Məhkəmə qərarları › İş №2(009)-757/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-757/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-757/2024 18.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh kreditor İddiaçı ASC-nin xeyrinə 3604.92 ABŞ dolları əsas və 565.69 ABŞ dolları faiz borcunun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2874/2015 saylı, 27 iyul 2015-ci il tarixli əmrinə əsasən Cavabdeh İddiaçı ASC xeyrinə 3604.92 ABŞ dolları əsas, 565.69 ABŞ dolları faiz borc ödəni günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. Cavabdeh əmrə etiraz ərizəsini məhkəməyə ünvanlayaraq onun ləğv edilməsini və ərizəyə iddia icraatı qaydasında mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(009)- 2874/2015 qərardadı ilə məhkəmənin 27 iyul 2015-ci il tarixli, 2(009)-2874/2015 saylı əmrinin ləğv edilməsi və tələbə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli Nagd pul lahiyəsi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 28% olmaqla 4000 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda borclu “ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələd edə bilər. 13 mart 2024-cü il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, hal-hazırda Cavabdeh İddiaçı ASC-yə 2112.35 ABŞ dolları məbləğində əsas borcu vardır. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2112.35 ABŞ dolları əsas borcun tutulması barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli Nağd Pul Layihəsi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə illik 28% olmaqla 4000 ABŞ dolları məbləğində kredit vermişdir. Şəxs ödəniş cədvəlinə əsasən hər ay 165,45 ABŞ dolları ödəməli olduğu halda cəmi 3 ay ödəniş etmiş və kredit ödənişi ödəməkdən qərəzli olaraq yayınmışdır. Nəticədə Bank müqavilə üzrə borcun icra olunması məqsədilə ərizə ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-2874/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinə əsasən Cavabdeh 3604,92 ABŞ dolları əsas, 565,69 ABŞ dolları faiz borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan Manatı ilə pul vəsaiti və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq banka ödənilməsi qəbul edilmişdir. Tərəf məhkəmə qərarını könüllü icra etməkdən boyun qaçırması səbəbindən borc tələbi məcburi icra tədbiri olaraq, icra məmuru tərəfindən borclunun pensiyasına yönləndirilmişdir və cavabdehin pensiyasından tutulma aparılmışdır. Hazırki iş üzrə tutulma nəticəsində 2058.26 ABŞ dolları dəyərində pul vəsaiti ödənilmiş və qalıq borc təqdim etdikləri maliyyə arayışına uyğun olaraq 2112.35 ABŞ dolları təşkil edir. Cavabdeh etiraz ərizəsində qeyd edir ki, kredit götürdüyü məbləğ 4000 dollar olmuş və həmin dövrün məzənnəsi ilə 4000 dollar 3120 manat təşkil etmişdir. Daha sonra dollar iki dəfə bahalaşmış, nəticədə cari günün dollar məzənnəsi 1 USD=1.70 AZN dəyərində hesablanmışdır. Səbail rayon Məhkəməsinin 2(009)-2874/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmrində borcun geri qaytarılması Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan Manatı ilə müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Plenum qərarında xarici valyutada olan kredit borcunun geri qaytarılmasına dair ətraflı şərh verilmişdir. Qərarda qeyd olunur ki, Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur; -manat ödəniş vasitəsi ilə yanaşı, fiziki obyekt kimi əşya hesab edilir (Mülki Məcəllənin 135.1-ci maddəsi); -xarici valyuta həmçinin əşya olmaqla, sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər (Mülki Məcəllənin 135.1 və 136.1-ci maddələri); - kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) müqavilənin predmetini təşkil etməklə, ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir (Mülki Məcəllənin 739.1-ci maddəsi). Qərarın nəticə hissəsində qeyd olunur ki, - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Bütün bunları nəzərə alaraq, Bankın kredit müqaviləsi üzrə borc tələbinin icrasını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun qaydada tələb etməsi və məhkəmə tərəfindən müvafiq qərar qəbul edilməsi tam hüquqi əsaslıdır. Cavabdeh etiraz ərizəsində bildirir ki, dollar kreditində onun kredit borcu əhəmiyyətli dərəcədə azalmalı idi. Kredit borcunun hansı səbəbdən azalmalı olduğunu isə əsaslandırmır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanın 1-ci bəndinə əsasən, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi. Azərbaycan Respublikası Mərkəzi Bankından elektron müraciət əsasında əldə etdikləri məlumata əsasən, Cavabdeh 3 bankda 5 kredit borcu olmuşdur, cavabdehə dövlət tərəfindən hesablanmış geri qaytarılmalı olan kompensassiya məbləği ümumilikdə 1491.46 manat olmuşdur. Həmin kompensassiya məbləği kredit borclarına mütənasib qaydada bölünərək borc hesablarına yönləndirilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən hazırki mübahisə olunan borc hesabına köçürülmüş kompensassiya məbləği 683.64 manat olmuşdur və həmin vəsait xx.xx.2019-cu il tarixində həmin günün valyuta məzənnəsinə uyğun olaraq 683,64 x 1,70 = 402.14 ABŞ dolları kimi hesaba mədaxil edilmişdir. Fərmanın 6.1-ci maddəsinə əsasən, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsi bağlanması tövsiyə xarakteri daşımışdır. Fərmanın şərtlərində də aydın görünür ki, Bankın problemli kreditləri olan müştərilərini rəsmi qayda, poçtla və ya digər hər hansı üsulla məlumatlandırılması bank qarşısında öhdəlik kimi qoyulmamışdır. İkinci bir hal da ondan ibarətdir ki, təqribən 300000-dən (üç yüz mindən) çox problemli müştərinin banka dəvət olunması ilə əlaqədar onlara rəsmi bildiriş məktubu göndərilməsi həm fiziki, həm də maliyyə baxımından mümkün deyildir. Belə olan halda problemli kreditin yenidən rəsmiləşdirilməsi ilə bağlı vətəndaşın rəsmi məlumatlandırılmasını bankın üzərinə öhdəlik kimi qoymaq hüquqi baxımdan ədalətli olmazdı. Bununla belə, kütləvi informasiya vasitələrində, xəbər saytlarında, sosial şəbəkələrdə dövlət səviyyəsində Azərbaycan Respublikası Mərkəzi Bankı və banklar tərəfindən problemli kreditlərin yenidən rəsmiləşdirilməsi ilə bağlı vətəndaşların banklara yaxınlaşması elan olunmuşdur. Cavabdeh dollar kreditinin restrukturizasiyası ilə əlaqədar olaraq, bildiririk ki, bankın əməkdaşları tərəfindən ***-***-**-** nömrəsinə əlaqə saxlayaraq cavabdehin özünə, 055 *** ** ** nömrəsi ilə oğlu Səidə, 012 *** ** ** şəhər nömrəsi ilə qardaşı Elxana məlumat verilərək, Cavabdeh kredit borcunun yenidən rəsmiləşdirilməsi üçün banka yaxınlaşması dəfələrlə təklif olunmuşdur. Bütün bunlara baxmayaraq, tərəf 2019-cu ildə banka yaxınlaşmamışdır və kreditin yenidən rəsmiləşdirilməsini istəməmişdir. Cavabdeh Səbail Rayon Məhkəməsinin 2(009)-2874/2015 saylı xx.xx.2015-ci il tarixli məhkəmə əmrindən tam məlumatlı olmuşdur. Cavabdeh barəsində məhkəmə əmrinin olmasından tam məlumatlı olmuşdur. Cavabdehin hazırki kreditdən əlavə kredit borcları olmuşdur, hazırki borcdan əlavə Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-2954/2018 saylı xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə əsasən cavabdehin İddiaçı ASC-yə 1681.93 manat borcu olmuş, həmin borc tələbi onun pensiyasına yönləndirilmiş və tutulma aparılmışdır. Həmin borc üzrə 3 dəfə tutulma aparılmış, sonra borc tələbi icra məmuru tərəfindən hazırki borcuna yönləndirilmişdir. xx.xx.2023-cü il tarixindən hazırki borc üzrə tutulma aparılmışdır. Yuxarıda göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə iddia tələbinə dair etirazını ünvanlayaraq bildirmişdir ki, o ölkəmizdə bas verən ikiqat maliyyə devolvasiyasından əvvəl İddiaçı 4000 ABŞ dolları (kreditin dollarla götürülməsi onun təşəbbüsü deyil, böyük ehtimalla bank əməkdası ölkədə devolvasiya olacağından xəbərdar olub və gözlənilən ziyanın banka yox, vətəndasa yüklənməsinə zəmin yaratmaq məqsədi ilə krediti dollarla rəsmiləşdirib) kredit götürmüsdür. Krediti bir müddət qrafikə uygun verə bilsə də, sonralar maliyyə çətinliyi səbəbindən kreditin qalan hissəsini verə bilməmişdir. Hal-hazırda Sabunçu rayon icra söbəşi Səbail rayon məhkəməsinin 27 iyul 2015-ci il tarixli birmənalı şəkildə ədalətsiz hesab olunmalı qərarına uygun olaraq 898 manat pensiyasının 50%-ni tutaraq İddiaçınun hesabına köçürür. O, banka borcunun olduğunu qəbul edir və həmin borc yuxarıda qeyd etdiyi kimi Sabunçu rayon icra söbəsi tərəfindən tutularaq bankın hesabına köcürülür. Lakin məhkəmə qərar qəbul edərkən yalnız İddiaçınun mənafelərini qoruyaraq qərar qəbul edib, ona görə də, o, bu qərara etİraz edir ve hesab edir ki, məhkəmə aşağıda qeyd etdiyi xüsusatları tam arasdırmamış və məhkəmə qərarını yalnız bankın verdiyi yalnış məlumatlar əsasında qəbul etmisdir. Ona gorə də, həmin qərarı ona qarsı ədalətsizliklərlə müşahidə olunmuş qərar hesab edib asagıda qeyd etdiyi xüsusatları qeyri-sərtsiz nəzərə alaraq onun İddiaçıya bu günə olan borcunun tam dəqiqləşdirilməsi və İddiaçınun ona aid etdiyi yanlış borcların ləgv edilməsinə dair yeni və ədalətli qərar qəbul edilməsni xahis edir. İddiaçı tərəfindən ona qarşı edilən ədalətsizlikləri məhkəmənin nəzərinə catdırır: Götürülən kreditin məbləği 4000 ABŞ dolları x 0,78 AZN = 3120 AZN olduğu halda, İddiaçı ondan 4170 ABŞ dolları x 1,70 AZN = 7089 AZN odəməyi tələb edir. Bu o deməkdir ki, bankın ona astranomik faizlə (28 %-lə) kredit rəsmiləşdirdiyi bəs deyilmiş kimi, ondan verdiyi kreditden 7089 AZN - 3120 AZN = 3969 AZN artıq vəsait odəməyi tələb edir. Krediti 1 ABŞ dolları = 0,78 AZN-lə rəsmiləsdirib, tutulmanı 1 ABŞ dolları = 1,70 AZN-lə icra edir, ölkədə baş vermiş ikiqat devolvasiyanın günahkarı odur? Dollar kreditləri ilə bağlı ölkə başçısının fərmanına uyğun olaraq bank onun götürdüyü 4000 ABŞ dolları kreditə də restrukturizasiya tətbiq edib onun borcunu nəzərə çarpacaq dərəcədə azaltmalı idi, lakin bank bunu da etməyib. Yuxarıda qeyd etdiyi dəlilləri nəzərə alaraq, onun İddiaçıya borcu barədə və pensiyasından tutulmaların dayandırılması barədə ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 08 sentyabr 2014-cü il tarixli, CC/36687/44/18 nömrəli kredit sazişindən görünür ki, borclu Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli Nagd pul lahiyəsi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 28% olmaqla 4000 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan 1 nöməli ödəniş cədvəlindən görünür ki, Cavabdeh borcunu ödəməyə xx.xx.2014-cü il tarixdə başlamalı, hər ay 165.46 manat ödəməklə, xx.xx.2017-ci il tarixdə bitirməli idi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləsinə əsasən İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixinə 2112,35 manat əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən,icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, borclu Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli Nagd pul lahiyəsi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 28% olmaqla 4000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və onun borcu yaranmışdır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli qərarında izah etmişdir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Həmin Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq iddiaçı ilə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilələr əsasında öz üzərinə kredit borcunun ödənilməsi üzrə öhdəlik götürmüşdür. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddiaçı bankın kredit müqaviləsi üzrə borc tələbinin icrasını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun qaydada tələb etməsi əsaslıdır. Məhkəmə iclasında eləcə də, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 3 bankda 5 kredit borcu olmuşdur, cavabdehə dövlət tərəfindən hesablanmış geri qaytarılmalı olan kompensassiya məbləği ümumilikdə 1491.46 manat olmuşdur. Həmin kompensassiya məbləği kredit borclarına mütənasib qaydada bölünərək borc hesablarına yönləndirilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən hazırki mübahisə olunan borc hesabına köçürülmüş kompensassiya məbləği 683.64 manat olmuşdur və həmin vəsait xx.xx.2019-cu il tarixində həmin günün valyuta məzənnəsinə uyğun olaraq 683,64 x 1,70 = 402.14 ABŞ dolları kimi hesaba mədaxil edilmişdir. Cavabdeh dollar kreditinin restrukturizasiyası ilə əlaqədar olaraq, kredit borcunun yenidən rəsmiləşdirilməsi üçün banka müraciət etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyinə 2112,35 (iki min yüz on iki ABŞ dolları 35 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borcu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyinə 2112,35 (iki min yüz on iki ABŞ dolları 35 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borcu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar