Məhkəmə qərarları › İş №2(009)-715/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-715/2022

12.04.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-715/2022 12.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, Cavabdeh1 nümayəndəsi R.P.Farafonovanın, Tərçüməçi G.G.Abbasovanın iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 27 saylı evin 26 nömrəli mənzili 18.06.2021-ci il tarixdə 1 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 almışdır. Həmin mənzil 07.07.2021-ci il tarixdə mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. O, həmin mənzilin mülkiyyətçisidir. Həmin vaxtdan ev onun sahibliyində və istifadəsindədir. Lakin, mənzil ona təhvil verilsə də, mənzilin keçmiş sakinləri olan cavabdehlər hal-hazırki vaxtadək qeydiyyatdan çıxmamışlar. Hal-hazırda cavabdehlər ona məxsus mənzildə qeydiyyatda qalması mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onun mülkiyyətində olan ev üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən cavabdehlərin mülkiyyətində olan mənzilə olan hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 27 saylı evin 26 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə qəbul edilməsini və həmin qətnamənin onların pasport qeydiyyatının ləğv edilməsi üçün əsas olmasının göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdehlər onların qonşuluğunda yaşamış, evləri satdığı üçün həmin o, almış, hazırda cavbadehlər Avstriyada yaşayırlar. Alqı-satqıdan sonra Bakıya gələrkən “ASAN Xidmət”ə qeydiyyatdan çıxma ilə bağlı müraciət etdikdə onlara bildirmişlər ki, qeydiyyatdan çıxmaq üçün başqa yaşayış yerinə qeydiyyata düşmək lazımdır, yaxud məhkəməyə müraciət olunmalıdır. Məhkəmə iclasında izahati alınmış Cavabdeh1 nümayəndəsi X1 iddia tələbini qəbul edərək öz izahatında göstərmişdir ki, Renata onun bacısıdır, Tamerlan bacısının oğlunun. Onlar hazırda Avstriyada yaşayırlar, qeydiyyatdan çıxmağa etiraz etmirlər. Məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə 1 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisində təsdiq edilmiş 18.06.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat qaydada təsdiq edilmiş surətinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilini Cavabdeh1 almışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07.07.2021-ci il tarixli çıxarışının surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 27 saylı evin 26 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçının mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 27 saylı evin 26 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. AR MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 27 saylı evin 26 saylı mənzili alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 almışdır. Həmin mənzil hal-hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər həmin mənzilin əvvəlki mülkiyyətçisi və onun ailə üzvü olub və mübahisəli evdə qeydiyyatda olsalar da, həmin evdə yaşamırlar, ev alınarkən cavabdehlərin həmin evdə istifadə hüququnun saxlanılması nəzərdə tutulmamış və bu barədə heç bir razılaşma olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 27 saylı evin 26 saylı mənzili yaşayış yeri üzrə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu pozur və bu səbəbdən cavabdehlərin həmin evə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddəsinin rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 27 saylı evin 26 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh1 və Cavabdeh2 yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar