Məhkəmə qərarları › İş №2(009)-731/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-731/2020

05.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-731/2020 05.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdeh, tərcüməçi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin dözülməz təkrar əməlləri nəticəsində dəymiş ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, ünvan 1 mənzil 3/6 ünvanının birinci mərtəbəsində yaşayır. Cavabdeh həmin binanın 2-ci mərtəbəsində yaşayır. 2017-ci ilin yazında vətəndaş Cavabdeh öz mənzilini təmir etməyə başlamışdır. Onun təmirindən sonra isə vanna otağına su axmağa başlamışdır. Bir neçə dəfə qonşusu Cavabdeh evinə su axıdılması barədə xəbərdar etsə də, o buna əhəmiyyət verməyərək onu xoşagəlməz sözlərlə alçaldaraq qovmuşdur. Bu barədə aidiyyatı təşkilatlara müraciət etsə də onun mənzilinə dəymiş ziyanın qarşısını alan məsul şəxs olmamışdır. Hətta qonşuya gedən suyu bağlatdırmaq istədikdə buna icazə verməmişlər. Bu günə qədər evinin tavanında nəmlik, su sızması davam etməkdədir. Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-1025/2018 saylı qətnaməsi ilə iddiası təmin edilərək, Cavabdeh onun xeyrinə 306 manat dəymiş zərərin əvəzi ödənilmişdir. Lakin, Cavabdeh əməlləri bu gün də davam etməkdədir. Evinə hələ də su onun tərəfindən axıdılır. Qonşu kimi onu eşitmək istəmir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, 250 manat məbləğində dəyən ziyanın tutulmasını və tez bir zamanda suyun axıdılmasına səbəb olan halların aradan qaldırılmasına dair göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, sonuncu ekspertiza keçirilməmişdən öncə belə, cavabdeh problemin həmin açarda olduğunu yaxşı bilirdi. Hər dəfə artıq düzəltdiyini bildirsə də, həmin problemi hələ də aradan qaldırmamışdır. 1-ci dəfə keçirilən ekspertizanın rəyi ilə razı deyildir. Cavabdehdən 250 manat pulun, 2-ci dəfə onun öz hesabına keçirilən ekspertiza xərcinin isə yarısının tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, birinci dəfə məhkəmə qətnaməsi əsasında iddiaçıya ödədiyi 306 manat pul məbləği ilə iddiaçı heç bir təmir işi aparmamışdır. Sonuncu dəfə keçirilən ekspertizanın rəyində problemin ümumi xətt üzərində yerləşən açarda olduğu ehtimal olunduğu üçün həmin açarı təmir etdirmişdir. Lakin, ümumiyyətlə onun mənzilindən iddiaçının mənzilinə heç bir şəkildə su axmadığını düşünür. İddiaçının mənzilində olan hamam otağında nəfəslik belə yoxdur, bu səbəbdən də nəmişlik yarandığını düşünür. İddia tələbini qəbul etmədiyini bildirmiş, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan MA seriyalı, ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 4, mənzil 3/6 İddiaçıyevnanın xüsusi mülkiyyətindədir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)- 1025/2018 saylı qətnaməsi ilə Cavabdeh İddiaçıyevnanın xeyrinə 306 (üç yüz altı) manat vurulmuş zərərin əvəzi tutulmuşdur. (qətnamə icra olunmuşdur.) İş materiallarında olan 5 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli aktından görünür ki, Xaqani küçəsi 4 saylı evin, 3/6 saylı mənzilində yaşayan İddiaçı su axıntısı ilə bağlı xx.xx.2020-ci il tarixdə ünvanlandığı ərizəsinə əsasən, mənzilinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, sanitar qovşağın tavanında su axıntısı aşkar edilməmişdir, yalnız nəmişlik vardır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/1594 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 4 saylı evin 11 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, kanalizasiya boru xəttləri) gizli (malaaltı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, cavabdehin mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra, iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən də 3/6 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 4 saylı evin 3/6 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 110,0 manat məbləğində müəyyən edilir. (aparılmış tədqiqatın dəyəri 100 manat) İş üzrə təyin edilmiş “Quru ev” müstəqil ekspertin xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 4 saylı evin 3/6 saylı mənzilin dəhlizində (mətbəx dəhlizdə yerləşir) və sanitariya qovşağının tavanında nəmlik və su sızması izləri aşkar olunmuşdur. Su sızmasının səbəbini aşkar etmək məqsədilə həmin mənzilin üst mərtəbəsində yerləşən mənzilin santexnika sisteminə (sanitar qovşağının su xətləri, sanitar qovşağının kanalizasiya boruları və ümumi su xətti borusunun mənzilə daxil olan hissəsinə) baxış keçirilmişdir. İnspeksiyanı keçirmək məqsədilə termoqrafik görüntü kamerası, akustik avadanlıq və kanalizasiya sistemləri üçün nəzərdə tutulan endoskopik avadanlıqdan istifadə olunmuşdu. Mənzilin kanalizasiya borularında (50 mm və 100 mm diametrli) sızma, daralma yaxud tutulma müşahidə olunmamışdır. Mənzilin ümumi su xəttinin kranı nasaz vəziyyətdə olduğu aşkar olunmuşdu. Belə ki, həmin kran bağlı vəziyyətdə olduqda boru ilə kranın birləşmə hissəsindən su sızır. Bu da öz növbəsində həmin suyun həm kafelin altı ilə divara həmdə kafelin üstü ilə yerə sızmasına səbəb olur. Eyni zamanda, unitazın çıxışında yerləşən 100 mm diametrlik borunun hamamın divarına birləşdiyi yerdə metlax və kafelin arasında boşluq müşahidə olunmuşdur. Ehtimal edilir ki, su həmin boşluqa keçib döşəmənin altına və aşağı mərtəbəyə sızır. İş materiallarında olan ƏİA/4 seriyalı, 756916 saylı, xx xxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçıyevna 80 manat ekspertiza xərcini tam ödəmişdir. İş materiallarında olan 5 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli aktından görünür ki, Xaqani küçəsi 4 saylı evin, 3/6 saylı mənzilində yaşayan İddiaçı ərizəsinə əsasən, mənzilinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, sanitar qovşağın tavanın nəm olması, lakin su axıntısı olmaması aşkar edilmişdir. Bundan başqa üst mərtəbədə yerləşən 11 saylı mənzilin hamam otağına baxış keçirərkən, ümumi su xəttinin su kranının nasaz olduğu aşkar edilmiş və 11 saylı mənzildə yaşayan Cavabdeh bildirilmişdir ki, gələcəkdə su axıntısı baş verməməsi üçün hamam otağının su kranını dəyişdirsin. İş materiallarında olan 5 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli, 220 saylı Cavabdeh ünvanladığı məktubundan görünür ki, ünvana baxış keçirilmiş, sıradan çıxmış su kranı Cavabdeh tərəfindən təmir edilmişdir. Hal-hazırda su kranında axıntı aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə verilmiş ekspertiza rəyi əsas götürülməklə və əvvəlki məhkəmə qətnaməsi ilə əvvəl vurulan ziyan üçün ödənilmiş məbləğ (təmir işinin aparılmaması) nəzərə alınmaqla iddia qismən təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalı, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı, müstəqil ekspertə iddiaçı tərəfindən ödənilən 80 (səksən) manatın 40 manatı və ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaitinin 50 manatı da cavabdehdən tutulmalıdır. Beləliklə, iş üzrə toplanmış sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehin mənzilinə gələn su kranının birləşmə hissəsindən su sızması nəticəsində iddiaçının mənzilinə dəymiş 110 (yüz on) manat ziyan və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı, müstəqil ekspertə iddiaçı tərəfindən ödənilən 80 (səksən) manatın 40 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 50 manatı iddiaçıdan, 50 manatı isə cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 110 (yüz on) manat vurulmuş zərərin əvəzi və iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaitinin 50 manatı İddiaçı və 50 manatı Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) köçürülsün. İddiaçı tərəfindən ödənilmiş xüsusi cihazla keçirilən (X2) 80 manat ekspertiza xərcinin 40 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar