Məhkəmə qərarları › İş №2(009)-76/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-76/2021

07.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-76/2021 07.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 6500 manat məbləğində ona dəyən zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti aparatı Mənzil Kooperativi təsərrüfatı idarəsinin 13 noyabr 1998-ci il tarixli 316 saylı sərəncamına əsasən Bakı şəhəri, ünvan 1, mənzil 48 ünvanında yerləşən 4 otaqlı mənzil ona məxsusdur. Həmin mənzildə ailə üzvləri ilə birgə yaşayır, mənzil 7-ci mərtəbədə yerləşir. Cavabdehə məxsus olan 50 saylı mənzil isə üst, yəni 8-ci mərtəbədə yerləşir və həmin mənzildən mütəmadi olaraq onun mənzilinə su axıdılır. Bunun qarşısını almaq üçün dəfələrlə cavabdehə, MTK və Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Nəticədə onun mənzilinin mətbəxi, dəhlizi, hamam otağı və 2 yaşayış otağı yararsız vəziyyətə düşərək 6500 manat məbləğində zərər dəymişdir. Bu barədə 45 saylı MTK tərəfindən müvafiq akt tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 50 nömrəli mənzil ona məxsusdur. O, həmin mənzildə yaşamır və hal-hazırda o, mənzili kirayə vermişdir. Özü isə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən mənzildə üç əlil ailə üzvü ilə birlikdə yaşayır, qeydiyyatı da həmin mənzilədir. Hazırki iş üzrə iddiaçı mənzilinə su sızması ilə bağlı ona müraciətlər etmiş, lakin o, su sızmasının onun mənzilindən olmadığını iddiaçıya bildirmişdir. Bununla bağlı usta çağırmış, usta ilə gəlib baxış keçirmiş və su sızmasının onun mənzilindən olmadığını bildirmişdir. Sonuncu dəfə mərkəzi istilik sistemi işə salınmış, lakin ona xəbərdarlıq edilməmiş, nəticədə su sızması baş vermişdir. Onu xəbərdar etsə idilər su sızmasının qarşısını almaq üçün bir tədbir görərdi. Belə ki, mərkəzi istilik sistemindən su təzyiq ilə verilmiş, nəticədə o, da zərər çəkmişdir. Göstərənləri nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti aparatı Mənzil Kooperativ Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 13.11.1998-ci il tarixli 316 nömrəli sərəncamın surətindən görünür ki, Bakı şəhəri, ünvan 1, mənzil 48 ünvanında yerləşən 4 otaqlı mənzil İddiaçı sərəncamına verilmişdir. İş materiallarında olan 45 saylı MTK tərəfindən verilmiş 09.01.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, ünvan 1, mənzil 48 ünvanında ailəsi ilə birgə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, 504-cü Məhəllə, Mətbuat prospekti, 2 saylı evin 50 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 23.04.2014-cü il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan 45 saylı MTK-nın sədri E.Hacıyev və 48 saylı mənzilin sahibi İddiaçı tərəfindən imzalanmış 14.11.2019-cu il tarixli Aktdan görünür ki, 14.11.2019-cu il tarixində, saat 17:30 radələrində 8-ci mərtəbədəki 50 nömrəli mənzildən aşağı mərtəbədə olan 48 nömrəli mənzilə su axıdılması nəticəsində həmin mənzilin dəhlizinə, hamam otağına və 2 yaşayış otağına ziyan dəymişdir. Hadisə zamanı 50-ci mənzildə kirayədə qalan xarici ölkə vətəndaşları evdə olmadıqları üçün qonşular özləri suyun ana xətlərini bağlanmasına nail olmuşlar. Qəza yerinə özünü çatdıran ev sahibi Maxruq xanım üzərində evin açarı olmaması səbəbindən evə daxil ola bilməmiş, yalnız kirayədə yaşayan xarici vətandaşların gəlməsindən sonra məsələyə aydınlıq gətirilməsini xahiş etmişdir. Nəticədə 48 nömrəli mənzilin sahibi İddiaçı, 45 saylı MTK-nın sədri və 50 nömrəli mənzilin sahibi Maxruq xanımın iştirakı ilə mənzilinə baxış keçirilmişdir. Baxış zamanı 50 nömrəli mənzilin kiçik otağında olan mərkəzi istilik sistemin düzgün quraşdırılmadığını və radiatorun vintellərinin sıxılmaması nəticəsində sözügedən mənzili su basmışdır. Eyni zamanda, zərər dəymiş mənzildə keçirilən baxış zamanı mənzilin tavanından suların axılması 5-6 saat davam etmişdir ki, bu da mənzilə ciddi ziyan vurmuşdur. Həmçinin qeyd edir ki, binanın istiliklə təmin edilməsinə hazırlıq və suların sistemə vurulması barədə "xxxx" ASC tərəfindən xəbərdarlıq məktubu hər girişin qapısına hər il o cümlədən bu il də vurulmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2ci maddəsi). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Qanunun mənasına görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərərin əvəzini tam həcmdə ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən cavabdehə məxsus 50 saylı mənzilindən su sızması nəticəsində həmin ünvan üzrə iddiaçıya məxsus 2 saylı evin 48 saylı mənzilinə su sızması hallarına yol verildiyi üçün iddiaçının mənzilinə maddi ziyan vurulmuşdur. Belə ki, mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 07.09.2021-ci il tarixli 10/1930 saylı rəyindən görünür ki, qeyd olunan ünvanda yerləşən 50 saylı mənzilə baxış keçirilən zaman mənzildə yerləşən istilik radiatorlarına birləşən plastik borulardan suyun sızdığı müəyyən olunmuşdur. Mülki iş materiallarında olan 48 saylı mənzilin sahibi İddiaçı və 45 saylı MTK-nın sədri E.Hacıyevin tərtib etdikləri aktı və 48 saylı mənzildə yaranan qüsurları nəzərə alaraq 48 saylı mənzilə suyun 50 saylı mənzildən sızdığı müəyyən olunmuşdur. Bakı şəhəri, Səbail rayonu, İzzət Nəbiyev küçəsi, (keçmiş Mətbuat Prospekti) 504-cü məhəllədə yerləşən 2 saylı evinin 48 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 1007,8 (min yeddi manat səksən qəpik) manat olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Müvafiq ekspert rəyi ilə Bakı şəhəri, Səbail rayonu, İzzət Nəbiyev küçəsi (keçmiş Mətbuat Prospekti), 504-cü məhəllədə yerləşən 2 saylı evinin 50 saylı mənzilindən suyun sızması, həmçinin Bakı şəhəri, Səbail rayonu, İzzət Nəbiyev küçəsi, (keçmiş Mətbuat Prospekti) 504-cü məhəllədə yerləşən 2 saylı evinin 48 saylı mənzilində su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1007,8 (bir min yeddi manat səksən qəpik) manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edilən ekspert rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə ekspert rəyini və məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutları tədqiq edərək, iddiaçıya məxsus olan Bakı şəhəri, Səbail rayonu, İzzət Nəbiyev küçəsi (keçmiş Mətbuat prospekti), 504-cü məhəllə, 2 saylı evin 48 saylı mənzilinə cavabdehə məxsus üst mərtəbədə yerləşən 50 saylı mənzildən suyun sızması halının baş verməsi qənaətinə gələrək hesab edir ki, vurulmuş zərərin əvəzi olaraq Cavabdeh İddiaçı xeyrinə ekspert rəyi ilə müəyyən edilmiş 1007,8 (bir min yeddi manat səksən qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manatdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti texniki ekspertizasının dəyəri olan 50 (əlli) manatın 20 (iyirmi) manat hissəsi Cavabdeh, 30 (otuz) manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 1007,8 (bir min yeddi manat səksən qəpik) manat pul vəsaiti tutulub İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti texniki ekspertizasının dəyəri olan 50 (əlli) manatın 20 (iyirmi) manat hissəsi Cavabdeh, 30 (otuz) manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehbvurulmuş maddi zərərin əvəzi olaraq 1007,8 (bir min yeddi manat səksən qəpik) manat pul vəsaiti tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti texniki əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 (əlli) manatın 20 (iyirmi) manat hissəsi Cavabdeh, 30 (otuz) manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar