Məhkəmə qərarları › İş №2(009)-775/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-775/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-775/2021 18.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məmmədli Kənan Fuad oğlunun katibliyi ilə, Cavabdeh2 iştirakı ilə İddiaçı «xxxx» KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı “xxxx” KB ASC ilə cavabdeh Əhmədov Yusif Sabir oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 24 ay müddətinə illik 25% ödəmək şərtilə 1000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bakı şəhəri 46 saylı notariat ofisinin məktubuna əsasən Əhmədov Yusif Sabir oğlunun vəfat etməsi ilə əlaqədar Cavabdeh1 və Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə cavabdehlərin borcalanın hüquqi varisi kimi müəyyən olunması anlamına gəlir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh1 və X1 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə manat 585.51 ABŞ dolları əsas, 10.85 ABŞ dolları faiz borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanladığı ərizədə işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etdiyini, pulu mərhum həyat yoldaşı tərəfindən götürüldüyünü, pulu hissə-hissə aldığı müavinət hesabına ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə «xxxx» KB ASC ilə borcalan Əhmədov Yusif Sabir oğlu arasında bağlanılmış xx xxxxx 2015-ci il tarixli 1169nkCNTR/15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Əhmədov Yusif Sabir oğluna 24 ay müddətinə, illik 25%-lə 1000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş üzrə “xxxx” KB ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Əhmədov Yusif Sabir oğlunun 1169nkCNTR/15 saylı kredit müqaviləsi üzrə 585.51 ABŞ dolları əsas, 10.85 ABŞ dolları faiz borcu yaranmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Əhmədov Yusif Sabir oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 25%-lə 1000 ABŞ dolları məbləğində kredit verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Əhmədov Yusif Sabir oğlu vəfat etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əhmədov Yusif Sabir oğlunun vərəsələridir. Məhkəmə qeyd edir ki, Əhmədov Yusif Sabir oğlu kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, borc onun varislərindən müştərək qaydada tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İş materiallarında olan Bakı şəhər 46 saylı Notariat Kontorunun xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, xx xxxxxx 2016-cı il tarixdə ölmüş Əhmədov Yusif Sabir oğlunun vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Əhmədov Yusif Sabir oğlu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən onun hüquqi varisləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada «xxxx» KB ASC-nin xeyrinə 585,51 ABŞ dolları əsas borc, 10,85 ABŞ dolları faiz borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlərdən müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 30 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada «xxxx» KB ASC-nin xeyrinə 585,51 ABŞ dolları əsas borc, 10,85 ABŞ dolları faiz borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar