Məhkəmə qərarları › İş №2(009)-83/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-83/2025

10.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-83/2025 10.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, Cavabdeh 3-cü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində "xxxx" ASC işə cəlb edilməklə) Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində "xxxx" ASC işə cəlb edilməklə) Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənzilinə dəymiş ziyana görə 5000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 68 saylı evin 49 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. 01 mart 2024-cü il tarixində onun mənzilnii dörd mərtəbə yuxarıda yerləşən mənzildən suyun axması nəticəsində su basmışdır. Axşam saat 20:50-də yaşadığı mənzilin qonaq otağında otağın küncündən su axını getdikcə güclənərək axmağa başladı. Bu barədə dərhal yuxarı qonşulara məlumat verdi, amma məlum oldu ki, onlarda da vəziyyət eynidir. Məlum olub ki, su sızması 6-cı mərtəbədəki 57 saylı mənzildən gəlirmiş. Mənzil bir müddət kirayə verilirdi, daha sonra ev sahibi özü orada yaşayıb və həmin an evdə heç kim olmadığından, düz 5 saat ərzində mənzil sahibini tapmaq mümkün olmayıb. Nəticədə qonaq otağına, ona bitişik eyvana, dəhlizə və mətbəxə, həmçinin yataq otağının bir hissəsinə su sızıb. Mənzilin divar kağızları, alçipan və laminat döşəmə zədələnib, xalçalar və yumşaq mebelləri çirklənib. Onun mənzilindən yuxarıda 57 saylı mənzildə Cavabdeh yaşayır. Baş verənlərin səbəbi qonşunun mənzilində istismar müddətinin bitməsi və va düzgün istifadə edilməməsi və ya mənzildə yaşayan şəxslərin hərəkətləri nəticəsində partlayan istilik borusudur. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılıqın mövcudluğu Yasamal rayon 24 saylı MKİS tərəfindən tərtib olunmuş yoxlama aktla təsdiq olunur. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun mənzili yararsız vəziyyətə düşmüşdür, yəni divar kağızları şişib soyulub, qonaq otağında altındakı məcun şişib, alçipan tavan qaralıb və ləkə ilə örtülüb, spot işıqlandırma lampaları yanmışdır, laminat döşəmə şişib, radiatorlar üçün hazırlanmış dekorativ şkaflar zədələnib, mətbəx mebelinin üstü və yanları şişmişdir və s. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mənzilində "xxxx" MMC (təmirçi təşkilatın adı) tərəfindən tərtib etdiyi smetaya əsasən təmir dəyəri 6 414.94 manat təşkil edən bərpa təmir işləri aparılması tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən cavabdeh onun əmlakına vurduğu ziyanın əvəzini tam həcimdə ödəməyə borcludur. Yuxarıda göstərilənlərə əsasən, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 68 saylı evin 49 saylı mənzilinə dəymiş ziyanla bağlı mənzilinin bərpası üçün cəmi 5 000 (beş min) manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etmiş və bildirmişdir ki, onun mənzilində istilik xəttinin partlamasına və iddiaçının mənzilinə su axmasına görə o, cavabdehlik daşımır. Hadisəyə görə məsuliyyəti "xxxx" ASC-nin əməkdaşları daşımalıdırlar. Məhkəmənin iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi Nümayəndə bildirdi ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin və Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 227.1 maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.3-cü maddəsinə əsasən Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Mənzil Məcəlləsinin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən İstifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Mənzil Məcəlləsinin 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Göründüyü kimi mövcud qanunvericilik və normativ hüquqi aktlara əsasən binadaxili mühəndis kommunikasiyalarının, o cümlədən istilik sistemlərinin saxlanması, təmiri və bərpası mənzil mülkiyyətçisi tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli qərarı ilə təsdiq olunmuş “Azəristiliktəchizat" ASC-nin Nizamnaməsinin 3.1 yarımbəndinə əsasən Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir. Eyni zamanda onu da məhkəmənin nəzərinə çatdırır ki, paylanılan istilik xətlərinin yalnız binanın girişinə qədər olan hissəsi Cəmiyyətin balans mənsubiyyətinə daxildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı məxsus mənzilə dəymiş ziyana görə Cavabdeh məsuliyyət daşıdığını hesab edir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılar görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 68 saylı evin 49 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə X2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Yasamal rayon 24 saylı MKİS-nin mühəndəsi M.Paşayev, sahə nəzarətçisi Q.Kərimov və çilingər Z.Əliyevin iştirakı ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Cavabdeh məxsus H.ünvan 1 ünvanında istilik xəttində qəza nəticəsində aşağı mərtəbədə yerləşən X3 məxsus H.ünvan 2 ünvanına ziyan dəymişdir. İş materiallarında olan ”Baku Abadlıq Xidməti” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2-un yuxarı mərtəbəsindən su basmasından sonra təmir-bərpa işlərinə hesablanmış Smetasından görünür ki, təmir-bərpa işlərinin dəyəri 6 414,94 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə Abşeron rayonu,Xırdalan şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 10/7474 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin yerləşmə planı, yəni iddiaçıya məxsus 49 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 57 saylı mənzilin isə binanın 6-cı mərtəbəsində yerləşdiyini, 49 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (divar, tavan və s) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində yerləşən 68 saylı evin 49 saylı mənzilinə həmin mənzildən su axıdıldığı və nəticədə 49 saylı mənzilin tikililərinə ziyan vuruluduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində yerləşən 68 saylı evin 49 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 4213,0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayəti üzrə” 13 fevral 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ədalət mühakiməsi səmərəli olmalı, prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtlənməlidir ki, nəticədə konstitusion əhəmiyyətə malik dəyərlərə xələl gətirilməsin və şəxsin qanunvericiliyin müddəasından irəli gələn qanuni hüququ pozulmasın. Qeyd edilən tələb həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, 01 mart 2024cü il tarixində iddiaçının 49 saylı mənzilni dörd mərtəbə yuxarıda yerləşən cavabdehə məxsus 57 saylı mənzildən suyun axması nəticəsində su basmışdır. Baş verənlərin səbəbi cavabdehə məxsus 57 saylı mənzildə istilik borusunun partlaması olmuşdur. Su axma nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İş üzrə təyin edilmiş məhkəmə-tikinti ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 17 yanvar 2025-ci il tarixli, 3-16-16/2-10/7474 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində yerləşən 68 saylı evin 49 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yeganə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 4213,0 manat məbləğində müəyyən olunur. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspert rəyi ilə razılaşaraq bu qənaətə gəlir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində yerləşən 68 saylı evin 49 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazara qiymətlərinə uyğun dəyəri təqribən 4213,0 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmənin keçirdiyi ekspertiza rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4213,0 manat manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4213 (dörd min iki yüz on üç) manat maddi ziyan tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, Kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE******************** Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar