Məhkəmə qərarları › İş №2(009)-642/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-642/2025

12.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-642/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Hakim iddia ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 25 nömrəli qərarının 8.9-2-ci bəndinə əsasən alimentin ödənilməsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-in 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və hər iki halda iddiaçıya MPM-in 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.” Hakim qeyd edir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1427/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşaqları üçün 320 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı 2025-ci il üçün ölkə üzrə yaşayış minimum məbləğinin artmasını əsas gətirərək aliment məbləğinin artırılması barədə tələb irəli sürmüşdür. Hakim Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarını nəzərə alaraq qeyd edir ki, əgər aliment məbləği məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdursa, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda iddiaçı ölkə üzrə yaşayış minimumunun artmasına istinad edərək alimentin artırılması barədə məhkəmədə iddia qaldırmamalı, müəyyən olunmuş alimentin ölkə üzrə minimum əmək haqqına münasibətdə indeksasiyası barədə ərizə ilə icraya nəzarət edən məhkəməyə müraciət etməli, indeksasiya isə məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Hakim qeyd edir ki, iddia minimum əmək haqqı məbləğinin artımına əsaslandığından, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıdığından, bununla da həmin məsələ icra icraatı qaydasında həll edilməli olduğundan hakim hesab edir ki iddia ərizəsinin icraata qəbul edilməsindən AR MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə imtina edilməli, iddiaçıya müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiyasının həyata keçirilməsi məqsədilə icraya nəzarət edən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəmə müraciət etməli olması orada göstərilir. Şərh olunanlara əsasən və AR MPM-nin 153-cü madədsini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması barədə iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla ərizəyə iddia icraatı qaydasında baxılmalı olmadığından yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiyasının həyata keçirilməsi məqsədilə icraya nəzarət edən məhkəməyə icra icraatı qaydasında müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar