Məhkəmə qərarları › İş №2(009)-806/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-806/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-806/2023 27.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmr icraatı qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, borclu Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 28% olmaqla 2525,41 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Borclu Cavabdeh2 (zamin) həmin müqavilənin 5.6.3-cü bəndinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borclu Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı borclular Cavabdeh1 və Cavabdeh2 kreditor İddiaçı ASC-nin xeyrinə 2525,41 ABŞ dolları əsas və 1397,05 ABŞ dolları faiz borcunun, cəmi 3922,46 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən 2(009)-3102/2017 saylı, xx.xx.2017ci il tarixli məhkəmə əmri tərəflərə göndərmişdir. Cavabdeh2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmə əmri ona qanunla nəzərdə tutulduğu qaydada verilməmişdir və məhkəmə əmri barədə məlumatı olmamışdır. Məhkəmə əmri icra olunması üçün Bakı şəhəri Nizami rayon icra şöbəsinə göndərilmiş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. O, məhkəmə əmri barədə yalnız icra orqanlarından məlumat almışdır. Bu səbəbdən o, məhkəmə əmrinə etirazını verə bilməmişdir. Cavabdeh2 məhkəmə əmrinin ləğv edilməsini və işin iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-3102/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və materiallar iddia icraatına keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçının nümayəndəsi X1 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış ərizədə iddia tələbinin tam təmin edilərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında izahatı alınmış Cavabdeh2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, krediti Cavabdeh1 götürüb, Eldar bildirdi ki, Bakı qeydiyyatı olmadığı üçün bank yalnız Bakı qeydiyyatı olan şəxslər tərəfindən zamin durarsa kredit verə bilər, Eldar onun aldadıb banka aparmış, bildirmişdir ki, onun əmlakı var, krediti özü ödəyəcək. O, da zamin kimi kredit müqavilə müddətinin uzadılması barədə müqaviləyə qol çəkmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı ASC ilə “Müştəri” qismində Cavabdeh1 və “Zamin” qismində Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, RP/42791/52/24 saylı kredit sazişinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik faiz dərəcəsi 28% ödənilməsi şərti ilə 2525,41 ABŞ dolları məbləğində kredit verilmiş, zamin bankla Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 banka 2525,41 ABŞ dolları əsas, 1397,05 ABŞ dolları faiz borcu yaranmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 28%-lə 2525,41 ABŞ dolları məbləğində kredit verilmiş və həmin kredit müqaviləsinin təminatı kimi digər Cavabdeh2 bank qarşısında zamin kimi çıxış etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun banka 2525,41 ABŞ dolları əsas, 1397,05 ABŞ dolları faiz, cəmi 3922,46 ABŞ dolları borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, bank yaranmış borcun cavabdehlərdən müştərək qaydada tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh1 bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin Cavabdeh1 kredit vəsaitinin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, həmçinin digər Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinə zamin durduğundan, iddia tələbi kredit müqaviləsi üzrə yaranmış 2525,41 ABŞ dolları əsas, 1397,05 ABŞ dolları faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə kredit müqaviləsi üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilməlidir. AR Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən və digər Cavabdeh2 onun öhdəliklərinin yerinə yetirilməsinə zamin durduğundan, iddia tələbi təmin edilməli və yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə habelə qeyd edir ki, cavabdehlərdən müştərək qaydada tutulması tələb olunan pul məbləği xarici valyuta ilə göstərildiyindən, tutulacaq məbləğ AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlərdən müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 20 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli RP/42791/52/24 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə yaranmış 2525,41 ABŞ dolları əsas borc, 1397,05 ABŞ dolları faiz borcu, cəmi 3922,46 (üç min doqquz yüz iyirmi iki ABŞ dolları, qırx altı sent) ABŞ dolları məbləğində pul vəsaiti tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar