Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-691/2021 05.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 və Mustafayev Köçəri Sovxoz oğlunun iştirakları ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 24.000 manat kompensasiya məbləğinin və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus Siyəzən rayonu, Qarasiyəzən kəndində yerləşən fərdi yaşayış evi cavabdehin səhlənkarlığı ucbatından qəzalı vəziyyətə düşərək uçmuşdur. Artıq 8 ildir ki, iddiaçı ailəsi ilə birlikdə kirayədə yaşayır. Cavabdeh tərəfindən Taxta-körpü-Ceyranbatan su kanalının çəkilişi zamanı işlər iddiaçıya məxsus fərdi yaşayış evinin yaxınlığında görülərkən ev qəzalı vəziyyətə düşmüşdür. İcra hakimiyyətin nümayəndələr onun evinə baxış keçirmiş və evin qəzalı olması barədə akt tərtib etmişdirlər. Cavabdehə bir neçə dəfə müraciət olunduqdan sonra iddiaçıya evin təmir xərci olaraq 14,017 manat vəsait ayrılmışdır. Hazırda sözügedən yaşayış evi uçuq vəziyyətdə qalmaqdadır. Ev uçmamışdan öncə evin texniki qiymətləndirilməsi aparılmış və evin bazar qiyməti 38.000 manat məbləğində qiymətləndirilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, iddiaçı ona məxsus yaşayış evinin yaxınlığında Taxtakörpü-Ceyranbatan kanalının tikintisinin aparılarkən evin qəzalı vəziyyətə düşdüyünü bildirərək, evin təmir olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Sözügedən evə baxış keçirilərkən müəyyən edilmişdir ki, evin qəzalı vəziyyətinə düşməsinə səbəb Taxtakörpü-Ceyranbatan kanalının tikintisi deyil, fərdi yaşayş evinin tikintisinin tikinti norma və qaydalarına uyğun aparılmamasıdır.Belə ki, qeyd edilən evin divarlarında beton sütunlar, mərtəbəarası anti-seysmik kəmərlər və tirlər inşa olunmamışdır. Əgər su kanalının tikintisi aparılan ərazidə iddiaçının iddia etdiyi hal olsaydı, həmin kənddə iddiaçının evinin yanındakı təsərrüfat binasına və ondan kanala yaxın qonşuluqdakı digər fərdi yaşayış evlərinə də analoji ziyan dəyməli idi. İddiaçının maddi vəziyyəti nəzərə alınaraq ona təmir üçün yardım göstərilməsi qərara alınmışdır. Mütəxəssislər tərəfindən evin təmiri üçün görüləcək işlər müəyyənləşdirilərək, həmin işlərin məbləği hesablanmış və iddiaçıya 14,017 manat pul vəsaiti ödənilmişdir. İddiaçı isə bu məbləğ ilə razılaşmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Z.Qasımov etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi K.Mustafayev etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: xx xxxxxx 2011-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirilmiş və evdə müxtəlif ölçüdə üfüqi və şaquli çatların olduğu aşkar edilmişdir. xx.xx.2011-ci il tarixli aktın surətindən görünür ki, işçi qrupun mütəxəssislərinin hesablamaları nəticəsində müəyyən edilmişdir ki, İddiaçı məxsus evin təmirinə 14,017 manat məbləğində vəsait tələb olunur. Eyni zamanda həmin aktdan görünür ki, İddiaçı qeyd olunan məbləğ ilə razılaşmış və 14,017 manat məbləğində pul vəsaitini qəbul etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçıya məxsus fərdi yaşayış evinə aparılan su kanalı tikintisi zamanı zərər dəymiş və ev qəzalı vəziyyətə düşmüşdür. Bundan sonra iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün müraciət etmiş və ona məxsus fərdi yaşayış evinə baxış keçirilərək evin təmir-bərpa işinə lazım olacaq məbləğ mütəxəssislər tərəfindən hesablanmış və həmin məbləğ iddiaçıya ödənilmişdir. Zərərin məbləği müəyyənləşdirilərkən iddiaçının bu məbləğ ilə bağlı hər hansı etirazı olmamış və o, 14,017 manat məbləğində ona dəymiş zərərin əvəzini cavabdehdən qəbul etmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehin təqsiri ucbatından iddiaçıya dəymiş zərərin əvəzi cavabdeh tərəfindən iddiaçıya ödənildiyindən, zərərin əvəzi ödənilərkən iddiaçı tərəfindən cavabdehə məbləğlə bağlı heç bir pretenziya olmadığından və iddiaçı həmin məbləğ ilə razılaşaraq onu qəbul etdiyindən cavabdehin iddiaçı qarşısında dəymiş zərərlə bağlı hər hansı öhdəliyi qalmamışdır. Bundan başqa iddiaçı ona məxsus yaşayış evinin cavabdehin təqsiri ucbatından uçduğunu bildirsə də, bunu təsdiq edə biləcək mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nın 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırki iddia tələbi təmin olunmadığından hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araş dırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «maddi zərərin ödənilməsi» barədə iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-691/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-691/2021
05.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver