Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-703/2022 08.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi R.P.İbrahimovun, Cavabdeh iştirakları ilə İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh Səbail rayon Məhkəməsinin 1(009)-137/2019 saylı, 09.08.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 18.12.2020-ci il tarixdə idarənin icra məmuru Qoşqar Həmidov məhkumun iştirakı ilə müvafiq protokol tərtib etmiş və cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları məhkuma izah edilmiş, həmin tarixdə məhkuma elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd qolbaq və 3 ədəd ev siqnal ötürücüsü onun yaşadığı ünvana quraşdırılmışdır. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və həmin avadanlıqlara görə üzərinə gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh 27.12.2021-ci il tarixdə idarədə olan zaman onun üzərinə baxış keçirilmiş və mobil nəzarət qurğusunun onun üzərində olmadığı müəyyən edilmişdir. Bununla bağlı məhkum Cavabdeh izahat alınmış, o, izahatında mobil nəzarət qurğusunu itirdiyini etiraf etmiş və məhkuma mobil qurğunun dəyərinin ondan tutulacağı ilə bağlı 27.12.2021-ci il tarixli bildiriş verilmişdir. Belə olan halda hesab edirlər ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından mobil nəzarət qurğusu itmiş və onlara maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin zədələnmiş 1 ədəd mobil qurğunun dəyəri 1346,03 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh mobil qurğunun dəyəri 1346,03 manat məbləğində vəsaitin anılıb Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir hesab: AZ66CTRE********************; səviyyə kodu: 1; təsnifat kodu: 142330; valyuta: azn, VÖEN: **********) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul edərək öz izahatında göstərmişdir ki, bir il həmin qurğunu üstündə gəzdirmiş, lakin ictimai nəqliyyatda gedərkən avtobusda oğurlamışlar. Hazırda məhkumluğu həyatı yaşayır, heç bir işə girə bilmir, ona görə həmin məbləği ödəyə bilməmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Səbail rayon Məhkəməsinin 1(009)-137/2019 saylı, 09.09.2019-cu il tarixli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh 11.06.2019-cu il tarixdən 13.06.2019-cu il tarixədək yəni, həbsdə saxlanıldığı 02 gün müddət nəzərə alınaraq ona təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla onun üzərində 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Səbail rayon Məhkəməsinin 1(009)-32/2019 saylı, 29.01.2019-cu il tarixli hökmü ilə Cavabdeh təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il 06 ay 27 gün Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirmək yolu ilə Cavabdeh üzərinə qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəli Cavabdeh cəzanı icra edən ünvanda qeydiyyatda alındığı vaxtdan hesablanması, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cavabdeh üzərinə Bakı şəhərinin və Abşeron yarımadasının ərazi hüdudlarının tərk etməmək, yaşayış yerinin axşam saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması, Cavabdeh üzərinə qoyulmuş vəzifələrinin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, Cavabdeh Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicənin təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması, cinayət işi üzrə maddi sübut olan – Səbail rayon Polis İdarəsində saxlanılan narkotik vasitənin qalığı 0,122 qram çəkidə heroinin məhv edilməsi, CD diskinin cinayət işinin materiallarında saxlanılması, Cavabdeh 114 manat ekspertiza xərcinin alınıb Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, Bakı şəhəri 12 saylı hüquq məsləhətxanasının vəkili X2 tərəfindən təqsirləndirilən şəxs Cavabdeh hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 manat tutulması, Bakı şəhəri 12 saylı hüquq məsləhətxanasının, "xxxx" QSC-nin Səbail rayon filialındakı hesabına keçirilməsi hökm edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin rəisi tərəfindən Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisinə ünvanlanmış 13.11.2018-ci il tarixli məktubun surətindən görünür ki, Probasiya xidmətinin qeydiyyatında olan elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğularının itirilməsi və yararsız hala salınması hallarında həmin vasitələrin dəyəri nəzarət subyektindən tutulmalıdır: 1. Biometrik məlumatların yoxlanması üçün lisenziyalar – 1 ədəd – 88,26 manat, 2. Ev siqnal ötürücüsü – 1 ədəd – 108,32 manat, 3. Mobil nəzarət qurğuları xüsusi proqram təminatı ilə - 1 ədəd – 1346,03 manat, 4. Elektron qolbağlar (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazlarla birlikdə) GSM-800/900/1800/1900 Mhz, internetə qoşulma 2G/3G GNSS GPS/GLONASS 600 Mah Lİ-on – 1 ədəd - 637,91 manat. İş üzrə Səbail rayon icra və probasiya şöbəsinin icra məmuru Qoşqar Həmidov tərəfindən Cavabdeh ünvanlanmış 10.08.2020-ci il tarixli azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkuma edilmiş şəxsin gəlib qeydiyyatdan keçməsi barədə bildirişin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Səbail rayon Məhkəməsinin 09.08.2019-cu il tarixli hökmü ilə 03 il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə əsasən Cavabdeh qeydiyyatdan keçmək üçün üç gün müddətində Səbail RİPŞ-nə gəlməlidir. Üzrsüz səbəbdən həmin müddətdə gəlmədiyi təqdirdə barəsində məcburi gətirilmə tətbiq ediləcək və ona tənbeh tədbiri tətbiq olunacaqdır. İş üzrə Cavabdeh tərəfindən Səbail rayon icra və probasiya şöbəsinin rəisi adına yazılmış 18.08.2020-ci il tarixli izahatın surətindən görünür ki, Səbail rayon Məhkəməsinin 1(009)-137/2019 saylı, 09.08.2019-cu il tarixli hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun üzərinə Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün 23.00-dan səhər saat 06.00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini məhkəmə qərarı olmadan dəyişməmək və narkomaniyadan məcburi müalicə almaq və ərazi narkoloji dispanserində qeydiyyata düşmək vəzifələri qoyulmuşdur. İcra məmuru (probasiya üzrə) ona hüquq və vəziyələri, hökmün icra mexanizmini üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsini və həmin vəzifələri pozacağı təqdirdə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-1-ci-51-7-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. İş üzrə Səbail rayon icra və probasiya şöbəsinin icra məmuru Qoşqar Həmidov tərəfindən Cavabdeh iştirakı ilə tərtib edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə 18.12.2020-ci il tarixli protokolun surətindən görünür ki, məhkum Cavabdeh elektron qolbağ, 1 ədəd mobil qurğu,3 ədəd ev siqnal ötürücüsü tam işlək vəziyyətdə təhvil verilmişdir. Məhkuma məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İş üzrə Bakı şəhəri Probasiya İdarəsinin icra məmuru Qılıc Hüseynov tərəfindən tərtib edilmiş 27.12.2021-ci il tarixli protokolun surətindən görünür ki, Səbail rayon Məhkəməsinin 09.08.2019-cu il tarixli hökmü ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunan Cavabdeh üzərinə baxış keçirilən zaman mobil qurğunun onun üzərində olmadığı tərəflərindən müəyyən edilmişdir. İş üzrə Cavabdeh tərəfindən yazılmış 27.12.2021-ci il tarixli izahatın surətindən görünür ki, o, Səbail rayon Məhkəməsinin 1(009)-137/2019 saylı, 09.08.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun üzərinə Bakı şəhərinin və Abşeron yarımadasının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün 23.00-dan səhər saat 06.00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanı icra edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. 25.12.2021-ci il tarixdə o, ambulator müalicədən qayıdan zaman 33 nömrəli avtobusda olan zaman onun gödəkçəsinin cibindən ona məxsus sürücülük vəsiqəsi və Probasiya idarəsinə aid mobil qurğunu götürülüb. İş üzrə Bakı şəhər Probasiya İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış 27.12.2021-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234-ci maddəsi ilə təqsirli bilinərək Səbail rayon Məhkəməsinin 09.08.2019-cu il tarixli hökmü ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Cavabdeh 18.12.2020-ci il tarixdə “Şans” markalı elektron nəzarət vasitəsi, yəni 1 ədəd mobil qurğu, 1 ədəd elektron qolbağ, 3 ədəd ev siqnal ötürücüsü və mobil qurğunun adapteri tətbiq olunarkən məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş və Cavabdeh imzası ilə təsdiq etmişdir. Lakin buna baxmayaraq Cavabdeh ona təhvil verilmiş mobil qurğunu itirmişdir. Azərbaycan Respubblikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat idarəsi tərəfindən daxil olmuş D-8/196 saylı məktubda mobil qurğunun dəyəri 1346,03 manat hesablanmışdır. Odur ki, Cavabdeh təhvil verilmiş mobil nəzarət qurğusuna dəymiş ziyanın ödənilməsi ondan tələb olunur. Əks təqdirdə Azərbaycan Respublikası MPM-nin 4,149 və 150-ci maddələrinə əsasən dəymiş ziyanın ödənilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəkdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin 1(009)-137/2019 saylı, 09.08.2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, 18.12.2020-ci il tarixdə icra məmuru Cavabdeh iştirakı ilə protokol tərtib edərək cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları məhkuma izah edilmiş, həmin tarixdə məhkuma elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd qolbaq və 3 ədəd ev siqnal ötürücüsü onun yaşadığı ünvana quraşdırılmışdır. Həmin nəzarət avadanlıqlarının istifadə qaydaları Cavabdeh izah edilmiş və həmin avadanlıqlara görə üzərinə gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, 27.12.2021-ci il tarixdə Cavabdeh üzərinə keçirilmiş baxış zamanı mobil nəzarət qurğusunun onun üzərində olmadığı müəyyən edilmişdir. Cavabdeh mobil nəzarət qurğusunu itirdiyini etiraf etmişdir. Cavabdehin lazımınca məsuliyyətli olmadığından mobil nəzarət qurğusu itmiş və onlara 1346,03 manat maddi ziyan dəymişdir. Bu səbəbdən iddiaçı həmin ziyanın tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cəzalarını İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.04.2018-ci il tarixli Qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. AR Mülki Məcəllənin 1096-ci maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsüliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Bu səbəbdən də mülki hüquqi məsuliyyətin əsasında şəxsin qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətləri dayanır. Kobud ehtiyatsızlıqda şəxs öz hərəkətinin və ya hərəkətsizliyinin zərərli nəticələr baş verə biləcəyi aşkar göründüyü halda etinasızlıq göstərərə onların qarşısını almır, adi ehtiyatsızlıqda isə baş verə biləcək zərərli nəticələr aşkar görünmür, onların aşkarlanması üçün xüsusi diqqət və qayğı tələb olunur. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması üçün bir sıra əsasların mövcudluğu tələb olunur. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün, bir qayda olaraq, mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Yalnız zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş ziyanı tələb edə bilər. Ziyanın isə tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlmiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. Beləliklə, mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir:
1. Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması; hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır.
2. Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur.
3. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir.
4. Hüququpozan şəxsin təqsirinin olması. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ziyanın vurulması və mülki hüquq pozuntusunun yaranması üçün dörd şərtin olması vacibdir. Eyni zamanda zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqə olmalıdır. Yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin məktubundan görünür ki, 1 ədəd mobil nəzarət qurğunun dəyəri 1346,03 manat təşkil etmişdir. Məhkəmə qanunun yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, cavabdehin mobil nəzarət qurğusunun itirilməsi nəticəsində 1346,03 manat məbləğində ziyan dəyməsi təsdiq olunduğundan, cavabdeh həmin ziyanla bağlı mülki məsuliyyət daşıyır və bu səbəbdən vurulmuş ziyanın əvəzi kimi ondan 1346,03 manat məbləğində pulun tutulması barədə iddia tələbi tam əsaslıdır və təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi mobil nəzarət qurğunun dəyəri 1346,03 (bir min üç yüz qırx altı manat, üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq Bakı şəhər Maliyyə İdarəsinin hesabına (müxbir hesab: AZ66CTRE********************; səviyyə kodu: 1; təsnifat kodu: 142330; valyuta: azn, VÖEN: **********) köçürülsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev