Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-693/2021 23.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən ona məxsus “Toyota Prado" markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 1045 manat ziyanın, qiymətləndirmə aktının tərtib edilməsi üçün 100 manat rüsumun və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07.02.2020-ci il tarixdə baş verən yolnəqliyyat hadisəsi zamanı cavabdeh tərəfindən icbari sığortalanmış “Mitsubishi” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobillə ona məxsus “Toyota Prado” markalı, **-GC- *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və ona maddi zərər vurulmuşdur. Avtomobilinə dəymiş zərər cavabdeh “Cavabdeh Sığorta”nın mütəxəssisləri tərəfindən araşdırılmış və 160 manat müəyyən edilmişdir. O bu məbləğlə razılaşmayaraq daha sonra xxxx MMC-yə avtomobilə dəymiş maddi zərərin müəyyən edilməsi üçün müraciət etmişdir. Onlar tərəfindən verilmiş 13.05.2020-ci il tarixli qiymətləndirmə aktına əsasən avtomobilə dəymiş zərər 1045.00 manat müəyyən edilmişdir. Həmçinin maşına dəymiş zərərin qiymətləndirilməsi üçün xxxx MMC-yə tərəfindən 100 manat pul məbləği ödənilmişdir. Qiymətləndirmə aktını cavabdeh şirkətə təqdim edərək, dəymiş zərərin ödənilməsini tələb etsə də, onlar qiymətləndirmə aktında nəzərdə tutulan məbləği ödəmək istəməmişlər. Bu səbəbdən “maddi zərərin ödənilməsi” iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 15.03.2021-ci il tarixdə iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən ona məxsus “Toyota Prado" markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 1045 manat ziyanın, qiymətləndirmə aktının tərtib edilməsi üçün 100 manat rüsumun, vəkil xidməti üçün ödənilmiş 300 manat qanararın və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə xahişini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini və ona əlavəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etdi və izah etdi ki, iş materiallarına əsasən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh Sığorta Şirkətində sığorta olunan “Mitsubishi Grandis” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobil 07 fevral 2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 idarə etdiyi “Changan Minik” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbədən sonuncu avtomobil İddiaçı məxsus “Toyota Prado” markalı, 9** GC *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin maddənin 2-ci bəndinə əsasən, sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi sığortaçı tərəfindən təmin edilməlidir.Adı çəkilən Qanunun 16.2-ci maddəsininin 1-ci cümləsində göstərilir ki, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Qeyd edilənlərdən məlum olur ki, Cavabdeh Sığorta Şirkətinin sığorta hadisəsi nəticəsində dəymiş zərəri qiymətləndirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. Bunu nəzərə alaraq cavabdehin texniki ekspertiza şöbəsinin mütəxəssisləri tərəfindən əmlaka dəymiş zərər araşdırılmış və bununla bağlı müvafiq hesabat tərtib edilmişdir. Hesabata əsasən “Changan Minik” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 670 manat, İddiaçı məxsus “Toyota Prado” markalı, 9** GC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün cəmi 160 manat tələb olunur. Qeyd edilənlərlə bağlı 14 mart 2020-ci il tarixində iddiaçıya rəsmi məktub ünvanlanmış, məktubda dəymiş zərər məbləği barədə ona məlumat verilmiş, eyni zamanda zərər məbləğinin qarşılıqlı razılıq əsasında təyin olunan müstəqil ekspert tərəfindən qiymətləndirilməsi təşkil etməyə hazır olduğu bildirilmişdir. İddiaçı tərəfindən müraciət daxil olmadığı üçün müstəqil ekspertizanın keçirilməsi mümkün olmamışdır. Lakin Cavabdeh Sığorta Şirkəti tərəfindən digər zərərçəkən “Changan Minik” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 670 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı avtomobilə dəymiş zərər məbləğinin müəyyən edilməsi məqsədilə “xxxx” MMC-yə müraciət etmiş və həmin servis tərəfindən tərtib edilən qüsur aktında zərər məbləğinin 1045 manat təşkil etdiyi qeyd edilmişdir. “xxxx” MMC-nin tərtib etdiyi qüsur aktında avtomobilin 6 illik istismar müddəti hesablanmamış, köhnəlmə tətbiq edilməmiş, nəticədə yeni ehtiyat hissələri ilə dəyişdirilməsi nəzərdə tutularaq zərər məbləği müəyyənləşdirilmişdir. Sığortaçının öhdəliyi isə əmlakı əvvəlki vəziyyətinə qaytarmaqdır. Baxılan halda iddiaçının tələb etdiyi məbləğ Mülki Məcəllənin 927.2.3-cü bəndinə zidd olduğu görünür. Odur ki, hesab edirik ki, iddiaçının cavabdehə qarşı iddiası əsassızdır. Məhkəmə işə baxıb, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş xxxx MMC-nin 13.05.2020-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Toyota Prado” markalı, **-GC- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1045.00 manat o cümlədən ehtiyyat hissəsinin cəmi 275,42 manat, servis xidməti 610,17 manat müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən təqdim olunmuş 25.02.2020-ci il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabatdan görünür ki, “Toyota Prado” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 160,00 manat, o cümlədən ehtiyyat hissəsinin cəmi 80,0 manat, görülən işlər 80,0 manat müəyyən olunmuşdur. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 may 2021-ci il tarixli, 9/2573 saylı rəyindən görünür ki, “xxxx” MMC-nin 13.05.2020-ci il və «Cavabdeh Sığorta» ASC-nin 25.02.2020-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı «Toyota Prado» markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 767,0 manat müəyyən edilir. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri 07.02.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. Mülki qanunvericilikdə sığorta hadisəsinin anlayışı verilməklə yanaşı, həmçinin sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalı və sığortaçının vəzifələri, habelə sığorta ödənişlərinin verilməsindən imtina əsasları da göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Həmin Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. Qanunvericiliyin qeyd edilən normalarından aydın olur ki, sığorta hadisəsi barədə sığortalı və digər şəxslər tərəfindən sığortaçıya dərhal və mümkün olan ən qısa müddət ərzində məlumat verilməməsi nəticəsində sığortaçı, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeyi əhəmiyyətli dərəcədə pozulduqda sığorta ödəməkdən imtina edə bilər. Qeyd edilən hal onu təsdiq edir ki, məhz göstərilən hallar müəyyən edildikdə, sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilə bilər. Qanunun 935.1.1-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərin sübut edilməsini məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür. Lakin sığortaçı tərəfindən məhkəməyə sığorta hadisəsinin səbəbini və dəyən zərərin həcminin müəyyənləşdirmək imkanından məhrum olması ilə əlaqədar onların mənafeylərinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, Toyota markalı ** GC *** dövlət nömrə nişanlı avtomaşın İddiaçı mülkiyyətindədir. 07.02.2020-ci il tarixdə baş verən yol-nəqliyyat hadisəsi zamanı cavabdeh tərəfindən icbari sığortalanmış “Mitsubishi” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobillə ona məxsus “Toyota Prado” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və ona maddi zərər vurulmuşdur. Yuxarıda qeyd olunanları ümumiləşdirməklə məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta münasibətləri yaranmış, həmin münasibətlər sığorta şəhadətnaməsi və onun əlavəsi (Nəqliyyat Vasitələrinin Sığortasının Qaydaları) ilə rəsmiləşdirilmiş, tərəflərin hüquq və vəzifələri həmin şəhadətnamədə və əlavədə əks olunmuş, qeyd olunan müqaviləyə əsasən sığorta hadisəsi hesab edilən hadisə baş versə də, cavabdeh şirkət müqaviləyə və qanunvericiliyə zidd olaraq sığorta ödənişini həyata keçirməmişdir. Məhkəmə bu qənaətə gələrkən həm də, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alınmalı olduğunu nəzərə alır. Bundan əlavə ekspertin rəyində göstərilir ki, “xxxx” MMC-nin 13.05.2020-ci il tarixli qüsur aktında 07.02.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2015-ci il buraxılışlı «Toyota Prado» markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 160,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Dəyişilməli hissələrin dəyəri-80,0 manat, təmir işlərinin dəyəri-80,0 manat. Məhkəmə hesab edir ki, ekspertin rəyi nəzərə alınmaqla dəymiş maddi ziyanla bağlı iddia tələbi qismən təmin edilməli və Cavabdeh ASC-dən 767 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi yardım xidməti üçün xidmət haqqı olaraq vəkil xərcinə görə 200 manat cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh ASC-dən 767 manat maddi ziyan, qiymətləndirmə aktı üçün ödənilmiş 100 manat, hüquqi yardıma görə 200 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən 767 (yeddi yüz altmış yeddi) manat maddi zərər, qiymətləndirmə aktı üçün ödənilmiş 100 (yüz) manat, vəkil xidməti üçün ödənilmiş 200 (iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-693/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-693/2021
23.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver