Məhkəmə qərarları › İş №2(009)-733/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-733/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-733/2021 16.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məmmədli Kənan Fuad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1932 manat əsas, 580 manat cərimə borcu, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2542 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********71280 iPhone 11 Pro markalı telefon almış və nəticədə 2512 manat borc yaranmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh alğısatqı qiyməti 3030 manat (yəni 6 ay x 322 manat + 1098 manat) olan İMEİ kodu **********71280 iPhone 11 Pro markalı telefon üçün 2512 manat olmaqla, ondan 1932 manat ödənilməmiş hissə, 580 manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1098 manat təşkil etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə adı çəkilən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC-dən 972 manat məbləğində əşya əldə etmiş və 6 ay müddətinə aylıq 322 manat olmaqla ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC -nin xx.xx.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1932 manat məbləğində ödənilməmiş, 580 manat cərimə, ümumilikdə isə 2512 manat borcu yaranmışdır. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən aydın olur ki, cavabdeh tərəfindən ödəniş hər ay 322 manat olmaqla xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həyata keçirilməli idi. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə uyğun olaraq məhsulu tam qüsursuz olaraq təhvil almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli bildirişə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh ödənilməmiş borcla bağlı, eyni zamanda bu borcun ödənilməyəcəyi halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar edilmişdir. Ödəniş qəbzi (№ 727318118) və ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC təfindən cavabdehə 3030 manat məbləğində əşya verilməli, alıcı isə bu məbləği hər ay 322 manat olmaqla 6 ay müddətində və qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020ci il tarixli bildiriş və təhvil-təslim aktından göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış müqavilə üzrə müəyyən olunmuş məbləğdə olan əşya cavabdehə verilmiş, cavabdeh isə ödəməli olduğu məbləği ödəməkdən yayınmış və nəticədə onun İddiaçı MMC-yə 1932 manat ödənilməmiş borcu yaranmışdır. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 425.1ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən müqavilənin şərtlərinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, müqavilə üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. İddiaçının cərimə tələbi ilə bağlı məhkəmə bildirir ki, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 1932 manat əsas borca görə 580 manat cərimə (dəbbə pulu) tənasübsüz sürətdə yüksək məbləğdir. Odur ki, tərəfin əmlak mənafeləri nəzərə alınmaqla cavabdehdən xx.xx.2020-ci il tarixli müqavilə üzrə 190 manat cərimə tutulmalı, həmin tələb qalan hissədə rədd edilməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, məhkəməyə müraciət etmək üçün iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərcin 20 manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1932 (min doqquz yüz otuz iki) manat əsas, 190 (yüz doxsan) manat cərimə borcu, ümumilikdə 2122 (iki min yüz iyirmi iki) manat borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1932 (min doqquz yüz otuz iki) manat əsas, 190 (yüz doxsan) manat cərimə borcu, ümumilikdə 2122 (iki min yüz iyirmi iki) manat borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar