Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-805/2024 26.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil2 və cavabdehin nümayəndəsi-vəkili Vəkil1 Rüfət oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Mustaphaeva Giulnaraya qarşı «müqavilənin ləğvi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində 26 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Mustaphaeva Giulnaraya qarşı «müqavilənin ləğvi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli Müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında ünvan 1 ünvanında yerləşən mənzilin 7.2 kv.m-nin alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilədə sahənin dəyəri kimi 5400 manat göstərilmişdir. Lakin cavabdeh tərəfindən həmin 5400 manat ödənilməmiş, cavabdeh əvəzində həmin mənzilə dair tərəflərin hər birinin adına ayrıca çıxarışın alınması öhdəliyini götürmüşdür. Lakin müqavilənin bağlanmasından 5 aya yaxın müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklər icra olunmamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, səs yazılarında hər hansı yeni bir sübut əks edilməmişdir. Tərəflər notariusun yanında müqavilə bağladıqdan sonra notarius tərəflərə bildirmişdir ki, 5400 manat pulun alışverişini öz aralarında da edə bilərlər və bunun üçün pulun notariusun depozit hesabına qoyulmasına ehtiyac yoxdur. Bundan sonra cavabdehin qardaşı notariusdan çıxarkən sözügedən məbləği iddiaçının ərinə vermişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Mustaphaeva Giulnara arasında bağlanmış 28 sentyabr 2023-cü il tarixli Alğı-satqı müqaviləsinin surətindən görünür ki, tərəflər ünvan 1 ünvanında yerləşən mənzilin 7.2 kv.m-nin alqı-satqısına dair razılığa gəlmişdirlər. Həmin Müqavilənin 4-cü bəndinə əsasən daşınmaz əmlakın dəyəri 5400 manat məbləğində razılaşdırılır. 06 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında şahid qismində dindirilən Şahid belə izahat vermişdir ki, iddiaçının həyat yoldaşıyam. Hal-hazırda yaşadığımız evi satın alıb rəsmiləşdirdikdən sonra qonşumuz Mustafayeva Gülnarənin qardaşı bizə yaxınlaşaraq bildirdi ki, evin 7 kv metr sahəsi onlara məxsusdur. Qonşuluq münasibətləri olduğundan bildirdim ki, çıxarış məsələsini həll etdikləri təqdirdə 7 kv metr sahənin onlara verilməsinə etiraz etməyəcəyəm. Bunun qarşılığında 2000 manat vəsaiti mənə girov qismində verməsini razılaşdırdıq. Ancaq notariatda olarkən mənim yaxın qohumumun Mustafayeva Gülnarənin qardaşı dostu olduğunu öyrəndim. Bu səbəbdən 2000 deyil 1000 manat pulu girov qismində qəbul etdim. Notariatda alqı-satqı müqaviləsini rəsmiləşdirdik. Notarius bizə 5400 manat pulun əlbəəl də verilməsinin mümkün olduğunu və rüsum ödənilməyəcəyini bildirdi. Orada cavabdeh tərəf mənə hər hansı ödəniş etmədi. 1000 manat pulu müqaviləni bağlamamışdan əvvəl almışam. Hazırda pul məndədir. Həmin məhkəmə iclasında şahid qismində dindirilən X1 belə izahat vermişdir ki, cavabdehin qardaşıyam. 5400 manat pulu şəxsən mən əlbəəl Şahid vermişəm. 1000 manat pulu alqı-satqı müqaviləsi bağlanan gün Şahid vermişəm. 5400 manat pulu notariusun yanında qarışıqlıq olduğundan otaqdan çıxdıqdan sonra vermişəm. 1000 manat pulu Şahid evin sənədləşmə işlərini həll etməyim üçün girov kimi istəmiş və mən isə vermişdim. Çıxarış alındıqdan sonra mənə geri qaytaracaqdı. 1000 manat pul hələ də Şahiddır. Mən çıxarış alacağım barədə öhdəlik götürməmişdim. Alınacağını düşünürdüm. Ancaq obyektiv səbəblərdən mümkün olmadı. İş materiallarında olan iddiaçının əri Şahid ilə cavabdehin qardaşı X1 arasında telefon danışığının səsyazmasını özündə əks etdirən cd diskə nəzər yetirərkən məlum olur ki, tərəflər sözügedən əmlakın 7 kv. metr hissəsinin alğı-satqısını həyata keçirərkən ilk öncə 5400 manat məbləğində qiymətə razılaşmışdılarsa da, sonradan cavabdeh həmin pulu ödəməməsi müqabilində sözügedən əmlaka dair tərəflərə ayrı-ayrı çıxarış alacağı barəsində iddiaçıya vəd vermiş və iddiaçı bu vədin zəmanəti kimi cavabdehdən 1000 manat pul alıb özündə saxlamışdır. Səsyazmanı nəzərdən keçirərkən habelə məlum olur ki, cavabdehin qardaşı iddiaçıya sözügedən 5400 manat pulu ödəmədiyini bildirir. İddiaçının əri əmlakın müqabilində cavabdehdən heç bir pul almadığını bildirəndə cavabdehin qardaşı bununla razılaşır və etiraz etmir. Əksinə cavabdehin qardaşı bildirir ki, sözügedən əmlaka dair tərəflərə ayrı-ayrı çıxarış alacağı barəsində iddiaçıya vermiş olduğu vəd ondan asılı olmayan səbəblərdən yerinə yetirilə bilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı (satıcı) ilə Mustaphaeva Giulnara (alıcı) arasında bağlanmış 28 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən tərəflər 5400 manat müqabilində ünvan 1 ünvanında yerləşən mənzilin 7.2 kv.m-nin alqı-satqısına dair razılığa gəlmişdirlər. Bundan sonra cavabdeh sözügedən məbləği iddiaçıya ödəməmək müqabilində həmin əmlaka dair tərəflərə ayrı-ayrı mülkiyyət hüquqlarını təsdiq edəcək çıxarış alacağı barəsində vəd vermiş və iddiaçı isə öz növbəsində bununla razılaşmışdır. İddiaçı cavabdehin vermiş olduğu bu vədin zəmanəti kimi 1000 manat pulu alıb girov kimi özündə saxlamışdır. Lakin müqavilənin bağlandığı tarixdən artıq 6 aydan çox müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh müqavilədə razılaşdırılan məbləği iddiaçıya ödədiyini bildirsə də, bunu məhkəmə iclasında sübut edə bilməmişdir. İş materiallarında olan iddiaçının əri Şahid ilə cavabdehin qardaşı X1 arasında telefon danışığının səsyazmasını özündə əks etdirən cd diski nəzərdən keçirərkən məlum olur ki, cavabdehin qardaşı müqavilə ilə razılaşdırılmış məbləğin iddiaçıya ödənilmədiyi ilə bağlı iddiaçının əri ilə razılaşır və buna etiraz etmir. İddianın əsaslı və cavabdehin etirazının əsassız olduğunu təsdiq edən başqa bir amil həm də ondan ibarətdir ki, cavabdehin qardaşı müqavilə ilə razılaşdırılmış məbləğin iddiaçıya ödənildiyini bildirsə də, cd diskdə əks olunan səs yazmasından görünür ki, iddiaçıya əmlaka dair tərəflərə ayrı-ayrı mülkiyyət hüquqlarını təsdiq edəcək çıxarış alacağı barəsində cavabdeh tərəfindən vəd verilmiş və cavabdeh girov kimi 1000 manat məbləğində pulu iddiaçıda saxlamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, müqavilə ilə razılaşdırılmış 5400 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilmişdirsə, cavabdehi iddiaçı qarşısında əlavə olaraq belə bir öhdəlik götürməyə və bunun zəmanəti olaraq iddiaçıda 1000 manat girov pul saxlamağa nə məcbur etmişdir? Belə ki, müqavilənin şərtləri satıcı və alıcı tərəfindən tam yerinə yetirilmişdirsə, iddiaçı hansı haqla cavabdehdən müqavilədə razılaşdırılmamış əlavə bir şərtin icrasını tələb edə bilərdi və cavabdeh isə öz növbəsində bu tələbin yerinə yetirilməsi müqabilində iddiaçıya vəd verib girov pul saxlayardı? Göstərilənlərdən belə nəticəyə gəlmək olur ki, həqiqətən də iddiaçı tərəfin və iddiaçının ərinin şahid qismində bildirdiyi kimi cavabdeh müqavilə razılaşdırılmış məbləği iddiaçıya verməmiş, əvəzində başqa bir öhdəlik götürmüş, lakin yekun olaraq həmin öhdəliyi də yerinə yetirə bilməmişdir. AR Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1 və 421.2-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İstinad edilən hüquq normalarından aydın olur ki, müqavilə tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər və müqavilənin pozulması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə qeyd edir ki, müqavilənin ləğvi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar hazırki işdə mövcuddur və bu səbəbdən tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli alğı-satqı müqaviləsi ləğv edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azər. Resp. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Mustaphaeva Giulnara arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ № ******* nömrəli Alğı-satqı Müqaviləsi ləğv edilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-805/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-805/2024
26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver