Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-780/2025 02.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, İddiaçının nümayəndəsi L.C.İsmayılzadənin, Cavabdeh1 ASC-nin nümayəndəsi R.A.Nəsirovun iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 Yusibəyli qızına və Cavabdeh1 ASC-yə qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 Yusibəyli qızına və Cavabdeh1 ASC-yə qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, ünvan 1 onun xüsusi mülkiyyətindədir. Bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Onun mənzili birinci mərtəbədə yerləşir. Cavabdeh2 Yusibəyli qızına məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsi, ev 4-də yerləşən 76 nömrəli mənzil isə onun mənzilinin üzərində - ikinci mərtəbədə yerləşir. Onların mənzillərdə mərkəzləşdirilmiş istilik sistemi mövcuddur. Belə ki, onların mənzillərə istilik Cavabdeh1 ASC tərəfindən verilir və istiliyin verilmə işlərinə “7 saylı X5 Sahəsi” nəzarət edir. Cavabdehə məxsus mənzildən dəfələrlə onun mənzilinə su sızması halları olmuş, o, da hər dəfə öz iradını bildirmişdir. 2021-ci ilin qış ayında yenə mənzilinə Cavabdeh2 mənzilindən su axıdılan zaman o, 44 saylı Mənzil Kommunal İstismar Sahəsinə rəsmi qaydada şikayət etmişdir. Şikayətindən sonra su axıdılması dayandırılmışdır. Lakin xx.xx.2025-ci il tarixdə, növbəti dəfə Cavabdeh2 məxsus 76 nömrəli mənzildən onun mənzilinə su axıdılması halı baş vermişdir. Bu dəfə su bütün otaqlarının tavanından daha çox həcmdə axırdı. X1 dərhal ikinci mərtəbəyə qalxaraq, 76 nömrəli mənzildə olan şəxsə məlumat vermiş və görmüşdür ki, 76 nömrəli mənzilin istilik sistemi olan radiator alt hissədən qırılmış və qadiatora gələn su yüksək təzyiqlə evin otaqlarına yayılır və oradan da birinci mərtəbəyə onun mənzilinə axır. Radiatora daxil olan suyun krantı xarab olduğuna görə suyu bağlamaq da mümkün olmamışdır. Radiatora gələn suyun dayandırılması üçün dərhal Bakıxanov qəsəbəsində yerləşən “7 saylı X5 Sahəsi”nə müraciət etmişlər. Lakin “7 saylı X5 Sahəsi”nin əməkdaşlarından heç kim iş yerində yox idi. Onlarla telefon vasitəsilə əlaqə saxladıqdan təxminən bir saatdan da çox vaxt keçdikdən sonra “7 saylı X5 Sahəsi”nin əməkdaşları gəlib istilik sistemlərinə verilən suyu bağladılar. Bu vaxt ərzində yüksək təzyiqlə axan su, 76 nömrəli mənzildən onun mənzilinə axaraq, mənzilinin tavanına, divarlarına, döşəməsinə, elektrik xəttlərinə və mənzilində olan əşyalara maddi zərər vurmuşdur. Hətta su axıntısı o qədər çox olmuşdur ki, mənzilinin döşəməsindən keçərək, ona məxsus zirzəmiyə də tökülmüş və zirzəmidə saxladığı əşyalara da maddi zərər vurmuşdur. Mənzilində su axıdılması nəticəsində zərər vurularaq yarasız hala salınmış əşyalar aşağıdakılardır: - Cəmi qiyməti 1500 manat olan - bir ədəd taxt-çarpayı, bir ədəd geyim dolabı, iki ədəd tumba və bir ədəd termodan ibarət yataq mebeli; - Cəmi qiyməti 1000 manat olan - bir ədəd divan, bir ədəd kreslo, bir ədəd masa və bir ədəd servantdan ibarət qonaq otağı mebeli; - Cəmi qiyməti 2000 manat olan 5 metr uzunluğunda mətbəx mebeli; - 5 ədəd xalçaların yuyulması - ümumi xidmət haqqı 69 manat; - Cəmi qiyməti 250 manat olan -1 ədəd iki nəfərlik yun döşək; - Cəmi qiyməti 390 manat olan - 3 ədəd 15 kq ağırlıqda yun döşək; - Cəmi qiyməti 220 manat olan - 2 ədəd 12 kq ağırlıqda yun döşək; - Cəmi qiyməti 200 manat olan - 4 ədəd yun yorğan; - Cəmi qiyməti 180 manat olan - 6 ədəd tükdən hazırlanmış yastıq; - Cəmi qiyməti 90 manat olan - 6 ədəd kiçik yastıq; - Cəmi qiyməti 100 manat olan - 2 ədəd “Samsung” və “Palson” markalı tozsoran; - Qiyməti 250 manat olan (istifadə edilməmiş vəziyyətdə) - qaydasız döyüş idman növü üçün nəzərdə tutulan qoruyucu geyim dəsti; - Qiyməti 700 manat olan - 1 ədəd “LG Plasma Gold” markalı kondisioner; - Qiyməti 50 manat olan -1 ədəd çılçıraq; - Qiyməti 100 manat olan - 1 ədəd “Eurolux” markalı mikrodalğalı soba; - Qiyməti 250 manat olan - 1 ədəd “Siemens” markalı paltaryuyan. Onun şikayəti əsasında 44 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən mənzilinə baxış keçirilmiş, həqiqətən də su axıdılması halı və bunun nəticəsində mənzilinin bütün otaqlarının bərbad vəziyyətə düşdüyü müəyyən olunmuş və bu barədə xx.xx.2025-ci il tarixli akt tərtib edilmişdir. Dəfələrlə Cavabdeh2 onun mənzilinə suyun axıdılması barədə irad bildirdiyinə baxmayaraq, o, suyun axıdılmasının qarşısının alınması üçün yetərincə tədbirlər görməmişdir. Sonuncu su axması nəticəsində mənzilinin bütün otaqlarının tavanı, divarları, döşəməsi, elektrik xəttləri və evində olan yuxarıda qeyd etdiyi əşyalar bərbad vəziyyətə qalmış, yararsız hala düşmüşdür. Su axması nəticəsində mənzilinə vurulmuş zərəri aradan qaldırmaq üçün evinin təmirinə ümumilikdə 25000 manat pul lazımdır. Həmçinin su axıdılması nəticəsində evində olan əşyaların bərbad vəziyyətə düşməsi, bəzilərinin isə yararsız hala qalması nəticəsində mənə 7349 manat da maddi zərər vurulmuşdur. Həmçinin hesab edir ki, ona vurulmuş maddi zərərə görə Cavabdeh2 ilə yanaşı Cavabdeh1 ASC-də maddi məsuliyyət daşıyır. Belə ki, mənzilinə su axıdılan gün - yəni xx.xx.2025-ci il tarixdə dərhal Cavabdeh1 ASC-nin “7 saylı X5 Sahəsi”nə müraciət olunmuşdur, lakin iş yerində heç bir işçi olmadığına görə istilik sistemlərinə verilən suyun dərhal dayandırılması təmin edilməmişdir. Bir saatdan da çox vaxt keçdikdən sonra “7 saylı X5 Sahəsi”nin əməkdaşları istilik sisteminə verilən suyu bağlamış, bu uzun zaman kəsiyində (14 saat ərzində) onun mənzilinə suyun axması davam etmişdir. “7 saylı X5 Sahəsi”nin əməkdaşlarından hər hansısa biri iş yerində olsaydı sözügedən evin istilik sistemlərinə verilən suyu dərhal dayandırardı və mənzilinə dəyən zərərin məbləği indikindən daha az olardı. Bu səbəbən də hesab edir ki, mənzilinə vurulmuş maddi zərərə görə Cavabdeh2 ilə yanaşı Cavabdeh1 ASC-də maddi məsuliyyət daşıyır və ona vurulmuş maddi zərər məbləği müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 ASC-dən tutularaq ona ödənilməlidir. Həmçinin məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 189 manat dövlət rüsumu ödəmişdir. Hesab edir ki, dövlət rüsumu kimi ödədiyi 189 manat məbləğində pul vəsaiti də cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 1-ə vurulmuş maddi zərərə görə 25.000 manat, həmin mənzildə olan əşyalara vurulmuş maddi zərərə görə 7.349 manat pulun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 189 manat pulun Cavabdeh2 və Cavabdeh1 ASC-dən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia ərizəsində qeyd etdiyi kimi cavabdehə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsi, ev 4, mənzil 76-dan onun mülkiyyətində olan ünvan 1-ə su axması nəticəsində mənzilində olan əşyalara və mənzilinin təmirinə maddi zərər dəymişdir. Dəymiş maddi zərər məbləğinin hesablanaraq bu barədə mütəxəssis rəyinin verilməsi üçün o, "xxxx" Qiymətləndirmə Təşkilatına müraciət etmişdir. "xxxx" Qiymətləndirmə Təşkilatının xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 1-ə vurulmuş maddi zərər məbləği 11050,8 manat, həmin mənzildə olan əşyalara vurulmuş maddi zərər məbləği isə 2249 manat müəyyən edilmişdir. Xidmət haqqı olaraq o, "xxxx" Qiymətləndirmə Təşkilatına 400 manat ödəniş etmişdir. Hesab edir ki, iddia tələbində müvafiq dəyişiklik etməli, həmçinin "xxxx" Qiymətləndirmə Təşkilatına ödədiyi 400 manat pul məbləğinin də cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini iddia tələbinə əlavə etməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 1-ə vurulmuş maddi zərərə görə 11050,8 manat, həmin mənzildə olan əşyalara vurulmuş maddi zərərə görə 2249 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 189 manat pulun və mütəxəssis rəyinin verilməsi üçün "xxxx" Qiymətləndirmə Təşkilatına ödədiyi 400 manat pul məbləğinin Cavabdeh2 və Cavabdeh1 ASC-dən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil həcmi azaldılmış iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X3 həcmi azaldılmış iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, radiatordan gələn suyun dayandırılması üçün dərhal Bakıxanov qəsəbəsində yerləşən 7 saylı X7 sahəsinə müraciət etmişlər. Lakin orada heç kim olmadığından suyu bağlamaq mümkün olmamışdır. İstilik sisteminə qoşulma qonşu blokdan olduğu üçün və həmin blokun zirzəmisinə girmək mümkün olmadığı, müvafiq açar olmadığı üçün həmin yerdən sistemi bağlamaq mümkün olmamışdır. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 ASC-nin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, paylanılan istilik xətlərinin yalnız binanın girişinə qədər olan hissəsi Cəmiyyətin balans mənsubiyyətinə daxildir. Ona görə də mənzil mülkiyyətçisi baş vermiş hadisə ilə bağlı məsuliyyət daşımalıdır. Su axıtma nəticəsində vurulmuş ziyanın onlardan tələb edilməsi əsassızdır. Məhkəmədən iddiaçının rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 faktiki yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun həm qeydiyyat ünvanı üzrə, həm də mülkiyyətində olduğu yerin ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri müvafiq qeydlərlə (“Yaşamır”) məhkəməyə geri qaytarıldıqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsində yerləşən 4 saylı evin, ümumi sahəsi 53,98 kv.m. olan 74 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə 44 saylı MKİS-nin rəisi A.S.Şirinov, texniki T.M.Quliyeva tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktından görünür ki, xx.xx.2025-ci il tarixdə S.Cabbarov küçəsi, ev 4, mənzil 74-də qeydiyyatda olub yaşayan xx.xx.2014-cü il tarixli RX No ******* saylı çıxarışa əsasən mənzilin sahibi olan İddiaçı tərəfindən onun mənzilinə S.Cabbarov küçəsi, ev 4, mənzil 76-da Cavabdeh2 məxsus (44 saylı MKİS-ə Çıxarış təqdim edilmədiyi üçün Çıxarışın nömrəsi aktda qeyd olunmamışdır) mənzildən su axıntısı olması barədə şikayət ərizəsinə əsasən tərəflərindən S.Cabbarov küçəsi, ev 4, mənzil 74 ünvanına baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, S.Cabbarov küçəsi, ev 4, mənzil 76-da mənzildaxili istilik xəttində baş verən nasazlıq səbəbindən S.Cabbarov küçəsi, ev 4, mənzil 74-ə su axıntısı olmuşdur. Su axıntısı zamanı S.Cabbarov küçəsi, ev 4, mənzil 74-ün təmirinə və bəzi məişət əşyalarına ziyan dəymişdir. İş üzrə İddiaçı sifarişi ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş dəymiş zərərlə bağlı xərclərin müəyyən edilməsi barədə xx.xx.2025-ci il tarixoi mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilə suaxıdılma nəticəsində zərər dəymiş əşyaların və mənzilin təmir-bərpasına (işçilik və material xərci daxil olmaqla) çəkiləcək xərcin məbləği xx.xx.2025-ci il tarixə: mənzilin təmirbərpasına (işçilik və material xərci daxil olmaqla) çəkiləcək xərcin məbləği 11050,8 manat, suaxıdılma nəticəsində yararsız hala düşmüş mebel və əşyaların təmir bərpasına çəkiləcək xərcin məbləği 2249 manat, cəmi 13.299,0 manat təşkil etmişdir. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsində yerləşən 4 saylı evin 76 saylı mənzil ilkin olaraq xx.xx.1995-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 24 saylı DNK-nın xx.xx.2000-ci il tarixli 3MA-3-237 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil X2 adına qeydiyyatdan keçmişdir. 4 saylı Bakı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2016-cı il tarixli 4Ə-309 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən mənzil Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə verilmiş tələb üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsində yerləşən 4 saylı evin 74 saylı mənzili mülkiyyət hüququ üzrə iddiaçının mülkiyyətindədir. Cavabdeh2 həmin evin özünə məxsus olan 76 saylı mənzilin mülkiyyətçisidir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilinə Cavabdeh2 mənzilində olan radiatordan su axıdılması nəticəsində mənzilə və ev əşyalarına maddi ziyan dəymişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdehin yaşadığı 76 saylı mənzilində olan radiatora daxil olan suyun krantı xarab olduğuna görə suyu bağlamaq mümkün olmamış, radiatora gələn su yüksək təzyiqlə evin otaqlarına yayılmış, oradan da birinci mərtəbəyə onun mənzilinə axmışdır. Radiatora gələn suyun dayandırılması üçün dərhal Bakıxanov qəsəbəsində yerləşən “7 saylı X5 Sahəsi”nə müraciət etmişlər. Lakin “7 saylı X5 Sahəsi”nin əməkdaşlarından heç kim iş yerində yox idi. Onlarla telefon vasitəsilə əlaqə saxladıqdan təxminən bir saatdan da çox vaxt keçdikdən sonra “7 saylı X5 Sahəsi”nin əməkdaşları gəlib istilik sistemlərinə verilən suyu bağladılar. Bu vaxt ərzində yüksək təzyiqlə axan su, 76 nömrəli mənzildən onun mənzilinə axaraq, mənzilinin tavanına, divarlarına, döşəməsinə, elektrik xəttlərinə və mənzilində olan əşyalara maddi zərər vurmuşdur. Hətta su axıntısı o qədər çox olmuşdur ki, mənzilinin döşəməsindən keçərək, ona məxsus zirzəmiyə də tökülmüş və zirzəmidə saxladığı əşyalara da maddi zərər vurmuşdur. Dəymiş maddi zərər məbləğinin hesablanaraq bu barədə mütəxəssis rəyinin verilməsi üçün o, "xxxx" Qiymətləndirmə Təşkilatına müraciət etmişdir. Qiymətləndirmə Təşkilatının xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 1-ə vurulmuş maddi zərər məbləği 11050,8 manat, həmin mənzildə olan əşyalara vurulmuş maddi zərər məbləği isə 2249 manat müəyyən edilmişdir. Xidmət haqqı olaraq o, "xxxx" Qiymətləndirmə Təşkilatına 400 manat ödəniş etmişdir. Bu səbəbdən o, ünvan 1-ə vurulmuş maddi zərərə görə 11050,8 manat, həmin mənzildə olan əşyalara vurulmuş maddi zərərə görə 2249 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 189 manat pulun və mütəxəssis rəyinin verilməsi üçün "xxxx" Qiymətləndirmə Təşkilatına ödədiyi 400 manat pul məbləğinin Cavabdeh2 və Cavabdeh1 ASC-dən müştərək qaydada tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının mülkiyyətində olan mənzilə cavabdehin yaşadığı mənzildən su axması işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzilinə su axıdılması nəticəsində iddiaçının mənzilinə ziyanın vurulması təsdiq olunduğundan, iddiaçı həmin su axıdılmanın nəticəsində vurulmuş maddi ziyanın əvəzinin tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. İddiaçının müraciəti əsasında "xxxx" MMC qiymətləndirmə təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus mənzilə suaxıdılma nəticəsində mənzilin təmir-bərpasına (işçilik və material xərci daxil olmaqla) çəkiləcək xərcin məbləği 11050,8 manat, suaxıdılma nəticəsində yararsız hala düşmüş mebel və əşyaların təmir bərpasına çəkiləcək xərcin məbləği 2249 manat, cəmi 13.299,0 manat təşkil etmişdir. Eyni zamanda iddiaçının mənzilinə su sızmasının cavabdehin yaşadığı mənzilindən baş verməsi ərazi üzrə 44 saylı MKİS tərəfindən tərtib edilmiş aktla da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İddiaçı onun mülkiyyətində olan mənzilə suyun cavabdehlərin hərəkətləri nəticəsində axıdılmasını nəzərə alaraq vurulmuş ziyanı hər iki cavabdehdən tələb edir. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat istiliyin binanın girişinədək verilməsində məsuliyyət daşıdığı kimi onun mənzillərə ötürülməsi mənzil mülkiyyətçilərinin üzərinə düşən öhdəlikdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının blokunun giriş hissəsində ümumi istilik sisteminin söndürülməsi üçün açar işlək vəziyyətdə olduğu halda, cavabdeh həmin blokdan deyil, qonşu blokdan gedən istilik xəttinə qoşulmuş, iddiaçının qonşu blokun istilik xəttinin bağlanılması barədə gördüyü tədbirlər nəticə verməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 qonşu blokun istilik xəttindən öz evinə istilik xətti çəkməsinə və ümumiyyətlə blokdan istilik xəttinin mənzillərə ötürülməsinə Cavabdeh1 ASC cavabdehlik daşımır. Belə ki, AR Mülki Məcəlləsinin: Maddə 227.1 Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariyatexniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Maddə 235.1. Yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. Mülkiyyətçilərin haqları hesabına ödənilməli olan yüklülüklərə və xərclərə o cümlədən aşağıdakılar aiddir: Maddə 235.1.1. torpaq sahəsinin və yaşayış binasının birgə hissələrinin, habelə birgə konstruksiyalarının və qurğularının saxlanmasına, cari təmirinə və yeniləşdirilməsinə çəkilən xərclər; Maddə 235.1.2. idarəçiyə haqq ödənilməsi də daxil olmaqla, idarəetmə fəaliyyətinə çəkilən xərclər; Maddə 235.1.3. bütövlükdə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən tutulan ödənişlər və vergilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Maddə 29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Maddə 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 3.9.2-ci bəndinə əsasən müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətini həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğuların və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli qərarı ilə təsdiq olunmuş Cavabdeh1 ASC-nin Nizamnaməsinin 3.1 yarımbəndinə əsasən Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçının mənzilinə su Cavabdeh2 mənzilindən axması, iddiaçıya məxsus mənzilə və ev əşyalarına ziyan Cavabdeh2 təqsiri, hüquqa zidd əməlləri nəticəsində vurulması iş üzrə toplanmış sübutlarla təsdiq olunduğundan, bu səbəbdən Cavabdeh2 su axıtmasına görə məsuliyyət daşımalı və su axıtma nəticəsində yaranmış ziyan da məhz həmin cavabdehdən tutulmalı, iddia tələbi Cavabdeh1 ASC münasibətdə təmin edilməməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissədə qismən təmin edilməli, Cavabdeh2 iddiaçının mənzilinə vurulmuş ziyanın əvəzi kimi 11.050,8 manat, iddiaçının mənzilində olan əşyalara vurulmuş maddi ziyanın əvəzi kimi 2.249 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri – ödənilmiş dövlət rüsumunun əvəzi kimi 189 manat, həmçinin sübut kimi dəyərləndirilmiş mütəxəssis rəyinin tərtib edilməsi üçün ödənilmiş 400 manat məbləğində pul Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 İddiaçı xeyrinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsində yerləşən 4 saylı evin 74 saylı mənzilinə vurulmuş ziyanın əvəzi kimi 11050,8 manat, həmin mənzilə olan əşyalara vurulmuş maddi ziyanın əvəzi kimi 2249 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 189 manat, mütəxəssis rəyinin tərtib edilməsi üçün ödənilmiş 400 manat, cəmi 13.888,8 (on üç min səkkiz yüz səksən səkkiz manat, səksən qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi Cavabdeh1 ASC-yə münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-780/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-780/2025
02.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver