Məhkəmə qərarları › İş №2(009)-72/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-72/2024

29.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-72/2024 29.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" MMC ("NB LAZUR" Hospitala) qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh «NB LAZUR» Hospitala qarşı “maddi ziyanın ödənilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Səbail rayonunda yerləşən cavabdeh “NB LAZUR” Hospitaldan ona vurulmuş maddi zərərin əvəzi olaraq 10000 (on min manat) məbləğində pul və ödənilmiş 120 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: 28 fevral 2019-ci il tarixdə onun bədənindəki fəsadlardan irəli gələn sağlamlığı ilə bağlı problemlərinin həlli üçün “NB LAZUR’’ Hospitalına müraciət etmişdir. “NB LAZUR” Hospitalına bud gərilməsi əməliyyatı ilə bağlı müraciət etdi, lakin həkimlərin məsuliyyətsizliyi, diqqətsizliyi və səhlənkarlığı ucbatından onun razılığı olmadan burnunda cərrahi əməliyyat aparmışlar. Bundan sonra isə hər iki budunda bud gərilmə əməliyyatı keçirmişlər. Hər iki əməliyyatın nəticəsində səhətinə ciddi ziyan dəymişdir. 28 fevral 2019cu ildə Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “NB LAZUR HOSPİTAL” Klinikası hər iki budunda “bud gərilməsi” və “liposakşın” əməliyyatı aparılması üçün müraciət etdi. Lakin həmin klinikada “liposakşın” əməliyyatı aparılan zaman həkimlərin səhvi nəticəsində onun halı pisləşərək kliniki ölüm həddinə keçdiyinə görə “bud gərmə” əməliyyatı yarımçıq dayandırıldı və əməliyyat başa çatdırılmadı. Bunun nəticəsində bədənində yaranan fəsadlar hal-hazırda da onu incitməkdədir. Bu əməliyyat nəticəsində müxtəlif klinikalarda müalicələr aldı və çoxlu pul xərclədi. Bu əməliyatlarla bağlı səhhətində yaranan problemlərin müalicəsinə görə 10000 manatdan çox pul vəsaiti xərcləmişdir. Bədənində əmələ gələn bu fəsadların aradan qaldırılmaq üçün o, Sumqayıt şəhərində yerləşən “ŞƏFQƏT” Klinikasına müraciət etdi. 07-08 oktyabr 2020-ci il tarixdə onun bədənindəki fəsadlardan irəli gələn sağlamlığı ilə bağlı problemlərinin həlli üçün “ŞƏFQƏT” Klinikasına müraciət etdi. “ŞƏFQƏT” Klinikasında hər iki “bud gərilməsi” və “göz altı və göz üstü” əməliyatı ilə bağlı müraciət etdi, lakin həkimlərin məsuliyyətsizliyi, diqqətsizliyi və səhlənkarlığı ucbatından onun razılığı olmadan “burnunda” cərrahi əməliyyat aparıldı. Bundan sonra isə həmin klinikada hər iki budunda “bud gərilmə" əməliyyatı keçirildi. 20 aprel 2021-ci ildə “ŞƏFQƏT” Klinikasında aparılan səhv burun əməliyyatı da onun sağlamlığına mənfi təsir göstərmişdir. Hər iki əməliyyatın nəticəsində səhhətinə ciddi ziyan dəymişdir. Bu əməliyatlarla bağlı səhhətində yaranan problemlərin müalicəsinə görə 10000 (on min) manatdan çox pul vəsaiti xərcləmişdir. Bununla bağlı, “NB LAZUR” Hospitalın həkimlərinin qanunsuz hərəkətlərinə görə Azərbaycan Respublikasının Hüquq Mühafizə orqanlarına yazdığı şikayət ərizələrinə cavab olaraq şikayətlərinin mülki xarakterli olduğu göstərilmiş və məhkəməyə müraciət etməyi ona tövsiyyə olunmuşdur. O, dəfələrlə “NB LAZUR” Hospitalından ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etsə də müxtəlif bəhanələrlə tələbi yerinə yetirilməmişdir. Sonuncu dəfə tərəfindən 08 iyun 2023-cü il tarixdə “NB LAZUR” Hospital xəbərdarlıq göndərilərək ona vurulmuş 10000 manat pulun 10 gün müddətində qaytarılmasını xahiş etdi. Lakin bu günə qədər “NB LAZUR” Hospitalı onun bu xəbərdarlıq məktubuna heç bir cavab verməmişdir. Ona görə də müalicəsi ilə bağlı çəkdiyi xərclərin pulunu ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də hesab edir ki, Bakı şəhəri Səbail rayonunda yerləşən cavabdeh “NB LAZUR” Hospitalından ona vurulmuş maddi zərərin əvəzi olaraq 10000 manat (on min) manat məbləğində pul və ödənilmiş 120 manat dövlət rüsumu alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər cavabdeh "NB LAZUR" Hospitala və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdeh "xxxx" MMC ("NB LAZUR" Hospital) və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hal-hazırda X8 Cəmiyyətində (bir müddət NB Lazur Hospital adı ilə fəaliyyət göstərən) X13 adında əməkdaş çalışmır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X4” X11 İddiaçı ünvanlanmış 26 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, onun “Şəfqət Klinikası” və “NB Lazur Hospital” özəl tibb müəssisələrində göstərilmiş tibbi xidmətlə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanladığı şikayət məktubuna aidiyyəti üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4ndə baxılmışdır. Araşdırma zamanı, “Şəfqət Klinikasının direktoru Fikrət Baxşəliyev izahatında, ona 2020-ci ildə X9 tərəfindən icra edilən əməliyyatla əlaqədar onun şikayəti əsasında prokurorluq və məhkəmə orqanlarında araşdırmanın davam etməsi və növbəti məhkəmə iclasının xx.xx.2023-cü il tarixində keçiriləcəyi və həkim X7 xx.xx.2022-ci il tarixindən etibarən əmək müqaviləsinə xitam verildiyini bildirilmişdir. Əlavə olaraq şikayət ərizəsində qeyd edilən “NB Lazur Hospital”ın direktoru Telman Novruzov izahatında, onun adına “NB Lazur Hospital” özəl tibb müəssisəsində heç bir xəstəlik tarixçəsi açılmadığını bildirilmişdir. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən özəl tibb müəssisələrində xəstələrə göstərilən tibbi xidmətlərin tarifləri tibb müəssisələri ilə xəstələr arasında razılaşma yolu ilə müəyyənləşdirilir və tibbi yardımın göstərilməsi tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə tənzimlənir. Müraciətində qeyd faktlar Məhkəmə Tibbi Ekspertizası tərəfindən qiymətləndirilməli olduğu üçün, məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6”nin 43/KEŞ saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmətibbi və mütəxəssis müayinələrinə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası tərəfindən aşağıdakı nəticəyə gəlinir: 1-5. “Şəfqət” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2020-ci il tarixdə klinikanın cərrahiyyə şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələr əsasında ona “Budun iç səthinin sallaq dərisi. Hər iki üst göz qapaqlarının sallaq dərisi” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq həmin tarixdə İddiaçınm üzərində “Bud gərmə. Üst blefaroplastika. Tip rinoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və o, xx.xx.2020-ci il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı onda hər iki bud nahiyəsinin yuxarı medial hissəsində 12.0x1.0-1.5 sm olan atrofık, hipeıpiqmentasiyalı əməliyyatdan sonrakı yumşalmış çapıq toxumaları, bud nahiyəsində hissəvi olaraq liposaksiyadan sonrakı nahamarlıqlar qeyd olunur. Göstərilən dəyişikliklərin dərialtı piy qatı artıq olan pasientlər üzərində aparılan əməliyyatlar zamanı baş verməsi mümkündür. Pasientin istəyi olarsa estetik baxımdan təkrari əməliyyat oluna bilər. Burunda isə tənəffüs keçiriciliyinin sərbəst olduğu və patoloji dəyişikliyin olmadığı müəyyən edildi. İddiaçı adına “NB Lazur” hospitalında tibbi sənədlər olmadığından qeyd olunan hospitalda aparılmış müayinə və müalicələr barədə fikir söylənilməsi mümkün olmadı. - Sumqayıt Şəhər Prokurorluğunun xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasınını rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı müraciəti üzrə toplanmış 556C-21 nömrəli yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı müraciətində Ramin Soltanlı tərəfindən aldadılaraq pulunun ələ keçirilməsi barədə xüsusatlar yoxlanılması məqsədilə həmin ərazi göstərilən hissədə aidiyyəti üzrə Sumqayıt Şəhər polis idarəsinə göndərilməsi qərara alınmışdır. - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5303/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh “Şəfqət" Klinikasına qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. - Həmin qətnamədən görünür ki, xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla İddiaçı müraciəti əsasında Sumqayıt ŞPİ-nin 4-cü PB-də toplanmış xx.xx.2022-ci il tarixli HK-1/3139 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - “Şəfqət” Klinikasının xx.xx.2022-ci il tarixli, 125 saylı arayışının surətindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixində “Şəfqət” Klinikasında ambulator olaraq yerli keyitmə ilə burun belində kiçik əməliyyat keçirmişdir. - NB Lazur Hospitalın Sumqayıt Şəhər Prokurorluğuna ünvanlanmış 29/21 saylı məktubundan görünür ki, arxiv sənədləri bir neçə dəfə təhvil-təslim olduğundan İddiaçı məxsus xəstəlik tarixi tapılmamışdır. - X1 Sumqayıt Şəhər Prokurorluğunda verdiyi 21 oktyabr 2021-ci il tarixli izahatından görünür ki, 2018-ci ildən 2019-cu ilin avqust ayınadək Lazur klinikasında estetik cərrah işləmişdir. 2018-ci ildə Ramin adlı şəxs “Bizimlə dəyiş” proyekti çərçivəsində verilişdə iştirak qarşılığında kiçik estetik əməliyyatları pulsuz etməyini təklif etmişdir. 2019-cu ildə İddiaçı gətirmiş, xanıma bud nahiyəsinin piylənməsi səbəbilə əməliyyat etməsini xahiş etmişdir. Xanım müayinələrdən keçirilmiş, əməliyyat etmək üçün heç bir pul ödənilməmişdir. Bütün xərcləri özü çəkmişdir. Ona görə ki, razılaşmaları belə olmuşdur ki, Ramin adlı şəxs onları televiziyada işıqlandıracaqdır. İddiaçı tam qənaətbəxş şəkildə “bud nahiyyəsinin liposaksiyası” əməliyyatı olunub, evə buraxılmışdır. Sonra 1 ya 2 dəfə kontrol müayinəyə gəlmiş, suallarına cavab vermişdir. Xanım əməliyyatın yeri və şişlər barədə ona müraciət etmiş və o, xəstəyə bu əməliyyat sonrası azı 2 ay korset geyinməli olmasını izah etmişdir. Xanıma burunla bağlı əməliyyat etməmişdir. - “Şəfqət" Klinikasının İddiaçı adına olan müşahidə gündəliyində xx.xx.2020-ci il tarixdə, saat 11:50-də edilmiş qeyddən görünür ki, bud gərmə. Üst blefaroplastika. Tip rinoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş, öncədən işarələnmiş dəri lokutu kəsilmiş, yara defekti bərpa olunmuşdur. Əsaslandırıcı hissə: İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 2019-cu ildə televiziya verilişi çərçivəsində Ramin adlı şəxs vasitəsilə "NB LAZUR" Hospitalda estetik cərrah işləyən X3 bud nahiyəsinin piylənməsi səbəbilə müraciət etmiş və o da onun üzərində bud nahiyyəsində əməliyyat etmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı keçirilmiş əməliyyatdan narazı olduğundan Ramin adlı şəxsə təkrarən müraciət etmiş, o isə növbəti dəfə ona “Şəfqət” Klinikasında əməliyyat edilməsini təşkil etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə “Şəfqət” Klinikasının cərrahiyyə şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələr əsasında ona “Budun iç səthinin sallaq dərisi. Hər iki üst göz qapaqlarının sallaq dərisi” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq həmin tarixdə İddiaçı üzərində “Bud gərmə. Üst blefaroplastika. Tip rinoplastika” cərrahiyyə əməliyyatı icra edilmişdir. "xxxx" MMC (“NB Lazur” hospital) məhkəməyənin sənədlərin təqdim edilməsinə dair sorğusunu təmin etməmiş, İddiaçı şikayəti üzrə araşdırma aparan səhiyyə və prokurorluq orqanlarına isə arxiv sənədləri bir neçə dəfə təhvil-təslim olduğundan İddiaçı məxsus xəstəlik tarixinin tapılmaması və ya “NB Lazur Hospital” özəl tibb müəssisəsində ona dair heç bir xəstəlik tarixçəsinin açılmadığına dair cavablar verilmişdir. X1 Sumqayıt Şəhər Prokurorluğunda verdiyi 21 oktyabr 2021-ci il tarixli izahatından görünür ki, 2018-ci ildən 2019-cu ilin avqust ayınadək Lazur klinikasında estetik cərrah işləmişdir. 2018-ci ildə Ramin adlı şəxs “Bizimlə dəyiş” proyekti çərçivəsində verilişdə iştirak qarşılığında kiçik estetik əməliyyatları pulsuz etməyini təklif etmişdir. 2019-cu ildə İddiaçı gətirmiş, xanıma bud nahiyəsinin piylənməsi səbəbilə əməliyyat etməsini xahiş etmişdir. Xanım müayinələrdən keçirilmiş, əməliyyat etmək üçün heç bir pul ödənilməmişdir. Bütün xərcləri özü çəkmişdir. Ona görə ki, razılaşmaları belə olmuşdur ki, Ramin adlı şəxs onları televiziyada işıqlandıracaqdır. İddiaçı tam qənaətbəxş şəkildə “bud nahiyyəsinin liposaksiyası” əməliyyatı olunub, evə buraxılmışdır. Sonra 1 ya 2 dəfə kontrol müayinəyə gəlmiş, suallarına cavab vermişdir. Xanım əməliyyatın yeri və şişlər barədə ona müraciət etmiş və o, xəstəyə bu əməliyyat sonrası azı 2 ay korset geyinməli olmasını izah etmişdir. Xanıma burunla bağlı əməliyyat etməmişdir. İddiaçı onun üzərində X5 tərəfindən aparılmış əməliyyatın onun sağlamlığına ciddi ziyan vurmasına, eyni zamanda ona bu əməliyatlarla bağlı səhhətində yaranan problemlərin müalicəsinə görə 10000 manatdan çox pul vəsaiti xərclədiyindən 10000 manat həcmində maddi zərər vurulmasına istinad etmişdir. Məhkəmə, iddia tələbi ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2-ci maddəsi). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir (Mülki Məcəllənin 1112-ci maddəsi). Məhkəmə iddianın dəlillərinə münasibət bildirərək qeyd edir ki, qanunun mənasına görə məhz yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və qanunvericiliyin tələbindən də aydın olduğu kimi məhz mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərərin əvəzini tam həcmdə ödəməlidir. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2(009)-1548/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6”nin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6”nin 43/KEŞ saylı xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd olunur ki, “Şəfqət” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2020-ci il tarixdə klinikanın cərrahiyyə şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələr əsasında ona “Budun iç səthinin sallaq dərisi. Hər iki üst göz qapaqlarının sallaq dərisi” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq həmin tarixdə İddiaçı üzərində “Bud gərmə. Üst blefaroplastika. Tip rinoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və o, xx.xx.2020-ci il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı onda hər iki bud nahiyəsinin yuxarı medial hissəsində 12.0x1.0-1.5 sm olan atrofık, hiperpiqmentasiyalı əməliyyatdan sonrakı yumşalmış çapıq toxumaları, bud nahiyəsində hissəvi olaraq liposaksiyadan sonrakı nahamarlıqlar qeyd olunur. Göstərilən dəyişikliklərin dərialtı piy qatı artıq olan pasientlər üzərində aparılan əməliyyatlar zamanı baş verməsi mümkündür. Pasientin istəyi olarsa estetik baxımdan təkrari əməliyyat oluna bilər. Burunda isə tənəffüs keçiriciliyinin sərbəst olduğu və patoloji dəyişikliyin olmadığı müəyyən edildi. İddiaçı adına “NB Lazur” hospitalında tibbi sənədlər olmadığından qeyd olunan hospitalda aparılmış müayinə və müalicələr barədə fikir söylənilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçıya aid müvafiq sənədlər cavabdeh tərəfindən təqdim edilmədiyindən "xxxx" MMC ("NB LAZUR" Hospitala)-yə aid hissədə ekspert rəyi nəhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Bununla yanaşı, “Şəfqət" Klinikasının İddiaçı adına olan müşahidə gündəliyində xx.xx.2020-ci il tarixdə, saat 11:50-də edilmiş qeyddən görünür ki, bud gərmə. Üst blefaroplastika. Tip rinoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş, öncədən işarələnmiş dəri lokutu kəsilmiş, yara defekti bərpa olunmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı müraciəti əsasında 556C-21 nömrəli yoxlama materialı üzrə Sumqayıt Şəhər Prokurorluğunda aparılmış araşdırmanın nəticəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasınını rədd edilməsi haqqında qərarı və Sumqayıt ŞPİ-nin HK-1/3139 nömərli material üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasınını rədd edilməsi haqqında qərarı hazırda qüvvədə olmaqla İddiaçı tərəfindən mübahisələndirilməsi müəyyən edilməmişdir. Mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə iddiaçının izahatı ilə yanaşı, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutları nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdeh hospitalda aparılan əməliyyat nəticəsində səhhətində yaranan problemlərin müalicəsinə görə çəkilən xərclərlə bağlı ona 10000 (on min) manat zərər dəyməsini sübut edə bilməmişdir. Başqa sözlə, iddiaçının iddiasını əsaslandırdığı hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə iddianın təmin edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəməq qeyd edir ki, iddia təmin edilmədiyindən iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC (“NB LAZUR" Hospitala) qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar