Məhkəmə qərarları › İş №2(009)-680/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-680/2023

30.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-680/2023 30.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasındakı nikah pozulmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-273/2022 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş Abbas-zadə Nigar və Abbas-zadə Ləman Fuad qızına yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 386 manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda qızlarının 10 və 5 yaşları var. Səbail rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağın biri orta məktəbdə təhsil alır, biri isə bağçada və ona görə də məsrəfləri yetərincə artmışdır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o, çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də iddiaçı aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 220 manat məbləği müəyyən edildiyi gündən yetkinlik yaşına çatmayan 2012-ci il təvəllüdlü Abbas-zadə Nigar və 2017-ci il təvəllüdlü Abbas-zadə Ləman qızlarının saxlanması üçün onların yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 440 manat sabit pul məbləğinin, mediasiya təşkilatı üçün ödədiyi 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdeh boşandıqdan sonra uşaqları ilə maraqlanmamış, əlavə hər hansı bir yardım etməmiş, uşaqların bütün problemləri o, həll edir, tələbatları artıbdır, yaşamış minimumu da bu il üçün 220 manat müəyyən edilmişdir. Ona görə qaldırdığı iddianı əsaslı hesab edir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, onun əmək haqqı 480 manatdır, artırmanı necə ödəyə bilər. Aldığı əmək haqqının 393 manatını uşaqlara verir. Pulu olmadığına görə uşaqlarla görüşə bilmir, görüş zamanı uşaqlara pul xərcləməlidir, onun isə pulu yoxdur. Keçən il aliment borcuna görə 8 gün həbs olunmuşdur, aliment artırılarsa həmin pulu verə bilməyəcək, yenə həbs olunacaqsa işdən onu çıxaracaqlar. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Abbas-zadə Nigar Fuad qızı xx.xx.2012-ci ildə Bakı şəhərində anadan olmuş, Abbas-zadə Ləman Fuad qızı xx.xx.2017-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası Əhməd-zadə Ülkər Ənvər qızıdır. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-273/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış və 1697 No-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü Abbas-zadə Ləman Fuad qızının və xx.xx.2012-ci il təvəllüdlü Abbas-zadə Nigar Fuad qızının İddiaçı yanında saxlanılması müəyyən edilməsi və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsi qət edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh və İddiaçı arasında olan nikahı Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 146 No ilə qeyd edilmişdir. Nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra qadına Abbas-zadə soyadı verilmişdir. İş üzrə Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, İddiaçı və Cavabdeh ailə mübahisəsi (uşaqların xaricə çıxarılması, alimentin artırılması, evdə yaşamaq hüququ) üzrə xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş üzrə elektron məhkəmə portalında olan məlumata əsasən İddiaçı “X1” MMC-də kompüter operatoru vəzifəsində işləyir, onun aylıq əmək haqqı 350 manat təşkil edir, Cavabdeh isə "xxxx" MMC-də katib vəzifəsində işləyir, onun aylıq əmək haqqı 480 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü Nigar və xx.xx.2017-ci il təvəllüdlü Ləman adlı uşaqları var. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş, uşaqların ananın yanında qalması müəyyən edilmiş və cavabdehdən uşaqların saxlanılması üçün hər uşaq üçün sabit pul məbləğində 193 manat məbləğində aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment miqdarı uşaqların saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuş və bu səbəbdən iddiaçı məhkəmədən uşaqların saxlanılması üçün cavabdehdən hər uşaq üçün 220 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçının və cavabdehin işləyib müvafiq əmək haqqı almaları müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, alimentin tutulması ilə bağlı mübahisələr davam edən xarakter daşıdığı üçün, həmin tələblə yenidən məhkəməyə müraciət edilməsinə yol verilir. Lakin məhkəmə qeyd edir ki, cavabdeh işləsə də, mövcud qətnamə qəbul edildikdən sonra hər hansı maddi dəyişiklik olmamışdır. Digər tərəfdən məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı işləyir. AR Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi alimentin artırılmasına o halda yol verilir ki, tərəflərdən birinin maddi vəziyyətində hər hansı dəyişiklik olsun. İddiaçı aliment miqdarının artırılmasını tələb etsə də, cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin olması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Yəni cavabdehin maddi vəziyyətində dəyişikliyin olması, onun qazancının və gəlirlərinin daha da yaxşılaşması və artması məhkəmə tərəfindən müəyyən olunmadığından, iddiaçının yalnız yaşayış minimumunun artırılmasına istinad edərək aliment məbləğinin artırılmasını tələb etməsi əsaslı hesab oluna bilməz. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, 2022-ci ildə məhkəmə qətnaməsi ilə tutulması müəyyən edilən hər uşaq üçün 193 manat alimentin uşaqların saxlanılması üçün yetərli olmamasını əsas tutaraq onun artırılmasını və 220 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək və 193 manat məbləğində alimentin tutulmasına dair 2022-ci il tarixli qətnamənin qəbul edilməsindən keçən müddət ərzində cavabdehin maddi vəziyyətində dəyişikliyin baş verməsini təsdiq edən hər hansı sübutların məhkəməyə təqdim olunmamasını, əksinə məhkəmə iclasında cavabdehin hazırda da əvvəlki iş yerində işləməsini, aylıq əmək haqqından başqa digər gəlirlərinin olmasını təsdiq edən sübutdarın mövcud olmamasının müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərci - 50 manat mediasiya xərci iddiaçıya aid edilməli və həmin hissədə də tələb təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2012-ci il təvəllüdlü Abbas-zadə Nigar Fuad qızının və xx.xx.2017ci il təvəllüdlü Abbas-zadə Ləman Fuad qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-273/2022 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarının artırılaraq hər uşaq üçün 220 manat sabit pul məbləğində müəyyən edilməsi, həmçinin mediasiya təşkilatı üçün ödədiyi 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar