Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-648/2023 04.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2007-ci il tarixində anadan olmuş X4 adlı övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2012-ci il tarixli 2(004)- 6619/2012 saylı qətnaməsi ilə müəyyən olunmuş 90 manat sabit pul məbləğində alimentin artırılaraq 220 (iki yüzi) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi və cavabdeh tərəfindən əvvəlki dövr üçün 3 illik müddət həddində 3240 (üç min iki yüz qırx) manat məbləğində ödənilməmiş alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı Cavabdeh ilə 2007-ci ilin noyabr ayında qeydiyyat orqanlarında nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2007-ci il tarixində X4 adlı övladı doğulmuşdur. Onlar cavabdehlə 2012-ci ilə qədər ər-arvad münasibətində yaşamaqla və cavabdehlə ümumi təsərrüfat aparmaqla ailə həyatı sürmüşlər. 2012-ci ildə Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(004)-2942/2012 saylı qətnaməsi ilə onların ailə münasibətinə son qoyulmuş və himayəsində qalmış xx.xx.2007-ci il təvəllüdlü X4 adlı övladı yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ayda 80 manat olmaqla sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Yasamai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2012-ci il tarixli 2(004)-6619/2012 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X4 adlı övladı üçün müəyyən edilmiş əvvəlki alimentin məbləği artırılmış və xx.xx.2012-ci il tarixindən başlayaraq Cavabdeh hər ayda 90 AZN sabi pul məbləğində alimentin alınaraq onun xeyrinə verilməsi qət edilmişdir. 2012-ci ildən etibarən bir yerdə yaşamırlar və birgə təsərrüfat idarə etmirlər. Artıq 7 ilə yaxındır ki, azyaşlı uşağı ilə birlikdə o valideynlərinin himayəsində yaşayır. Uşağının maddi cəhətdən təmin olunması üçün çətinlik çəkir. Heç bir yerdə işləmir. Övladının gündəlik təlabatı, sağlamlığı və ümumiyyətlə cəmiyyətə layiqli bir insan kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunur. Lakin hazırkı vəziyyəti nəzərə alsa bu mümkün deyildir. Cavabdeh isə bir valideyin kimi ona aliment ödəməyə borcludur. Dəfələrlə cavabdehə uşağın saxlanılması üçün məhkəmə tərəfindən qət olunmuş alimenti ödəməsi barədə müraciət etməyinə baxmayaraq müraciəti nəticəsiz qalmışdır. Ona məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti təzyiqlər göstərməklə, müxtəlif yollarla aldatmaqla, qanunsuz sənədlərə qeyri-qanuni imza etməklə ödəməkdən imtina etməkdə davam edir və 2016-cı ildən başlayaraq cavabdeh ona aliment ödəməkdən yayınır. Bundan başqa, hesab edir ki, mövcud qanunvericiliyin və digər normativ hüquqi aktların müvafiq tələblərinə əsasən uşağının saxlanılması üçün yetkinlik yaşına çatanadək cavabdehdən hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat aliment tutularaq ona ödənilməlidir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin artırılaraq 220 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Qəbələ Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 049348 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2007-ci il tarixində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 10 dekabr 2012-ci il tarixli, 2(004)-6619/2012 saylı qətnaməsindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 04 iyun 2012-ci il tarixli 2(004)-2942/2012 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş adlimentin miqdarı artırılaraq 30 oktyabr 2012-ci il tarixdən başlayaraq Cavabdeh qazancından (başqa gəlirlərindən) hər ay 90 (doxsan) manat sabit məbləğdə aliment tutularaq 02 noyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi saxlanılması üçün iddiaçı X3 verilməsi qət edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 10 dekabr 2012-ci il tarixli, 2(004)-6619/2012 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 04 iyun 2012-ci il tarixli 2(004)-2942/2012 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş adlimentin miqdarı artırılaraq 30 oktyabr 2012-ci il tarixdən başlayaraq Cavabdeh qazancından (başqa gəlirlərindən) hər ay 90 (doxsan) manat sabit məbləğdə aliment tutularaq 02 noyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı X3 verilməsi qət edilmişdir. Hazırda 02 noyabr 2007-ci il təvəllüdlü X4 iddiaçının – anasının himayəsindədir və uşağın saxlanması üçün cavabdehdən–atasından tutulan alimentin məbləği onun artan tələbatlarını ödəmək üçün kifayət etmir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Ailə Məcəlləsinin qeyd olunan normaları alimentin tutulması qaydasını imperativ formada müəyyən etmişdir. Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.” Həmin Qərarda həmçinin göstərilmişdir ki, yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.” Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, hal-hazırda yetkinlik yaşına çatmayan uşağın iddiaçının himayəsində olmasını, tərəflərin ailə və maddi vəziyyətini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal səviyyədə saxlanılması zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 46 (qırx altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6619/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 90 (doxsan) manat məbləğində alimentin həcmi artırılaraq 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməli, xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməli, eləcə də Cavabdeh 46 (qırx altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6619/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi əsasında tutulan 90 (doxsan) manat məbləğində alimentin həcmi artırılaraq 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilsin, xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq İddiaçı ödənilsin. Cavabdeh 46 (qırx altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-648/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-648/2023
04.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver