Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-81/2020 10.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X5, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı – cavabdeh “Park Bulvar” Ticarət Mərkəzinə və “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh “Park Bulvar” Ticarət Mərkəzinə və “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “Park Bulvar” və “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC (VÖEN **********) təsisçi və direktor - X1 maddi ziyanın ödənilməsi qismində 2.975 (iki min doqquz yüz yetmiş beş) manat müştərək qaydada onun xeyirinə birdəfəlik tutulması və verilməsi, həmçinin cavbdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC (VÖEN **********) təsisçi və direktor - X1 mənəvi ziyanın ödənilməsi qismində 2.975 (iki min doqquz yüz yetmiş beş) manat pulun onun xeyirinə birdəfəlik tutulması və verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx xxxxxx 2018-ci il tarixdə iddiaçı özünə məxsus olan “Toyota” markalı, **-NX-*** dövlət nişanlı avtomaşını “Park Bulvar” ticarət mərkəzinin dayanacağında yerləşən avtoyuma mərkəzinə yumaq üçün təhvil vermişdir. Maşını yuyulandan sonra aşağı mərtəbədə ona məlum olmayan səbəbdən digər yerə yerləşdirdikdə, qabaq sağ hissəsinin vurulması nəticəsində ona 2.975 (iki min doqquz yüz yetmiş beş) manat dəyərində maddi zərər dəymişdir. Avtomaşının təmirinə daha çox pul vəsaitləri onun tərəfindən ödənilmişdir. Sonradan məlum olmuşdur ki, ikinci cavabdeh birinci cavabdehlə mövcud olan müqaviləyə əsasən həmin mərkəzdə avtomaşınların yuyulması ilə bağlı fəaliyyət göstərir. İkinci cavabdehin nümayəndəsi olan baş direktor vəzifəsində çalışan - İlham Süleymanlı maddi ziyanın ödənilməsindən imtina etmiş, hətta onu terrorçuluqda şübhə etdiyindən, ona mənəvi-psixoloji sarsıntı yetirdiyindən ona mənəvi ziyan yetirmişdir. Mənəvi ziyanın miqdarını 2.975 (iki min doqquz yüz yetmiş beş) manat dəyərində qiymətləndirir. Hadisə günü dərhal o, 102 telefon nömrəsi olan Daxili İşlər Nazirliyinin qaynar xəttinə məlumat vermiş və Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsindən ərizədə göstərilən mülki məsələ olduğundan aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməyi tövsiyə olunması barədə 71461218 saylı, xx.xx.2018-ci il tarixli məktubu xx.xx.2018-ci ildə almışdır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər “Park Bulvar” və “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən (VÖEN **********) maddi ziyanın ödənilməsi qismində 5675 (beş min altı yüz yetmiş beş) manat müştərək qaydada onun xeyirinə birdəfəlik tutulması və verilməsi, həmçinin cavbdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC (VÖEN **********) təsisçi və direktor - X1 mənəvi ziyanın ödənilməsi qismində 5675 (beş min altı yüz yetmiş beş) manat pulun onun xeyirinə birdəfəlik tutulması və verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, avtomaşına dəymiş 2975 manat maddi ziyandan əlavə “Vinil Design” şirkəti tərəfindən onun avtomaşınının üzərinə vinil çəkilməlidir və həmin vinilin dəyəri 2700 manat təşkil edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, o, idarə etdiyi “Toyota FRS” minik, kupe markalı, ** NX *** nömrəli avtomobili 2018-ci il tarixdə almışdır. X4, oradan da Azərbaycana gətirmişlər. Avtomaşını Azərbaycanda fəaliyyət göstərən maşın salonundan almış və həmin avtomaşında siqnalizasiya quraşdırılmışdır. Belə ki, yük yeri düyməsini sıxıb saxlayanda avtomobilinin mühərriki işə düşür və bu həm də avtomobilin siqnalizasiyasıdır. Əgər avtomobil düzgün qaydada parklanırsa, yəni onun rıçaqı N (neytralda) saxlanılırsa və əyləci qaldırılırsa avtomobilin mühərriki işə düşsə də heç bir hərəkət etmir. Lakin “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin avtoyuma məntəqəsinin işçisi avtomobili düzgün parklanma etmədiyindən yük yeri düyməsini sıxan zaman avtomobilin mühərriki işə düşmüşdür. Avtoyuma məntəqəsinin işçisi parklanmanı edən zaman avtomobilin əyləcini qaldırılmalı idi. O, avto-yuma məntəqəsinə avtomobili təhvil verən zaman baqaj düyməsinə siqnalizasiyanın quraşdırıldığını həmin avtoyuma məntəqəsinin işçilərinə bildirməmiş və bildirməyə də ehtiyac bilməmişdir. Çünki, avtomobili düzgün park edən zaman siqnalizasiyanın işə düşməsi avtomobilin mühərrikini işə salır, lakin heç bir hərəkət olmur. Sonuncu məhkəmə iclasında iddiaçı pulta əlavə funksiyanın qoşulması barədə cavabdehin işçisinə məlumat verdiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X9 iddia tələbini müdafiə edərək, hüquqlarını təmsil etdiyi iddiaçının izahatına uyğun məzmunda izahat verərək əlavə olaraq bildirmişdir ki, pulta əlavə funksiya qoşulmasından asılı olmayaraq əgər avtomobil düzgün qaydada parklanırsa, yəni onun rıçaqı N (neytralda) saxlanılırsa və əyləci qaldırılırsa avtomobilin mühərriki işə düşsə də avtomobil heç bir hərəkət etmir. Lakin “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin avtoyuma məntəqəsinin işçisi avtomobilin parklanma qaydalarına düzgün riayət etməmiş, nəticədə iddiaçıya maddi zərər vurmuşdur. İzahatına əlavə olaraq iddiaçının pulta əlavə funksiyanın qoşulması barədə cavabdehin işçisinə məlumat verdiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək göstərmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxx” İnc MMC olaraq X14 Mərkəzində Avtoyuma məntəqəsini müqaviləyə əsasən icarəyə götürərək fəaliyyət göstərirlər. Belə ki, iddiaçının “Toyota FRS” minik, kupe markalı ** NX *** nömrəli avtomobilini avtoyuma üçün təqdim etdikdə onun əsas texniki funksiyalarından biri olan mühərrikin işə salınması funksiyası gizli olaraq dəyişdirilmiş vəziyyətdə olub və o, bu barədə yuyucuya məlumat verməmişdir. Belə ki, avtomobilin pultuna sonradan quraşdırılmış mühərrikin uzaqdan işə salma funksiyası həmin pultun yük yerinin açılıb bağlanma düyməsinə gizli olaraq birləşdirilmişdir. Pultun üzərində yalnız qapıların açılıb bağlanma və arxa yük yerinin açılıb bağlanması düymələri mövcuddur. Yuyucu avtomobilin yük yerini təmizləmək üçün yük yerinin açılıb bağlanma düməsini sıxdıqda avtomobil işə düşmüş və maneəyə dəyərək əzilmişdir. Bu hadisəni tam sübuta yetirən video görüntü, pultun fotoşəkili sübüt olaraq işə əlavə edilmişdir. Sözügedən avtomobilin dəyişiklərə məruz qalması eyni zamanda avtomobilin Azərbaycan Respublikası DYP tərəfindən verilmiş texniki pasportun xüsusi qeyd yerində də göstərilmişdir. Eyni zamanda, Toyota.com rəsmi internet saytından çıxarılmış və tərcümə edilərək işə əlavə edilmiş sənətdən də belə məlum olur ki, ümumiyyətlə «Toyota»nın bu qəbiləyə aid avtomobillərin heç birində mühərriki uzaqdan işə salma funksiyası olmur və iddiaçının yuyucunun bundan xəbəri olması iddiası da əsassızdır. Məlumat üçün bildirmək istəyirlər ki, mexaniki surət qutusu ilə idarə olunan avtomobillərə ümumiyyətlə heç bir istehsalçı təhlükəsizlik baxımından bu funksiyanı tətbiq etmir. İddiaçının avtomobilin saxlanma durma qaydalarının da yuyucu tərəfindən pozulduğu iddiası da əsassızdır. Belə ki, yuyucu avtomobili park edərkən onu maneəyə istiqamətləndirərək saxlayır, mühərrikini söndürür, və əl əyləcini qaldırır. İddiaçının işə sübut kimi əlavə etdiyi sənəd hər hansı bir rəsmi qaydalar toplusu deyil və avtomobilin sürücüsü avtomobildə olarkən mühərriki söndürmədən dayandırılmasını əks etdirir, durdurulmasının və ya park olunmasını deyil. Onu da qeyd edirlər ki, yuyucunun qaydalara tam riayət etməsi səbəbindən bu hadisənin daha böyük fəsadları olmamışdır. Belə ki, avtomobil işə düşərək maneəyə dəyərək dayanmış orda çalışanlara və ya Ticarət Mərkəzinin ziyarətçilərinə xəsarət yetirməmiş və ya hər hansı bir yanğın və ya partlama baş verməmişdir. Qeyd etmək istəyirlər ki, avtomobil sahibinin öz avtomobilində özü tərəfindən belə bir funksiyanın gizli olaraq tətbiq etməsi və avtomobili yuyucuya təqdim edərkən onu bu barədə məlumatlandırmaması onlarda ciddi şübhə doğurmuş və onlar hadisə baş verən kimi 102 polis xidmətinə zəng edib bu barədə məlumat vermişlər, lakin hadisə yerinə polis gəlməmişdir. İddiaçının ona vurulmuş zərərin dəyərinin Azərbaycan Respublikası Mülki Məcəllənin 1128.1-ci maddəsinə əsasən ona ödənilməsi tələbinə də cavab və etiraz olaraq bildirmək istəyirlər ki, maddənin izahında dəqiq göstərilmişdir ki, yalnız xidmətin keyfiyyətsizliyi və ya xidməti sifariş edən şəxsə yalnış və ya yarımçıq məlumat vermə nəticəsində hər hansı bir ziyan vurularsa o zaman xidməti icra edən tərəf hər hansı maddi məsuliyyət daşıyır. Bu ziyan keyfiyyətsiz avtoyuma xidməti və yaxud keyfiyyətsiz vasitə istifadəsi və yaxud yanlış və ya yarımçıq məlumat nəticəsində deyil, mal sahibinin səhlənkarlığı və avtomobilinin gizli olaraq texniki istismar funksiyalarını kobudcasına pozaraq istismar etməsi nəticəsində baş vermişdir. Bu baxımdan iddiaçının Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 21.1 və 21.2-ci maddələrinin tələblərinə istinad etməsi tam olaraq əsassızdır. Belə ki, maddədə söhbət zərərin əvəzini tələb etmək hüququna malik olan şəxsdən gedir, yəni ilkin olaraq həmin şəxs zərəri tələb etmək hüququna malik olmalıdır sonra isə o, həmin zərəri bu maddələrə uyğun olaraq tələb edə bilər. Göstərilənlərə əsasən iddia tələbi əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 MMC-nin nümayəndəsi X10 izahatında bildirmişdir ki, hazırki iş üzrə iddiaçı olan İddiaçı avtomaşınını 3 və ya 4 dəfə yumuşlar. Adi qaydada maşını yuxarıda təhvil alıb aşağı mərtəbəyə sürüb saxlamış, bu zaman avtomobilin mühərrikini işə salmaq üçün start-stop düyməsindən istifadə etmişdir. İş yoldaşı ilə birlikdə maşını yuyanda yük yerini də təmizləmək üçün yük yerinin qapısını açmaq istəmiş, qapının üzərindəki düyməsini basmış lakin qapı açılmamışdır, sonra pultun üzərində olan baqaj düyməsini basıb saxlamış və avtomaşının mühərriki işə düşmüş, maşın hərəkət edərək qarşıdakı divarın sütununa dəyib dayanmışdır. Bu avtomaşında siqnalizasiya olması barədə ona maşın təhvil verilən zaman heç bir məlumat verilməmişdir. O, adətən mexaniki mühərrikli maşınları təhvil alandan sonra park edəndə surət qutusunu birə keçirib əyləci qaldırır. Onun 11 ildir sürücülük vəsiqəsi var, 15 ildir avto-yuma ilə məşğuldur və indiyə kimi belə bir hadisə baş verməmiş və bu növ siqnalizasiyaya rast gəlməmişdir. Siqnalizasiyası olan maşınlar barədə avtomaşını onlara təhvil verən şəxs siqnalizasiyanın olması barədə onlara məlumat verir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota FRS” markalı, ** NX *** dövlət nömrə nişanlı avtomaşın İddiaçı məxsusdur. Həmin şəhadətnamədən görünür ki, avtomobil “GT86 Rocket Bunny” yığılmışdır. - “Toyota” Bakı Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş Qüsur aktının surətindən görünür ki, “Toyota FRS” markalı, ** NX *** dövlət nömrə nişanlı avtomaşının ehtiyat hissələri 1495 manat, görülən işlər isə 1480 manat olmaqla cəmi 2975 manat məbləğində təşkil etmişdir. - “Toyota” Bakı Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş hesab fakturadan görünür ki, İddiaçı tərəfindən 1501,46 manat pul ödənilmişdir. - İddiaçı məxsus gmail ünvanından çıxarışdan görünür ki, İddiaçı 724,14 ABŞ dollarına 2013-2016-cı illər LED TURN markalı ön fara sifariş vermişdir. - Səbail RPİ-nin 39-cu PB tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli, 068- 7146/218 nömrəli məktubla “Toyota” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sağ hissəsinin avtoyuma məntəqəsinin işçisinin ehtiyatsızlığı səbəbindən əzilməsi və İddiaçı maddi ziyan dəyməsi barədə müraciətə baxıldığı və ərizədə göstərilənlər mülki məsələ olduğundan aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməyi ona tövsiyyə olunmuşdur. - xx.xx.2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 42 ünvanında yerləşən “Park Bulvar” Alış-veriş Mərkəzinin 2-ci mərtəbəsində olan “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus avtomobil yuyulma məntəqəsi “xxxxxxxxxxxxxxxxxxxxx” İnc MMC-yə icarəyə verilmişdir. - Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet vergi idarəsinin məlumatından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxx” İnc MMC xx.xx.2011-ci il tarixdə dövlət qeydiyyatına alınmış, təsisçisi X3r. - xx.xx.2017-ci il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X10 “xxxxxxxxxxxxxxxxxxxxx” İnc MMC-nin icarə əsasında məxsus avtoyuma məntəqəsində maşın operatoru, yuyucu kimi işə qəbul edilmişdir. - “Vinil Design” şirkəti tərəfindən xx.xx.2019-cu il tarixli Qüsur Aktından görünür ki, İddiaçı məxsus “Toyota” markalı **-CX-*** dövlət nömrə nişanlı avtomaşın vinil işlərinin görülməsi üçün 2700 manat xərc tələb olunur. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna əsasən “Bakı Toyota” Mərkəzinin xx.xx.2019-cu il tarixli cavabından görünür ki, şirkət tərəfindən “Toyota FRS” Kupe tipli (qeydiyyat şəhadətnaməsinə əsasən) tüninq olunmuş avtomobillər satılmır və onların texniki göstəriciləri haqqında məlumatları yoxdur. Eyni zamanda CD-yə baxış keçirilən zaman məlum olur ki, avtomobil tüninq olunmuş və həmin avtomobilə quraşdırılan qurğu və avadanlıqlar şirkət tərəfindən quraşdırılmadığından sorğuda göstərilən suallar haqqında məlumat verilməsi mümkün deyildir. Bununla əlaqədar olaraq avtomobili tüninq edən və avadanlıqları quraşdıran şəxslərə müraciət etmək tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikiası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 20470 saylı ekspert rəyindən görünür ki, təqdim edilən xx.xx.2019cu il tarixli qüsur aktı məlumatlarına əsasən, təzə avto hissələrin qiymətləri nəzərə alınmaqla, 2013-ci il buraxılışlı “Toyota FRS” minik markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təqdim olunan “Toyota ” servisinin xx xxxxxx 2019-cu il tarixə təxminən 3225,00 manat müəyyən edilir. O cümlədən - dəyişilməli hissələrin qiyməti - 1495,00 manat, təmir- bərpa işlərinin qiyməti - 1730,00 manat təşkil edir. - “Toyota-europe.com” saytından çıxarışın tərcüməsindən görünür ki, Hərəkət təhlükəsizliyini təmin etmək üçün aşağıda göstərilən qaydalara riayət etmək lazımdır: Mühərrikin işə salınması - Avtomatik sürət qutusu ilə olan avtomobillər üçün – 1-ci addım tormoz əyləcinə basmaqla ötürmələrin dəyişməsi rıçaqını D vəziyyətinə gətirin, 2-ci addım - dayanacaq tormozunu buraxın, 3-cü addım - avtomobilin sürət yığması üçün tədricən tormoz əyləcini buraxın və aramla sürət əyləcinə sıxın. Mexaniki sürət qutusu ilə olan avtomobillər – 1-ci addım - mufta əyləcini sıxın və ötürmələrin dəyişməsi rıçaqını 1. vəziyyətinə gətirin, 2-ci addım - dayanacaq tormozunu buraxın, 3-cü addım - tədricən mufta əyləcini buraxın. Bununla eyni zamanda aramla sürət əyləcinə sıxın ki, avtomobil yerindən tərpənsin, dayandırma - Avtomatik sürət qutusu ilə olan avtomobillər – 1-ci addım - sürət ötürücüsü rıçaqının D vəziyyətində olması zamanı tormoz əyləcini buraxın, 2-ci addım - zərurət halında dayanacaq tormozundan istifadə edin, əgər avtomobili uzun müddətə dayandırmaq lazımdırsa, sürət ötürücüsü rıçaqını P və ya N vəziyyətinə gətirin, mexaniki sürət qutusu ilə olan avtomobillər – 1-ci addım - tormoz əyləcini sıxın və eyni zamanda müfta əyləcini sıxın, 2-ci addım - zərurət halında dayanacaq tormozundan istifadə edin, əgər avtomobili uzun müddətə dayandırmaq lazımdırsa, sürət ötürücüsü rıçaqını N vəziyyətinə gətirin. - «Toyota.com” saytından çıxarışın tərcüməsindən görünür ki, çoxfunksiyalı uzaqdan idarə edilən açarsız giriş sistemi ilə kilidləmə, açma, həyacan və yük yeri üçün vasitə, “İntellektual açar sistemi” - düyməni basaraq işə salınan sürücünün və sərnişinin qapısında olan açar sistemi, uzaqdan idarə edilən kilid sistemini istifadə etmədən giriş imkanı, iki pilləli kilidaçma, həyacan və yük yeri uçün vasitə. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə iddiaçının özünə məxsus olan “Toyota” markalı, **-NX-*** dövlət nişanlı avtomaşını “Park Bulvar” ticarət mərkəzinin dayanacağında yerləşən avtoyuma mərkəzinə yumaq üçün təhvil vermiş və avtomaşın yuyulması üçün qəbul edilmişdir. Qeyd edilən hallar işin mübahisəsiz hallarıdır. İddiaçının tələblərinə əsasən, avtoyuma mərkəzində avtomaşın yuyulduqdan sonra onu digər yerə yerləşdirdikdə, “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin avtoyuma məntəqəsinin işçisinin avtomobilin parklanma qaydalarına düzgün riayət etməməsi nəticəsində avtomobilin pultunun yük yeri düyməsini sıxan zaman avtomobilin mühərrikinin işə düşməsi ilə hərəkətə gəlməklə avtomobil maneəyə dəymiş və qabaq sağ hissəsinin vurulması nəticəsində iddiaçıya vurulan maddi zərər cavabdeh tərəfindən ödənilməlidir. Təyin edilmiş məhkəmə ekspertizasının rəyinə əsasən zərərin məbləği 3225,00 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfin iddiaya və ekspertiza rəyinə olan etirazlarının əsaslarından görünür ki, yuyucu avtomobilin yük yerini təmizləmək üçün yük yerinin açılıb bağlanma düyməsini sıxdıqda avtomobil işə düşərək maneəyə dəyib əzilməsində onun təqsiri olmamışdır. Belə ki, avtomobilin pultuna sonradan quraşdırılmış mühərrikin uzaqdan işə salma funksiyasının həmin pultun yük yerinin açılıb bağlanma düyməsinə birləşdirilməsi barədə iddiaçı yuyucunu məlumatlandırmamış və yuyucu da bunu bilə bilməzdi. Çünki, mexaniki surət qutusu ilə idarə olunan avtomobillərə ümumiyyətlə heç bir istehsalçı təhlükəsizlik baxımından bu funksiyanı tətbiq etmir. Məhkəməyə təqdim edilən videodiskə keçirilmiş baxışdan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxx” İnc MMC-yə məxsus avtoyuma məntəqəsinin işçiləri “Toyota FRS” minik markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobili təmizləyən zaman yük yeri tərəfdən pultun yük yeri düyməsini basaraq maşının yük yerini açmağa çalışan zaman qəflətən avtomobilin mühərriki işə düşmüş və avtomobil hərəkət etməklə qarşıdakı sütuna dəyərək dayanmışdır. İddiaçının tələblərinin maddi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 21.2-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. 21.2-ci maddəsində göstərilən şəxsin hüququ pozulmasa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlilər (əldə çıxmış fayda) “zərər” anlayışı ilə əhatə olunur. Beləliklə də, Mülki Məcəllənin 21,1096,1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də, delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərəin əvəzini tam həcmdə ödəməlidir. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün bir qayda olaraq mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Lakin məlumdur ki, mülki hüquqda məsuliyyət bir sıra hallarda şəxsin təqsiri olmadığı hallarda da yarana bilər. Araşdırma zamanı iddiaçı tərəfin izahatları ilə müəyyən edilmişdir ki, “Toyota FRS” minik, kupe markalı, ** NX *** nömrəli, mexaniki sürət qutusu ilə olan avtomobildir və o, Amerikadan Türkiyəyə, oradan da Azərbaycana gətirilmişdir. 2018-ci il tarixdə iddiaçı həmin avtomaşını Azərbaycanda fəaliyyət göstərən maşın salonundan almış və siqnalızasiya həmin avtomaşında quraşdırılmışdır. Belə ki, yük yeri düyməsini sıxıb saxlayanda avtomobilin mühərriki işə düşür və bu həm də avtomobilin siqnalizasiyasıdır. Məhkəməyə təqdim edilmiş avtomaşının pultunun fotoşəkilindən görünür ki, pultda kilid bağlanması, açılması və avtomaşının yük yerinin açılması üçün «HOLD» yazısı olan düymələri vardır. Müəyyən edilmişdir ki, X10 maşını yuxarı mərtəbədə təhvil alıb aşağı mərtəbəyə sürüb saxlamış və bu zaman avtomaşının «start-stop» düyməsindən istifadə etmişdir. Maşını yuyanda yük yerinin düyməsini basmış, lakin qapı açılmamış, sonra o, pultun üzərində olan baqaj düyməsini basıb saxlayan zaman avtomaşının mühərriki işə düşmüş maşın hərəkət edərək qarşıdakı divarın sütununa dəymiş və dayanmışdır. Cavabdeh tərəfin izahatlarına əsasən avtomaşın dayandırılarkən sürət qutusu neytral vəziyyətdə deyil, sürət ötürücüsünün 1-ci vəziyyətinə gətirilmiş vəziyyətdə olmuş, əyləci qaldırılmışdır. Avtomaşının əsas texniki funksiyalarından biri olan mühərrikin işə salınması funksiyasının avtomobilin pultunda da quraşdırılması barədə iddiaçı onlara məlumat verməmişdir. İşin materiallarından görünür ki, məhkəmə tərəfindən avtomaşının əsas texniki funksiyalarından biri olan mühərrikin işə salınması funksiyası ilə bağlı xüsusi bilik tələb olunduğu üçün «Toyota Bakı Mərkəzi»nə müəyyən sorğu ilə müraciət olunsa da, həmin Mərkəz cavab məktubunda onlarda «Toyota FRS” Kupe tipli tüninq olunmuş avtomobillərin satılmamaqla onların texniki göstəriciləri haqqında məlumatları olmamasını bildirmiş, müvafiq ekspertiza təyin edilməsinə baxmayaraq sözügedən «Mərkəz» qeyd edilən cavab məktubunda göstərilənlərə istinad edərək mütəxəsisinin iştirakını təmin etməmişdir. Həmçinin də iddiaçı mübahisəli avtomaşını ekspertizaya təqdim edilməklə təyin edilmiş hadisə yerində yerli baxışa gəlməmişdir. Bu səbəblərdən məhkəmə-mühəndis ekspertizasının həyata keçirilməsi mümkünsüz olmuşdur. Belə olan halda, məhkəmə tərəflərin məzmununu mübahisələndirmədikləri, məhkəməyə təqdim edilmiş “Toyota-europe.com” və «Toyota.com” saytlarından çıxarışın tərcüməsinin məlumatlarına istinad edilməsini mümkün sayır. Araşdırma zamanı “toyota-europe.com” saytının məlumatlarına əsasən müəyyən edilmişdir ki, mexaniki sürət qutusu ilə olan avtomobilləri uzun müddətə dayandırmaq lazımdırsa, dayanacaq tormozundan istifadə edilməklə sürət ötürücüsünün rıçaqı N vəziyyətinə gətirilməlidir. Məhkəmə iddiaçının “cavabdehin işçisi avtomobilin düzgün parklanma qaydasına riayət etməklə avtomobili dayandırsaydı, avtomobilin mühərriki işə düşsəydi belə heç bir hərəkət etməyəcəkdi” dəlilinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh2 MMC-nin işçisi X7 mexaniki sürət qutusu ilə olan mübahisəli avtomobilin uzun müddətə dayandırmaq üçün iddiaçının iddia etdiyi kimi sürət ötürücüsünün rıçaqını N vəziyyətinə gətirməməsi və əyləci qaldırmaması faktı mövcud olsa belə, bu hal - iddiaçıya münasibətdə onun ehtiyatsızlığı səbəbindən avtomaşının qabaq sağ hissəsinin əzilməsi ilə müşayiət olunan mülki hüquq pozuntusu törətməsi kimi qiymətləndirilə bilməz. Belə ki, X10 mübahisəli avtomobili uzun müddətə dayandırmaq üçün sürət ötürücüsünün rıçaqını N vəziyyətinə gətirməmiş və avtomobilin əyləcini qaldırmamış da olsa, avtomaşının mühərriki sönmüş vəziyyətdə olmaqla faktiki olaraq dayanmış vəziyyətdə olduğundan ona zərər vura biləcək heç bir təhlükə olmamışdır. Məhkəmə hesab edir ki, X7 avtomobilin pultunun yük yeri düyməsini basması ilə avtomobilin yük yerini açmağa çalışan zaman avtomobilin mühərrikinin işə düşməsi və hərəkət edərək qarşıdakı sütuna dəyməklə dayanması hadisəsi baş vermişdir ki, bu halda E.İsmayılovun təqsiri olmamışdır. Belə ki, məhkəmənin qənaətinə görə, “mühərrikin uzaqdan işə salma funksiyasının avtomobilin pultunun yük yerinin açılıb-bağlanma düyməsinə basılmaqla həyata keçirilməsi üçün sonradan quraşdırılması” barədə iddiaçının X8 əvvəlcədən məlumat verməsi halının mövcud olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddiaçı belə bir halın mövcudluğunu faktiki olaraq izahatının məzmunu ilə təsdiq etmişdir. Yəni, o, izahatında avto-yuma məntəqəsinə avtomobili təhvil verən zaman baqaj düyməsinə siqnalizasiyanın quraşdırıldığını həmin avtoyuma məntəqəsinin işçilərinə bildirməməsini etiraf etməklə bu faktı bildirməyə də ehtiyac bilməməsini göstərmiş, bunu avtoyuma məntəqəsinin işçisi parklanmanı edən zaman avtomobili N vəziyyətdə saxlayıb, əyləcini qaldırsa və avtomobili düzgün park etsə idi bu zaman siqnalizasiyanın işə düşməsi ilə avtomobilin mühərrikinin işə salınmasına baxmayaraq heç bir hərəkətin olmayacağı ilə əsaslandırmışdır. Məhkəmə, X7 avtomobilin pultuna sonradan quraşdırılmış mühərrikin uzaqdan işə salma funksiyasının həmin pultun yük yerinin açılıb-bağlanma düyməsinə basılmaqla həyata keçirilməsi barədə əvvəlcədən iddiaçı tərəfindən məlumatlandırılması faktının öz təsdiqini tapmadığını nəzərə alaraq hesab edir ki, bu barədə onun məlumatının olmamasından əlavə, o özü də belə bir halın, yəni avtomobilin mühərrikini işə salma funksiyasının avtomobilin pultuna əlavə edilməsini ehtimal edə bilməzdi. Belə ki, pultun üzərində olan 3 hal üzrə düymələr digər funksiyalar ilə bağlı olmuşdur. (avtomobilin qapılarının kilidlənməsi, açılması və yük yerinin açılması) Məhkəmə iddia tələblərinə qiymət verməkdə davam edərək qeyd etməyi zəruri hesab edir ki, iddiaçı özünə məxsus avtomobilin pultuna sonradan quraşdırılmış mühərrikin uzaqdan işə salma funksiyasının, həmin pultun yük yerinin açılıb bağlanma düyməsinə əlavə edilməsi, başqa sözlə yük yeri düyməsini sıxıb saxlayanda avtomobilinin mühərrikinin işə düşməsi və bunun həm də avtomobilin siqnalizasiyası olması barədə maşını yuyan şəxsə (və ya şəxslərə) məlumat verməsini sübut etdiyi halda, cavabdehin ona münasibətdə mülki hüquq pozuntusu törətməsinə dair iddia tələbləri haqlı sayıla bilərdi. Lakin iddiaçı bu halı təsdiq edəcək hər hansı bir sübut növü təqdim edə bilməmiş, yalnız formal olaraq avtomobilin düzgün park edilməməsinə istinad etmiş və belə bir faktın mövcud olması ilə kifayətlənərək iddiasının əsaslı olmasını bildirmişdir. Azərbaycan Respublikasının MPM-nin: - 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Həmçinin Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin (mənəvi zərərlə bağlı) araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının maddi zərərin ödənilməsi ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbi bu hissədə rədd edilməlidir. İddianın maddi zərərin ödənilməsi hissəsi əsassız olduğu üçün rədd olunduğundan məhkəmə həmçinin hesab edir ki, iddianın digər, yəni, mənəvi zərərin tutulması tələbinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia təmin olunmadığı halda ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə də, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı – cavabdeh “Park Bulvar” Ticarət Mərkəzinə və “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı – cavabdeh “Park Bulvar” Ticarət Mərkəzinə və “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-81/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-81/2020
10.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver