Məhkəmə qərarları › İş №2(009)-642/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-642/2021

05.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-642/2021 05.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ üzrə ona və anasına məxsusdur. Belə ki, 2016-cı ildə min bir əziyyətlə torpaqları vəsait hesabına həmin ünvanda 1964-cü ildən 7-ci Bayıl ev 41V ünvanda yaşayan Həsənov Fərman adlı şəxsdən həyətyanı sahəsinin bir hissəsini 12000 manat verməklə aldıqları torpaq sahəsində yaşamaq məqsədilə ev tikmişlər. Həmin evi tikib başa çatdırdıqdan sonra Mənzil- İstismar Sahəsinin və Bələdiyyənin müəyyən etdiyi sənədlər əsasında həmin ünvana pasport qeydiyyatına alınmışlar və hal-hazırda həmin ünvanda qeydiyyatdadırlar. Torpaq sahəsini aldıqları şəxs hal-hazırda da özünə məxsus ünvanda yaşamaqda davam edir və digər istiqamətdə qonşusudur, aralarında heç bir mübahisə yoxdur. Lakin cavabdeh də yaxın qonşusu olmaqla onların inşa etdikləri evlərinə onlar evdə olmadığı vaxtlarda binanın divarlarına (özül) qəsdən ciddi zərər vurmaqla binanın dayanıqlığını təhlükəli vəziyyətə salmış və binanın fasadına təhqiramiz sözlər yazmaqla qonşular arasında nüfuzdan salmaqla onlara ümumilikdə 5000 manat məbləğində maddi ziyan vurmuşdur. Belə ki, bu vəziyyət bir ilə yaxındır ki, davam edir. Lakin onlar qonşuluq prinsipini nümayiş etdirərək dəfələrlə ona bu hərəkətdən çəkinməyi və binanın fasad və özül hissəsinə vurduğu ziyanı bərpa etməsini təklif etmişlər. Bununla belə bu günə kimi cavabdeh öz çirkin əməlindən əl çəkmir və yaşayış binasına qəsdən ziyan vurmaqda və bizi onları davaya sürükləməkdə davam edir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində binanın divarları, giriş dəmir qapısı tam yararsız vəziyyətə düşmüşdür. Bir neçə dəfə cavabdeh tərəfindən zədələnmiş hissələr onlar tərəfindən bərpa edilsədə, cavabdeh təkrar binanın fasad və özül hissəsini qəsdən ciddi şəkildə zədələməkdə davam etməkdədir. Bu tip zədə vurmaqla tikilini qəzalı vəziyyətə salmaqla uçurmağa niyyətlidir. Cavabdehin bu hərəkəti ucbatından ailəlikcə çox böyük əziyyətə dücar olmuşlar. Ərazi üzrə Mənzil İstismar Sahəsinə və Səbail Bələdiyyəsinə müraciət etsələr də, cavabdehin hərəkətlərinin qarşısının alınması mümkünsüz olmuşdur. Bundan sonra məcburən Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə 25.02.2020-ci il tarixdə müraciət etmək məcburiyyətində olmuşlar. 8-ci Polis Bölməsinin təhqiqatçısı polis kapitanı Əfqan Əliyev aparılmış araşdırma zamanı müəyyən etmişdir ki, cavabdeh tərəfindən onların əmlakları qəsdən məhv edilməsi nəticəsində ziyan vurmuşdur. Lakin təhqiqatçı tərəfindən 10.03.2020-cxi il tarixdə qərar qəbul edərkən cavabdeh barəsində cinayət işinin başlanmasını rədd etmiş və Cavabdeh onlara qarşı vurduğu ziyanın ödənilməsi tələbi mülki xarakter daşıdığını nəzərə alaraq mülki qaydada məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Qərar qəbul edilməklə polis təhqiqatçısının xəbərdarlıqlarına baxmayaraq cavabdeh yenidən əmlaklarına ziyan vurmaqla bərabər onları təhqir etmək və qonşular arasında nüfuzlarına xələl gətirməklə davam edir.Məhz bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Göstərilənləri nəzərə alaraq iddiaçılar Cavabdeh 5000 manat məbləğində maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onlara ödənilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, ikinci iddiaçı onun anasıdır, birgə iddiaçı kimi tələb irəli sürmüşlər, anası səhhəti ilə bağlı məhkəməyə gələ bilmir, onun anasının adından etibarnamə olmuşdur, elə bilmişdir ki, məhkəməyə təqdim edib. Məhkəmə işə birgə İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh yazılı etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ünvan 2 ünvanda yerləşən məzildə daimi olaraq yaşayır. O, iddiaçıları heç vaxt görməmişdir. Yalnız Rasim adlı qohumlarını görmüşdür. O, iddia tələbində göstərilən hərəkətlərin heç birini etməmişdir. Onun tərəfindən nəinki iddiaçılara, yaşadıqları ərazidə olan qonşuların heç birinə bü günədək ziyan dəyməmişdir. İddiaçılar özləri də qeyd etdikləri kimi qonşu Həsənov Fərmandan torpaq sahəsini alıb özlərinə ev tikmişdirlər. Tikinti zamanı onlar tikinti tullantılarını ona məxsus olan torpaq sahəsinə tökürdülər.O, isə dəfələrlə həmin tullantıları yığışdırmaqlarını desə də, iddiaçılar onun sözlərinə məhəl qoymamışlar. Hətta iddiaçılar ona və ailəsinə qarşı təhqiramiz ifadələr işlətmişlər, vəfat etmiş oğlunun ünvanına təhqirlər və nəlayiq ifadələr işlətmişlər. Yalnız bundan sonra o, kiçik bir kağız parçasına “vicdanınız olsun qaçıb gizlənməyin gəlin zibilinizi yığışdırın” yazmışdır. Bundan sonra o, iddiaçılara heç bir təhqiramiz ifadə işlətməmişdir, onların özlərinə və əmlakına ziyan vurmamışdır. Göstərilənləri nəzərə alaraq cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı polis kapitanı Əfqan Əliyev tərəfinlən qəbul edilmiş 10.03.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 25.02.2020-ci il tarixdə ünvan 3 ünvanında yaşayan İddiaçı1 Səbail RPİ-nin 8-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, 2016-cı il tarixdə yaşadığı ünvanda qonşudan torpaq sahəsi alaraq aralarında olan şifahi razılaşmaya əsasında iki mərtəbədən ibarət mənzil inşa etmişdir. Digər qonşusu Fərəməz adlı şəxs onunla mübahisə edərək bildirmişdir ki, inşa etdirdiyi mənzilin bir hissəsi ona məxsus torpaq sahəsində inşa edilmişdir. Bu səbəbdən də onunla daimi mübahisə və münaqişə etmiş, nəlayiq sözlərlə onu təhqir etmişdir. Həmçinin ona məxsus mənzilin daş örtüyünü, pəncərəsinin şüşəsini qəsdən sındıraraq ona 1000 manat maddi ziyan vurmuşdur. İddiaçı1 Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbi mülki xarakter daşıdığından toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etmək hüququ olması izah edilmişdir. İş materiallarında əlavə edilmiş “Dəymiş zərərin hesablanmasın”dan görünür ki, 1. İlkin olaraq 16 ədəd Ağlay ölçü 0,60 x 0,40 1 ədədin qiyməti 30 manat əlavə olaraq yükləmə və boşaltma 560 manat yenidən ikinci dəfə Ağlay daşları almaq 560 manat (560+560=1120 manat);

2. ilkin olaraq sement, qum və daşınma,yükləmə,boşaltma xərcləri 200 manat ikinci dəfə sement, qum və daşınma, yükmələ, boşaltma xərcləri 200 manat ikinci dəfə (ümumi 200+200= 400 manat);

3. ilkin olaraq ustaya ödənilmiş məbləğ 200 manat yenidən söküb bərpa etmək 400 manat (ümumi 600 manat);

4. qarajın qarşısında yerdə olan beton hissəsi ərazi 30 kvadrat usta, material 1000 manat dağıdılmış ərazinin bərpası 500 manat (ümumi 1500 manat);

5. və digər xərclər 1380 manat;

6. ümumilikdə dəymiş zərər 1120+400+600+1500+1380=5000 manat göstərilmişdır. Məhkəmə Ekspertizası Mərkəzinin 17.06.2021-ci il tarixli 10/1108 saylı məlumatdan görünür ki, tədqiqat obyektinə baxış keçirilməsi zəruri olduğundan bu barədə 30.03.2021-ci il tarixli vəsatət göndərilmişdir. Məhkəmə tərəfindən tədqiqat obyektinə baxışın keçirilməsi 28.04.2021-ci il tarixə təyin edilmişdir. Baxış zamanı tədqiqat obyektində təmir işləri aparıldığından qərardadla ekspert qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Bu səbəbdən ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçılar tərəfindən irəli sürülmüş iddia tələblərindən görünür ki, 2016-cı ildən öz vəsaitləri hesabından ünvan 5 ünvanında yaşayan Fərman Həsənovdan həyətyani sahəsinin bir hissəsini 12.000 manata almışlar və həmin torpaq sahəsində ev tikmişlər. Evi tikib başa çatdırdıqdan sonra MİS-nin və Səbail Bələdiyyəsinin müəyyən sənədlər əsasında həmin ünvana pasport qeydiyyatına alınmışlar. Cavabdeh onlar evdə olmadıqları vaxtlarda binanın divarlarına qəsdən ciddi zərər vurmaqla binanın dayanıqlığını təhlükəli vəziyyətə salmış və binanın fasadına təhqiramiz sözlər yazmaqla qonşular arasında nüfuzdan salmaqla onlara 5000 manat maddi ziyan vurmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində binanın divarları, giriş dəmir qapısı tam yararsız vəziyyətə düşmüşdür. Bu səbəbdən irəli sürülmüş iddianın təmin edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Göründüyü kimi mülki-prosessual qanunvericiliyin tələblərinə, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşmış hüquqi mövqeyə görə işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərdən görünüdyü kimi məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Həmin qərarda eyni zamanda qeyd edilmişdir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən binanın dayanıqlığını təhlükəli vəziyyətə salınmasını, cavabdehin hərəkətləri nəticəsində evin divarlarının, giriş dəmir qapısının tam yararsız vəziyyətə düşməsini iddia etsə də, məhkəmə tədqiqatı zamanı bu hallar öz təsdiqini tapmamışdır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən ziyanın tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlmiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. İddiaçı isə cavabdehin hərəkətləri nəticəsində ona 5000 manat ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə təyin məhkəmə tikinti-texniki və məhkəməəmtəəşünaslıq ekspertiza təyin edilmişdir və tədqiqat obyektində təmir işləri aparıldığından ekspert qarşısında qoyulmuş sullar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Beləliklə cavabdehin iddiaçılara ziyan vurması halını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmadığından, iddia tələbi vurulmuş maddi ziyanın əvəzi kimi 5000 manat pulun tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi ziyanın tutulması hissəsndə təmin olunmadığı üçün, iddia tələbi dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun uttulması hissəsində də təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzi olaraq 5000 manat pulun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçılara ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar