Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-762/2021 08.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçılar İddiaçı4, İddiaçı1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, İddiaçı4 ünvan 1 ünvanında yerləşən evi X4 rəsmi nikaha daxil olaraq almış və həmin evdə yaşamışdır. 1989-cu ildən qeydiyyatdadır. Sonradan xx.xx.1994-cü il tarixdə X10 ilə boşanmış və həmin evdə o, yaşamışdır. Ondan sonra qardaşı Namiq və həyat yoldaşı Cavabdeh yaşamağa yerləri olmadığına görə ünvan 1 ünvanına gətirmişdir və bir yerdə yaşamışlar. 2005-ci ilin fevral ayından İddiaçı1 ilə rəsmi nikaha daxil olmuşdur və bu nikahdan xx.xx.1994-cü ildə İddiaçı3, xx.xx.2000-ci il təvəllüdlü İddiaçı2 anadan olmuşdur. Hal-hazırda onun həyat yoldaşı və uşaqları Şəmkir rayonu Qaracəmirli kəndində qeydiyyatdadırlar. Cavabdeh həyat yoldaşı və uşaqlarını onun qeydiyyatda olduğu ünvan 2 ünvana qeydiyyata götürülməsinə razılıq vermir və onları evə buraxmır. ünvan 3İS-də verilmiş xx xxxxxx 2021-ci il tarixli 1 saylı arayışdan görünür ki, o, ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-dən verilmiş arayışdan da bu təsdiq edilir. Özü ünvan 2 ünvanında qeydiyyatda olmasına baxmayaraq, ailə üzvləri İddiaçı2, İddiaçı3, həyat yoldaşı İddiaçı1 Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olduqlarından çoxlu problemlərlə üzləşir. Göstərilənləri nəzərə alaraq iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4 ünvan 2 ünvanına köçürülməsi və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında izahatı alınmış İddiaçı4 iddia tələbini tam müdafiə edərək öz izahatında göstərmişdir ki, 1989-cu ildə mərhum atası Mətanətin əri onun qardaşı Namiq üçün Bakı şəhərində ev almaq niyyətində olmuşdur. Həmin vaxt Namiqin ailəsində narazılıqlar olurdu, o və Namiq Bakıda kirayədə yaşayırdılar. İki evə baxmış, Lyubanın evini bəyənmişlər. Həmin evə görə Lyubaya 5000 manat pul verilmiş, onun 1000 manatı atası, 2000 manatını o, digər 2000 manatını isə atası Mətanətin qardaşından borc kimi almışdır. 1989-cu ilin avqust-sentyabr ayında Lyubanın pulu verilmiş, o Lyuba ilə nikaha girmiş və həmin evə qeydiyyata düşmüşdür. Atası demişdir ki, “ev 3 otaqlıdır, pulun bir hissəsini sən vermisən, bir otaqda sən, iki otaqda isə Namiq ailəsi ilə birlikdə yaşasın”. O bir otağa köçüb yaşamış, Lyuba qardaşını ailəsi ilə birlikdə evə buraxmamış və demişdir ki, o getdikdən sonra gələ bilərlər. 1989-cu ilin dekabr ayında Lyuba Bakıdan köçüb getmiş, Namiq ailəsi ilə iki otağa köçmüş, o isə bir otaqda yaşamışdır. 1990-cı ildən işləmək üçün Rusiyaya getmişdir. Bakıya gələrkən həmin bir otaqda qalmışdır. 1994-cü ildə ailə qurmuş, ailəsi ilə birlikdə Rusiyada yaşamış və 2010-cu ildə Bakıya qayıtmışdır. Bakıya glməmişdən əvvəl qardaşı Namiqə zəng edərək demişdir ki, o daimi yaşamaq üçün Bakıya qayıdır, ailəsi ilə birlikdə bir otaqda qalacaq. Bakıya gələrkən Mətanət onun ailəsini həmin otağa qoymamış, qızının cehizini həmin otağa yığdıqlarını bildirmiş, buna görə müvəqqəti olaraq əmisi oğlunun evində yaşamışlar. Sonra qaynının maddi köməkliyi ilə sənədsiz ev almışlar, hazırda qaynı həmin evi satıb pulun qaytarılmasını tələb edir. Bu səbəbdən qeydiyyatda olan evə ailəsi ilə birlikdə köçüb yaşamaq istəyir. Məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı1 iddia tələbini tam müdafiə edərək öz izahatında göstərmişdir ki, 1994-cü ildə Əliyarla ailə həyatı qurmuşdur. Elçilər gələrkən onlara bildirmişlər ki, Əliyarın Bakıda evi vardır. Əliyar Rusiyada işlədiyi üçün onlar toydan sonra bir müddət mübahisəli evin bir otağında yaşamışlar və sonra Rusiyaya getmişlər. 2010-cu ilə qədər Bakıya gəlib gedərkən həmin otaqda qalmışlar. 2010-cu ildə Bakıya daimi yaşamaq üçün qayıdarkən Mətanət onları mənzilə buraxmamış, buna görə də onun qardaşının maddi köməkliyi ilə sənədsiz ev almışlar, hazırda qardaşına pul lazımdı, evdən onları çıxardıb satmaq istəyir. Göstərilənləri nəzərə alaraq iddiaçı iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçılar İddiaçı3 və İddiaçı2 Əliyar oğlu məhkəmə iclasına gəlməmişlər, lakin məhkəməyə ünvanladıqları ərizədə işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh etibarnamə əsasında nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddia ərizəsində qeyd edilənlər həqiqətə uyğun deyildir. Belə ki, cavabdehin hazırda ailə üzvləri ilə birlikdə yaşadıqları mənzil iddiaçı tərəfindən alınmayıb. Bu ev cavabdehin həyat yoldaşı Namiq üçün onun atası İlyas Əliyev tərəfindən 1989-cu il tarixdə alınmış və həmin il onlar bu mənzilə yaşamağa başlamışlar. İddiaçı X12 bu mənzildə bir gün belə yaşamayıb. İddiaçı 1989-cu ildən həmin mənzildə qeydiyyatda olduğu bildirsə də, onun özünün “ASAN xidmət” mərkəzindən (ASAN-3) alaraq məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli ******* saylı arayışa əsasən X12 bu mənzildə 2005-ci il tarixdən qeydiyyatdadır. Bundan əlavə Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 3547 saylı sərəncamına əsasən X18 həmin mənzilə 1996-cı il tarixdə qeydiyyata alınmışdır. Bütün bunlar onu göstərir ki, X12 əsl həqiqəti məhkəmədən gizlədərək iddia ərizəsində guya onları mənzilə gətirərək birlikdə yaşadıqları qeyd etmiş, bununla da məsələni öz mənafeyinə uyğun formada təqdim etməyə çalışmışdır. Mənzil məhz Əliyarın qardaşı Namiqin ailə üzvləri ilə birlikdə yaşamaları üçün qaynatası tərəfindən dəyəri ödənilməklə (az bir hissəsini onlar ödəmişlər) alınmış və alındıqdan dərhal sonra onlar həmin mənzilə köçərək yaşamışlar. İddiaçı bu mənzildə bir gün də olsun yaşamamışdır. Bu faktları həmin vaxt orada yaşamış olan qonşular, eləcə də iddiaçının öz bacı və qardaşları da təsdiq edə bilər. MİS-dən verilmiş arayışdan da görünür ki, bu mənzil heç bir fiziki şəxsin mülkiyyətində deyil. Mənzil əvvəllər Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin balansında olmuş və hazırki tarixədək özəlləşdirilməmişdir. Buna baxmayaraq 1989-cu il tarixdən mənzilə faktiki olaraq cavabdeh ailəsi ilə birlikdə yaşayır. Bu müddət ərzində mənzilin bütün kommunal xərcləri də onlar tərəfindən ödənilmişdir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi, İddiaçı4 mənzilə istifadə hüququnun əmələ gəlmə ehtimalı xx.xx.2000-ci ildən əvvələ təsadüf etdiyi üçün hazırki mübahisəyə ilə əlaqədar hüquq münasibətinə qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq edilməlidir. Belə ki, “Azərbaycan Respublikasnın Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli qərarına görə “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifad edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir”. Həmin Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürüldüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Əvvəla 123-cü maddədəki “mülkiyyətçisinin özünə məxsus olan evə” ifadəsi onu deməyə əsas verir ki, ailə üzvlərinin mənzilə köçürülməsi tələbini qaldırmış şəxs mütləq qaydada mənzilin mülkiyyətçisi, hüquqi sahibi olmalıdır. Hazırki halda isə İddiaçı4 İyas oğlu mənzilin mülkiyyətçisi deyildir. İddiaçı4 mənzildə formal qeydiyyatdadır və onun mənzildə heç vaxt yaşamaması onu deməyə əsas verir ki, onun və eləcə də ailə üzvlərinin (digər iddiaçıların) bu mənzildə ehtiyacı olmayıb. Çünki faktiki olaraq 30 ildən çox müddətdir ki, iddiaçı başqa ünvanda yaşayır. Odur ki, mənzilə istifadə hüququ o halda tanına bilərdi ki, şəxsin bu mənzilə həqiqətən ehtiyacı olmuş olsun. Mənzil Məcəlləsi və Konstitusiya Məhkəməsi Plenumu şəxsin 6 aydan çox başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış yeri seçdikdə icarə müqaviləsinə xitam verilməsini nəzərdə tutur ki, bu da faktiki olaraq istifadə hüququna xitam deməkdir. İddiaçı4 icarə müqaviləsi olmasa da, formal qeydiyyatda olması, həmin vaxtlar ona mənzildə istifadə hüququ yaratmış kimi görüntü yaratsa da, onun həmin mənzildə yaşamaması və ya özünün dediyi kimi 2 ay yaşadıqdan sonra başqa yerə köçməsi onunla mülkiyyətçi olmuş Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi arasında formal münasibətinin və eləcə də ehtimal olunan istifadə hüququnun xitamına səbəb olmuşdur. Digər iddiaçıların da mənzilə ümumiyyətlə heç bir hüquqları yoxdur. Onların ailə üzvü olan İddiaçı4 mənzilin mülkiyyətçisi deyildir. Mülkiyyətçisi olmadığı halda əsl mülkiyyətçinin razılığı olmadan heç bir ailə üzvünü mənzilə köçürə bilməz. Digər tərəfdən bu iddiaçılar bu mənzildə bir gün belə yaşamayıblar. Belə olduğu təqdirdə onların hansı istifadə hüququ ola bilər ki, məhkəmə həmin hüququ tanısın. Məhkəmə o hüququ tanıya bilər ki, həmin hüquq məhkəmənin və digər şəxslərin tanıyıb-tanımamasından asılı olmayaraq qanuni əsasla faktiki olaraq mövcuddur, lakin şəxs müəyyən səbəblərdən bu hüququn həyata keçirilməsi imkanından məhrumdur. Hətta iddiaçılardan İddiaçı4 həmin mənzilə istifadə hüququ yaransa idi belə, 6 aydan yuxarı həmin mənzildə yaşamadığı üçün bu hüquq itirilmişdir. Bu səbəbdən cavabdeh iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın kserosurətindən görünür ki, X13 ilə X8 arasında bağlanmış nikah haqqında xx.xx.1989-cu il tarixdə 428 No aktın qeydi tərtib olunmuşdur. Nikahdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın kserosurətindən görünür ki, Səbail rayon qeydiyyat şöbəsinin arxivində X13 və X4 nikahlarının pozulması haqqında xx.xx.1994-cü il tarixli 12 No-li akt qeydi saxlanılır. Nikah pozulduqdan sonra ərə Əliyev, arvada Vatalina soyadı verilmişdir. İş üzrə 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 140 saylı MKİS tərəfindən 5 saylı Vəkil Bürosunun vəkili Toğrul Babayevə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan və Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, ünvan 2 ünvanında İddiaçı4, Cavabdeh, X9, X19, X5, X3 qeydiyyatdadırlar. İş üzrə Şəmkir rayonu Qaracəmirli kənd İƏV tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli nikah haqqında şəhadətnamənin kserosurətinə əsasən X13 ilə İddiaçı1 arasında xx.xx.2005-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 12 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Əliyev, arvada Əhmədova soyadı verilmişdir. İş üzrə 149 saylı MKİS tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan və həmin məktuba əlavə olunmuş 2 saylı forma üzrə arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Çernaxovski küçəsində yerləşən 8 saylı evin 15 saylı mənzili 3 saylı XT MKTB-nin balansındadır. Həmin mənzilin icarədarı X1. Mənzildən qeydiyyatda olan şəxslər: X13 (xx.xx.1989-cu ildə), Cavabdeh (xx.xx.1996-cı il), X9 (xx.xx.1996), X19 (xx.xx.1996), X3 (xx.xx.2011), X14 (xx.xx.2018), X6 (xx.xx.2021). Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Səbail rayonu, Çernaxovski küçəsində yerləşən 8 saylı evin 15 saylı mənzili dövlət mənzil fonduna aid olan mənzildir və həmin mənzilin icarədarı hazırda da X1. İddiaçı4 mənzilin icarədarı olan X2 övladı – X10 ilə xx.xx.1989-cu ildə rəsmi nikaha daxil olaraq ailə üzvü kimi həmin mənzilə köçərək orada yaşamağa başlamışdır. Eyni zamanda o, xx.xx.1989-cu ildə həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. xx.xx.1994-cü il tarixdə İddiaçı4 ilə Lyubov Əliyeva arasında bağlanmış nikah pozulmuş və X10 mübahisə mənzildən köçmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh İddiaçı4 qardaşı Namiq Əliyevin arvadıdır. Cavabdeh və Namiq Əliyev mənzilə 1996-cı ildə qeydiyyata alınmışlar. Qeydiyyata alınmanın əsası kimi Cavabdeh Səbail rayon İcra Hakimiyyəti Başçısına qeydiyyatla bağlı müraciəti və bununla əlaqədar icra hakimiyyətinin qəbul etdiyi sərəncamı olmuşdur. Hazırda mübahisəli mənzildə Cavabdeh və onun ailə üzvləri (uşaqları və nəvələri) qeydiyyatda olmaqla yaşayırlar. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh iddiaçıları mübahisəli mənzildə yaşamağa razılıq vermir və onları evə buraxmır. İddiaçı4 həmin mənzildə qeydiyyatda olsa da, ailə üzvləri Şəmkir rayonu, Qaracəmilli kəndində qeydiyyatda olduqlarından çoxlu problemlərlə üzləşir. bu səbəbdən iddiaçılar həmin mənzilə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı4 mübahisəli mənzilə istifadə hüquqlarının tanınması və mənzilə köçürülməsi ilə bağlı tələbinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, İddiaçı4 1989-cu ildən mübahisəli mənzilə icarədarın ailə üzvünün razılığı ilə qeydiyyata alınmış, onun razılığı ilə mənzilə köçmüş və orada yaşamışdır. AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan AR Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. Həmin vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Qanunun 54-cü maddəsinə əsasən icarədar özü ilə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. AR Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» 2 nömrəli qərarının 7-ci bəndinə əsasən ərin (arvadın) yaşayış sahəsinin hüququ haqqında mübahisəni həll edərkən, məhkəmə işin konkret hallarını nəzərə almaqla kirayəçinin və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin ər (arvad) mənzilə köçürülərkən, etiraz etmədiklərini faktiki razılıq kimi qəbul edib, onların mənzilə pasport qeydiyyatı olmadığı hallarda belə yaşayış sahəsinə hüquqlarını tanıya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxx 2000-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin ''müəyyən edilmiş qaydada'' müddəası Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ-cü hissəsinə, 43-cü maddəsinə və 71-ci maddəsinin İİ-ci hissəsinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı4 mübahisəli mənzilə icarədarın ailə üzvünün razılığı ilə köçüb onunla ailə üzvü kimi həmin mənzildə birgə yaşadığından, onun istifadə hüquqları qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından həmin vaxtdan yaranmışdır. Bu səbəbdən iddiası İddiaçı4 mübahisəli mənzilə istifadə hüquqlarının tanınması və mənzilə köçürmə hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, İddiaçı4 mübahisəli mənzildə uzun müddət yaşamasa da, bu hal onun həmin mənzilə istifadə hüquqlarının itirilməsinə səbəb olmamışdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. AR Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı öz qardaşını, Cavabdeh mübahisəli mənzilə köçürdükdən sonra bir müddət orada yaşamış, sonradan müvəqqəti olaraq uzun müddət həmin mənzildə yaşamamışdır. Həmin müddət ərzində İddiaçı4 müvəqqəti olaraq Rusiya Federasiyasında yaşamış,orada işləmiş, Bakıya gələrkən qeydiyyatda olduğu mənzildə yaşamışdır. Məhkəmə hesab edir ki, İddiaçı4 həmin mənzildə uzun müddət yaşamaması onun müvəqqəti həmin mənzildən getməsi ilə əlaqədar olmuşdur. Belə olan halda onun müvəqqəti olaraq mənzildən getməsi mənzilə istifadə hüquqlarının itirilməsinə əsas kimi hesab edilə bilməz. Məhkəmə digər iddiaçıların mübahisəli mənzilə istifadə hüquqlarının tanınması tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilə bilməz. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı4 ailə üzvləri – İddiaçı1 və övladları – İddiaçı2 və İddiaçı3 mübahisəli mənzildə yaşamamışlar. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci bəndinə və 54-cü maddəsinin birinci bəndinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Məhkəmə qeyd edir ki, İddiaçı4 və İddiaçı1 2005-ci ildə rəsmi nikaha daxil olduqdan sonra mübahisəli mənzildə yaşamadıqları üçün, İddiaçı1 qanunun yuxarıda göstərilən müddəaları baxımından mübahisəli mənzilə hər hansı hüququ yaranmamışdır. Eyni ilə onların uşaqları doğulduqları vaxt mübahisəli mənzildə yaşamadıqları üçün, onların da mübahisəli mənzilə hər hansı hüququ yaranmışdır. Beləliklə İddiaçı4 ailə üzvləri – həyat yoldaşı və uşaqları mübahisəli mənzilə yaşamadıqlarından, onların həmin mənzilə hər hansı istifadə hüquqları yaranmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı4 ailə üzvlərinin mübahisəli mənzilə köçürülməsi üçün hər hansı əsas olmadığı üçün iddia tələbi onların mübahisəli mənzilə istifadə hüququnun tanıması və köçürülməsi hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı4 Bakı şəhəri, Səbail rayonu, Çernyaxovski küçəsində yerləşən 8 saylı evin 15 saylı mənzilinə istifadə hüququ tanınsın və o, həmin mənzilə köçürülsün. İddiaçılar İddiaçı1, X7 və İddiaçı3 Bakı şəhəri, Səbail rayonu, Çernyaxovski küçəsində yerləşən 8 saylı evin 15 saylı mənzilinə istifadə hüququ tanınması və həmin mənzilə kbçürülmələri barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-762/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-762/2021
08.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver