Məhkəmə qərarları › İş №2(009)-743/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-743/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-743/2021 11.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi A.M.Ağazadə-Bayramlının, Cavabdeh iştirakları ilə İddiaçı «xxxx» ASC-nin Cavabdeh Nurəmməd qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh Nurəmməd qızına qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “xxxx” ASC ilə “xxxx” ASC arasında imzalanmış “Kredit müqavilələri üzrə tələb hüququnun ötürülməsinə dair” xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən “xxxx” ASC-nin Cavabdeh Nurəmməd qızına qarşı olan tələb hüququ mövcud olduğu həcmdə “xxxx” ASC-yə güzəşt edilmişdir. “xxxx” ASC-nin “Nəsimi” filialı ilə mərhum X6 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 06-xx-xx-063162 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 60 ay müddətinə illik 29 faiz dərəcəsi hesablanmaqla 3323 manat məbləğində kredit verilmişdir. X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bakı şəhəri 3 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2020-ci il tarixli 1374 saylı məktubu ilə müəyyən edilmişdir ki, X1 adına vərəsəlik işi açılmış və mərhumun yeganə vərəsəsi olan ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh Nurəmməd qızına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən X3 Banka ödənilməmiş 2052,77 manat əsas borcu qalmışdır.Cavabdeh Nurəmməd qızı qalmış miras qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın “xxxx” ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Göstərilənləri nəzərə alaraq X1 vərəsəsi Cavabdeh Nurəmməd qızından iddiaçı “xxxx” ASC-nin 2052,77 manat əsas borc, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X4 qızı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, “xxxx” ASC-nin bağladığı kredit müqavilələrinin hamısında sığorta müqaviləsi mövcud deyil. Sığorta müqaviləsi olan işlərlə bağlı onlar məhkəməyə deyil ,sığorta təşkilatlarına müraciət edib və kredit üzrə yaranmış borcu alırlar. Cavabdehin həyat yoldaşı ilə bağlanılan kredit müqaviləsi üzrə isə tərəflər arasında sığorta müqaviləsi bağlanılmamışdır və mövcud deyil. Bu səbəbdən məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh Nurəmməd qızı iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, həyat yoldaşı vəfat etdikdən sonra o banka getmiş, hyat yoldaşının vəfat etməsini bildirmiş və ona demişlər ki, həyat yoldaşının banka olan borcunu sığorta təşkilatı ödəyəcəkdir. Dəfələrlə banka müraciət etsə də, arxiv materiallarından həmin sığorta müqaviləsiqnin surəti onlara təqdim edilməmişdir. Hesab edir ki, həyat yoldaşı Nürəddin Musayevin banka olan borcu sığorta təşkilatı tərəfindən ödənilməli olduğundan ona qarşı qaldırılan iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə “xxxx” ASC ilə “xxxx” ASC arasında bağlanılmış xx.xx.2016-cı il tarixli kredit müqavilələri üzrə tələb hüquqların ötürülməsinə dair müqavilədən görünür ki, bu müqavilə üzrə yalnız “xxxx” ASC-yə 15.000 manat məbləğədək borc öhdəliyi olan borcalanlardan həmin borcun tələb edilməsi ilə bağlı tələb hüquqları “xxxx” ASC-yə ötürülmüşdür. İş üzrə “Borcverən” qismində «xxxx» ASC ilə “Borcalan” qismində X6 arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, 06-xx-xx-063162 saylı kredit müqaviləsinə əsasən Bank Borcalana istehlak məqsədilə 60 ay müddətinə olmaqla xx.xx.2021-cı il tarixədək qaytarmaq şərti ilə, illik 29% ödəmək şərti ilə 3323 manat məbləğində kredit vermişdir. İş üzrə “xxxx” ASC tərəfindən X5 ünvanlanmış xx.xx.2016-cı il tarixli bildirişindən görünür ki, “xxxx” ASC “Nəsimi” filialının ilə Nürəddin Musayev arasında 06-xx-xx-063162 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunan kredit müqaviləsinə görə N.Musayevə 60 ay müddətinə ödəmək şərti ilə 3323 manat məbləğində təqaüdçü krediti verilmişdir. “xxxx” ASC ilə “xxxx” ASC arasında imzalanmış “Kredit Müqavilələri üzrə Tələb Hüquqlarının Ötürülməsinə dair” xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən “xxxx” ASC-nin N.Musayevə qarşı olan tələb hüququ mövcud olduğu həcmdə “xxxx” ASC-yə güzəşt edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193.1-ci maddəsinin tələblərinə əsasən müəyyən edilir ki, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ olan sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinin tələblərinə əsasən müəyyən edilir ki, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyinə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Odur ki, yuxarıda şərt edilənlərə əsasən N.Musayevə təqdim etməklə nəzərinə çatdırmaq istəyirlər ki, 06-xx-xx-063162 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən “xxxx” ASC-yə qarşı mövcud olan borc öhdəliyini bu bildirişin N.Musayevə təqdim edildiyi andan etibarən “xxxx” ASC qarşısında icra etməlidir. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X6 xx.xx.2019-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 69 No ilə qeyd edilmişdir. İş üzrə 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən “xxxx” ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu ildə vəfat etmiş X3 adına vərəsəlik işi açılmışdır. Mərhumun yeganə vərəsəsi Cavabdeh Nurəmməd qızına (ünvan 1 ünvanında qeydiyyatda olan, d/t: xx.xx.1959) xx.xx.2019-cu ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş üzrə «xxxx» ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən X3 xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə borcu 2052,77 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “xxxx” ASC-nin Nəsimi filialı ilə X6 arasında xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi bağlanlmış və həmin müqavilə üzrə N.Musayevə 60 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə 3323 manat kredit verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, N.Musayev xx.xx.2019-cu il tarixdə vəfat etmiş və onun kredit müqaviləsi üzrə ödənilməmiş 2052,77 manat öhdəliyi qalmışdır. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, “xxxx” ASC ilə “xxxx” ASC arasında xx.xx.2016-cı il tarixdə kredit müqavilələri üzrə tələb hüquqların ötürülməsinə dair müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən “xxxx” ASC-yə 15.000 manat məbləğədək borc öhdəliyi qalan borcalanlara qarşı tələb hüququ “xxxx” ASC-yə ötürülmüşdür. AR Mülki Məcəllənin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Məhkəmə hesab edir ki, “xxxx” ASC-nin N.Musayevlə bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun tələb hüququ iddiaçıya güzəşt olunduğu üçün, iddiaçı həmin müqavilə üzrə yaranmış borcun tələb etməyə subyektiv hüququ var. Məhkəmə hazırki tələb üzrə kredit alan N.Musayevin vərəsəsi Cavabdehlik daşımasına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, kredit alan Nürəddin Musayev xx.xx.2019-cu il tarixdə vəfat etmişdir və onun ölümündən sonra Cavabdeh miras qoyana mülkiyyət hüququ ilə məxsus olan miras əmlakı – Bakı şəhəri, S.Məmmədov küçəsində yerləşən 12 saylı evin 10 saylı mənzili qəbul etmişdir. AR Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, AR Mülki Məcəllənin 470, 472, eləcə də 1146 ,1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, Cavabdeh kredit alan və mərhum Nürəddin Musayevin vərəsəsi kimi ondan miras qalmış əmlakı qəbul etdiyi üçün və həmin əmlakın dəyəri mərhumun bank qarşısında olan öhdəliyin həcmindən kifayət qədər böyük olduğu üçün, Cavabdeh hazırki tələb üzrə cavabdehlik daşıyan şəxsdir. Bu səbəbdən də iddiaçı hazırki tələblə Cavabdeh qarşı çıxış etməkdə tam haqlı hesab edilməlidir. Beləliklə Cavabdeh kredit müqaviləsi üzrə borclu olan N.Musayevin öhdəliklərinə görə cavabdehliyi qanunla müəyyən olunduğu üçün və iddiaçı tələbin sahibi kimi həmin borcu cavabdehdən tələb etməkdə tam haqlı olduğun üçün, irəli sürülmüş iddia tələbi əsaslı hesab ediməli və təmin edilməlidir. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcun sığorta təşkilatı tərəfindən ödənilməli olması barədə dəlilləri üzrə qeyd edir ki, belə bir müqavilənin mövcudluğu barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, həmin dəlillər əsaslı hesab edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 30 manat və bank xidmət haqqının əvəzi kimi 0,40 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. X1 vərəsəsi Cavabdeh Nurəmməd qızından «xxxx» ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli 06xx-xx-063162 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalmış 2052,77 manat əsas borc, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat və 0,40 manat xidmət haqqı, cəmi 2083,17 (iki min səksən üç manat on yeddi qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar