Məhkəmə qərarları › İş №2(009)-809/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-809/2022

11.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-809/2022 11.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.04.2005-ci il təvəllüdlü oğlu Quliyev Vəli Hicran oğlunun saxlanılması üçün cavabdehdən tutulacaq alimentin məbləği artırılaraq, hər ay 193 (bir yüz doxsan üç) manat həcmində müəyyən edilməsi və həmin aliment məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03.10.2019-cu il tarixli, 2(009)-1558/2019 saylı qətnaməsi ilə 13.04.2005-ci il təvəllüdlü Quliyev Vəli Hicran oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hesab edir ki, alimentin ödənilməsi ilə bağlı cavabdehdən tutulan aliment məbləği artırılmalıdır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 193 manat məbləğində təsdiq edilmişdir. Hesab edir ki, yaşayış minimumu uşaqlar üçün 2022-ci il üzrə 193 manat məbləğində müəyyən edildiyindən, cavabdehdən uşaqların saxlanılması üçiin tutulan alimentin məbləği artırılmalı və tutulmalı olan aliment məbləği hər uşağa görə 193 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, məhkəməyə ərizə təqdim edərək növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 612503 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 13.04.2005-ci il təvəllüdlü Quliyev Vəli Hicran oğlu adlı uşaqları anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1558/2019 nömrəli, 03.10.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddia təmin edilərək Cavabdeh ilə X3 arasında 30 dekabr 2001-ci il tarixdə bağlanmış və 1981 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, yetkinlik yaşına çatmayan 05.04.2003-cü il təvəllüdlü Quliyeva Arzu Hicran qızı və 13.04.2005-ci il təvəllüdlü Quliyev Vəli Hicran oğlu cavabdeh (anası) X1 yanında saxlanılmaları, 03.10.2019-cu il tarixdən başlayaraq 05.04.2003-cü il təvəllüdlü Quliyeva Arzu Hicran qızının və 13.04.2005-ci il təvəllüdlü Quliyev Vəli Hicran oğlunun yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment iddiaçı Cavabdeh tutularaq X4 qızına ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 369935 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasındakı nikah 06.11.2019-cu il tarixdə pozulmuş, bu barədə nikahın ləğv olunması haqqında akt qeydləri kitabında 76 № ilə qeydiyyat aparılmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 13.04.2005-ci il təvəllüdlü Quliyev Vəli Hicran oğlu iddiaçının – anasının himayəsindədir və uşağın saxlanması üçün cavabdehdən – atasından tutulan alimentin məbləği onun artan tələbatlarını ödəmək üçün kifayət etmir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2021-ci il tarixli Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikasında 2022-ci il üçün müəyyən olunmuş yaşayış minimumu (uşaqlar üçün) məbləğini, hal-hazırda yetkinlik yaşına çatmayan uşağın iddiaçının himayəsində olmasını, tərəflərin ailə və maddi vəziyyətini, eləcə də uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal səviyyədə saxlanılması zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 43,16 (qırx üç manat on altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı Cavabdeh ilə birgə nikahından doğulmuş 13.04.2005-ci il təvəllüdlü Quliyev Vəli Hicran oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1558/2019 nömrəli, 03.10.2019-cu il tarixli qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 160 (bir yüz altmış) manat məbləğində alimentin həcmi artırılaraq 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilməli, 13.04.2005-ci il təvəllüdlü Quliyev Vəli Hicran oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, sabit pul məbləğində 193 (bir yüz doxsan üç) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməli, eləcə də Cavabdeh 43,16 (qırx üç manat on altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahından doğulmuş 13.04.2005-ci il təvəllüdlü Quliyev Vəli Hicran oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1558/2019 nömrəli, 03.10.2019-cu il tarixli qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 160 (bir yüz altmış) manat məbləğində alimentin həcmi artırılaraq 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilsin, 13.04.2005-ci il təvəllüdlü Quliyev Vəli Hicran oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 193 (bir yüz doxsan üç) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı ödənilsin. Cavabdeh 43,16 (qırx üç manat on altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar