Məhkəmə qərarları › İş №2(009)-697/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-697/2023

16.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-697/2023 16.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız hərəkətlərinin dayandırılması və ona vurulmuş 980 manat maddi ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə müraciət edərək, qarşı tərəflə barışıq əldə edildiyini, ona dəymiş zərər tam olaraq ödənildiyini, su sızmaya dair təmir işərinin cavabdeh tərəfindən görüldüyünü, 980 manat məbləğində ödənişi qəbul etdiyini, iddiadan imtina etdiyini bildirərək xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil təmir işlərinin olunduğunu və zərərin ödənildiyini bildirərək iddiaçının iddiadan imtinasının nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddiadan imtina edilməsi barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qəbul edilməli, iş üzrə icraata xitam verilməli və iddiaçıya Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının nümayəndəsi və vəkilinin iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən, iddiaçının nümayəndəsi və vəkili iddiadan imtina etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı imzalayır. İddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər ona müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddia tələbindən imtina etməsi barədə iradə ifadəsini yazılı formada ərizə tərtib edərək məhkəməyə təqdim etmişdir, iddiaçının öz iddia tələbindən imtina edilməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, məhkəmə iddiadan imtinanın qəbul olunmasını və Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu izah edilməklə iş üzrə icrata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməli, MPM-in 262.4-cü maddəsinin tələbləri iddiaçıya izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar