Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-784/2021 12.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)- 4712/2017 saylı qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 136,6 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hesab edir ki, alimentin ödənilməsi ilə bağlı cavabdehdən tutulan aliment məbləği artırılmalıdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 175 manat məbləğində təsdiq edilmişdir. Hesab edir ki, yaşayış minimumu uşaqlar üçün 2021-ci il üzrə 175 manat məbləğində müəyyən edildiyindən, cavabdehdən uşaqların saxlanılması üçün tutulan alimentin məbləği artırılmalı və tutulmalı olan aliment məbləği hər uşağa görə 175 manat məbləğində müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay tutulan alimentin həcminin artırılaraq hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, övladlarından biri artıq yetkinlik yaşına çatmışdır. Ona görə də onun üçün aliment almır. 3 uşağa görə cavabdeh məhkəmə qətnaməsi ilə 409 manat aliment ödəmişdir. Hazırda isə 2 uşağa görə 350 manat tutulacaqdır. Ona görə də cavabdehin aldığı əmək haqqından aliment tutulduqdan sonra ona az məbləğdə pul qalması barədə dəlillərini qəbul etmir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh öz izahatında göstərmişdir ki, onun rəsmi iş yeri var. O, 704 manat aylıq əmək haqqı alır. Alimentə görə pul tutulduqdan sonra ona qalan pul məbləği azlıq təşkil edir ki, aylıq onun təminatını yerdə qalan məbləğ qarşılamır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, X5 xx.xx.2005-ci ildə və X3 xx.xx.2011-ci ildə Siyəzən rayonunda anadan olmuşlar, atası Cavabdeh, anası İddiaçıdır. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-4712/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin kserosurətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Siyəzən rayon VVAQ şöbəsində xx.xx.2001-ci il tarixdə bağlanmış və 61 No-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2002-ci il təvəllüdlü X4, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 136,60 manat olmaqla, ümumilikdə üç uşaq üçün 409,80 manat məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İş üzrə “xxxx” QSC-nin X6 tərəfindən verilmiş arayışdan belə məlum olur ki, Cavabdeh “Mikayıl Müşfiq” gəmisində növbə mexaniki vəzifəsində işləyir, aylıq vəzifə maaşı 704 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Emil və xx.xx.2011-ci il təvəllüdlü Ləman adlı uşaqları var. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş, cavabdehdən uşaqların saxlanılması üçün sabit pul məbləğində hər uşağa görə 136,60 manat aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment miqdarı, yəni 136,60 manat uşaqların saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuş və bu səbəbdən iddiaçı məhkəmədən uşaqların saxlanılması üçün cavabdehdən hər uşağa görə 175 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb aşağıdakı əsaslara görə əsaslı hesab edilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin tələblərindən göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan uşağa görə müəyyən edilmiş alimentin məbləği 136,60 manatdır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 175 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, cavabdeh işləyib müntəzəm əmək haqqı alsa da, qanunvericilikdə iki uşağa görə aylıq əmək haqqının 1/3 hissəsi həddində müəyyən edilən aliment uşaqların minimum yaşayış səviyyəsini təmin etmir(704/3 = 234 manat). Bu səbəbdən məhkəmə hesab edir ki, alimentin sabit pul məbləğində tutulması məqsədəmüvafiqdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarını, həmçinin Azərbaycan Respublikasında 2021-ci il üçün uşaqlar üçün yaşayış minimumunun 175 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, aliment məbləğinin artırılması barədə iddia təmin edilməli və cavabdehdən uşaqların saxlanılması üçün hər uşağa görə tutulmalı olan sabit pul şəklində aliment məbləği 175 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən hər uşağa görə tutulmalı olan 175 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qararının 8- 2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-4712/2017 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılsın və hər uşağa görə 175 manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması ilə bağlı Cavabdeh hər uşağa görə 175 manat, cəmi 350 (üç yüz əli) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Şahin Abdullayev