Məhkəmə qərarları › İş №2(009)-777/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-777/2021

23.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-777/2021 23.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “özəlləşdirmə çeklərinin qanunla müəyyən edilmiş müddətdə qaytarılmaması və bu səbəbdən səhmlərin satışında güzəştli şərtlərlə iştirak etmək hüququnun məhdudlaşdırılmasının qanunsuz hesab edilməsi və vurulan maddi zərərin ödənilməsi” tələbinə dair iddiası barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz Emalı” zavodunun açıq səhmdar cəmiyyətinə çevrilməsinin ləğv edilməsi ilə əlaqədar olaraq həmin zavodda yaradılmış Özəlləşdirmə Komissiyasına təqdim etdiyi 1-132 ədəd özəlləşdirmə çeklərinin qanunla müəyyən edilmiş müddətdə qaytarılmaması və bu səbəbdən səhmlərin satışında güzəştli şərtlərlə iştirak etmək hüququnun məhdudlaşdırılmasının qanunsuz hesab edilməsi, pozulmuş hüququ bərpa edilməklə ona vurulan 5000 manat maddi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iddia ərizəsi aidiyyat qaydaları pozulmaqla məhkəmənin icraatına qəbul edilmişdir və mülkiprosessual qanunvericiliyin tələblərinə uyğun olaraq baxılması üçün məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarında izah etmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Plenum eləcə də izah etmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. İşin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə iş materiallarına baxıb, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarını rəhbər tutaraq, hesab edir ki, hazırki iddia tələbi üzrə mübahisə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələrə aid olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 32.4, 32.5, 263-264-cü maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “özəlləşdirmə çeklərinin qanunla müəyyən edilmiş müddətdə qaytarılmaması və bu səbəbdən səhmlərin satışında güzəştli şərtlərlə iştirak etmək hüququnun məhdudlaşdırılmasının qanunsuz hesab edilməsi və vurulan maddi zərərin ödənilməsi” tələbinə dair iddiası barədə mülki iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar