci il tarixli müqavilə ilə İddiaçı2 su tələbatına uyğun sifarişə əsasən ona məxsus torpaq sahələrində kənd təsərrüfatı bitkilərinin suvarılmasına razılıq verilmişdir. Lakin iş materiallarında olan fotoşəkillərdən görünür ki, cavabdeh tərəfindən iddiaçıların torpaq sahələrinə gələn su borusunun qabağı kəsilmişdir. İddiaçılara onlara verilmiş icazələr əsasında özlərinə məxsus torpaq sahələrini suvarmaqda cavabdehlər tərəfindən maneələr yaradılması öz təsdiqini tapmışdır. Ona görə də iddiaçılar hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Lakin iş materiallarında olan fotoşəkillərdən görünür ki, cavabdehlər alternativ su mənbələrinin olmasına baxmayaraq iddiaçıların torpaq sahələrinə gələn onların istifadələrində olan su borusunun qabağını kəsmişlər. İş materiallarında olan Quba rayonu İİ Nügədi Bələdiyyəsi tərəfindən vəkil sorğusuna verilmiş 28 yanvar 2022-ci il tarixli 03 saylı cavabdan görünür ki, İİ Nügədi və Pirvahid kəndlərinin torpaq sahələri Bələdiyyənin ərazisində olan Sarıqaya, Pirvahid, Palasa, Maday və Tağı bəndlərindən işlək kanallar vasitəsilə suvarılır. Bu səbəbdən məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin təmin edilməsi qeyd olunan kəndlərdə yerləşən digər əkin torpaq sahələrinin suvarılmasında hər hansı bir çətinlik yaratmayacaqdır. Belə ki, sözügedən torpaqların suvarılması üçün iddiaçının qeyd etdiyi borudan savayı eyni zamanda alternativ olaraq digər su bəndləri də mövcuddur. Bundan başqa iş materiallarında olan Quba rayonu İİ Nügədi kəndinin bir qrup sakinləri tərəfindən məhkəməyə ünvanlanmış ərizədə qeyd edilmişdir ki,1998-ci ildə Qara çayın “Maday” adlanan bəndindən Palasa adlanan əraziyə qədər təxminən 8 km uzunluğunda olan 500.00 mm boru və onun davamı olan torpaq sahələrinin altında keçən borular müxtəlif şəxslər tərəfindən çıxarılaraq daşınmışdır. Həmin vaxt İddiaçı1 bu borunu sahibliyə alaraq, metallom kimi borunun çıxarılmasının qarşısını aldı. Lakin buna baxmayaraq həmin borunun müxtəlif hissələri artıq çıxarılmışdı. Bundan sonra Altay həmin borunu öz vəsaiti hesabına təmir etdirmiş və onlara da həmin boru vasitəsi ilə su verir. Pirvahid kəndinə həmin borunun heç bir aidiyyəti yoxdur. Onlar kənddə olan 3 bənddən işlək vəziyyətdə olan kanallar vasitəsi ilə torpaqlarını suvarırlar. Bundan başqa onların Cağacıq çayından da təsərrüfatlarını suvarmaq üçün arxları mövcuddur. Qeyd olunan müraciətin məzmunundan da göründüyü kimi digər maraqlı şəxslərin bir neçə mənbədən su almaq imkanı mövcuddur. Hazırki tələbin təmin olunması digər maraqlı şəxslərin su almaq imkanlarını heç bir halda məhdudlaşdırmır. Bundan başqa cavabdehin nümayəndələri izahatlarında qeyd etdikləri halları təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən cavabdehlərə aid edilməli, iddia təmin edildiyindən iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən tutulub iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı2 və İddiaçı1 Samur-Abşeron kanalının PK442+58 ərazisindən suvarma suyunun nasos stansiyası vasitəsilə götürülməsinə "xxxx" ASC və X1 İdarəsinə maneələr yaradılması qadağan edilsin və sahibkarlıq fəaliyyətinə yaradılan maneələrin aradan qaldırılaraq, verilmiş icazəyə əsasən quraşdırılmış su nasos stansiyasının işinə və həmin nasos stansiyası vasitəsilə suvarma mövsümündə iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin suvarılmasına maneələr aradan qaldırılsın. İddiaçı2 və İddiaçı1 istifadələrində olan Qara çayın “Maday” adlanan bəndindən bağlarının bir hissəsinə qədər təxminən 8 km uzunluğunda olan 500.00 mm boru vasitəsilə suvarılmasına cavabdehlər "xxxx" ASC və onun tabeliyində olan X7 İdarəsinə maneələr yaradılması (Pirvahid və İİ Nügədi kəndinin bir hissəsinin torpaq sahələrinin boruya qoşulmasının) qadağan edilsin və həmin boru vasitəsilə iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin bir hissəsinin suvarılmasına maneələr aradan qaldırılsın. Ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən tutulub iddiaçılara ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhəkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlkin Rüstəmli