Məhkəmə qərarları › İş №2(009)-7/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-7/2023

18.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-7/2023 18.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, iddiaçıının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı - Cavabdeh ASC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı - Cavabdeh ASC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8,866.19 AZN məbləğində əldən çıxmış fayda və 30 AZN məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 8,896.19 AZN məbləğində pul vəsaitinin xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-265/2018 saylı iş üzrə 01 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən əmək fəaliyyəti ilə məşğul olduğu dövrdə iş vaxtından artıq işlənmiş saatlara görə ödənilməmiş 49,938.42 AZN və məzuniyyət günlərinə görə isə ödənilməmiş 4,386.26 AZN pul vəsaitinin Cavabdeh ASC-dən tutulması (bundan sonra “cavabdeh”) qət edilmişdir. Daha sonra aralarında bağlanmış 07 may 2019cu il tarixli “Barışıq sazişi”nə əsasən ona ödənilməsi tələb olunan 54,324.68 AZN məbləğində olan pul vəsaitindən 45,000 AZN ödənişin həyata keçirilməsi və cavabdehə münasibətdə isə ümumi məbləğdən qalan 9,324.68 AZN-dən imtina edilməsi barədə razılıq əldə edilmişdir. Sözügedən vəsait elə həmin gün adına açılmış bank hesabına köçürülmüşdür. Qeyd olunmalıdır ki, 22 yanvar 2008-ci il tarixindən İİ qrup əlilliyə görə əmək pensiyaçısı olmuşdur. 27 mart 2018-ci il tarixdən etibarən isə əlillik qrupu dəyişdirilmiş və müddətsiz İ qrup əlillik müəyyən edilmişdir. Tərəfindən 21 avqust 2017-ci ildə verilmiş ərizə əsasında əmək pensiyasının yenidən hesablanması həyata keçirilmişdir. 01 sentyabr 2017-ci il tarixindən əmək pensiyasının məbləği 654.28 AZN-ə, 01 yanvar 2020-ci il tarixindən isə 852.56 AZN-ə çatdırılmışdır. Cavabdehin yol verdiyi hüquq pozuntuları bu gün pensiya hüququnun əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə nəticələnmişdir. Belə ki, 14,520.53 AZN məbləğində məcburi dövlət sosial sığorta haqqının vaxtında dövlət büdcəsinə ödənildiyi halda, yaranacaq pensiya məbləği barədə məlumatların əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına (bundan sonra “DSMF”) müraciət etmişdir. Həmin müraciətə cavab olaraq təqdim edilmiş 05 yanvar 2021-ci il tarixli məktubla məlum olmuşdur ki, fərdi hesabına ötən dövrlər üzrə ödənilən vəsait, əmək haqqının ödənildiyi dövrlərdə ödənilsəydi, əmək pensiyasının məbləği 01 sentyabr 2017-ci ildən 654.28 AZN deyil, 876.56 AZN müəyyən ediləcəkdi. Sözügedən məbləğlər 2018-2020-ci illər üzrə indeksləşdirilərək 01 yanvar 2020-ci il tarixinə 1,134.74 AZN təşkil edəcəkdi. Yuxarıda qeyd olunan cədvəldə A və B sütunları ona 2017-ci iyul ayından başlayaraq 2020-ci ilin dekabr ayınadək olan dövrlər üzrə əmək pensiyasının məbləğinə təsir göstərmiş faktorlardan asılı olaraq müxtəlif məbləğdə pensiya ödənişinin həyata keçirildiyi ayların sayını ifadə edir. Qeyd edir ki, qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi 01 iyul 2017-ci il tarixindən etibarən yenidən hesablanmağa başlanılmışdır. C sütunu ona təyin edilmiş pensiya məbləğini, D sütunu 14,520.53 AZN məbləğində məcburi dövlət sosial sığorta haqqı 2017-ci ilədək ödənildiyi təqdirdə əldə ediləcək pensiya məbləğini müəyyən edir. D-yə diqqət yetirdikdə, əmək pensiyası məbləğində müvafiq dəyişikliklər (artım) müşahidə olunur ki, bu da bilavasitə 2018-2020-ci illərdə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilmənin aparılması ilə əlaqədardır. E isə ona əldən çıxmış fayda şəklində dəymiş zərəri bildirir. Yuxarıda göstərilənlərə əlavə olaraq bəhs olunan məsələ üzrə əldən çıxmış faydanın hesablandığı dövrlə bağlı bəzi məqamları qeyd edir. Məlumdur ki, 01 iyul 2017-ci il tarixdən başlayaraq əmək pensiyanın şərti çevrilməsi həyata keçirilmiş və yenidən hesablanma ilə bağlı qanunvericiliyə bir sıra əlavə və düzəlişlər edilmişdir. Yuxarıda qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, 13,408.26 AZN, 1 iyul 2017-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmalı idi. Cavabdeh əmək haqqını vaxtında ödəmiş olsaydı, bəhs olunan dövrlər üzrə həmin məbləğlərdən tutulası məcburi dövlət sosial sığorta haqları hesabına indiki ilə müqayisədə daha yüksək məbləğdə pensiya 1,134.74 AZN əldə edə bilərdi. Bununla da cavabdeh ona faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuşdur. Bu zərərin mövcudluğu isə 05 yanvar 2021ci il tarixli cavab məktubu ilə bir daha təsdiq olunur. Əmək haqqının vaxtında ödənilməməsi ilə bağlı cavabdeh tərəfindən ona maddi ziyanın vurulması obyektiv həqiqət kimi qəbul edilməlidir. Beləliklə, hazırki iddia verilən tarixədək əldən çıxmış fayda şəklində dəymiş zərərin məbləği 8,866.19 AZN təşkil edir. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Beləliklə, cavabdeh ona birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməllərinə görə hüquq məsuliyyət daşıyır. Buna görə də hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, cavabdehdən 18380.69 manat məbləğində əldən çıxmış fayda və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 18410.69 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında göstərmişdir ki, həmin məbləğlər iddiaçının şəxsi kabinetindən müəyyən edilib. Vaxtında ödənişlər düzgün aparılsa idi, pensiya məbləği düzgün hesablanacaqdı. Əlilliyi ilə əlaqədar pensiyanı çoxdan alır. 2017-ci ilə kimi həmin məbləğ hesabında olsa idi, rəqəmlər fərqli olardı. Ekspertizanın təyin edilməsi işin uzadılması məqsədini daşıyır. Ekspertizanın təyin edilməsinə ehtiyac yoxdur, çünki rəsmi cavabda ətraflı olaraq münasibət bildirilib. İddiaçı iddia müddətini ötürməmişdir. 2020-ci ildə işləməyən vaxtda bir ödəniş var. 2020 mayında ödənilən məbləğ nəzərə alınaraq pensiya məbləği artıb. Lakin o tarixdən öncə ödənilsə idi iddiaçının aldığı pensiya məbləğ çox olacaqdı. Bunları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək göstərmişdir ki, hesab edir ki, iddia əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, tərəflər arasında barışıq sazişi bağlandıqdan sonra İddiaçı sonradan vergi orqanına şikayət ərizəsi ilə müraciət edərək, bank tərəfindən ona ödənilən 45000 manata görə məcburi dövlət sosial sığorta haqqının ödənilmədiyini və nəticədə gözlədiyindən az pensiya aldığını bildirmişdir. Onun müraciətinə əsasən araşdırma aparan AR VN MGBİ AR VM-in 98-ci, 101-ci, 102-ci və “Sosial sığorta haqqında” AR Qanununun 14-cü maddələrinə istinad edərək 45000 manata görə gəlir vergisinin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini, həmçinin dəqiqləşdirilmiş bəyannamənin təqdim olunmasını bankdan tələb etmişdir. Vergi orqanının yazılı tələbinə əsasən AR VM-in 101.1-ci maddəsinə uyğun olaraq İddiaçı ödənilən gəlirdən tutulmalı olan 6997.50 AZN gəlir vergisi, “Sosial sığorta haqqında” Qanunun 14.4-cü maddəsinə uyğun olaraq 5794.21 AZN məcburi dövlət sosial sığorta haqqı və “İşsizlikdən sığorta haqqında” Qanunun 9.0.2ci maddəsinə uyğun olaraq 290,41 manat işsizlikdən sığorta haqqı, cəmi 13082.12 manat bank tərəfindən xx.xx.2020-ci ildə dövlət büdcəsinə ödənilmişdir. Bank İddiaçı gəlirindən ödənilməli olan, agent qismində bank tərəfindən ödənilmiş verginin, məcburi dövlət sosial sığorta haqqının və işsizlikdən sığorta haqqının ondan bankın xeyrinə tutulmasına dair iddia qaldırmış, həmin iddia üzrə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-3314/2020 N°-li qətnaməsi ilə bankın iddiası təmin edilməmiş və bu, onunla əsaslandırılmışdır ki, İddiaçı ödənilən 45000 manat pul kompensasiya ödənişi olduğu üçün gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır. Bundan başqa, İddiaçı ödənilən 45000 manata görə məcburi dövlət sosial sığorta haqqı (əgər ödənilməlidirsə) həmin məbləğin İddiaçı ödənilməsi ilə eyni vaxtda, lakin sonrakı ayın 15dən gec olmayaraq ödənilməli idi. Belə ki, “Sosial sığorta haqqında” Qanunun 14.6-cı maddəsinə görə bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Odur ki, 2019-cu ilin iyun ayınadək olan və 2020-ci ilin aprelindən sonrakı dövr üçün əldən çıxmış fayda kimi zərərin ödənilməsi tələbi tamamilə əsassızdır. Əlavə olaraq bildirmişdir ki, etirazda göstərilən qətnamə ilə İddiaçı tutulan məbləğlər məhz onun gəlirindən tutulmalı olan hissələrdir, buna görə də bank ödəmələrin onun öhdəsinə düşən hissəsini tələb etmiş, qalan hissələr isə Dövlət Vegi Xidmətinə və DSMFna Bankın hesabına ödənilmişdir. Bundan başqa, iddia əsassızdır, lakin məhkəmə iddianı əsaslı saydığı halda, DSMF tərəfindən verilmiş cavab məktubunda göstərilən məbləği ekspertiza təyin etmək yolu ilə dəqiqləşdirməyə ehtiyac var. Cavabdehin nümayəndəsi Nümayəndə həmçinin iddia müddətinin tətbiqi haqqında ərizə verərək göstərmişdir ki, iddiaçının tələbi üzrə iddia müddəti AR ƏM-in 296-cı maddəsinin 4-cü hissəsində hüququn pozulduğunun aşkar olunduğu gündən etibarən 1 il müəyyən edilmişdir. Həmin normaya əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İddiaçı vergi orqanının tələbi ilə vergi və məcburi dövlət sosial sığorta haqqı tutulan 45000 manat pulun ona ödənilməsindən xx.xx.2019-cu ildə məlumatlı olsa da, hazırkı iddianı xx.xx.2021 -ci ildə, yəni 1 illik iddia müddəti keçdikdən sonra qaldırmışdır. Qeyd olunanları nəzərinizə çatdırmaqla AR MM-in 375.2-ci maddəsinə əsasən hazırkı tələb üzrə iddia müddətini tətbiq edilməsini və həmin müddətin keçməsi ilə əlaqədar iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıda göstərilən səbəblərə görə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 05 yanvar 2021-ci il tarixli əmək pensiyasının hesablanması haqqında ərizədən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2020-ci il tarixində daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Yəni əlilliyə görə əmək pensiyasının sığorta hissəsi sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə pensiyanın təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddəti aylarının sığorta davamiyyəti əmsalına vurulması nəticəsində alınan rəqəmə bölünməsi yolu ilə hesablanır. Araşdırma məlumatına əsasən, ona xx.xx.2008-ci il tarixindən qanunvericiliyə uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi (indiki 1 saylı regional ərazi filialı) tərəfindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2017-ci il tarixində şöbəyə ərizə ilə müraciət edərək pensiyasının (xx.xx.2015-ci il tarixindən işdən azad olunması səbəbi ilə) “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.2-ci maddəsinə əsasən yenidən hesablanmasını xahiş etmişdir. Yenidən hesablama nəticəsində pensiyası xx.xx.2017-ci il tarixindən 654,28 manata, xx.xx.2020-ci il tarixindən isə 852,56 manata çatdırılmışdır. xx.xx.2020-ci il tarixində yenidən müraciəti əsasında sonradan fərdi hesabının sığorta hissəsində qeydə alınan əvvəlki dövrlərə hesablanmış 13408,26 manat pensiya kapitalı nəzərə alınmaqla pensiyası yenidən hesablanaraq 1076.04 manata çatdırılmışdır. - Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-245/2018 N2-li qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh ASC-yə qarşı iddiası təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2018-ci il tarixli 2(103)-265/2018 N2- li qətnaməsindən görünür ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunaraq Səbail rayon məhkəməsinin qətnaməsi qismən - iddiaçının ikinci dərəcəli əlillik qrupu olmasına baxmayaraq ona münasibətdə qısaldılmış iş vaxtının tətbiq edilməməsi, iş vaxtından artıq iş görməsi və buna uyğun olaraq əlavə əmək haqqı və məzuniyyət pulunun verilməməsi ilə bağlı tələbinə aid hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilərək İddiaçı iş vaxtından artıq işlədiyi saatlara görə ödənilməmiş 49.938,42 manat, məzuniyyət günlərinə görə ödənilməmiş 4.386,26 manat pulun bankdan tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış və ekspertiza xərcinin dəyəri 145 manat banka aid edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-793/2019 saylı, 04 fevral 2019cu il tarixli qərardan görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 01 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Tərəflər arasında 07 may 2019-cu il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, bank İddiaçı ödəməli olduğu 54324,68 manat pulun 45000 manatını onun cari hesabına köçürmüş, İddiaçı tələbin qalan 9324.68 manat hissəsindən imtina etmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxs 1 saylı regional ərazi filialının İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxs 1 saylı regional ərazi filialı sizin xx.xx.2020-ci il tarixli ərizəyə cavab olaraq bildirir ki, (pensiya işinin Ns 152774) pensiya hüquqununun yarandığı xx.xx.2008-ci il tarixdən müvafiq qanunvericiliyə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Sizin xx.xx.2017-ci il tarixli şöbəyə təqdim etdiyi ərizədə xx.xx.2015-ci il tarixdən işdən azad olunmasını nəzərə alınaraq, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.2-ci maddəsinə əsasən pensiyası yenidən hesablanaraq xx.xx.2017-ci il tarixdən 654.28 manata çatdırılmışdır. Qeyd olunan dövrdə onun fərdi hesabında toplanan pensiya kapitalı 28745.28 manat müəyyən edilmiş, xx.xx.2020-ci il tarixdən pensiyasının məbləği 852.56 manata çatdırılmışdır. Onun fərdi uçot hesabına xx.xx.2019-cu il tarixə 13408.26 manat sığorta kapitalı əlavə olaraq ödənilmişdir. Qeyd olunan sığorta kapitalının hesablanması barədə şöbəyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən pensiyası yenidən hesablanmış, xx.xx.2020-ci il tarixdən pensiyasının məbləği 1076.03 manata çatdırırılmışdır. Əlavə olaraq bildiririk ki, onun fərdi hesabına ötən dövrlər üçün ödənilən 13408.26 manat sığorta kapitalı əmək haqqının ona ödənildiyi dövrlərdə ödənildiyi halda onun pensiyasının məbləği xx.xx.2017-ci il tarixdən 654.28 manat deyil, 876.56 manat müəyyən ediləcəkdir. Bu məbləğdə illər üzrə indeksləşdiriləşdirilərək xx.xx.2020-ci il tarixdən pensiyasının məbləği 852.56 manat deyil, 1134.74 manat müəyyən edilə bilərdi. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun “Libra” vəkil bürosuna ünvanladığı 16 may 2023-cü il tarixli sorğuya cavabından görünür ki, xx.xx.2023-cü il tarixli sorğuya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əlilliyə görə əmək pensiyası himayədə olanlara görə verilən əlavə nəzərə alınmadan yalnız baza hissəsindən ibarət olmaqla ödənilirdi. Qanunun 37.3.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin edildikdən sonra toplanan kapitala əsasən yenidən hesablanması nəzərdə tutulmamışdır. Qanunun 37.3.2-ci maddəsinə 1 iyul 2017-ci il tarixindən edilmiş dəyişikliyə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır. Göründüyü kimi əlilliyə görə əmək pensiyası təyin edildikdən sonra formalaşan kapitala əsasən əmək pensiyasının yenidən hesablanmasının xx.xx.2017-ci il tarixindən həyata keçirilməsinə başlanılmışdır. Qeyd edilənlərə əsasən, İddiaçı sorğu edilən kapitalı əsasında əlilliyə görə əmək pensiyası Qanuna dəyişikliyin edildiyi 1 iyul 2017-ci il tarixindən nəzərə alınmaqla hesablanacağı təqdirdə hazırkı dövrə pensiya məbləği 1592,66 manat, alınmamış ümumi pensiya məbləği isə 18380,69 manat təşkil edə bilərdi. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3314/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsini üçüncü şəxs qismində işə cəlb etməklə “icbari dövlət ödənişləri üzrə borcun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-484/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin apellyasiya şikayətləri təmin edilməsi, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(060)- 3314/2020 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək iddianın təmin edilməsi, cavabdeh İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə muzdlu işlə əlaqədar gəlirindən gəlir vergisi kimi ödənilmiş 6997,5 (altı min doqquz yüz doxsan yeddi manat 50 qəpik) manat, məcburi dövlət sosial sığorta haqqı kimi ödənilmiş 5794,21 (beş min yeddi yüz doxsan dörd manat 21 qəpik) manat, işsizlikdən sığorta haqqı kimi ödənilmiş 290,41 (iki yüz doxsan manat 41 qəpik) manat, əldən çıxmış faydaya görə 3538,91 (üç min beş yüz otuz səkkiz manat 91 qəpik) manat, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 16651,03 (on altı min altı yüz əlli bir manat 3 qəpik) manat tutulması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4781/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-484/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Əsaslandırıcı hissə: İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-245/2018 №-li qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı iddiası təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2018-ci il tarixli 2(103)-265/2018 №- li qətnaməsi ilə isə iddiaçının apellyasiya şikayəti qismən təmin olunaraq Səbail rayon məhkəməsinin qətnaməsi qismən - iddiaçının ikinci dərəcəli əlillik qrupu olmasına baxmayaraq ona münasibətdə qısaldılmış iş vaxtının tətbiq edilməməsi, iş vaxtından artıq iş görməsi və buna uyğun olaraq əlavə əmək haqqı və məzuniyyət pulunun verilməməsi ilə bağlı tələbinə aid hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilərək İddiaçı iş vaxtından artıq işlədiyi saatlara görə ödənilməmiş 49.938,42 manat, məzuniyyət günlərinə görə ödənilməmiş 4.386,26 manat pulun bankdan tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış və ekspertiza xərcinin dəyəri 145 manat banka aid edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli 2(102)-793/2019 N-li qərarı ilə Bakı Apellyasiya Məhkəməsi MK-nın qətnaməsi dəyişdirilmədən və bankın kassasiya şikayəti təmin olunmadan saxlanılmışdır. Həmçinin, işin materiallarından görünür ki, qətnamə qüvvəyə mindikdən və icraya yönəldildikdən sonra icra icraatı mərhələsində tərəflər arasında bağlanmış 07 may 2019cu il tarixli “Barışıq sazişi”nə əsasən ona ödənilməsi tələb olunan 54,324.68 AZN məbləğində olan pul vəsaitindən 45,000 AZN ödənişin həyata keçirilməsi və cavabdehə münasibətdə isə ümumi məbləğdən qalan 9,324.68 AZN-dən imtina edilməsi barədə razılıq əldə edilmişdir. Sözügedən vəsait elə həmin gün adına açılmış bank hesabına köçürülmüşdür. İşin materiallarından daha sonra görünür ki, İddiaçı barışıq sazişi bağlandıqdan və 45000 AZN məbləği əldə edəndən sonra vergi orqanına şikayət ərizəsi ilə müraciət edərək bank tərəfindən ona ödənilən 45000 manata görə məcburi dövlət sosial sığorta haqqının ödənilmədiyini və nəticədə gözlədiyindən az pensiya aldığını bildirmişdir. Belə ki, iddiaçı 22 yanvar 2008-ci il tarixindən İİ qrup əlilliyə görə əmək pensiyaçısı olmuşdur. 27 mart 2018-ci il tarixdən etibarən isə əlillik qrupu dəyişdirilmiş və müddətsiz İ qrup əlillik müəyyən edilmişdir. Tərəfindən 21 avqust 2017-ci ildə verilmiş ərizə əsasında əmək pensiyasının yenidən hesablanması həyata keçirilmişdir. 01 sentyabr 2017-ci il tarixindən əmək pensiyasının məbləği 654.28 AZN-ə, 01 yanvar 2020-ci il tarixindən isə 852.56 AZN-ə çatdırılmışdır. İddiaçı müraciətinə əsasən araşdırma aparan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 98-ci, 101-ci, 102-ci və "Sosial sığorta haqqında” qanunun 14-cü maddələrinə istinad edərək 45000 manata görə gəlir vergisinin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini, həmçinin dəqiqləşdirilmiş bəyannamənin təqdim olunmasını bankdan tələb etmişdir. Vergi orqanın yazılı tələbinə əsasən İddiaçı ödənilən gəlirdən tutulmalı olan 6997.5 manat gəlir vergisi, 5794,21 manat məcburi dövlət sosial sığorta haqqı, 290.41 manat işsizlikdən sığorta haqqı, cəmi 13082.12 manat bank tərəfindən xx.xx.2020-ci ildə dövlət büdcəsinə ödənilmişdir. Tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, qeyd edilən məbləğlər DVX-nə ödənilən bütün məbləği deyil, İddiaçı tutulmalı olan hissəni ehtiva edir. Ümumilikdə isə 14,520.53 manat məcburi dövlət sosial sığorta haqqı Cavabdeh ASC tərəfindən ödənilmişdir. Belə ki, “Sosial sığorta haqqında” Qanunun 14.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti qeyd edilən ödənişləri həyata keçirəndən sonra iddia ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı muzdlu işlə əlaqədar gəlirindən gəlir vergisi kimi ödənilmiş 6997.5 manat, məcburi dövlət sosial sığorta haqqı kimi ödənilmiş 5794,21 manat, işsizlikdən sığorta haqqı kimi ödənilmiş 290.41 manat, əldən çıxmış faydaya görə 3538,91 manat, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 16651,03 manat pulun cəmiyyətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Bankın məhkəmə qətnaməsinə əsasən ödədiyi 45000 manat İddiaçı muzdlu işlə əlaqədar əldə etdiyi gəlirdir və o, həmin gəlir üzrə gəlir vergisinin ödəyicisidir. Bank isə onun gəlirindən gəlir vergisini ödəmə mənbəyində tutmağa və büdcəyə köçürməyə borclu olan vergi agentidir. Həmin iddia üzrə qanuni qüvvəsini almış yekun məhkəmə aktına əsasən (Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-484/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi) cavabdeh İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə muzdlu işlə əlaqədar gəlirindən gəlir vergisi kimi ödənilmiş 6997,5 (altı min doqquz yüz doxsan yeddi manat 50 qəpik) manat, məcburi dövlət sosial sığorta haqqı kimi ödənilmiş 5794,21 (beş min yeddi yüz doxsan dörd manat 21 qəpik) manat, işsizlikdən sığorta haqqı kimi ödənilmiş 290,41 (iki yüz doxsan manat 41 qəpik) manat, əldən çıxmış faydaya görə 3538,91 (üç min beş yüz otuz səkkiz manat 91 qəpik) manat, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 16651,03 (on altı min altı yüz əlli bir manat 3 qəpik) manat tutulması qət edilmişdir. Hazırda iddiaçı tələbinin əsası kimi 18380.69 AZN məbləğində məcburi dövlət sosial sığorta haqqının vaxtında dövlət büdcəsinə ödənildiyi halda, əmək pensiyasının məbləği 01 sentyabr 2017-ci ildən 654.28 AZN deyil, 876.56 AZN müəyyən ediləcəyin və məbləğlərin 2018-2020-ci illər üzrə indeksləşdirilməsi zamanı 01 yanvar 2020-ci il tarixinə 1,134.74 AZN təşkil edəcəyinə istinad etmişdir. Cavabdehin isə iddiaya olan etirazın əsası əsasən ondan ibarətdir ki, 2019-cu ilin iyun ayınadək olan və 2020-ci ilin aprelindən sonrakı dövr üçün əldən çıxmış fayda kimi zərərin ödənilməsi tələbi “Sosial sığorta haqqında” Qanunun 14.6-cı maddəsinə görə bu Qanunun 14.5.1-1-ci maddəsinin tələblərinə ziddir. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Bu əsaslardan biri də həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulmasıdır. Bundan başqa, Mülki Məcəllənin 21-ci maddəsinə uyğun olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin materiallarından görünür ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən müvafiq qanunvericiliyə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixindən işdən azad olunması səbəbi ilə xx.xx.2017-ci il tarixində şöbəyə ərizə ilə müraciət edərək pensiyasının "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.2-ci maddəsinə əsasən yenidən hesablanmasını xahiş etmiş, yenidən hesablama nəticəsində pensiyası xx.xx.2017-ci il tarixindən 654,28 manata, sonradan qeyd olunan dövrdə onun fərdi hesabında toplanan pensiya kapitalı 28745.28 manat müəyyən edilmiş və xx.xx.2020-ci il tarixindən isə 852,56 manata çatdırılmışdır. Onun fərdi uçot hesabına xx.xx.2019-cu il tarixə 13408.26 manat sığorta kapitalı əlavə olaraq ödənilmişdir. Qeyd olunan sığorta kapitalının hesablanması barədə şöbəyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən pensiyası yenidən hesablanmış, xx.xx.2020-ci il tarixdən pensiyasının məbləği 1076.03 manata çatdırılmışdır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli barışıq sazişinə əsasən sonuncuya ödəməli olduğu 54324,68 manat pulun 45000 manatını onun cari hesabına köçürməsi ilə bağlı razılaşmaya gəlməsinə baxmayaraq faktiki olaraq fərdi hesabına ötən dövrlər üzrə ödənilməli olan vəsait, əmək haqqının ödənildiyi dövrlərdə ödənildiyi təqdirdə, onun əmək pensiyasının məbləği 01 sentyabr 2017-ci ildən hər ilə müvafiq olaraq pensiya məbləğinin indeksləşməsi də nəzərə alınmaqla arta bilərdi. Belə ki, Dövlət Sosial Müdafiə X3 Şəxs 1 saylı regional ərazi filialının xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının fərdi hesabına ötən dövrlər üçün ödənilən 13408.26 manat sığorta kapitalı əmək haqqının ona ödənildiyi dövrlərdə ödənildiyi halda onun pensiyasının məbləği xx.xx.2017-ci il tarixdən 654.28 manat deyil, 876.56 manat müəyyən edilməklə, bu məbləğdə illər üzrə indeksləşdiriləşdirilən zaman xx.xx.2020-ci il tarixdən pensiyasının məbləği 852.56 manat deyil, 1134.74 manat müəyyən edilə bilərdi. Həmin Fondun 16 may 2023-cü il tarixli məktubundan isə aydın olur ki, İddiaçı kapitalı əsasında əlilliyə görə əmək pensiyası Qanuna dəyişikliyin edildiyi 1 iyul 2017-ci il tarixindən nəzərə alınmaqla hesablanacağı təqdirdə hazırkı dövrə pensiya məbləği 1592,66 manat, alınmamış ümumi pensiya məbləği isə 18380,69 manat təşkil edə bilərdi. Göründüyü kimi, cavabdehin iddianın “Sosial sığorta haqqında” Qanunun 14.6-cı maddəsinə və həmin Qanunun 14.5.1-1-ci maddəsinin tələbləri baxımından əsassız olmasına dair dəlilləri əsassız olmuşdur. Həmçinin, məhkəmə cavabdehin iddiaya etirazının digər dəlilləri üzrə qeyd edir ki, bu dəlillər Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-484/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin məzmunu ilə təkzib edilir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının fərdi hesabına ötən dövrlər üzrə ödəməli olduğu vəsaiti əmək haqqının ödənildiyi dövrlərdə ödəməməsi ilə yol verdiyi hüquq pozuntuları nəticəsində hazırda iddiaçının pensiya hüququnun əhəmiyyətli dərəcədə məhdudlaşdırılması işin araşdırılmış halları ilə tam təsdiq edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməsə də, DSMF-nun cavab məktubunda göstərilən alınmamış ümumi pensiya məbləğinin nə qədər təşkil etdiyini dəqiqləşdirmək üçün müvafiq ekspertizanın təyin edilməsinə ehtiyac olduğunu bildirsə də, bununla bağlı əsaslandırılmış yazılı vəsatəti məhkəməyə təqdim etməmişlər. Məhkəmə, pensiya məbləği, pensiya kapitalı, məcburi dövlət sosial sığorta haqqı və s. bu kimi məlumatların məhz Dövlət Sosial Müdafiə Fondunun elektron sistemində toplandığını və müvafiq cavab məktubunun həmin baza məlumatları əsasında və Fondun əməkdaşları tərəfindən hazırlandığını nəzərə alaraq iş üzrə mühasibatlıq ekspertizasının təyin edilməsinə zərurət görmür. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüququ pozulmasaydı onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri, yəni əldən çıxmış faydanın cavabdeh tərəfindən tam həcmdə ödənilməli olmasına dair iddia əsaslıdır. Məhkəmə həmçinin iddia müddətinin tədbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. İddiaçı ilə cavabdeh arasında daha əvvəl əmək münasibətləri mövcud olsa da, yaranmış mübahisə vaxtında ödənilməyən vəsaitə görə hesablanmayaraq ona ödənilməmiş pensiya məbləğləri ilə bağlıdır ki, həmin pensiya məbləğləri artıq onun mülkiyyəti hesab olunurdu. Mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlı tələblərə iddia müddəti tətbiq edilmir. Qeyd edilən hal həm də Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşür. (müqavilə üzrə hüquqlar, o cümlədən icarə haqları və məhkəmə qərarına əsasən pul vəsaitləri, pensiya hüquqları və digər sosial müavinət hüquqları mülkiyyətə daxildir. (X1rşı, 2006)) Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddiaya müddət tətbiq edilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hğquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehdən 18380.69 manat məbləğində əldən çıxmış fayda və 145,15 (30+115,15) manat dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC-dən 18.380,69 (on səkkiz min üç yüz səksən manat altmış doqquz qəpik) manat məbləğində əldən çıxmış fayda və 145,15 (bir yüz qırx beş manat on beş qəpik) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar