Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-800/2024 12.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidjli İlkin Ramin oğlunun katibliyi, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə1, 3-cü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı (3-cü şəxs qismində "xxxx" MMC işə cəlb olunmaqla) Cavabdehnə qarşı “torpaq icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 423 saylı, 08 sentyabr 2014-cü il tarixli sərancamı 16 oktyabr 2014-cü il tarixli, 12978 saylı pasport əsasında Nəsimi rayonu 5-ci mkr, 20 yanvar küçəsi 34 saylı binanın yaxınlığında inşa edilmiş yaşayış binasına 5 (beş) mərtəbə əlavə edilməklə tikintisinin davam etdirilməsi məqsədilə ayrılmış torpaq sahəsinin icarəyə verilməsi barədə Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı arasında tərtib edilmiş 1020 saylı, 31 oktyabr 2014-cü il tarixli torpaq icarə müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti adından “İcarəyə verən” adlandırılacaq, digər tərəfdən gələcəkdə “İcraçı” adlandırılacaq fiziki şəxs İddiaçı arasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 423 saylı, 08 sentyabr 2014-cü il tarixli sərancamı, 16 oktyabr 2014-cü il tarixli, 12978 saylı pasport əsasında Nəsimi rayonu 5-ci mkr., 20 yanvar küçəsi 34 saylı binanın yaxınlığında inşa edilmiş yaşayış binasına 5 (beş) mərtəbə əlavə edilməklə tikintisinin davam etdirilməsi məqsədilə ayrılmış torpaq sahəsinin icarəyə verilməsi barədə 31 oktyabr 2014-cü il tarixdə 1020 saylı müqavilə bağlanmışdır. Bundan başqa, 08 fevral 2019-cu il tarixdə Ö/002545 saylı X3, xx.xx.2018-ci il 52 nömrəli X5, Azərbaycan Respublikası FHN-nin 26 noyabr 2014-cü il tarixli, 0164 nömrəli Əmri ilə təsdiq edilmişdir və hüquq müəyyənedici sənədləri hamısı təqdim edilmişdir. Sakinlərin hamısı mülkiyyətçi olaraq çıxarışları almışlar. Yaşayış binaları təhvil verilmiş, kommunal xərclərin həyata keçirilməsi ilə bağlı öhdəliklər artıq İddiaçı üzərində deyil, belə ki, bina təhvil verilmişdir sakinlərin müştərək cəmiyyətinə, artıq icarə münasibətləri mövcud olmadığından tərəflər arasında müqaviləyə xitam verilməsi zəruridir. Belə ki, həmin icarə müqaviləsinin tələbləri icraçı tərəfindən yerinə yetirildikdən sonra xitamı tələb edilmişdir. Sözügedən tələblə müxtəlif vaxtlarda müraciət etmələrinə, hüquq müəyyən edici əsas sənədləri təqdim etmələrinə baxmayaraq, icra hakimiyyəti tərəfindən qanunamüvafıq tədbirlər görülməmişdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bu tələb təmin edilməmişdir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1. Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2. Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3. Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, maddələrin məzmunundan göründüyü kimi, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin tərəflər şəraitin dəyişməsinin qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır. Hal-hazırda isə mübahisələndirilən müqavilə üzrə verilmiş torpaq sahəsinə görə torpaq icarə haqqı əsas götürülərək vergi məbləği tələb edilmişdir. Bu barədə müqavilədə hər hansı müddəa olmadığından və torpağın Daşınmaz Əmlakın Dövlət Reyesterində qeydiyyata alınmadığı üçün vergi məbləğlərinin tələb edilməsini qanunsuz hesab edir. Bu hal iddiaçıdan asılı olmayaraq və onun tərəfindən öncədən görülmədən baş tutmuş omasına baxmayaraq, cavabdeh İcra Hakimiyyətinə müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən hər hansı tədbir həyata keçirilməmişdir. Bu kimi hallara əsasən qanunvericilikdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ya ləğvinin iki mərhələli qaydası nəzərdə tutulmuşdur. Tərəflər, ilk növbədə, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin yeni şərtlərinə və ya ləğvinin mümkünlüyünə dair razılığa gəlməyə çalışırlar, hansı ki, iddiaçı tərəfindən səlahiyyətli orqana müraciət edilməsinə baxmayaraq imtina cavabı təqdim edilmişdir. Tərəflər razılığa gəlmədiyi halda isə müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər. Lakin müqavilənin bu əsas üzrə məhkəmə tərəfindən ləğv edilməsi üçün əlavə tələblər nəzərdə tutulmuşdur: 1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı. Yuxarıda göstərilənlərə nəzər yetirdikdə isə müəyyən etmək mümkün olur ki, şəraitin dəyişməsi və maraqlı tərəfin dəyişən şəraiti aradan qaldıra bilməməsi müqavilənin ləğvi üçün əsas götürülə bilər. Belə ki, vergi orqanı tərəfindən vergilərin ödənilməsinin tələb edilməsi şəraitin dəyişməsinə və iddiaçının hər hansı məbləği ödəmək qabiliyyətində olmaması onun yaranan səbəbləri aradan qaldıra bilməməsinə dəlalət edir. Bu kimi halları nəzərə aldıqda hesab edir ki, tərəflər arasında imzalanmış müqavilə məhkəmə qaydasında ləğv edilməlidir. Yuxarıda qeyd edilənlərə əlavə olaraq qanunvericiliyin tələblərinə nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, icarə haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənir. Bundan başqa ödənişlər dövlət nəfinə fiziki şəxsin uçotda olduğu vergi orqanının müvafiq xəzinə hesabına ödənilməlidir. Belə olan halda icarə haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyindən icarə haqqını tələb etmək hüququ Bakı şəhər İcra Hakimiyyətinə məxsus deyildir. Yuxarıda göstərilənlərə əsasən tərəflər arasında bağlanmış torpaq icarə müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndə, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, İddiaçı cavabdeh Bakı ŞİH-nə qarşı torpaq icarə müqaviləsinə xitam verilməsi tələbi ilə Səbail rayon məhkəməsinə müraciət edərək onunla Bakı ŞİH-ti arasında Bakı ŞİHB-nın 423 saylı, xx.xx.2014-cü il tarixli sərəncamı və xx.xx.2014-cü il tarixli, 12978 saylı “İnşaat Pasportu” əsasında, Nəsimi rayonu, 5-ci mkr, 20 Yanvar küçəsi, 34 saylı binanın yaxınlığında inşa olunmuş yaşayış binasına 5 mərtəbə əlavə etməklə tikintisinin davam etdirilməsi məqsədi ilə ayrılmış torpaq sahəsinə dair bağlanmış 1020 saylı, xx.xx.2014-cü il tarixli torpaq icarə müqaviləsinə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, bina tam tikilib istismara qəbul olunmuş və sakinlərin xüsusi mülkiyyətinə keçmişdir. Buna baxmayaraq, təqdim olunmuş sənədlərdən görünür ki, qeyd edilən torpaq sahəsi iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Məsələn, iddiaçının özünün təqdim etdiyi X4 Xidmətinin xx.xx.2014-cü il tarixli rəyində söhbət iddiaçıya məxsus Nəsimi rayonu, 5-ci mkr, 20 Yanvar küçəsi, 34 saylı binanın yaxınlığında inşa olunmuş fərdi yaşavıs evindən qedir. İddiaçının təqdim etdiyi X3nda (xx.xx.2019-cu il söhbət 9 mərtəbəli yaşayış binasından (+1-ci mərtəbə 2 səviyyəli+mansarda+çardaq+2 səviyyə zirzəmi) gedir. ’’Yaşayış binasının tikintisinin davam etdirilməsi üçün layihələndirmə işlərinin aparılmasına icazə verilməsi haqqında” Bakı ŞİHB-nın xx.xx.2014-cü il tarixli, 423 saylı sərəncamında iddiaçının xx.xx.2014-cü il tarixli müraciəti və Nəsimi RİHB-nın xx.xx.2014-cü il tarixli 18 saylı sərəncamına əsasən 5-ci mkr, 20 Yanvar küçəsi 34 saylı binanın yaxınlığında inşa olunmuş yaşayış binasına 5 mərtəbə əlavə edilməklə (5-ci mərtəbə deyil) tikintisinin davam etdirilməsi məqsədilə layihələndirmə işlərinin aparılmasına (tikintisinə deyil) iddiaçıya icazə verilmişdir. Sərəncamın 3-cü bəndində qeyd edilir ki, bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır. İddiaçı xx.xx.2014-cü il tarixli müraciətində Nəsimi RİHB-nın xx.xx.2014-cü il tarixli, 18 saylı sərəncamı ilə ona 5-ci mkr, 20 Yanvar küçəsi 34 saylı binanın yaxınlığında ona məxsus ərazidə 4 mərtəbə-texniki mərtəbə tipli yaşayış binasının tikintisinə icazə verildiyini bildirib təqdim olunmuş eskiz layihəyə əsasən əlavə 5 mərtəbənin tikintisi üçün sərəncam verilməsini xahiş etmişdir. Təqdim olunmuş sənədlərdən iddiaçıya həmin ərazidə tikinti işlərinin aparılmasına icazə verilib-verilmədiyi, inşa olunması iddia olunan binanın nə bina olması, qeyri-yaşayış, texniki, çoxmənzilli, fərdi və s. olması, tikintisinin başa çatıb-çatmaması, istismara qəbul edilib-edilməməsi görünmür. Hesab edir ki, hazırkı halda iddia təmin oluna bilməz və rədd olunmalıdır. Məhkəmə iclasında iştirak edən 3-cüı şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə işə baxıb, cavabdehin nümayəndəsinin və 3-cü şəxsin nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İş materiallarında olan 31 oktyabr 2014-cü il tarixli, 1020 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsindən görünür ki, “icarəyəverən” Bakı şəhər İcra Hakimiyyəti Başçısı Hacıbala Abutalıbov və “icarəçi” fiziki şəxs İddiaçı arasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 423 saylı, xx.xx.2014-cü il tarixli sərəncamı, xx.xx.2014-cü il tarixli, 12978 saylı inşaat pasportu əsasında Nəsimi rayonu, 5-ci mkr., 20 Yanvar küçəsi 34 saylı binanın yaxınlığında inşa edilmiş yaşayış binasına 5 (beş) mərtəbə əlavə edilməklə tikintisinin davam etdirilməsi məqsədilə ayrılmış torpaq sahəsinə icarə müqaviləsi bağlanmışdır. “İcarəyəverən” icarə əsasında sahəsi 710 kv m. olan torpaq sahəsini 49 il müddətinə “icarəçi”nin istifadəsinə verir. İş materiallarında olan İddiaçı tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətdən görünür ki, “icarəyəverən” Bakı şəhər İcra Hakimiyyəti və “icarəçi” fiziki şəxs İddiaçı arasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 423 saylı, xx.xx.2014-cü il tarixli sərəncamı, xx.xx.2014-cü il tarixli, 12978 saylı inşaat pasportu əsasında Nəsimi rayonu, 5-ci mkr., 20 Yanvar küçəsi 34 saylı binanın yaxınlığında inşa edilmiş yaşayış binasına 5 (beş) mərtəbə əlavə edilməklə tikintisinin davam etdirilməsi məqsədilə ayrılmış torpaq sahəsinin icarəyə verilməsi barədə 31 oktyabr 2014-cü il tarixdə 1020 nömrəli müqavilə bağlanmışdır. Bundan başaqa, 08 fevral 2019-cu il tarixdə Ö/002545 saylı X3, xx.xx.2018-ci il 52 nömrəli X5, Azərbaycan Respublikası FHN-nin 26 noyabr 2014-cü il tarixli, 0164 nömrəli Əmri ilə təsdiq edilmişdir və hüquq müəyyənedici sənədlərin hamısı təqdim edilmişdir. Sakinlərin hamısı mülkiyyətçi olaraq çıxarışları almışlar, onları təqdim edir. Qeyd edir ki, icarə müqaviləsinin ləğv edilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsasları və lazımi sənədləri təqdim etmişdir. Odur ki, torpaq icarə müqaviləsinə xitam verilməsi barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4678/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdehnə qarşı icarə müqaviləsinə xitam verilməsi tələbinə dair iddiaya mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılması əsası ilə mümkün sayılmaması qərara alınmışdır. İş materiallarında olan İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 02 nömrəli, 01 yanvar 2022-ci il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən inşa edilərək istifadəyə verilmiş və sakinlərin yaşayışı üçün bütün tələblərə cavab verən çox mənzilli yaşayış binasında bütün kommunikasiya xərcləri (qaz, işıq, su-kanalizasiya və s.), həmçinin lift, telefon, antena və təhlükəsizlik kameralarına nəzarət, xidmət və tam şəkildə cavabdehlik hüququ İddiaçı fəaliyyətinin müvəqqəti dayandırıldığı üçün "xxxx" MMC-yə ötürülür. Təqdim olunmuş İddiaçı tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizəsindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2014-cü il tarixli, 18/03-8/221 saylı məktubuna və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 18 nömrəli sərəncamına əssən Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr, 20 Yanvar küçəsi 34 saylı binanın yaxınlığındakı ona məxsus ərazidə 4 mərtəbə+texniki mərtəbə tipli yaşayış binasının tikintisinə icazə verilmişdir. Təöqdim olunmuş eskiz layihəyə əsasən əlavə 5 mərtəbənin tikintisi üçün sərəncam verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının “Yaşayış binasının tikintisinin davam etdirilməsi üçün layihələndirmə işlərinin aparılmasına icazə verilməsi haqqında” 423 nömrəli, xx.xx.2014-cü il tarixli Sərəncamından görünür ki, vət. İddiaçı xx.xx.2014-cü il tarixli müraciəti nəzərə alınaraq, Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 18 saylı sərəncamına əsasən 5-ci mkr., 20 Yanvar küçəsi 34 saylı binanın yaxınlığında inşa edilmiş yaşayış binasına 5 (beş) mərtəbə əlavə edilməklə tikintisinin davam etdirilməsi məqsədilə layihələndirmə işlərinin aparılması üçün vət. İddiaçı icazə verilir. Sərəncamın 2.6-cı bəndinə əsasən layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilməlidir. Sərəncamın 3-cü bəndinə əsasən bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 X2 xx.xx.2016-cı il tarixli, 713 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 20 yanvar küçəsi, 34 saylı binanın yaxınlığında fiziki şəxs İddiaçı məxsus 1 girişli, 2 səviyyəli zirzəmili, 9 mərtəbəli (+texmərtəbə+mansarda+çardaq, 1-ci mərtəbə 2 səviyyəli) yaşayış binasının təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik dayanıqlıq tələblərini ödəyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Ağentliyinin nəzdində yaradılmış Təhlil qrupunun xx.xx.2016-cı il tarixli, 713 saylı iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci mad.). Qanunun yuxarıda göstərilən normalarının dispozisiyasına əsasən bağlanmış müqavilələr o şərtlər əsasında yerinə yetirilməlidir ki, tərəflər bu şərtlər əsasında razılığa gəlmişlər və bu şərtlər dəyişilməzdir. Ona görə də, müqavilənin qüvvəsi bir qayda olaraq onun iştirakçılarının öz öhdəliklərini tamamilə icra etməsi ilə bitir. Bununla yanaşı, qanunverici müqavilənin vaxtından əvvəl ləğv edilməsini də nəzərdə tutur. Lakin buna yalnız müəyyən əsaslar olduqda yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İddia tələbindən göründüyü kimi, iddiaçı tələbini onunla əsaslandırır ki, mübahisələndirilən müqavilə üzrə verilmiş torpaq sahəsinə görə torpaq icarə haqqı əsas götürülərək hal-hazırda vergi məbləği tələb edilmişdir. Bu barədə müqavilədə hər hansı müddəa olmadığından və torpağın Daşınmaz Əmlakın Dövlət Reyesterində qeydiyyata alınmadığı üçün vergi məbləğlərinin tələb edilməsini qanunsuz hesab edir. Bu hal iddiaçıdan asılı olmayaraq və onun tərəfindən öncədən görülmədən baş tutmuş omasına baxmayaraq, cavabdeh İcra Hakimiyyətinə müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən hər hansı tədbir həyata keçirilməmişdir. Vergi orqanı tərəfindən vergilərin ödənilməsinin tələb edilməsi şəraitin dəyişməsinə və iddiaçının hər hansı məbləği ödəmək qabiliyyətində olmaması onun yaranan səbəbləri aradan qaldıra bilməməsinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə asasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətü dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdilar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur. Mülki qanunvericilik şəraitin elə dərəcədə əhəmiyyətli dəyişikliyini nəzərdə tutur ki, bu halı hər iki tərəf əvvəlcədən görə bilməzdi. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçının yuxarıda istinad etdiyi hallar şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə və buna görə də, müqavilənin ləğv edilməsinə əsas olan hallar kimi qəbul edilə bilməz. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı (3-cü şəxs qismində "xxxx" MMC işə cəlb olunmaqla) Cavabdehnə qarşı “torpaq icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-800/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-800/2024
12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver